Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-712/2024 21.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, ərizəçinin nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi 3 saylı Bakı “ASAN Xidmət” X8 maraqlı şəxs qismində cəlb etdiyi “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” barədə ərizəsinə əsasən mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1980-ci il tarixdə Ermənistan SSR-in İcevan rayonunda doğulması, adının Sevil, soyadının Musayeva kimi yazılmasını, atasının X11, anasının X3 olmasını, atasının milliyətinin azərbaycanlı, anasının milliyətinin azərbaycanlı yazılmaqla doğum faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1980-ci il tarixdə Ermənistan SSR-nin İcevan rayonunda doğulmuşdur və o, 1980-ci ildə Ermənistan SSR-nin İcevan rayon VVAQ idarəsi tərəfindən doğum haqqında şəhadətnamə ilə təmin edilmişdir. Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış Ermənistan SSRdən qaçqın düşmüş şəxslərin siyahısındadır. O, oradan qaçqın düşdükdən sonra özünə aid bir çox sənədləri, o cümlədən, doğum haqqında şəhadətnaməsini də gətirmişdilər. Lakin qaçqınlıq həyatı sürdüyü üçün və bu səbəbdən də yaşayış yerini bir neçə dəfə dəyişdiyi üçün doğum haqqında şəhadətnaməsini harada itirdiyini xatırlaya bilmir. Hazırda da o, arxivə müraciət edə bilmir. Ona görə ki, Ermənistana gedə bilmədiyi üçün Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəaların 13-cü bəndinə əsasən yaşadığı yerin qeydiyyat şöbəsinə müraciət etmişdir və doğum akt qeydinin bərpa olunmasını istəmişdir, lakin oradan ona bildirdilər ki, doğum haqqında şəhadətnamə təqdim olunmadığı üçün ərizənin təmini şöbədə mümkün olmamışdır. Bildirir ki, hamıya bəlli olan fakt bundan ibarətdir ki, Qarabağ münaqişəsinə görə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında hər hansı rəsmidiplomatik münasibətlər təsis edilməyib. Əgər belə bir münasibət mövcud olsaydı, onun doğum akt qeydinin Azərbaycanda bərpasına ehtiyac da qalmazdı. Məhz bu səbəbdən- Azərbaycanla Ermənistan arasında diplomatik münasibətlər olmadığından onun Azərbaycanda doğum akt qeydinin bərpa olunmasına zərurət yaranıb. Bildirir ki, doğum haqqında şəhadətnaməsinin olmasını şəhadətnaməni görən şahidlər də təsdiq edə bilərlər. O, təkrarən doğum şəhadətnaməsi almaq üçün 3 saylı Bakı «ASAN xidmət» X1 müraciət etmişdir, lakin əsaslı sənədlər olmadığı üçün doğum haqqında şəhadətnaməni verməkdən şöbədə imtina etmişlər. xx.xx.1980-ci ildə Ermənistan SSR-nin İcevan rayonunda doğulmağı, adının Sevil, soyadının Musayeva kimi yazılmasını, atasının X11, anasının isə X4, atasının milliyətinin azərbaycanlı, anasının milliyətinin azərbaycanlı yazılmasını və doğulmağı ilə bağlı doğum haqqında şəhadətnaməsinin bərpa edilərək yeni doğum haqqında şəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Bildirir ki, o, şəxsiyyət vəsiqəsi alanda onun şəxsiyyətində səhvən ata adında hərf səhvi olmuşdur. Belə ki, atasının adı Əsgər olduğu halda, ata adı səhvən Əskər kimi qeyd olunmuşdur. Daha sonra ərizəçi ərizənin dəqiqləşdirilməsi barədə ərizə verərək, soyadının Mirzəyeva kimi qeyd edilməsini, xx.xx.1980-ci il tarixdə Ermənistan SSR-in İcevan rayonunda doğulmağı, adının Sevil, soyadının Mirzəyeva kimi yazılmasını, atasının X11, anasının X5 olmasını, atasının milliyətinin azərbaycanlı, anasının milliyətinin azərbaycanlı yazılmaqla doğumun qeyd edilmə faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin iştirakı və izahatlar: Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi X11 yuxarıdakı məzmunda izahat verərək ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş maraqlı şəxs 3 saylı Bakı “ASAN Xidmət” X7 nümayəndəsi izahatında bildirmişdir ki, məsələ ilə bağlı tərəflərindən araşdırma aparılmış, lakin zəruri sənədlər olmadığı üçün akt qeydinin bərpası mümkün olmamışdır. İş materialları: AZ-İV seriyalı 945032 saylı doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin (AZE seriyalı, 06801760 saylı) surətindən görünür ki, X11 xx.xx.1952-ci il tarixdə Ermənistan Karvansaray rayonu, Salah kəndində anadan olmuşdur. AZE seriyalı. 07044366 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1961-ci il tarixdə Ermənistan SSR, İcevan rayonunda anadan olmuşdur. AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1980-ci il təvəllüdlüdür. Ərizəçiyə Azərbaycan Dövlət Pedaqoji Universitetinin xx.xx.2003-cü il tarixdə verdiyi A № 134940 saylı, 2124/03 qeydiyyat nömrəli Diplomun surətindən görünür ki, ərizəçinin adı X9 olaraq qeyd edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağsu Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-13-64/2-19841/2023 saylı məktubuna əlavə edilmiş ərizəçinin fərdi uçot kartoçkasının təsdiq edilmiş surətindən görünür ki, X10 xx.xx.1980-ci ildə Ermənistan Respublikası, İcevan rayonu, Salah kəndində anadan olmuşdur, ata qrafasında X11, ana qrafasında X5 qeyd edilmişdir. Ərizəçiyə verilmiş Dövlət Sosial Sığorta Şəhadətnaməsinin surətindən görünür ki, onun adı X9 olaraq qeyd edilmişdir. Nikah akt qeydləri barədə çıxarışdan görünür ki, xx.xx.1980-ci il təvəllüdlü X9 xx.xx.1978-ci il təvəllüdlü X12 ilə xx.xx.2004-cü ildə nikaha daxil olmuş və ona Musayeva soyadı verilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli 51/2-41724 nömrəli məktubunda göstərilmişdir ki, məhkəmənin xx.xx.2023-cü il tarixli 2(006)-5178/2023 saylı məktubunda adları qeyd edilən şəxslərin qeydiyyata alınması barədə əsas olan sənədlər “DİN-in sistemində istifadə olunan sənədlərin saxlama yeri və müddətləri haqqında Siyahının təsdiq edilməsi barədə” DİN-in xx.xx.2015-ci il tarixli Q36-001-15 nömrəli Qərarına əsasən 5 il arxivdə saxlanıldıqdan sonra məhv edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Ağsu Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024cü il tarixli 3-16-5/8-xx-xx/2024 saylı məktubunda göstərilmişdir ki, xx.xx.1980-ci il təvəllüdlü Mirzəyeva (Musayeva) Sevil Əskər qızına Ağsu rayon qeydiyyat şöbəsi tərəfindən doğum haqqında şəhadətnamə verilməyib. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci, 307.2.3-cü, 308ci və 311-ci maddələrinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktlar hüquqi əhəmiyyətli faktlardır və doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı hüquqi əhəmiyyəti olan faktlardan biridir. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının 4-cü bəndinə əsasən məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, 3 saylı Bakı “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsinə ünvanlanmış doğum haqqında akt qeydinin bərpa edilməsi barədə xx.xx.2023-cü il tarixli ərizəyə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaları”nın 2-ci hissəsinin 13-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdikləri ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Müraciət edən şəxs tərəfindən şöbəyə doğum akt qeydinin həqiqətən olduğunu təsdiq edən sənəd (doğum haqqında şəhadətnamə) təqdim olumadığına görə ərizənin təmini mümkün olmamışdır. Hüquqi faktın müəyyən edilməsi üçün aidiyyəti məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, əslən İcevan rayonu, Salah kəndindəndirlər. Bacısı Şamama həmin rayonda Əsgərlə nikaha daxil olmuş və yaşamışdır. Onların nikahlarından 1980-ci ildə Sevil adlı qızları anadan olmuşdur. Belə ki, yay ayları olduğu üçün o, özü də həmin vaxtı rayonda olmuşdur. Sevil dünyaya gəldikdə ona doğum haqqında şəhadətnamə alınmışdır, lakin qaçqın düşdükdən sonra bildiyi qədəri sonradan Sevil doğum haqqında şəhadətnaməsini itirmişdir. Beləliklə, ərizəçi faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən onun Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Həmçinin Ailə Məcəlləsinin 162-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və hüquq müəyyən edici sənədi ərizəçi başqa formada əldə edə bilmədiyindən ərizəçinin xahişi təmin edilməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi Musayeva (Mirzəyeva) Sevil Əsgər qızının xx xxxx 1980-ci il tarixdə Ermənistan SSR-nin İcevan rayonu, Salah kəndində doğulmasının qeyd edilmə faktı müəyyən edilsin və onun doğum haqqında akt qeydi bərpa edilsin. Musayeva (Mirzəyeva) Sevil Əsgər qızına doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “Mirzəyeva”, adı “Sevil”, ata adı “Əsgər” doğum tarixi “xx.xx.1980-ci il”, doğum yeri “Ermənistan Respublikası, İcevan rayonu, Salah kəndi”, ata qrafasında “atası X11, milliyyəti azərbaycanlı”, ana qrafasında “anası X5, milliyyəti azərbaycanlı” kimi yazılmaqla, ona doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Nəsimi Rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-712/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-712/2024
21.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver