Məhkəmə qərarları › İş №2(006)-732/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-732/2024

18.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-732/2024 18.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "icarə haqqı borcu, vurulmuş maddi ziyan və əldən çıxmış faydanın ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı X12 Cavabdeh qarşı "icarə haqqı borcu, vurulmuş maddi ziyan və əldən çıxmış fayda" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli öhdəliyə və xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən yaranmış 7600 (yeddi min altı yüz) manat icarə haqqı borcunun, 1571 (bir min beş yüz yetmiş bir) manat maddi ziyanın və 1329 (bir min üç yüz iyirmi doqquz) manat məbləğində əldə çıxmış faydanın-ümumilikdə 10500 (on min beş yüz) manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2021 -ci il tarixli öhdəliyə əsasən mülkiyyətdə olan Bakı şəhəri, Xətai prospekti, 38 ünvanında yerləşən ümumi sahəsi 82 kv.m olan qeyri-yaşayış sahəsini xx.xx.2020-ci il tarixdən başlayaraq aylıq icarə haqqı 700 (yeddi yüz) manat olmaqla icarəyə götürmüşdür. Həmin öhdəlikdən də göründüyü kimi 2020-ci ilin yanvar-may aylarında mövcud pandemiya şəraiti ilə əlaqədar ona güzəşt olunmuş və xx.xx.2020-ci il tarixdən iş başlayandan sonra hər ay 700 (yeddi yüz) manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Koronovirus pandemiyası bitdikdən sonra Cavabdeh xx.xx.2020-ci il tarixi də daxil olmaqla ümumilikdə 9100 (doqquz min yüz) manat borcunun olmasını yazılı sənədi imzalamaqla təsdiq elmişdir. xx.xx.2022-ci il tarixli icarə müqaviləsindən də göründüyü kimi Bakı şəhəri, Xətai prospekti, 38 ünvanında yerləşən ümumi sahəsi 82 kv.m olan obyekti hər ay 500 (beş yüz) manat icarə haqqı ödəməklə icarəyə götürmüşdür. İddia ərizəsinə əlavə olunmuş icarəyə götürülmüş obyektin ödənişləri barədə məlumatdan da göründüyü kimi xx.xx.2020-ci il tarixdən-xx.xx.2020-ci il tarixədək Cavabdeh güzəşt olunmuş, lakin 7600 (yeddi min altı yüz) manat bu günədək ödənilməmiş icarə haqqı borcu qalmışdır. Lakin Cavabdeh icarə haqqı borcunu bu günədək nəinki ödəməmiş, əksinə xx.xx.2023-cü il tarixdə xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin 16, 24 və 29-cu bəndlərinin tələblərini kobud şəkildə pozaraq “icarəyəverən”i qabaqcadan xəbərdar etmədən obyekti özbaşına olaraq tərk etmiş və nəticədə həmin obyektdə olan, mülkiyyətçiyə məxsus əmlakları yararsız hala salaraq əlavə olaraq maddi ziyan da vurmuşdur. Maddi ziyanla bağlı qüsur aktı tərtib olunaraq dəymiş ziyanın məbləği mütəxəsisslər tərəfindən dəqiqləşdirilərək 1571 (bir min beş yüz yetmiş bir) manat müəyyən olunmuşdur. Həmçinin bildirir ki, icarəyə verilmiş obyekt cavabdehin təqsirindən fəaliyyət göstərmədiyi müddətdə 1329 (bir min üç yüz iyirmi doqquz) manat məbləğində əldən çıxmış fayda da yaranmışdır. Tərəfindən Cavabdeh icarə haqqı borcunun və maddi ziyanın ödənilməsinə dair pretenziya göndərilsə də, bu günədək o, nə icarə haqqını, nə də vurulmuş maddi ziyanı ödəməmiş və ödəmək niyyətində deyildir. İddiaçı xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək X12 və Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsi ilə verilmiş qeyriyaşayış sahəsi əvvəl atası X5 mülkiyyətində olmuşdur, daha sonra mülkiyyət hüququ ona verilmişdir. O, həmin vaxt icarə müqaviləsini bəyənmişdir.Sadəcə olaraq icarə müqaviləsi bağlanan zaman bu məqam nəzərlərindən kənarda qalmışdır və iş üzrə bildirişlər atası X7 təqdim olunmuşdur. Özünün iddiaçı qismində işə əlavə edilməsini xahiş etmişdir. X12 xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, onunla Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsi ilə icarəyə verilmiş qeyri-yaşayış sahəsi əvvəl onun mülkiyyətində olmuş, daha sonra mülkiyyət hüququnu qızı İddiaçı vermişdir. Lakin həmin qeyri-yaşayış sahəsində idarəetməni özü həyata keçirir. Qızı İddiaçı həmin vaxtdan icarə müqaviləsini bəyənmişdir. Sadəcə olaraq icarə müqaviləsi bağlanan zaman bu məqam nəzərlərindən kənarda qalmışdır və iş üzrə bildirişlər ona təqdim olunmuşdur. Bu iş üzrə iddiaçının qızı İddiaçı dəyişdirilməsinə etirazı yoxdur. Tərəflərin iştirakı və izahatlar: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin daha əvvəlki iclaslarında iştirak edən Cavabdeh nümayəndəsi (vəkili) X8 izahatında bildirmişdir ki, təmsil etdiyi şəxs tərəfindən yalnız iddiaçı ilə bağlanmış müqavilə müddətində icarə münasibətləri olmuşdur, digər dövrlərə aid olan icarə münasibətləri ilə qəbul etmirlər. İddiaçı tərəfindən təqdim edilən sənədlərdə cavabdehə məxsus olduğu bildirilən imzalar Sevinc xanıma məxsusdur. Həmin sənədlərdə göstərilən tarixlərdə Sevinc xanım həmin obyektdə olmuşdur. Sevinc xanım 1 il 2 ay 15 gün müddətində həmin obyektdə icarəçi olmuşdur. Təmsil etdiyi şəxs tərəfindən icarə haqları tam şəkildə ödənilmişdir, hazırda iddiaçıya heç bir borcları yoxdur. Məhkəməyə təqdim etdiyi qəbzlər sübut edir ki, cavabdeh icarə haqlarını tam şəkildə ödəmişdir, həmçinin də cavabdeh nağd şəkildə də ödənişlər etmişdir. Odur ki, iddiaçıya borcu yoxdur.Digər məsələ isə həmin obyektə dəymiş zərərlə bağlıdır ki, iddiaçı sübut etməlidir ki, həmin icarə obyekti həqiqətən də cavabdehə hansı formada təqdim edilmişdir. Tərəflər arasında belə bir təhvil-təslim aktı yoxdur. Cavabdeh məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçının qeyd etdikləri ilə razılaşmırlar. Belə ki, Cavabdeh İddiaçı qarşısında heç bir öhdəlik götürməmiş və onunla icarə müqaviləsini bağlamamışdır. Ümumiyyətlə Cavabdeh ilə iddiaçı arasında hər hansı bir müqavilə və ya digər münasibətlər yaranmamışdır. Əgər belə bir münasibət mövcuddursa, iddiaçıdan təhvil-təslim aktının məhkəməyə təqdim edilməsini xahiş edir. İş materiallarından da göründüyü kimi icarə müqaviləsi X12 ilə Cavabdeh arasında bağlanmışdır. İlk olaraq bildirir ki, X12 özünə məxsus olmayan daşınmaz əmlakı kimi təqdim edərək onunla icarə müqaviləsini bağlamışdır. X12 qanunvericiliyin tələblərinə zidd başqasına məxsus əmlakın üzərində şəxsi mülkiyyəti kimi, heç bir səlahiyyəti olmadan sərəncam vermişdir. Bununla da aydın olur ki, nədən müqavilə yenə də qanunvericiliyin tələblərinə zidd olaraq notarial qaydada bağlanılmamışdır. Hesab edilir ki, həmin müqavilə səlahiyyəti olmayan şəxs tərəfindən, aldatma yolu ilə bağlanıldığından etibarsız sayılmalıdır. Qüsur aktına gəldikdə isə yenə də məlum olmayan və bununla bağlı rəy verilməsi üçün heç bir səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edilmişdir. Hesab edilir ki, hazırki mübahisə ilə bağlı iddiaçı öz üzərinə düşən sübutetmə yükünün öhdəsindən gələ bilməmişdir. Məhkəmənin nəzərinə çatdırılır ki, X12 həmin yaşayış binasını inşa edən Hüquq MTK-nın rəhbəri olmuşdur. Hazırda həmin bina Nəsimi-45 MMMC tərəfindən idarə olunsa da, faktiki rəhbər yenə də X9r. Cavabdehin atası Yunis Osmanlı isə binanın bir çox sakinləri kimi MTK və MMMC ilə mübarizə aparan şəxslərdən biridir. Bu absurd, qeyri-ciddi iddianın verilməsinin əsas səbəbi də aktiv sakinlərdən qisas almaqdır. Necə ki, digər fəal sakinlər də onlar tərəfindən absurd iddia və ittihamlarla məhkəmə və polisə verilir. Bundan başqa qeyd edilir ki, əgər bu cür münasibətlər realda mövcud olmuş olsa idi, iddia sahibkarlıq fəaliyyətindən irəli gələn iddia olardı və kommersiya məhkəməsi tərəfindən baxılmalı olardı. Göstərilənlərə əsasən iddianın əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Xətai prospekti 38 ünvanında yerləşən binanın mühafizəçisi işləyir. Həmin binanın üçüncü mərtəbəsində Sevinc kimi tanıdığı qadın dərzi kimi işləyirdi. Sonra görmüşdür ki, Sevinc həmin işlədiyi yerdən çıxıb gedibdir. O, qapıda dayanır, gələni gedəni görür.Şirkətin əməkdaşları həmin obyekti təmir edib Sevincə icarə üçün vermişdilər.Sonra gördülər ki, Sevinc əşyalarını toplayıb gedir. Sevinc 2022-ci ilin oktyabr ayında çıxıb gedibdir.Sevinc gedəndən sonra sanitar qovşağının avadanlığı yoxdur. Sevinc oraya parçalar tikiş manışı qoymuşdu.Sevinc gedən zaman stol, stul, çılçıraq apardığını görməmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti ilə dindirilmiş X10 ifadəsində göstərmişdir ki, o,Bakı şəhəri, Xətai prospekti 38 ünvanında yerləşən binada usta kimi işləyir. Həmin binanın üçüncü mərtəbəsini təmir edib Sevinc kimi tanıdığı qadına icarəyə vermişlər o, da orada dərzi kimi işləyirdi. Sonra gördü ki, Sevinc həmin işlədiyi yerdən çıxıb gedibdir. Onlar obyekti pandemiyadan əvvəl icarəyə vermişdilər.Həmin obyektin döşəməsinə laminat düzmüşlər, qapı qoymuşlar, ümumiyyətlə istifadə üçün bütün şəraiti yaratmışlar.Onlar təmir edən zaman Sevinc özü gəlib təmirə baxırdı, öz göstərişlərini verirdi. Sevinc 2022-ci ildə həmin obyekti tərk edib gedibdir. Məhkəmə iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xətai prospekti 38 ünvanında yerləşən binada tikintiyə nəzarətçi kimi işləyir. Pandemiyadan əvvəl 20 gün ərzində həmin obyekti təmir edib Sevincə icarəyə vermişlər. Sanitar qovşağı düzəldildi, qapı qoyuldu və Sevincə icarəyə verildi. Həmin obyekti icarəyə götürən Sevinc olubdur. Sanitar qovşağında istifadə etmək üçün lazım olan bütun avadanlıqlar qoyulmuşdu. Sevinc 2022-ci ildə həmin obyekti tərk edib gedibdir. O, nəzarətçi kimi gedib həmin obyektə gedib baxanda görmüşdür ki, bütün avadanlıqları aparıblar. Məhkəmə iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, 2019-cu ilin sonunda Cavabdeh icarə obyektinə gəlmişdir. Obyekt təmirsiz olub və təmir edib ona təhvil vermişlər. 2020-ci ilin yanvarından ödəniş etməli idilər. Pulları yoxdur deyə-deyə ödənişləri gecikdirirdilər. Nəticədə ödənişlərin həyata keçirilməsi pandemiya dövrünə düşdü. Mütəmadi olaraq icarə haqlarını tələb etmişdir. Rəhbərlik onlara güzəşt tətbiq etdi. Həmin zaman keçdi. Sonra o, kağız tərtib etmişdir ki, onlar imza ataraq borclarının olmasını yazılı şəkildə etiraf etdilər. Sevincdən ödənişləri ala bilmədiyinə görə borcun ödənilməsi üçün İsayev Həsrət danışıqlara qoşuldu. Amma pulun yığımı yenə onda idi. Həsrətlə danışandan sonra ödənişlər etməyə başladılar. Lakin, köhnə borclar olduğu kimi qalırdı. Ödənişlər yeni yaranmış borclara münasibətdə həyata keçirilirdi. Gecikmələr olurdu. İcarə müddətində açar həmişə özlərində olub və gedib təzədən qayıtmayıblar. Ödənişləri qarışıq həyata keçirirdilər. Nağd şəkildə, karta vasitəsi ilə ödənişlər olub. Bəzən götürdükləri işçi 500 manat, özü isə 100 manat verirdi. Nağd ödənişləri həyətdə, obyektin qabağında götürmüşdür. Nağd qaydada neçə dəfə ödəniş edildiyini xatırlamır. Kart vasitəsilə ödənişlərin nə zaman həyata keçirildiyini bilmir. Ayın 15i ödəniş edilməli idisə, 17-si, 18-i ödəyirdi və yaxud da bir qismini edib qalanını sonradan ödədiyi hallar olurdu. Məhkəmə iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, Həsrət ona zəng etdi ki, açarı gətirəcəklər və o da açarı təhvil almalıdır. Açarı Yunus adlı icarədar gətirəcəkdi. Açarı götürmüş və idarəyə təhvil verib evə getmişdir. İcarə obyektinin açarı idi. Yunus Sevincin atası idi və obyekti icarəyə götürmüşdülər. Bu 2023-cü ilin oktyabr ayında olub. Həmin obyektdə olmuş,təmir gedəndə baxırmışdır. Obyektdən nə götürüldüyünü bilmirəm. İş materialları: xx.xx.2021-ci il tarixli öhdəlik adlı sənəddən görünür ki, Cavabdeh imza edərək məlum edir ki, tərəflər arasındakı danışıqlara əsasən Bakı şəhəri, Xətai prospekti 38 ünvanında yerləşən yüksəkmərtəbəli yaşayış binasında fəaliyyət göstərən atelyenin 01 yanvar 2020-ci il tarixdən başlayaraq aylıq icarə haqqı 700 manat müəyyən olunmuşdur. 2020-ci ilin yanvar-may ayları ona güzəşt olunmuşdur. 01 iyun 2020-ci il tarixdən iş başlayandan sonra hər ay 700 manat icarə haqqının ödənilməsini öz üzərinə götürmüşdür. xx.xx.2021-ci il tarixli bildiriş ilə Cavabdeh xx.xx.2020-ci il tarixi daxil olmaqla xx.xx.2021-ci il tarixədək olan 9100 manat borcun 3 gün ərzində ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir (sənəddə Cavabdeh digər sənədlərdəki imzası ilə eynilik təşkil edən imza mövcuddur). xx.xx.2022-ci il tarixli icarə müqaviləsindən görünür ki, X12 Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında yerləşən ümumi sahəsi 82 kv.m olan qeyri-yaşayış sahəsini Cavabdeh icarəyə verməyi öhdəsinə götürür. İcarə müddəti xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci ilə qədər müəyyən edilir. İcarə haqqı aylıq 500 manat müəyyən edilmişdir. Müqavilənin 16-cı bəndinə əsasən icarəçi icarəyə götürdüyü əmlakı qənaətbəxş vəziyyətdə saxlayır. Müqavilənin 24-cü bəndinə əsasən icarəçi hazırki müqavilə başa çatdığı və ya ləğv olunduğu tarixdən 10 təqvim günü ərzində əmlakı, təbii aşınma və normal köhnəlmə vəziyyəti nəzərə alınmaqla komplektdə daxil olan ləvazimatlarla birlikdə təhvil-təslim aktı əsasında icarəçiyə qaytarır. Müqavilənin 28-ci bəndinə əsasən icarəçi əmlakın təsadüfən və ya üçüncü şəxslərin təqsiri üzündən məhv olması, zədələnməsi, pisləşməsinə görə məsuliyyət daşıyır. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında yerləşən ümumi sahəsi 638,70 kv.m olan qeyriyaşayış sahəsi xx.xx.2019-ci il tarixli qeydə əsasən İddiaçı tam mülkiyyətindədir. Cavabdeh Yunus qızının icarəyə götürdüyü qeyri-yaşayış sahəsinin ödənişləri barədə məlumatdan görünür ki, xx.xx.2021-ci il tarixə borc 9100 manat təşkil edir, 2021-ci ilin iyun-dekabr ayları hər ay 500 manat, 2022-ci ilin yanvar-avqust ayları hər ay 500 manat, sentyabr-dekabr ayları hər ay 600 manat, 2023-cü ilin yanvar-avqust ayları hər ay 600 manat və 2023-cü ilin sentyabr ayı isə 800 manat olmaqla cavabdehdən tərəfindən cəmi 15500 manat ödəniş edilmiş, lakin xx.xx.2021-ci il tarixdə artıq 9100 manat borc müəyyən edildiyindən isə cavabdehin 2023-cü ilin sentyabr ayına 7600 manat məbləğində borcu qalmışdır. X13, X10 və X6 tərəfindən tərtib edilərək təsdiq edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktında göstərilmişdir ki, Bakı şəhəri, Xətai prospekti 38 ünvanında yerləşən ümumi sahəsi 82 kv.m olan qeyri-yaşayış sahəsinin icarəçisi Cavabdeh özbaşına tərk edib getdikdən sonra tərəflərindən qeyri-yaşayış sahəsinə baxış keçirilmiş çatışmazlıqlar müəyyən olunmuşdur. Həmin çatışmazlıqların aradan qaldırılması üçün aktda göstərilən işlərin görülməsinə cəmi 1571 manat vəsait sərf olunmuşdur. Mülkiyyətçinin etibarnamə üzrə nümayəndəsi Fariz Yusubov tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubuna əsasən bildirilmişdir ki, pretenziyaya əlavə olunmuş xx.xx.2021-ci il tarixli öhdəliyə əsasən Bakı şəhəri, Xətai prospekti 38 ünvanında yerləşən ümumi sahəsi 82 kv.m olan qeyri yaşayış sahəsini xx.xx.2020-ci il tarixdən başlayaraq aylıq icarə haqqı 700 manat olmaqla icarəyə götürmüşdür. Həmin öhdəlikdən də göründüyü kimi 2020-ci ilin yanvar-may aylarında mövcud pandemiya şəraiti ilə əlaqədar güzəşt olunmuş və xx.xx.2020-ci il tarixdən iş başlayandan sonra hər ay 700 manat icarə haqqı ödəməlidir. Koronavirus pandemiyası bitdikdən sonra xx.xx.2020-ci il tarixi də daxil olmaqla ümumilikdə 9100 manat borcun olmasını yazılı sənədi imzalamaqla təsdiq etmişdir. xx.xx.2022-ci il tarixli icarə müqaviləsindən də göründüyü kimi Bakı şəhəri, Xətai prospekti 38 ünvanında yerləşən ümumi sahəsi 82 kv.m olan obyekti hər ay 500 manat icarə haqqı ödəməklə icarəyə götürmüşdür. Pretenziyaya əlavə olunmuş icarəyə götürülmüş obyektin ödənişləri barədə məlumatdan da göründüyü kimi xx.xx.2020-ci il tarixdən-xx.xx.2020-ci il tarixədək güzəşt olunmuş, lakin 7600 manat bu günədək ödənilməmiş icarə haqqı borcu qalmışdır. xx.xx.2023-cü il tarixdə xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin 16, 24 və 29-cu bəndlərinin tələblərini kobud şəkildə pozaraq “icarəyəverən”-i qabaqcadan xəbərdar etmədən obyekti özbaşına olaraq tərk etmiş və nəticədə həmin obyektdə olan, mülkiyyətçiyə məxsus əmlakları yararsız hala salaraq əlavə olaraq ona maddi ziyan da vurmuşdur (maddi ziyanla bağlı foto şəkillər pretenziyaya əlavə olunur). Maddi ziyanla bağlı qüsur aktı tərtib olunaraq mütəxəssislər tərəfindən dəqiqləşdiriləcəkdir. Həmçinin icarəyə verilmiş obyekt təqsiri üzündən fəaliyyət göstərmədiyi müddətdə əldən çıxmış fayda da yaranmışdır. Odur ki, yaranmış 7600 manat icarə haqqı borcunun 3 gün müddətində ödənilməsinin təmin edilməsi bildirilmişdir. Əks təqdirdə həmin borc məbləğinin, obyektin işləmədiyi müddətdə əldən çıxmış faydanın və vurulmuş maddi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacaqdır. Sürətli Poçt daşıma xidmətinin xx.xx.2023-cü il tarixli aktından görünür ki, X10 tərəfindən Cavabdeh göndərilən pretenziya məktubunun ünvan sahibinə çatdırılması mümkün olmamışdır. Cavabdeh tərəfindən təqdim edilmiş qəbzlərdən görünür ki, xx.xx.2021-ci i tarixdə 250 manat, xx.xx.2021-ci il tarixdə 300 manat, xx.xx.2021-ci il tarixdə 650 manat, xx.xx.2022-ci il tarixdə 1500 manat,xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 600 manat, xx.xx.2022-ci il tarixdə 400 manat, xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 600 manat, xx.xx.2023-cü il tarixdə 600 manat,xx.xx.2023-cü il tarixdə 600 manat, xx.xx.2023-cü il tarixdə 800 manat məbləğində ödənişlər edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş ödənişlərin edildiyi kart hesablarının Fərhad Əliyevə məxsusluğu qeyd edilmişdir. Tətbiq edilməli qanunvericilik: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 357-ci maddəsinə əsasən əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. 360.1-ci maddəsinə əsasən əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. 385.1ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2-ci maddəsinə əsasən öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. 529.2-ci maddəsinə əsasən öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. 682-ci maddəsinə əsasən kirayəçi kirayəyə götürdüyü əşyanın müqavilə üzrə istifadəsi nəticəsində dəyişməsi və ya pisləşməsi üçün məsuliyyət daşımır. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 705-ci maddəsinə əsasən əgər icarə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü obyekti qaytarmırsa, icarəyə verən obyektin saxlandığı müddət üçün kompensasiya kimi müəyyənləşdirilmiş illik icarə haqqından icarəçinin həmin il ərzində əldə etdiyi və ya əldə edə biləcəyi icarə faydaları hissəsinə uyğun olan hissənin verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə iddia da istisna edilmir. 734.2-ci maddəsinə əsasən kirayəçi əvəzsiz istifadəyə götürdüyü əşyanın müqavilə üzrə istifadəsi çərçivəsində dəyişməsi və ya pisləşməsi üçün məsuliyyət daşımır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İlk növbədə məhkəmə qeyd edir ki, icarə obyektinin İddiaçı mülkiyyətində olmaqla, icarə müqaviləsinin X12 və hazırki iş üzrə Cavabdeh arasında bağlanması sonradan mülkiyyətçi tərəfindən bəyənildiyi üçün mülkiyyətçinin icarə münasibətlərinin tərəfi olması və həmin münasibətlərdən irəli gələn hüquq və vəzifələrin ona aid edilməsi məhkəmə tərəfindən tanınmışdır. Məhkəmə İddiaçı mülkiyyətçi olması və onun mülkiyyətinə dair bağlanmış əqdi bəyənməsi ilə yaranmış mübahisə ilə bağlı iddia tələbi irəli sürməyə subyektiv hüququ olduğunu qəbul edir. İş materiallarında olan sənədlərdən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli öhdəliyə və xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən sözügedən qeyri-yaşayış sahəsini icarəyə götürmüşdür. Tərəflər arasında ilkin olaraq münasibətlər şifahi razılaşma əsasında formalaşmışdır. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, cavabdeh iddiaçıya məxsus obyekti 2020-ci ilin yanvar ayından etibarən icarəyə götürmüşdür. Lakin tərəflər arasında olan razılaşmaya əsasən ölkədə mövcud olan pandemiya ilə əlaqədar 2020-ci ilin yanvar ayından iyun ayınadək olan dövr üçün cavabdehdən icarə haqqı tələb edilməmişdir. 2020-ci ilin iyun ayından xx.xx.2021-ci il tarixədək olan dövr üçün isə artıq cavabdehin aylıq 700 manat icarə haqqı ödənişlərini həyata keçirməsi razılaşdırılmış və icarəçi bunu xx.xx.2021-ci il tarixli öhdəlik adlı sənədi imza etməklə təsdiqləmişdir. Həmçinin icarəçiyə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubu imza etməklə Cavabdeh xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan icarə haqqı borcunun 9100 manat təşkil etməsi barədə xəbərdar olunmuşdur. Məhkəmə iclasında ilkin olaraq cavabdehin nümayəndəsi məhkəməyə ünvanladığı iddia etirazında və izahatlarında təmsil etdiyi şəxsin iddiaçı ilə icarə münasibətlərinə daxil olmasını inkar etmişdir, lakin sonrakı izahatlarında bu halı qismən qəbul etmiş və məhkəməyə ödəniş qəbzləri təqdim etməklə isə bütövlükdə icarə münasibətlərinin mövcudluğunu etiraf etmişdir. Belə ki, tərəflər arasında icarə münasibətləri yalnız xx.xx.2022-ci il tarixdə bağlanmış icarə müqaviləsi dövrü üçün deyil, faktiki olaraq 2020-ci ilin yanvar ayından başlayaraq təxminən 2023-cü ilin oktyabr ayınadək davam etmişdir ki, məhkəmə iclasında tərəflər bu dövrdə münasibətlərin davam etdiyini inkar etməmişlər. Odur ki, məhkəmə cavabdehin nümayəndəsinin iddia ərizəsində irəli sürdüyü dəlillərin həm cavabdehin nümayəndəsinin özü tərəfindən, həm də işin araşdırılmış halları təkzib olunduğunu qeyd edir. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi cavabdehin icarə haqqı ödənişlərini həm nağd, həm də nağdsız qaydada icra etdiyini bildirmişdir, cavabdehin nümayəndəsi isə nağdsız qaydada ödənişlərə dair qəbzləri təqdim etməklə onlar tərəfindən icarə haqqı borcunun tam şəkildə ödənildiyini bildirmişdir. Cavabdehin nümayəndəsinin irəli sürdüyü dəlil ondan ibarət olmuşdur ki, ona hesablanan borc mövcud deyildir, belə ki, təqdim etdiyi qəbzlərə əsasən borcun bir hissəsi nağdsız qaydada, qalan hissəsi isə nağd qaydada ödənilmişdir. Cavabdehin bu dəlili ilə bağlı məhkəmə bildirir ki, iddiaçı tərəfindən təqdim edilmiş ödəniş qrafikinə əsasən cavabdehin xx.xx.2021-ci il tarixə olan borcu 9100 manat təşkil etmişdir, sonrakı dövr üçün isə 2021-ci ilin iyun ayından başlayaraq hər ay 500 manat məbləğində ödənişlər edilməyə başlanmışdır. Təqdim edilən qrafikdən 2021-ci ilin iyun ayından 2022-ci ilin avqust ayınadək 500 manat, 2022-ci ilin sentyabr ayından 2023-cü ilin avqust ayınadək 600 manat, 2023-cü ilin sentyabr ayında isə 800 manat ödəniş edildiyi görünür. İcarəçinin xx.xx.2023-cü il tarixə olan borcunun 7600 manat təşkil etdiyi qeyd edilmişdir. Təqdim edilən qrafikdən o da aydın olur ki, aylıq 500 manatdan artıq edilmiş ödənişlərlə əvvəlki borcdan silinmələr aparılmış, 2022-ci iln sentyabr ayından etibarən 9100 manat məbləğdən hər ay 100 manat silinmiş və bu məbləğ 2023-cü ilin sentyabr ayında artıq 7600 manat təşkil etmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş qəbzlərə əsasən ümumilikdə 8500 manat ödəniş edildiyi müəyyən edilir. Hətta cavabdeh tərəfindən təqdim edilmiş qəbzlərdən o da müəyyən edilir ki, cavabdeh tərəfindən ödənişlər ardıcıl olaraq ödənilməmişdir, bəzi aylara dair ödəniş qəbzləri təqdim edilməmişdir. Lakin ödəniş qrafikində isə icarəçinin 2021-ci ilin iyun ayından 2023-cü ilin sentyabr ayınadək bütövlükdə ödədiyi məbləğin 15500 manat olduğu aydın olur. Məhkəmə bu halı belə qiymətləndirir ki, mübahisəsiz cavabdeh tərəfindən nağd qaydada ödənişlər həyata keçirilmiş, bu ödənişlər iddiaçı tərəfindən nəzərə alınmışdır, lakin bütövlükdə borc tam şəkildə bağlanmamışdır. Məhkəmə qeyd edir ki, tərəflər arasında icarə haqqı ödənişlərinin həm nağd, həm də nağdsız qaydada həyata keçirilməsini məhkəmə qəbul edir, lakin iddiaçının cavabdeh tərəfindən nağd ödənişlərin olmasını bildirməsi heç də cavabdehin bildirdiyi kimi borcun tam şəkildə ödənilməsi demək deyildir. Cavabdehin istinad etdiyi nağd ödənişlər nağdsız qaydada edilmiş 8500 manat məbləğlə iddiaçı tərəfindən ödənişi qəbul edilmiş 15500 manat məbləği arasındakı fərqi təşkil edə bilər. Borcun tam ödənilməsini sübut etmək cavabdehin üzərinə düşən vəzifədir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2021-ci il tarixli öhdəliyə və xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən yaranmış 7600 manat icarə haqqı borcu tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin cavabdehdən 1571 manat məbləğində maddi ziyanın və 1329 manat məbləğində əldən çıxmış faydanın tutulması hissəsi ilə bağlı bildirir ki, iddiaçı icarə obyektini cavabdehə verərkən onu əsaslı təmir etməsini bildirsə də, bu halı təsdiq edən yeganə sübut şahid ifadələri olmuşdur, icarədar qeyri-yaşayış sahəsini icarəyə verərkən icarəçi ilə təhvil -təslim aktı tərtib etməmişdir, iddiaçı cavabdehin icarə obyektini tərk edərkən onu yararsız hala salmasını, bunun nəticəsində ona maddi ziyan dəydiyini iddia etmişdir. İddiaçının bu dəlilləri yeganə sübut- şahidlərin ifadəsindən başqa yanaşı sübutlarla öz təsdiqini tapmamışdır. Yalnız şahidlər icarəçinin icarə obyektini tərk edərkən onun yararsız hala salmasını bildirmişlər, məhkəmə araşdırması zamanı icarə obyektinin icarəçiyə verilən zaman olan vəziyyəti ilə bağlı sübut olmadığından bununla bağlı məsələyə qiymət verilməsi mümkün deyildir. İddiaçı tərəfindən təqdim edilmiş qüsur aktı yalnız iddiaçı tərəfin nümayəndələri tərəfindən birtərəfli qaydada tərtib edilmişdir, həmçinin iddiaçı tərəfindən təqdim edilmiş satış çekində göstərilən mal-materialın məhz həmin icarə obyektinin təmirinə sərf edilməsini birmənalı söyləmək olmur. Üstəlikdə əşyadan əvəzli (əvəzsiz) istifadə münasibətlərində onun adi istifadə nəticəsində köhnəlməsi və ya sıradan çıxması halında istifadə edən şəxsin məsuliyyəti istisna olunur. Mövcud təcrübədə qeyriyaşayış sahəsinin icarəçi tərəfindən 3 ildən çox müddətdə istifadəsindən sonra həmin sahədə müəyyən yenilənmələrin aparılması yol verilən haldır, işgüzar adətlərdə bu hala rast gəlinir ki, icarədar bir icarəçi ilə olan münasibətlərinə xitam verdikdən sonra obyektdə müəyyən təmir işləri apardıqdan sonra onun yeni icarəçiyə icarəyə verilməsi baş tutur. Necə ki, hazırki münasibətlər başlayanda da həmin obyektdə təmir işləri aparılmaqla obyekt hazırki cavabdehin icarəsinə verilmişdir. Ümumilikdə isə cavabdeh tərəfindən icarə obyektinə zərər vurulması faktı sübuta yetmədiyindən məhkəmə iddianın maddi ziyan və əldən çıxmış fayda ilə bağlı hissəsinin təmin edilməməsi qənaətinə gəlir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 7600 (yeddi min altı yüz) manat icarə haqqı borcu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar