Məhkəmə qərarları › İş №2(006)-73/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-73/2024

21.02.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-73/2024 21.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X17 oğlunun katibliyi, İddiaçı, Cavabdeh MTK-nın vəkili-nümayəndəsi Vəkil iştirakları ilə İddiaçı Cavabdeh MTK-ya qarşı “mənzilin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “mənzilin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən və Cavabdeh MTK tərəfindən sökülmüş fərdi yaşayış evinin əvəzinə, yeni inşa edilmiş çoxmənzilli binada mənzilin verilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı mərhum atası X7 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh MTK tərəfindən sökülmüş və yerində hündürmərtəbəli bina inşa edilmişdir. Lakin atası həmin ərəfədə sağ beyin yarımkürəsində sağ alın – təpə payda dərin beyin toxumasında 110 x 37 mm ölçülü kəskin işemik insult keçirmiş və bu məqsədlə uzun müddət müalicə almışdır. Bundan istifadə edən Cavabdeh MTK onun mülkiyyətində olan fərdi yaşayış evini sökmüş və əvəzində inşa etdiyi yeni binada mənzil verməmişdir. xx.xx.2021ci il tarixdə X7 ölümündən sonra ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi vərəsəlik hüququ əsasında İddiaçı mülkiyyətinə keçmişdir. Beləliklə, fərdi yaşayış evi cavabdeh tərəfindən sökülməsinə baxmayaraq, əvəzində nə yaşayış sahəsi, nə də kompensasiya verilməmişdir. Məhkəmə iclasında İddiaçı sökülmüş evin əvəzinə başqa evin verildiyini bilmədiyini, əvəz kimi verildiyi göstərilən evdə hazırda ögey qardaşının yaşadığını qeyd edərək, iddianın təmin edilməsi məsələsini məhkəmənin mülahizəsinə təqdim etdi. Məhkəmə iclasında Cavabdeh MTK-nın vəkili-nümayəndəsi Vəkil iddianı qəbul etməyib, təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan: Doğum haqqında AZ-l seriyalı 553828 nömrəli şəhadətnamədən görünür ki, İddiaçı atası X9r. Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövləttikintilayihə” Dövlət Layihə İnstitutu tərəfindən tərtib edilmiş xx.xx.2017-ci il tarixli aktdan görünür ki, Cavabdeh MMC-yə ayrılmış Bakı şəhəri, Nəsimi rayonu, 4-cü Kərpicni, dalan 1, ev 3, 4, 5, 4-cü Kərpicni, ev 3, 4, 6, 7, 8, 9, 10, 12, 14, 18 saylı ünvanlarda yerləşən, istismar müddəti keçmiş yaşayış evlərinə vizual texniki baxış keçirilmiş və müxtəlif problemlərlə yanaşı, yaşayış evlərinin məhdud işlək vəziyyətdə olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayon İcra hakimiyyəti başçısının xx.xx.2017ci il tarixli 280 nömrəli Sərəncamından görünür ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx/xx-1731 saylı, xx.xx.2016-cı il tarixli tikinti-planlaşdırma eskizini nəzərə alaraq, Nəsimi rayonu, Salatın Əsgərova, Mərdanov qardaşları, Şamil Əzizbəyov və Əlimərdan Topçubaşov küçələrinin kəsişməsindəki məhəllələrdə yerləşən mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında Cavabdeh MMC-nin istifadəsinə verilmişdir. Ölüm haqqında AZ-ll seriyalı 221622 nömrəli şəhadətnamədən görünür ki, X15 xx.xx.2021ci ildə ölmüşdür. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü Kərpic döngəsi, dalan 1 ünvanında yerləşən 6 nömrəli fərdi yaşayış evinin 1-ci mərtəbəsinin 1/5 hissəsi xx.xx.2022-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 100 (bir yüz) manat rüsum ödənilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü Kərpic döngəsi, dalan 1, 6 saylı fərdi yaşayış evi ilkin olaraq Qasımova Sona xanım Baba qızının adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 13 saylı DNK-nın D-1-305 reyestr nömrəli xx.xx.1972-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən sözügedən fərdi yaşayış evi X2 qızının adına qeydiyyatdan keçmişdir. Həmin DNK-nın D-6-1441 reyestr nömrəli xx.xx.1974-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən fərdi yaşayış evinin 2-ci mərtəbəsində yerləşən 4 otağı (47.4 kv.m) X5 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 1 saylı DNK-nın 1kn-346 reyestr nömrəli xx.xx.1978-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X15 X1 1-ci mərtəbəsindən 1/5 hissəsini (1 otaq 12 kv.m, köm/sah – 5.5 kv.m) almışdır. Daha sonra Bakı şəhəri 53 saylı DNK-nın 1663 nömrəli xx.xx.2022-ci il tarixli məktubuna əsasən mərhum X7 adına 1-ci mərtəbəsində yerləşən 1/5 hissəsinə dair çıxarış verilmişdir. Bakı şəhəri 53 saylı DNK-nın 2V-228 reyestr nömrəli xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X11 məxsus olmuş 1-ci mərtəbəsindən 1/5 hissəsi İddiaçı adına qeydiyyatdan keçmişdir. Hazırda sözügedən fərdi yaşayış evinin 1-ci mərtəbədə 4/5 hissəsi X2, 1ci mərtəbədə 1/5 hissəsi İddiaçı, 2-ci mərtəbədə 4 otağı (47.4 kv.m) X5 mülkiyyətindədir. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Nəsimi rayon MKTB 41 saylı MKİS-in xx.xx.2023-cü il tarixli, 26 nömrəli cavab məktubundan görünür ki, 4-cü kərpic döngəsi, dalan ev 6 ünvanı Salatın Əsgərova, Mərdanov qardaşları, Şamil Əzizbəyov küçələrinin kəsişməsində yerləşmişdir və həmin ünvan Cavabdeh MMC-yə ayrılmış torpaq sahəsində olmuşdur. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, ünvan 1 ünvanına dair 41 saylı MKİS əməkdaşları ilə birlikdə həmin ünvanda vaxtı ilə yaşamış qonşulardan əldə edilmiş şifahi məlumata görə, 1980-1982-ci illərdə Bakı şəhərində yağmış güclü yağışlar nəticəsində 4-cü Kərpic döngəsi, dalan 1, iki mərtəbədən ibarət olan 6 saylı ev qəzalı vəziyyətə düşmüş, müvafiq qurumlar tərəfindən sökülmüş və orada yaşamış sakinlər təxliyyə olunaraq Bakı şəhər İcra Hakimiyyəti tərəfindən Bakı şəhərinin digər rayonlarında mənzillərlə təmin olunmuşdur. Binanın ikinci mərtəbəsində yerləşən və yaşayış sahəsi 47.41 kv.metr olan 4 otaqlı mənzildə yaşamış X13 ailəsi ilə birlikdə ötən əsrin 90-cı illərində daimi yaşamaq üçün İsrail Respublikasına köçmüşdür. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, ünvan 3 ünvanda yerləşən qeyriyaşayış sahəsi 000424 nömrəli xx.xx.1998-ci il tarixli şəhadətnaməyə əsasən X7 adına xx.xx.2006-cı il tarixdə Hüquqların tanınması və məhdudiyyət və yüklülüklər haqqında (forma-1) arayış verilmişdir. Bakı şəhəri 14 saylı DNK-nın xx.xx.2006-cı il tarixli 4Ə/1046 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, 4-cü Kərpic döngəsi, dalan 1, 6 saylı fərdi yaşayış evinin bir hissəsi Bakı şəhəri 1 saylı DNK-nın xx.xx.1978-ci il tarixli 1KN-346 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən xx.xx.1978-ci il tarixdə X7 adına qeydiyyatdan keçmişdir. Lakin Bakı şəhəri 53 saylı DNK-nın xx.xx.2022-ci il tarixli 2V-228 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququna əsasən özgəninkiləşdirilmişdir. Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 28, 103 saylı mənzil 201909 nömrəli xx.xx.1983-cü il tarixli orderə, X8 razılıq ərizəsinə, Forma-2 arayışına əsasən xx.xx.1996-cı il tarixdə X7 adına ilkin qeydiyyatdan keçmişdir. Lakin,Bakı şəhəri 14 saylı DNK-nın xx.xx.2021-ci il tarixli 4Ə/1416 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsi, ev 7, 4 saylı mənzilin 2 otağı Bakı şəhəri 42 saylı DNK-nın 3MA-325 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən xx.xx.1998-ci il tarixdə X7 adına qeydiyyatdan keçmişdir. Lakin Bakı şəhəri 13 saylı DNK-nın xx.xx.2014-cü il tarixli 4Ə/294 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, ev 213, 26 saylı mənzil Bakı şəhəri 42 saylı DNK-nın xx.xx.1996-cı il tarixli 3M-A-26 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən xx.xx.1996-cı il tarixdə X7 adına qeydiyyatdan keçmişdir. Lakin Bakı şəhəri 14 saylı DNK-nın xx.xx.2021-ci il tarixli 4Ə/953 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Nəsimi rayon MKTB 41 saylı MKİS-in xx.xx.2023-cü il tarixli, 44 nömrəli cavab məktubundan görünür ki, 4-cü kərpic döngəsi, dalan 1, ev 6 ünvanı fərdi ev olmuş, Nəsimi rayon İcra Hakimiyyətinin balansında olmamışdır. Uzun illər bundan qabaq həmin ünvan sökülmüşdür, ona görə də barəsində heç bir rəsmi məlumat yoxdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin: xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, vizual olaraq təxmini göstərilən ərazidə əvvəllər yerləşdiyi iddia edilən ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi də daxil olmaqla tikililər sökülmüş, yerində çoxmərtəbəli yaşayış binası inşa edilmişdir. xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 28, 103 saylı mənzilin ilkin qeydiyyata alınmasına əsas olan X7 adına verilmiş 201909 nömrəli xx.xx.1983-cü il tarixli order üzərində qəzalı Kərpic küçəsi, 6 saylı ev ilə əlaqədar verildiyi barədə qeyd yazılmışdır. xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü Kərpic küçəsi, dalan 1, 6 saylı fərdi yaşayış evi söküldüyü və yerini müəyyən etmək mümkün olmadığı üçün sözügedən ərazinin 2000-2023-cü illəri əhatə edən orto-foto görüntülərini təqdim etmək və evə yerində baxış keçirmək mümkün olmamışdır. Sözügedən fərdi yaşayış evinə dair 1964-cü il tarixdə tərtib edilmiş texniki pasport arxiv qovluğunda mövcuddur. Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 28, 103 saylı mənzil ilkin olaraq xx.xx.1996-cı il tarixdə X7 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 4Ə/1416 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixdə X4 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, baxış zamanı binanın sökülməsi və yerində çoxmərtəbəli yaşayış kompleksinin tikilməsi məlum olduğundan, torpaq sahəsinin yerini təyin etmək mümkün olmamışdır. xx.xx.2023-cü il tarixli cavab məktubuna əlavə edilmiş xx.xx.1983-cü il tarixli 201909 nömrəli orderdən görünür ki, Əhmədli qəsəbəsi, 2980-81 kvartal, 6-a nömrəli evin 6-cı blokunun 7-ci mərtəbəsində yerləşən 3 otaqlı, 38,82 kv.metrdən ibarət olan 103 nömrəli mənzil Kərpic dalanındakı 6 saylı ev qəzalı vəziyyətə düşdüyündən X11 və onunla birlikdə yaşayan 3 ailə üzvünə verilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 yanvar 2024-cü il tarixli 3-16-16/2-10/6507 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin yerquruluşu üzrə baş mühəndisi Ramiz Babayevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən və baxış zamanı müəyyən edilmişdir ki, bina sökülmüşdür və yerində çoxmərtəbəli yaşayış kompleksi tikilmişdir. Bu səbəbdən torpaq sahəsinin yerini təyin etmək mümkün olmamışdır. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü Kərpic döngəsi, dalan 1 ünvanında yerləşən 6 nömrəli fərdi yaşayış evinin 1-ci mərtəbəsinin 1/5 hissəsi xx.xx.1978-ci il tarixdən İddiaçı atası X11 məxsus olmuşdur. 1980-ci illərin əvvəllərində baş vermiş təbii hadisələr nəticəsində həmin ev qəzalı vəziyyətə düşdüyündən, sakinləri təxliyyə olunmuş və Mahmudov Siraca xx.xx.1983-cü il tarixli orderlə əvəzinə Əhmədli qəsəbəsi, 2980-81 kvartal, 6-a nömrəli evin 6-cı blokunun 7-ci mərtəbəsində yerləşən 3 otaqlı, 38,82 kv.metrdən ibarət olan 103 nömrəli mənzil (hazırda – Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, ev 28, 103 saylı mənzil) verilmiş, Mahmudov Sirac isə xx.xx.1996-cı il tarixdə evi öz adına qeydiyyata aldırmışdır. Lakin xx.xx.2021-ci ildə Mahmudov Sirac öldükdən sonra iddiaçı xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 4-cü Kərpic döngəsi, dalan 1 ünvanında yerləşən 6 nömrəli fərdi yaşayış evinin 1-ci mərtəbəsinin 1/5 hissəsinə dair çıxarış əldə etmiş, evin yerini axtararkən ona məlum olmuşdur ki, evin yerləşməli olduğu ərazidə Cavabdeh MTK tərəfindən çoxmərtəbəli yaşayış binası tikilmişdir. Buna görə də iddiaçı evin Cavabdeh MTK tərəfindən söküldüyünü ehtimal edərək, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edib, həmin evin əvəzinə, yeni inşa edilmiş çoxmənzilli binada mənzilin verilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Araşdırma zamanı mübahisə predmeti olan evin Bakı şəhəri Nəsimi rayon İcra hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli Sərəncamı ilə icarə əsasında Cavabdeh MMC-nin istifadəsinə verilmiş Nəsimi rayonunun Salatın Əsgərova, Mərdanov qardaşları və Şamil Əzizbəyov küçələrinin kəsişməsində yerləşməli olması, lakin 1980-ci illərin əvvəllərində qəzalı vəziyyətə düşdüyündən onun əvəzinə iddiaçının atasına başqa mənzil verilməsi öz təsdiqini tapmışdır. Hazırda iddiaçı mübahisə predmeti olan evin əvəzinə başqa mənzil verildiyini bilmədiyini, əvəzə verildiyi qeyd edilən mənzildə hazırda ögey qardaşının yaşadığını bildirərək, iddianın təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını, cavabdeh tərəf isə iddianın əsassız olduğundan rədd edilməli olduğunu bildirir. Məhkəmə hesab edir ki, iddia tələbinin dəlilləri yalnız formal mülahizələrdən ibarət olduğundan, yəni işin faktiki halları sübuta yetirilmədiyindən, əksinə mötəbər sübutlarla təkzib edildiyindən, hazırki iddia təmin edilməməlidir. Belə ki, iddiaçı bir hissəsi mərhum atasına məxsus olmuş (atası öləndən sonra iddiaçının adına çıxarış verilmiş) Bakı şəhəri, Nəsimi rayonu, 4-cü Kərpic döngəsi, dalan 1 ünvanında yerləşən 6 nömrəli fərdi yaşayış evinin Cavabdeh MTK tərəfindən heç bir kompensasiya verilmədən söküldüyünü iddia edərək, evin yerində tikilmiş çoxmənzilli yaşayış binasında yeni mənzil verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini tələb etsə də, öz tələbinin əsası kimi istinad etdiyi heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. İddia tələbi ilə əlaqədar aparılan araşdırma nəticəsində aidiyyəti orqan tərəfindən məhkəməyə və cavabdeh tərəfə təqdim edilmiş mötəbər yazılı sübutlar əsasında isə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən kompensasiya ödənilmədən söküldüyü iddia edilən ev əslində 1980-ci illərin əvvəllərində baş vermiş təbii hadisələr nəticəsində qəzalı vəziyyətə düşdüyündən, iddiaçının atasına onun əvəzinə Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1983-cü il tarixli orderi ilə hazırda Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən başqa mənzil verilmişdir. Deməli, mübahisə predmeti olan ev nəinki cavabdeh tərəfindən kompensasiya verilmədən sökülməmiş, hətta uzun müddət əvvəl qəzalı vəziyyətə düşdüyündən mərhum atasına onun əvəzinə başqa mənzil verilmişdir. Atası öləndən sonra həmin evdə əvvəllər ona məxsus olmuş hissəyə iddiaçının adına çıxarışın verilməsini isə məhkəmə aidiyyəti orqan tərəfindən yol verilmiş nöqsan kimi qiymətləndirib, iddiaçının özünün də həmin evin yerini dəqiq bilməməsini nəzərə alaraq hesab edir ki, hazırki iddianın təmin edilməsi barədə qətnamə qəbul edilsə, həmin qətnamə iddiaçının əsassız varlanmasına gətirib çıxaracaqdır. Halbuki, məhkəmə qətnaməsi pozulmuş hüquqları bərpa etməli, habelə hüquqların pozulmasının qarşısını almalı, qanuni və əsaslı olmalıdır. Göstərilənlərə əsasən, iddiaçının hüquqlarının cavabdeh tərəfindən pozulmaması müəyyən edildiyindən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 24.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 76.1-76.2-ci maddəsinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh MTK-ya qarşı “mənzilin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə xərcləri ilə bağlı isə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən, iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməli, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 manat məbləğində pul isə iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 115.0 və 115.0.1-ci maddəsinə əsasən ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “mənzilin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri 50 (əlli) manat məbləğində pul İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar