Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-734/2024 06.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «mənzildən çıxarılma» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı «mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və cavabdehin ailə üzvlərinin ona məxsus olan Bakı şəhəri Nəsimi rayonu Cavadxan (Gəncə xanı) küçəsi 11 saylı evin 107 saylı mənzilindən məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh3 İsmail oğlunun ona məxsus olan Bakı şəhəri Nəsimi rayonu Cavadxan (Gəncə xanı) küçəsi 11 saylı evin 107 saylı mənzilindən məcburi qaydada çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ona məxsus olan Bakı şəhəri Nəsimi rayonu Cavadxan (Gəncə xanı) küçəsi 11 saylı evin 107 saylı mənzilindən məcburi qaydada çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 onun övladı X3 qayınanası olmuşdur. Qızı Fidan cavabdehin oğlu Cavabdeh3 ilə rəsmi nikah bağlayaraq ailə qurmuşlar. Buna görə də, o, qohumluq münasibətlərini nəzərə alaraq cavabdehin və sonuncunun ailə üzvlərinin ona məxsus olan Bakı şəhəri Nəsimi rayonu Cavadxan (Gəncə xanı) küçəsi 11 saylı evin 107 saylı mənzilində yaşamalarına icazə vermişdir. Lakin qızı ilə cavabdehin oğlunun nikahları 2022-ci ildə rəsmi qaydada məhkəmə qətnaməsi ilə pozulmuş və bundan sonra da onların arasında olan münasibətlər kəskin şəkildə pisləşmişdir. Təbii ki, belə bir vəziyyətdə artıq cavabdehin və sonuncunun ailə üzvlərinin onun mülkiyyətində olan mənzildə qalmaları qeyri-mümkün idi. O, bununla əlaqədar cavabdehə dəfələrlə xəbərdarlıq etsə də, cavabdeh bu günə kimi onun mülkiyyətində olan mənzili boşaltmaqdan yayınır. Bu səbəbdən, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddiaçı həmin mənzilin onun mülkiyyətində necə olması barədə hər hansı bir məlumat vermir. Belə ki, Bakı şəhəri Nəsimi rayonu Cavadxan küçəsi 3005-ci məhəllədə, hal-hazırda Cavabdxan küçəsi ev 11 mənzil 107 ilkin olaraq Cavabdeh2 tərəfindən öz qohumu X4 adına 20 iyun 2002-ci ildə alınmışdır, yəni həmin mənzilə iddiaçı tərəfindən heç bir vəsait ödənilməmiş və həmin mənzil cavabdeh tərəfindən hələ iddiaçı ilə qohumluq münasibətləri yaranmamışdan əvvəl əldə edilmişdir. Sonradan iddiaçı qızı ilə Cavabdeh3 nikahlarını pozacağı adı ilə şantaj edərək mənzilin Cavabdeh3 adına sənədləşdirilməsinə nail olmuşdur. Daha sonra həmin mənzilin yenə də nikahın pozulacağı adı ilə şantaj edərək qızı Fidanın adına keçirilməsinə nail olmuş, daha sonra yenə də şantaj yolu ilə öz adına keçirmiş və xx.xx.2018-ci ildə öz adına çıxarış almışdır. Cavabdehlər mənzil alınan gündən bu günə kimi həmin mənzildə yaşayırlar. Mənzil cavabdehlər tərəfindən təmir edilib. İddiaçının qızı ilə nikah münasibətləri pozulduqdan sonra evin geriyə sənədləşdirilməsi barədə iddiaçıya müraciət olunmuşdur. İddiaçı başqa məhkəmə işlərində istədiyinə nail ola bilməyəndən sonra hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İlkin olaraq cavabdeh kimi Cavabdeh1 Bərham qızının mənzildən çıxarılmasını, sonradan isə iddia tələbinə dəqiqləşdirmə verərək Cavabdeh2 və Cavabdeh3 də mənzildən çıxarılmaları məsələsini qoymuşdur. Mənzilin alınması barədə ilkin sənəd, kooperativ binada mənzil tikintisi üçün 20 iyun 2002-ci il tarixli 20/107 saylı X4 adına alınması barədə müqavilənin surəti məhkəməyə təqdim edilmişdir. Digər sənədlərin alınması üçün Reyestr Xidmətinə sorğu verilmişdir. Həmçinin hal-hazırda binanın saxlanması üçün idarə edən «Nəsimi 6» Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən 09 yanvar 2024-cü il tarixli 181 saylı Arayışı təqdim edilmişdir. Arayışda göstərilir ki, Bakı şəhəri Nəsimi rayonu Cavadxan küçəsi ev 11, 107 saylı mənzilin saxlanılması və istismarı üçün nəzərdə tutulan kommunal xidmət haqqı Cavabdeh2 tərəfindən ödənilir. Əlavə olaraq bildirirlər ki, həmin mənzil iddiaçı ilə qohumluq münasibətləri yaranmamışdan əvvəl cavabdehlər tərəfindən 2003-cü ildə tam təmir olunub və həmin ildən də həmin mənzildə yaşayırlar. «Nəsimi 6» Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən verilmiş 11 yanvar 2024-cü il tarixli 184 saylı arayış əlavə edilmişdir. Mənzilin şantaj yolu ilə sənədləşdirilməsinə dair ilkin sənədlər reyestr xidmətindən əldə olunduqdan sonra həmin sənədlərin etibarsızlığı və ləğvi barədə məhkəmədə ayrıca iddia qaldırılacaqdır. İddiaçı X1 iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Məhkəmədən iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin müvafiq Ərazi İdarəsi tərəfindən verilmiş 04 iyul 2018-ci il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Cavadxan (Gəncə xanı) küçəsi 11 saylı evin 107 saylı mənzili xüsusi mülkiyyət kimi tam pay üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 656 nömrəli reyestr kitabının 60151 nömrəli vərəqində qeydiyyata alınmışdır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, ünvan 1 ünvanı 107 saylı mənzil İddiaçı mülkiyyətindədir. - Yaşayış yeri üzrə qeydiyyat haqqında 11 mart 2023-cü il tarixli ******* saylı arayışdan görünür ki, İddiaçı mülkiyyətində olan mənzildə X5, Cavabdeh1, Cavabdeh2 Ruslan oğlu və X6 qeydiyyatdadırlar. İş materiallarından görünür ki, iddiaçı Bakı şəhəri Nəsimi rayonu Cavadxan (Gəncə xanı) küçəsi 11 saylı evin 107 saylı mənzilin ona məxsus olmaqla xüsusi mülkiyyətində olmasını əsas gətirərək orada yaşayan cavabdehlərin mənzilə heç bir hüquqları olmadığı üçün çıxarılmasını tələb edir. Cavabdehlərin nümayəndəsi və vəkili iddianı qəbul etməyərək məhkəməyə kooperativ binada mənzil tikintisi üçün 20 iyun 2002-ci il tarixli 20/107 saylı müqaviləni, MTK-nın arayışlarını təqdim edərək, iddiaya etirazını onunla əsaslandırmışdır ki, iddia predmeti olan mənzil ilk olaraq iddiaçı tərəfindən alınmamışdır və s. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu R.Ağalarovun şikayəti üzrə 26 sentyabr 2007-ci il tarixli Qərarında göstərilir: "Mülkiyyət hüququ, nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələblərinin təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan mənafelərini pozmadan, mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə 3-cü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətləridir". Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir Hüququn ümumi prinsiplərindən görünür ki, mülkiyyət hüququ fundamental bir hüquqdur. Həm daxili qanunvercilik, həm də beynəlxalq hüquq mülkiyyət hüququna “mülkiyyətçinin sərbəstlik sferası” prizmasından yanaşır. Mülkiyyətçi öz əmlakından maneəsiz və arzuladığı formada istifadə etdiyi təqdirə bu hüquq öz mahiyyətini əldə edir. Mülkiyyətçinin öz əmlakından istədiyi formada istifadə edə bilməməsi əslində mülkiyyət hüquqlarını maneəli formada həyata keçirilməsini özündə ehtiva edir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə qeyd olunanlarla bağlı hesab edir ki, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən iddiaçının mübahisəli mənzilin mülkiyyətçisi olması işin mübahisəsiz halıdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçının hüquqlarına Dövlət tərəfindən müvafiq qanunvericiliyə əsasən təminat verilir və o mülkiyyətçi kimi məhkəmə müdafiəsi hüququndan istifadə etməkdə haqlıdır. İşin faktiki hallarından göründüyü kimi, iddiaçının mülkiyyətində olan mənzildə cavabdehlər buna hər hansı hüquqları olmadan yaşalar da, hazırda iddiaçının tələbi ilə oranı tərk etməməklə, mənzili boşaltmamaqla onun qanunla qorunan mülkiyyət hüquqları pozulur. Bu səbəbdən, məhkəmə iddianı əsaslı sayaraq təmin edilməsi nəticəsinə gəlir. Məhkəmə həmçinin cavabdehin iddiaya etirazının əsası kimi istinad edilən hallara da qiymət verərək hesab edir ki, irəli sürülən dəlillər cavabdehlərin mənzilə hər hansı formada hüquqlarının olması və beləliklə də iddianın əsassız olmasını təsdiq etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı məxsus olan Bakı şəhəri Nəsimi rayonu Cavadxan (Gəncə xanı) küçəsi 11 saylı evin 107 saylı mənzilindən məcburi qaydada çıxarılmalıdırlar. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı məxsus olan Bakı şəhəri Nəsimi rayonu Cavadxan (Gəncə xanı) küçəsi 11 saylı evin 107 saylı mənzilindən məcburi qaydada çıxarılsınlar. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-734/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-734/2024
06.04.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver