Məhkəmə qərarları › İş №2(006)-736/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-736/2025

07.11.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-736/2025 07.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi X9, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X12, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mütəxəssisi X5 iştirakı ilə, İddiaçı Shafiei Matanagh Neginin Cavabdeh (Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X12, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı təxliyə çıxışının, havalandırma bacasının açılması və kanalizasiya xəttinin ləğvi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı Shafiei Matanagh Negin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi-150, zirzəmi, qapı-3 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin fövqaladə hallar zamanı nəzərdə tutulmuş təxliyə çıxışının, havalandırma bacasının açılması, qanunsuz çəkilmiş kanalizasiya xəttinin ləğv olunması və mülkiyyətinə olan müdaxilələrə son qoyulması öhləliyini cavabdah Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsini notarial qaydada alqı-satqı əsasında almışdır və DƏDRX tərəfindən xx.xx.2024-cü il tarixli xüsusi mülkiyyət haqqında çıxarış verilmişdir. Qeyd olunan əmlak uzun illər istifadəsiz qalmış, qrunt suları və çirkab sularla dolaraq istifadəyə yararşız halda olmuşdur. Tərəfindən kifayət qədər sərmayə qoyularaq abadlıq və təmir işləri aparılarkən məlum olmuşdur ki, zirzəminin havalandırma və fövqəladə hallar zamanı üçün nəzərdə tutulan təxliyə pilləkəni də üst qonşuda yaşayan, hazırki iş üzrə Cavabdeh tərəfindən tam qanunsuz tutularaq mətbəx üçün əlavə qab yuyan yer tikmiş və sanuzelinin kanalizasiya xəttini də onun mülkiyyətinin içindən çəkmişdir. Məsələ ilə bağlı qonşu Cavabdeh sivil qaydada müraciəti təhdid, mərhum valideyninin təhqir olunması, özünün döyüləcəyi və qovulacağı ilə cavablandı. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi araşdırmanın nəticəsi olaraq məsələnin mülki xarakterli olması və məhkəməyə verilməsi tövsiyə olunmuşdur. Mübahisə predmeli olan qeyri-yaşayış sahəsi ilə bağlı RİH, Fövqaladə Hallar Nazirliyi, MKTB-nə və rəsmi ərizə ilə müraciət olunmuş və qeyd oluna qurumlar onun haqlı olduğu, qeyd olunan qanun puzuntularına dair onun xeyrinə rəy verilmişdir. Eyni zamanda Bina Mədəniyyət Nazirliyinin balansında olduğu üçün həmin zirzəminin eskiz lahiyəsi çıxarılmış və zəbt olunan yerlərin əvvəlki vəziyyətinə qaytarılması vacib olduğu qeyd olunmuşdur. Müraciət olunmuş bütün dövlət qurumlarının rəy və arayışlarında hazırki iş üzrə cavabdehin qanunsuz tikili aparması, (zəbt etməsi) öz əksini tapmışdır. Faktiki olaraq o, qanuni mülkiyyətindən məhrum olmuşdur, mülkiyyətinin qeyd olunan hissələri qanunsuz olaraq zəbt olunmuşdur. Eyni zamanda baş verə biləcək Fövqəlada hal zamanı təxliyə çıxışınınin olmaması insan təlafatı ilə nəticələnə bilər və təmir bərpa işləri zamanı təxliyə çıxışınınin və havalandırma bacalarının bərpa olunmadığı halda mülkiyyətçi olaraq birbaşa iddiaçı məsuliyyət daşıyır. Sülh yolu ilə məsələnin həll olunması mümkünsüz olduğuna əmin olaraq mülkiyyət hüquqlarının bərpa olunması məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh iddia ərizəsinə yazılı etiraz verərək göstərmişdir ki, onun yaşadığı Bəşir Səfəroğlu kücəsi ev 150, mənzil -1A xx.xx.2018-ci il tarixində qeydiyyat nömrəsi ********** alqı-satqı yolu ilə almış və onun şəxsi mülkiyyətindir. Səkkiz ildən çoxdur ki, həmin mənzilində yaşayır. Qeyd edir ki, bu bina Mədəniyyət Nazirliyin tarixi abidələrin siyahısına daxil olmuş tarixi abidədir. Zirzəminin və fövqəladə hallar zamanı nəzərdə tutulan təxliyə yolunun bağlanması iddiası iddiaçının uydurmasından başqa bir şey deyil. Bina 100 ildən çoxdur ki, tikilib və həmin binaya bu günə kimi müdaxilə olunmayıb. Ona məxsus olan qab yuyan adlandırdığı hissə evi aldığı zaman var idi və bu onun texniki pasportunun üçüncü səhifəsində əks olunub. Onun tərəfindən binaya heç bir müdaxilə olunmayıb. Belə olan halda hansı müdaxilədən söhbət gedə bilər. 21 iyun 2024-cü ildə iddiaçı və onun adamları zirzəmiyə qapı açmaq istəyərkən binanın ona məxsus olan mənzilin dayaq divarın altını sökmüşlər. Onun və qonşuları tərəfindən DİN, İcra Hakimiyyətinə müracit olunmuşdur. Bu orqanlar tərəfindən tədbirlər keçirəcəklərini bildirmişlər. Qonşuların məlumatından sonra o, həmin sökülmüş hissəni bərpa etmişdir. Qanunsuz söküntü ilə bağlı ona dəymiş ziyanla bağlı Nəsimi rayon məhkəməsində iddia qaldıracaqdır. Qeyd etmişdir ki, həmin zirzəmi qonşulara sığınacaq yeridir, heç kimə satıla bilməz. Lakin iddiaçı hansı yolla bu zirzəmini özəlləşdirib məlum deyil. Zirzəminin daxilində bina tikilən zaman istinad divarları olub həmin istinad divarları bina tikilən zaman həm daşlarla hörülmüş, həm də dəmir reşotkalarla bərkidilmişdir. Bu divarlar binanın sütunudur, artıq bina qəzalı vəziyyətə düşüb. İddiaçı qeyd edir ki, mülkiyyətçi olaraq o öz əmlakına sahib olmalıdır və istədiyi kimi istifadə edə bilər. Bir daha qeyd edir ki, həmin zirzəmi qanunsuz verilmişdir, zirzəmi bütün bu binada yaşayan qonşuların istifadəsindədir. Hesab edir ki, Mülki Məcəllənin tələbinə əsasən mülkiyyətində olan mülkünə müdaxilə yol verilməzdir. Heç bir fövqəladə hallar üçün nəzərdə tutulan yollar zəbt edilməmişdir, bina tikilən zaman belə olmuş və o, aldığı vaxtda da belə idi. Odur ki, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, həmin yaşayış yeri mədəni abidə hesab olunduğu üçün ən kiçik dəyişiklikdə belə Mədəniyyət Nazirliyinin tələbi ilə layihələndirməli olurlar. Layihələşdirərkən Mədəniyyət Nazirliyindən iddiaçıya irad tutdular ki, təxliyyə çıxışını tutmusunuz, açılmalıdır. Bütün sənədləri təqdim etmişlər. Havalandırma bacasının açılmalı olduğu ilə bağlı rəy də mövcuddur. Belə ki, tikintiyə nəzarət üçün Fövqəladə Hallar Nazirliyindən gəlmişdilər. Onlarda havalandırma bacasının açılmalı olduğunu dedilər. Kanalizasiyada da problem var. Su idarəsinə də müraciət etmişlər. Həmin ərazidə nə işıq, nə su var. Keçmişdə ora sığınacaq məkanı olubmuş. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X9 izahat verərək bildirdi ki, cavabdehlə heç bir şəxsi qərəzliyi yoxdur. Sadəcə aidiyyəti qurumların tələbinə əsasən havalandırma bacası və təxliyə çıxışı açılmalıdır. Səlahiyyətli dövlət orqanının bu tələbini yerinə yetirmək üçün müvafiq iddianı qaldırmışdır. Əlavə tikilinin yerləşdiyi yer şüşəbənd olub, ora yük daşıyan yerdə deyil. Bu, tarixi abidədir. Əlavə tikili 2 metr hündürlüyü, 1 metr enində və 1.5 metr dərinliyindədir. Binaya cavabdeh xələl gətirib. Eyni zamanda qanunsuz pəncərə də açmışdır. Amma onun bir kərpic götürməyinə icazə vermir. 2 pəncərəsi, 1 pilləkəni var. İşıq və havanın qabağını cavabdeh almışdır. Bina tikiləndə necə olmuşdursa, elə də qalmışdır. Qanunsuz artım edən yeganə şəxs cavabdehdir. Heç bir icazəsi olmadan cavabdeh qanunsuz evi artırmışdır. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin cavabından da görünür ki, əgər havalandırma yuxarıdan tutulubsa aşağıdan da tutula bilər. Cavabdeh heç orada yaşamır, evi kirayə vermişdir. Məhkəmə icasında iştirak edən Cavabdeh etirazın məzmununa uyğun izahat verib, iddianı qismən - kanalizasiya xəttinin ləğv edilməsi hissəsində qəbul edərək, qalan hissədə rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X12, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mütəxəssisi X8 izahatında bildirmişdir ki, vətəndaşların şikayətinə görə mübahisəli ünvana baxmağa gediblər. Bütün sənədlərə baxıblar. Milli Elmler Akademiyasının cavabından da görünür ki, iddiaçı tərəfindən binada qanunsuz heç bir dəyişiklik aparılmamışdır. Texniki pasporta görə hər şey qanuni yerindədir. Cavabdehdəki sənədlərdə hazırda əlavə tikilinin olduğu yerdə pəncərə olduğu görünür. Qanuni evin sağında və solunda pəncərə olmalıdır, amma faktiki qapı sol tərəfdədir. Sənədlərə əsasən yanğın çıxışı olmalıdır. Dövlət reyestrindən verilmiş sənədə əsasən yanğın çıxışı cavabdehin mülkiyyətinə daxil deyil. Cavabdehin etdiyi artım yanğın çıxışını kəsir. Zirzəmidə fakt pəncərə yoxdur. Artırılmış hissə sökülsə, binaya heç bir zərər gəlməyəcək, çünki tikilinin olduğu yer yükdaşıyan divar deyildir. Əsas yük götürən hissələr qapılardadır. Buna dair Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birlikdə baxıb mütəxəssislərlə məsləhətləşiblər. Cavabdehin mənzilində olan yaşayış otağının pəncərəsi açılan hissə isə vaxtilə havalandırma bacasının keçdiyi hissədir. Müvafiq pəncərə bağlanmaqla və ya razılaşdırılmış başqa qaydada bacanın açılması mümkündür. Eyni zamanda sözügedən pəncərə cavabdehin texniki pasportunda öz əksini tapmamışdır və layihə sənədlərinə əsasən həmin hissədən bacanın açılması mütləqdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu kücəsindəki 150 nömrəli evin, zirzəmi mərtəbəsi 3 nömrəli qapının mülkiyyətçisi X13 Hosseindir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu kücəsindəki 150 nömrəli evin, 1 A nömrəli mənzilin mülkiyyətçisi Cavabdehdır. Bakı şəhəri Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən 8 saylı MKİS-in 40 saylı xx.xx.2024-cü il tarixli arayışından görünür ki, sözügedən ünvandakı tikili uzun müddət bundan əvvəl inşa olunmuşdur. Qonşu ilə aralarında yaranmış mübahisəli məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etməyi tövsiyyə olunur. Bakı şəhəri Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 48 saylı Mənzil- Kommunal İstismarı Sahəsinin xx.xx.2024-cü il tarixli 25 nömrəli məktubuna əsasən Bəşir Səfəroğlu küçəsi 150 ünvanına baxış keçirilmiş qonşu ilə aralarında yaranan mübahisə qoşunun uzun ilər öncə tikdiyi qanunsuz tikili onun təxliyə çıxışınının üst hissəsində yerləşir mübahisə məhkəmə predmeti olduğundan məhkəməyə müraciət etməyi tövsiyə olunur. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi 150 ünvanında yerləşən zirzəmi mərtəbəli qeyri-yaşayış sahəsinin havalandırma bacasının və təxliyyə yolunun bağlanması barədə ünvanlanmış müraciətə baxılmış, ünvana FHN X14 Xidmətinin mütəxəssisləri tərəfindən baxış keçirilmiş və müraciətdə göstərilən faktlar öz təsdiqini tapmışdır. Bununla əlaqədar aşkar edilmiş pozuntulara yol verildiyi üçün 48 saylı MKİS-in rəisinə inzibati xəta haqqında protokol tərtib edilmişdir.Eyni zamanda zəruri tədbirlərin görülməsi məqsədilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə və aidiyyəti üzrə Nəsimi Rayon İcra Hakimiyyətinə məktublar ünvanlanmışdır. Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi X14 Xidməti 2-ci ərazi X14 İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən araşdırma zamanı, müraciətdə qeyd olunan Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi 150 ünvanında yerləşən 3 mərtəbəli yaşayış binasında vətəndaş X1 məxsus zirzəmi sahəsinin çıxış hissəsinindən (pilləkən nəzərdə tutulan hissədən) binanın həyətyanı sahəsinə (həyətinə) nəzərdə tutulan giriş çıxış yolu, 1-cı mərtəbədə yerləşən mənzilin sahibi vətəndaş Cavabdeh tərəfindən bağlanaraq üzərində mənzilinə təqribən, 1.5 m2 həcmində əlavə tikiıi artıraraq sözügedən giriş-çıxış sahəsinin (təxliyə çıxışının) bağlandığı müəyyən olunmuşdur. Belə ki, əməkdaşlar tərəfindən müəyyən olunmuşdur,

1. X15 Hossein məxsus zirzəmi sahəsinin yaşayış binasının arxa hissəsindən, nəzərdə tutulan, əlavə giriş çıxış yolunun, təxliyə çıxışı olması ilə bağlı Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 48 saylı MKİS tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 25 saylı məktubda öz təsdiqini tapmışdır. 2.Lakin həmin giriş çıxış yolunun üzərində 1-ci mərtəbədə yerləşən mənzilin sahibi vətəndaş Cavabdeh tərəfindən bağlanaraq üzərində mənzilinə əlavə otaq kimi artırılmasına hüquqi əsas verici Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təsdiq olunmuş reyestr nömrəsi **********72-05101-093006 olan mənzilin Texniki Pasportunda öz təsdiqini tapdığı müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X12, İnkişafı və Bərpası Dövlət Xidmətinin X6 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubuna əsasən "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 5ci maddəsinin ikinci hissəsinə əsasən abidənin üzərində aparılacaq işlərin layihələri Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla Mədəniyyət Nazirliyi (Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırmaqla) tərəfindən təsdiq edilir. Müvafiq qurumların rəyi nəzərə alınmaqla abidənin memarlıq və yükdaşıyan elementlərinə xələl gətirməmək şərti ilə və mütəxəssislərin nəzarəti altında layihəyə əsasən təmir işlərinin aparılmasına Dövlət Xidməti etiraz etmir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 5-cı maddəsinə əsasən təqdim edilmiş cizgilər Komitə tərəfindən razılaşdırılır. Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun xx.xx.2024-cü il tarixli rəyinə əsasən ünvan 4 ünvanında yerləşən yerli əhəmiyyətli tariximemarlıq abidəsinin qeyri-yaşayış sahəsində (zirzəm) carı təmir işlərinin aparılması ilə bağlı təqdim olunmuş eskiz layihəsi AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun “Memarlıq abidələrinin qorunması və bərpası problemləri" şöbəsində müzakirə olunmuş və aşağıdakı tövsiyələr nəzərə alınmaqla, müsbət rəy verilməsi məqsədəuyğun hesab edilmişdir: 1.Divariçi havalandırma bacalarının aşağıdan daşla hörülüb bağlanması qəbul edilməzdir, zirzəmidə havalandırma mütləqdir. 2.Divarların aşağı hissəsindəki nəmlənmələrin səbəbləri müəyyənləşdirilməli və səbəblər aradan qaldırılmalıdır. Belə hallar bünövrədə yeraltı və yağıntı sularının yığılmasından yarana bilər. Drenaj usulunun tətbiq olunması məqsədə uyğun hesab edilir. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X12, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli rəyinə əsasən divariçi 3 ədəd havalandırma bacalarının olduğu görünür. Divar hörgü tikişləri köhnə suvaq qalından təmizlənib, yeni sement-qum məhlulu ilə suvaqlanmalıdır. Kərpic arakəsmələr sökülüb yeni materialla təzədən tikilməlidir. Ayaqaltılar qurulub üzlük taxta tavan sökülməli, örtük taxtalarında antiseplik tədbirlər görüləndən sonra tavan alçıpanla üzlənməlidir. Divariçi havalandırma bacaları təmizlənməlidir yaxud da aşağıdan daşla hörülüb bağlanmalıdır. Pilləkən marş və meydançaları mərmər daşlarla üzlənməlidir. Həyətə çıxış qapısının hörülmüş daş hörgüsü açılmalı və dəmir qapı qoyulmalıdır. Qapı üstü havalanma yerləri qoyulmalıdır. Pəncərə çərçivələri plastik materialından qoyulmalıdır. Döşəmədə su izolyasiya tədbirləri yerinə yetirilməli və keramik plitələr düzülməlidir. İşlər apanlarkən Tikinti Təhlükəsizlik Qaydalarına ciddi əməl olunmalıdır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5203/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, mülki iş rəy alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmiş və mülki işin icraatı dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/10175 saylı ekspert rəyi məhkəməyə təqdim olunmuşdur. Rəyin birinci sualına əsasən: - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin xx.xx.2024-cü il tarixli və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X14 Xidmətinin 2-ci ərazi X16 İdarəsinin 06.09.202-cü il tarixli məktublarına əsasən ünvan 5 ünvanında yerləşən 3 mərtəbəli yaşayış binasında X10 məxsus zirzəmi sahəsinin çıxış hissəsindən (pilləkən nəzərdə tutulan hissədən) binanın həyətyanı sahəsinə nəzərdə tutulan giriş-çıxış yolu, 1-ci mərtəbədə yerləşən mənzilin sahibi Cavabdeh tərəfindən bağlanaraq üzərində mənzilinə təqribən 1.5 kv.metr sahəsi olan əlavə tikili artırılaraq sözügedən giriş-çıxış sahəsinin (təxliyə çıxışının) bağlandığı, həmin sahənin də Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təsdiq edilmiş, reyestr nömrəsi **********72-05101-093006 olan mənzilin texniki pasportunda öz əksini tapdığı müəyyən edilmişdir. - Mülki iş materiallarında Cavabdeh məxsus, tədqiq olunan tikilinin inşa edilməsi üçün aparılmış yenidənqurma işlərinə dair müvafiq təşkilatlardan icazə sənədləri və texniki şərtlərə dair zəruri sənədlər olmadığından, həmin tikilinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4.1. və 4.2. bəndlərinin tələblərinə uyğun inşa edilmədiyi müəyyən edilmişdir.

Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. 171.2-ci maddəsinə əsasən təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsindəki 150 nömrəli evin, zirzəmi mərtəbəsindəki 3 nömrəli qeyri-yaşayış sahəsi iddiaçı X13 Hosseinin mülkiyyətində olmaqla, onun üzərində Cavabdeh mülkiyyətində olan 1A nömrəli mənzil yerləşir. Sözügedən binanın tikilməsi 1898-1899-cu illərə aid olmaqla Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X12, İnkişafı və Bərpası Dövlət Xidmətinin nəzarətində olan və dövlət tərəfindən qorunan tariximümarlıq abidəsidir. İddiaçı Shafıeı Matanagh X11 Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin və X14 Xidmətinin məktublarına, habelə Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun və Mədəniyyət Nazirliyi yanında X12, İnkişafı və Bərpası Dövlət Xidmətinin rəylərinə istinad etməklə mülkiyyətində olan qeyri-yaşayış sahəsinin fövqaladə hallar üçün nəzərdə tutulmuş təxliyə çıxışının, havalandırma bacasının açılmalı və kanalizasiya xəttinin ləğv edilməli olmasını iddia edir. Cavabdeh isə iddianı qismən - kanalizasiya xəttinin ləğv edilməsi hissəsində qəbul edərək, digər hissələrdə rədd edilməsini xahiş edir və etirazının əsası ondan ibarətdir ki, iddiaçının qeyri-yaşayış sahəsinin təxliyyə çıxışının üzərində tikildiyi iddia edilən 1.7 kv.m sahəsi olan artırma texniki pasportunda əks olunmaqla, sahəsi çıxarışa daxil edilmişdir, havalandırma bacası isə onun tərəfindən bağlanmamış, mənzil həmin vəziyyətdə tərəfindən alınmışdır. Məhkəmə ilk növbədə iddianın “kanalizasiya xəttinin ləğv edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, cavabdeh həmin hissədə iddianı qəbul etmiş, kanalizasiya xəttinin ləğv edilməsinə heç bir etirazının olmadığını bildirmiş, lakin razılığını ləğvetmənin onun deyil, iddiaçının vəsaiti hesabına həyata keçirilməli olması ilə şərtləndirmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında bu şərtlə razı olduğunu bildirmiş və kanalizasiya xəttinin onun öz vəsaiti hesabına ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Odur ki, məhkəmə həmin hissədə tərəflər arasında ümumi razılığın olmasını nəzərə almaqla, mübahisəli kanalizasiya xəttinin iddiaçının hesabına ləğv edilməsi barədə qətnamə çıxarılmasını məqsədəümavfiq hesab edir. İddia tələbinin “qeyri-yaşayış sahəsinin fövqaladə hallar üçün nəzərdə tutulmuş təxliyə çıxışının açılması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Cavabdeh adına xx.xx.2018-ci ildə verilmiş Texniki pasportdan görünür ki, iddiada bəhs olunan əlavə tikiliyə cavabdehin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bu hal həmçinin işdə olan digər sənədlərlə də öz təsdiqini tapır. Belə ki, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi X14 Xidməti 2-ci ərazi X14 İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, həmin giriş çıxış yolunun üzərində 1-ci mərtəbədə yerləşən mənzilin sahibi vətəndaş Cavabdeh tərəfindən bağlanaraq üzərində mənzilinə əlavə otaq kimi artırılmasına hüquqi əsas verici Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təsdiq olunmuş reyestr nömrəsi **********72-05101-093006 olan mənzilin Texniki Pasportunda öz təsdiqini tapdığı müəyyən olunmuşdur. Bundan başqa Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/10175 saylı ekspert rəyindən görünür ki, ... təqribən 1.5 kv.metr sahəsi olan əlavə tikili artırılaraq sözügedən giriş-çıxış sahəsinin (təxliyə çıxışının) bağlandığı, həmin sahənin də Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təsdiq edilmiş, reyestr nömrəsi **********72-05101-093006 olan mənzilin texniki pasportunda öz əksini tapdığı müəyyən edilmişdir. Qeyd edilməlidir ki, açılması tələb edilən təxliyə çıxışı (binanın həyətyanı sahəsinə nəzərdə tutulan giriş-çıxış yolu) da məhz həmin tikilinin altında yerləşir. Cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasının və texniki pasportun verilməsinin hazırkı iddianın qaldırılmasından uzun müddət əvvələ təsadüf etdiyi və qeydiyyat orqanı tərəfindən keçirilən daşınmaz əmlakın texniki inventarlaşdırılması zamanı həmin tikilinin nəzərə alındığı məlum olur. Ona görə də, məhkəmə bu qənaətə gəlir ki, cavabdehin adına qeydiyyatın aparıldığı daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilmədiyi halda, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir, bu səbəbdən artırılmış tikilinin sökülməsi ilə nəticələnə bilən təxliyə çıxışının açılması barədə iddiaçının tələbi təmin oluna bilməz. İddiaçı sözügedən tikilinin sökülməsinə nail olmaq üçün ilk növbədə reyestrin məzmununun qeyri-dəqiqliyini sübuta yetirməli, bunun üçün isə reyestrəki qeydiyyatın ləğvini tələb etməlidir. “Havalandırma bacasının açılması” hissəsinə gəldikdə məhkəmə qeyd edir ki, işdə olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin xx.xx.2024-cü il tarixli məktubunda Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi 150 ünvanında yerləşən zirzəmi mərtəbəli qeyri-yaşayış sahəsinin havalandırma bacasının və təxliyyə yolunun bağlanması qeyd edilmişdir. Eyni zamanda Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnistitunun xx.xx.2024-cü il tarixli rəyində divariçi havalandırma bacalarının aşağıdan daşla hörülüb bağlanmasının qəbuledilməz olduğu, zirzəmidə havalandırmanın mütləq olması qeyd edilmişdir. Bundan başqa məhkəmə tərəfindən mübahisəli yaşayış binasının yerində müayinəsi zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin 3 mərtəbəli yaşayış binasının zirzəmi mərtəbəsində, cavabdehə məxsus mənzilin isə birinci mərtəbədə yerləşdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X12, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti "xxxx" MMC-nin xx.xx.2024cü il tarixli rəyinə əlavə edilmiş eskiz layihədə göstərilənlərə uyğun olaraq iddiaçının qeyriyaşayış sahəsinin divariçi 3 ədəd havalandırma bacasının olduğu, onlardan birinin cavabdehin mənzilinin yaşayış otağındakı pəncərəsi istiqamətində qalxmaqla, pəncərənin aşağı hissəsində bağlandığı müşahidə edilmişdir. Baxış zamanı eyni zamanda 3 mərtəbəli binanın cavabdehin mənzili üzərində yerləşən digər mərtəbələrdəki mənzillərin (2 və 3-cü mərtəbələrin) pəncərələrinin başqa istiqamətə açılması, yalnız cavabdehin yaşayış otağının pəncərəsinin binanın yan hissəsindən açılması müəyyən edilmişdir, hansı ki həmin pəncərənin açıldığı hissədən iddiaçının qeyri-yaşayış sahəsinin havalandırma bacası keçməlidir. Ekspert rəyində də qeyd edilmişdir ki, hər hansı bir mövcud obyektin yenidən qurulması, bərpası, dəyişikliklərin aparılması zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarına riayət olunmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı halda aparılmış dəyişikliyə dair (pəncərəyə münasibətdə) müvafiq təşkilatlardan icazə sənədləri və digər zəruri sənədlər cavabdeh tərəfindən təqdim olunmamışdır. Belə olan halda həmin dəyişikliyin sözügedən Qaydalarının 4.1. və 4.2. bəndlərinin tələblərinə uyğun edildiyi müəyyən olunmur. O da qeyd olunmalıdır ki, məhkəmə iclasında mütəxəssis qismində dindirilmiş mütəxəssis X8 bildirmişdir ki, cavabdehin yaşayış otağının pəncərəsi açılan hissə vaxtilə havalandırma bacasının keçdiyi hissədir. Müvafiq pəncərə bağlanmaqla və ya razılaşdırılmış başqa qaydada bacanın açılması mümkündür. Eyni zamanda sözügedən pəncərə cavabdehin texniki pasportunda öz əksini tapmamışdır və layihə sənədlərinə əsasən həmin hissədən bacanın açılması mütləqdir. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, həmin hissədə iddia təmin edilməli, havalandırma bacasının açılması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi-150, zirzəmi, qapı-3 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin havalandırma bacasının açılması öhdəliyi cavabdah Cavabdeh üzərinə qoyulmalı və kanalizasiya xətti ləğv olunmalı, qalan hissədə iddia rədd edilməlidir.

Məhkəmə xərcləri: Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçının nümayəndəsi tərəfindən hazırkı iddianın qaldırılması üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Ekspertiza xərclərinə dair bildirişə əsasən aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Beləliklə, məhkəmə xərcləri ilə bağlı qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın 50 manatı iddiaçıdan, 50 manatı isə cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu (geri qaytarılması tələb edilmədiyindən) iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Shafiei Matanagh Neginin Cavabdeh qarşı təxliyə çıxışının, havalandırma bacasının açılması və kanalizasiya xəttinin ləğv edilməsi tələbinə dair iddiası qismən təmin edilsin. ünvan 6 ünvanda yerləşən qeyri-yaşayış sahəsindən keçən kanalizasiya xətti ləğv olunsun və qeyri-yaşayış sahəsinin havalandırma bacasının açılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat xərcin 50 manatı iddiaçı X7, 50 manatı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba (X2, Kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) ödənilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar