Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-736/2021 25.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı «mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı «vurulmuş mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təhqiqat-istintaq orqanlarının qanunsuz istintaq hərəkətləri nəticəsində ona vurulmuş mənəvi ziyana görə 10.000 manat məbləğin Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutulmasını və iddiaçıya ödənilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 13 ay təcridxanada saxlanılmışdır. Bundan sonra istintaq orqanının hazırlamış olduğu ittihamı Şəki Ağır Cinayətlər Məhkəməsində baxaraq ona elan olunmuş ittiham üzrə bəraət almışdır. Bu barədə mövcud olan məhkəmə hökmünün əslini məhkəməyə təqdim edir. O əsassız ittihamla bağlı olaraq 13 ay istintaq təcridxanasında saxlanmışdır. Azadlığı əlindən alınmışdır. Zülüm və əziyyət çəkmişdir. Qeyd olunan məhkəmə hökmündə barəsində qaldırılan cinayət işi sübuta yetirilmədiyi üçün o, həmin maddədə ittiham olunmamışdır. Ancaq ittiham olunmağı bu səbəbdən də barəsində məsuliyyəti müəyyən edən qərarların qəbul edilməsi, iddiaçının dəfələrlə həmin maddə ilə soğru suallara cəlb edilməsi, son durumda məhkəmə ədaləti olmasaydı, əlavə olaraq ən azı 6-8 il cəza almaq ehtimalının olması ona əsas verir ki, bu kimi halları başına gətirən istintaq və təhqiqat orqanlarının bu qanunsuz hərəkətlərindən şikayət versin. İddiaçı bu işdə təqsirsiz olmağına baxmayaraq əsasız mühakimə olunmuşdur. Əsassız olaraq sorğu-sullara cəlb edilmişdir. Əsassız olaraq ittiham olunmuşdur. Məhkəmə müstəvilərində mənəvi əziyyət çəkmişdir. Məhkum edilənlərin maşınında dəfələrlə hakim müstəvisinə çıxarılmışdır. Bütün bunlar ona qanunsuzcasına, ədalətsizcəsinə edilmişdir. O və ailəsi hər məhkəmə müstəvisində mənəvi əziyyət və sarsıntı keçirib. İstintaq orqanı sənədləri saxtalaşdıraraq üzərinə atıb. Bütün ifadələri tam mənada onun ittihamı üçün hazırlayıb. Saxta ifadələr çərçivəsində ittiahını formalaşdıraraq onu təqsirləndirilən şəxs qismində cəlb edərək məhkəmə müstəvisində həbsi üçün zəmin yaradıb. Bununla da onu mənəvi cəhətdən məhv edib, sarsıdıb. Bütün bunlar işin görünən tərəfləridir. Görünməyən tərəfi isə onun bu izdirabları yaşamağı, bu vəziyyəti ailəsi ilə birlikdə keçirməsidir. O bütün bunlara görə keçirdiyi mənəvi iztirabların əvəzi olaraq 10.000 manat vurulan zərərin əvəzini tələb edir. Hesab edir ki, həmin zərər cavabdeh orqan tərəfindən ödənilməlidir. Göstərilənlərə əsasən, X1suz istintaq hərəkətləri nəticəsində ona vurulmuş mənəvi ziyana görə 10.000 manat məbləğin Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutulmasını və iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ünvanlandığı ərizə ilə işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(091)-82/2018 saylı hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsi, İddiaçı barəsində seçilmiş “həbs” qətimkan tədbirinin ləğv edilməsi və onun dərhal məhkəmə iclası zalında həbsdən azad edilməsi hökm edilmişdir. İş materiallarından göründüyü kimi, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunsa da Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(091)-82/2018 saylı hökmünə əsasən ittiham üzrə təqsirliliyi sübuta yetirilmədyindən bəraət almışdır. Həmin hökmə əsasən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2017-ci il tarixdə, saat 08:45-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2017-ci il tarixdə isə Yevlax Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Hazırda iddiaçı 13 ay ərzində qanunsuz olaraq həbsdə qaldığına görə ona vurulmuş mənəvi ziyanı 10000 manat məbləğində giymətləndirərkən bu pulun Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə hazırkı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya suiistifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Həmin Qanunun 7-ci maddəsinin 1-ci bəndinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilir ki, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx xxx 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə vurulmuş mənəvi zərərin ödənilməsi ilə əlaqədar qeyd edir ki, təqdim olunmuş sənədlərdən də aydın olduğu kimi iddiaçı əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması, 13 ay ərzində həbsdə saxlanılması nəticəsində mənəvi sarsıntı və iztirablar keçirmişdir. Belə ki, qanunsuz həbs olunması nəticəsində o, fəal ictimai həyat tərzindən məhrum edilmiş, onun azadlıq və digər bir sıra hüquqları məhdudlaşdırılmış, sağlamlığına zərər dəymişdir. Ona görə də ona vurulmuş mənəvi zərər ödənilməlidir. Eyni zamanda məhkəmə dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar qeyd edir ki, mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirilmir. Mənəvi zərərin tələb olunan məbləğdə deyil, 3.000 manat məbləğində təmin olunmasını məhkəmə ədalətli və ağlabatan hesab edir. Məhkəmə həmçinin iddiaçının tələbini qismən təmin edərək qeyd edir ki, yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi, Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyanın ödənilməsi təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Belə ki, Аzərbаycаn Respublikаsı Prezidentinin 09 fevrаl 2009-cu il tаrixli, 48 nömrəli Fərmаnı ilə təsdiq edilmiş "Аzərbаycаn Respublikаsının Mаliyyə Nаzirliyi hаqqındа Əsаsnаmə"nin 1-ci bəndinə əsаsən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Оnа görə də mənəvi ziyаnın əvəzi оlаn 3.000 mаnаt məbləğində pul məhz Аzərbаycаn Respublikаsı Mаliyyə Nаzirliyi vаsitəsilə dövlət büdcəsindən alınıb iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən mənəvi zərərə görə 3.000 manat pul alınaraq İddiaçı ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən mənəvi zərərə görə 3.000 manat alınaraq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-736/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-736/2021
25.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver