Məhkəmə qərarları › İş №2(006)-745/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-745/2021

10.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-745/2021 10.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı «cavabdehin hərəkətlərinin qanunsuz hesab edilərək, sorğuya cavab verilməsi öhdəliyi qoyularaq, qiymətləndirməyə dair hesabatın etibarsız hesab edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh "xxxx" MMC-yə qarşı «cavabdehin hərəkətlərinin qanunsuz hesab edilərək, sorğuya cavab verilməsi öhdəliyi qoyularaq, qiymətləndirməyə dair hesabatın ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-nin hərəkətlərini qanunsuz hesab edərək, sorğuya cavab verilməsi vəzifəsini üzərinə qoyaraq, onun tərəfindən ünvan 1 ünvanda ümumi sahəsi 9,0 m2 olan təcrid olunmuş qeyri-yaşayış sahəsinin real bazar dəyərinin müəyyən edilməsinə dair biləbilə yalan hesabat tərtib etdiyi üçün ləğv edilməsi barədə qətnamə çıxarılmasını, həmin məsələnin araşdırılması məqsədi ilə xüsusi qərardad çıxararaq prokurora məlumat verilməsini xahiş etmişdir. Sonradan, İddiaçı MMC Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-nin hərəkətlərini qanunsuz hesab edərək, sorğuya cavab verilməsi vəzifəsini üzərinə qoyaraq, onun tərəfindən ünvan 1 ünvanda ümumi sahəsi 9,0 m2 olan təcrid olunmuş qeyri-yaşayış sahəsinin real bazar dəyərinin müəyyən edilməsinə dair bilə-bilə yalan hesabat tərtib etdiyi üçün etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını, həmin məsələnin araşdırılması məqsədi ilə xüsusi qərardad çıxararaq prokurora məlumat verilməsini xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 24 iyul 2019-cu il tarixli 2(006)-736/2019 saylı qətnaməsi ilə (hakim P.Hüseynov) iddiaçı X3 cavabdeh İddiaçı MMC-yə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi qismən təmin edilmişdir. Həmin məhkəmənin 31.01.2019-cu il tarixli 2(006)-736/2019 saylı qərardadı ilə ünvan 1 ünvanda ümumi sahəsi 9,0 m2 olan təcrid olunmuş qeyri-yaşayış sahəsinin real bazar dəyərinin nə qədər təşkil etməsinə dair məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. İdarə 15.03.2019-cu il tarixli məktubla xidmət haqqı ödənilmədiyi üçün iş materiallarını geri qaytarmışdır. Bundan sonra, məhkəmə 31.05.2019-cu il tarixli qərardadla əvvəlki qərardadını yenidən icraya yönəltmiş, qərardadda bilə-bilə yalan rəy verməyə görə cinayət məsuliyyəti daşıması haqqında eksperti xəbərdar edərək, ekspertizanın keçirilməsini "xxxx" MMC-yə həvalə etmişdir. Qiymətləndirici isə iddiaçıdan lazımi xidmət haqqını əvvəlcədən aldığı üçün əmlakın 1 m2-nin dəyərinin 10.000 manat olduğuna dair bilə-bilə yalan rəy vermişdir. İddiaçı MMC-nin vəkili tərəfindən cavabdeh "xxxx" MMC-yə 06 avqust 2020-ci il tarixdə sorğu verilərək göstərilmişdir ki, qiymətləndirici ekspert X5 həmin qeyri-yaşayış sahəsinin qiymətləndirilməsinə dair 01 iyul 2019-cu il tarixli hesabat tərtib edərək orada qeyd etmişdir ki, qiymətləndiricinin haqqının ödənilməsi əmlakın dəyərindən asılı deyil. Sorğuda xahiş edilmişdir ki, qiymətləndiricinin haqqının nə vaxt, kim tərəfindən və nə qədər ödənilməsinə dair müvafiq sənədlərin təsdiq olunmuş surətini əlavə etməklə ətraflı arayış verilsin. Cavabdeh sorğuya cavab verməmiş, lakin şifahi olaraq bildirmişdir ki, ekspertiza xərcini almamışdır və sorğuya cavab verməyəcəkdir. Halbuki, ekspertiza xərci ödənildiyi üçün məhkəmə qətnamədə həmin xərcin ödənilməsini göstərməmişdir. «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununda göstərilir ki, təşkilati formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlar vəkillərə öz peşə borclarını yerinə yetirərkən yardım etməyə borcludurlar (maddə 7, bənd 1). Azərbayan Respublikası MPM-də göstərilir ki, şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir (maddə 117.1). Şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir (maddə 118.1). Qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi göstərilməlidir (maddə 220.5). Beləliklə, cavabdehin hərəkətləri şübhə doğurduğundan Azərbaycan Respublikası Prezidentinin Fərmanını əsas tutaraq həmin əmlakın qiymətləndirilməsinə dair ayrı-ayrı qiymətləndirilmə müəssisələrində müstəqil ekspertiza keçirilməsi xahiş edilmiş və müəyyən olunmuşdur ki, cavabdeh əmlakın qiymətini şişirdərək bilə-bilə yalan rəy vermişdir. Belə ki, «Əmlak Bazarı İştirakçıları» İctimai Birliyi tərəfindən tərtib edilmiş 24.08.2020-ci il tarixli mütəxəssis rəyinə görə həmin əmlakın 1 m2-nin bazar dəyəri 45.000 manat təşkil edir, digər "xxxx" MMC-nin qiymətləndiricisinin rəyinə görə əmlakın 1 m2-nin bazar dəyəri 45.000 manat təşkil edir. Sonda Azərbaycan Respublikası ƏMDK-ya, eyni zamanda Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-yə müraciət edilərək, göstərilən qeyri-yaşayış sahəsinin real bazar dəyərinin nə qədər təşkil edilməsinə dair tikinti-texniki ekspertizası keçirilməsinə dair rəy verilməsi xahiş olunmuş və həmin rəylərin də tərtib edilməsi nəzərdə tutulur. Hesab edirlər ki, cavabdeh MMC-nin tərtib etdiyi rəy yalan olduğuna görə əsassız sayılmalı və əmlakın qiymətini olduqca şişirdiyi üçün ləğv edilməli, eyni zamanda ekspert bilə-bilə yalan rəy verdiyinə görə xüsusi qərardad çıxarılaraq həmin məsələnin araşdırılması məqsədi ilə prokurora məlumat verilməlidir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh "xxxx" MMC məhkəməyə iddia ərizəsinə etiraz və iddia ərizəsində qeyd olunanlarla bağlı mülahizəni yazılı şəkildə məhkəməyə göndərərək göstərmişdir ki, onlara qarşı sürülən və işgüzar nüfuzlarına xələl gətirən bu iddia tələbini tam əsassız hesab edirlər və iddia tələbində göstərilən faktların məhkəmədə təkrar araşdırılmalı olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş edirlər. Belə ki, MPMnin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. İddiaçı MMCdən və ya onun «vəkilindən» ünvanlarına rəsmi qaydada heç bir sorğu məktubu daxil olmadığından, habelə əməkdaşları adı çəkilən sorğunu rəsmi qaydada qəbul etmədiyindən, iddiaçıya qarşı hər hansı qanunsuz hərəkət etmədikləri bəlli olur və iddia tələbinin tam əsassız olduğu sübut olunur. İddiaçı MMC-nin və onun «vəkilinin» qiymətləndirici ekspertlərinin məhkəmə qərardadı əsasında tərtib edilmiş hesabatını (rəyini) hər üç məhkəmə instansiyasında təsdiq edildikdən sonra yenidən məhkəmə qaydasında mübahisələndirməsi tam əsassız və qanunsuzdur. İddiaçı tərəf elə bu səbəbdən, hazırkı mülki iş üzrə iddia ərizəsinə məhkəmə aktlarını əlavə etməmişdir. Məhkəmənin nəzərinə çatdırırlar ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin (hakim P.Hüseynov) 31.05.2019-cu il tarixli 2(006)-736/2019 saylı qərardadı icra edilməklə, vətəndaş (iddiaçı) X6 məxsus olan və onun razılığı olmadan sökülmüş 9,0 m2 qeyriyaşayış sahəsinin bazar dəyərinin müəyyən edilməsinə dair qiymətləndirici eksperti tərəfindən tərtib edilmiş obyektiv hesabat, 05.07.2019-cu il tarixdə məhkəməyə təqdim edilmişdir. Nəticə etibarı ilə həmin mülki iş üzrə cavabdeh İddiaçı MMC-dən iddiaçı G.A.Səfərovanın xeyrinə (9,0 m2 x 10.000 manat = 90.000 manat) vurulmuş maddi zərərin ödənilməsinə dair qətnamə çıxarılmışdır. Bundan sonra, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (sədrlik edən hakim Z.Əliyev) 12.02.2020-ci il tarixli 2(102)-1792/2020 saylı qətnaməsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin adı çəkilən qətnaməsi qismən ləğv edilmiş və həmin hissədə iddia qismən təmin edilmişdir. Hazırda apardıqları araşdırma nəticəsində məlum olmuşdur ki, apellyasiya məhkəməsində cavabdeh İddiaçı MMC-dən iddiaçı X4 xeyrinə əlavə 30.000 manat faiz tutulmaqla, ümumilikdə 121.000 manat pulun tutulması qət edilmişdir. Daha sonra, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04.08.2020-ci il tarixli 2(102)-3538/2020 saylı qərarı ilə (sədrlik edən hakim İ.Xəlilov), İddiaçı MMC-nin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının adı çəkilən qətnaməsi dəyişiklik edilmədən saxlanılmaqla iş üzrə yekun məhkəmə aktı çıxarılmışdır. Diqqət çəkən məqam ondan ibarətdir ki, hazırkı iş üzrə İddiaçı MMC birinci və apellyasiya instansiyası məhkəmələrində təmsil olunan nümayəndələri «vəkili» vasitəsi ilə "xxxx" MMC-nin qiymətləndirmə rəyini (hesabatını) o zaman mübahisələndirməmiş və təkrar qiymətləndirmə aparılması barədə hər iki məhkəmə instansiyasında vəsatətlə çıxış etməmişlər. Bu hal isə onu deməyə əsas verir ki, 2(006)-736/2019 saylı mülki iş üzrə yekun məhkəmə aktı çıxarıldıqdan və cavabdeh İddiaçı MMC-dən iddiaçı G.A.Səfərovanın xeyrinə 121.000 manat pul məbləği tutulması barədə qətnamə icraya yönəldildikdən sonra, borclu İddiaçı MMC icra prosesini qərəzli şəkildə ləngitmək və məhkəmələrdə növbəti süründürməçiliyə şərait yaratmaq məqsədi ilə onlara (əslində iş üzrə qərəzsiz tərəfə) qarşı hazırkı əsassız iddia tələbini irəli sürmüşdür. Bu qənaətə gəlmək üçün İddiaçı MMC-nin iddia ərizəsi ilə diqqətlə tanış olmaq kifayət edir. Belə ki, iddiaçı "xxxx" MMC-nin ekspert rəyini şübhə altına alaraq ünvan 1 ünvanda 1 m2 qeyri-yaşayış sahəsinin bazar dəyərinin 10.000 manat olduğunu mübahisələndirdikləri təqdirdə, hazırda öz sifarişləri ilə müstəqil qaydada tərtib olunan və hazırda sübut kimi təqdim etdikləri digər «Əmlak Bazarı İştirakçıları» və "xxxx" MMC-nin rəylərinə əsasən eyni ünvanda 1 m2 sahənin bazar dəyərinin üç dəfə baha olan 45.000 manat olduğunu qeyd edirlər. Məlum olduğu kimi "xxxx" MMC-nin qiymətləndirici ekspertinin rəyi məhkəmə sifarişi ilə tam qərəzsiz və obyektiv şəkildə hesablanmışdır. "xxxx" MMC-yə qiymətləndirmə xidməti haqqı ödənilmədiyindən, xidmət haqqının məhkəmə qaydasında tərəflərdən tutulması məqsədi ilə mülki iş üzrə yeni qətnamə çıxaran Bakı Apellyasiya Məhkəməsinə müvafiq məktub və hesab-faktura ünvanlanmışdır. Cavabdeh "xxxx" MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki: - X8 ünvan 1 ünvanda inşa edilmiş binanın birinci mərtəbəsinin giriş tərəfindən 2,25m x 4,0m ölçüdə, ümumi sahəsi 9,0 m2 olan təcrid olunmuş qeyri-yaşayış sahəsinin 1 ayı 2000 manat, 7 il (7x12=84x2000=168.000) 84 aya 168.000 manat icarə haqqı, həmin qeyri-yaşayış sahəsinin hər bir kvadrat metri üçün 40.000 manat, cəmi 360.000 manat maddi ziyan olmaqla, cəmi 528.000 manatın, qeyri-yaşayış sahəsinin dəyəri və icarə haqqı olan vəsaitini qanunsuz saxlamaqla illik 5 % hesablanmaqla (26.400 manat x 7 il=184.800 manat) 184.800 manatın, qeyri-yaşayış sahəsinin bu günə qədər iddiaçıya verilməməsi nəticəsində vurulmuş 50.000 manat mənəvi zərərin İddiaçı MMC-dən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 iyul 2019-cu il tarixli 2(006)-736/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, vurulmuş maddi ziyana görə 90.000 manatın cavabdeh İddiaçı MMC-dən alınaraq iddiaçı X7 verilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 fevral 2020-ci il tarixli 2(103)- 1792/2020 saylı qətnaməsi ilə iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 iyul 2019-cu il tarixli 2(006)-736/2019 saylı qətnaməsi «qeyri-yaşayış sahəsinin dəyərinin və icarə haqqı olan vəsaitin qanunsuz saxlanılmasına görə illik 5 faiz hesablanmaqla 184.800 manatın tutulmasının rədd edilməsi» hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul olunmaqla iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı MMC-dən 31.987 manat məbləğində faizin tutularaq iddiaçı X7 ödənilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 04 avqust 2020-ci il tarixli 2(102)-3538/2020 saylı qərarı ilə cavabdeh İddiaçı MMC-nin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 12 fevral 2020ci il tarixli 2(103)-1792/2020 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qeyd olunan qətnamələrdə istinad edilən - cavabdeh "xxxx" MMC tərəfindən verilmiş 05 iyul 2019-cu il tarixli qeyri-yaşayış sahəsinin qiymətləndirilməsi barədə hesabatından görünür ki, Bakı şəhəri Nəsimi rayonu Bül-Bül prospekti 40 ünvanda inşa edilmiş binanın birinci mərtəbəsinin giriş tərəfindən 2,25 metr x 4,0 metr ölçüdə ümumi sahəsi 9,0 m2 olan təcrid olunmuş qeyri-yaşayış sahəsinin real bazar qiyməti 1 m2 = 10.000 manat x 9,0 m2 = 90.000 manat təşkil edir. İddiaçı qeyd olunan qiymətləndirmə hesabatını mübahisələndirməklə, həmin hesabatın qeyri-obyektiv tərtib edildiyini iddia edir. Məhkəmə işə obyektiv, hərtərəfli, tam şəkildə baxılması üçün iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli 2(006)-745/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılması "xxxx" MMC-yə həvalə edilmişdir. Ekspert qarşısında cavablandırılması zəruri olan 1 sual qoyulmuşdur. İş materiallarına əlavə olunmuş "xxxx" MMC-nin 30 sentyabr 2021-ci il tarixli 21/7 saylı daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatdan görünür ki, ünvan 4 ünvanda yerləşən, ümumi sahəsi 9,0 m2 olan qeyri-yaşayış sahəsinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan bazar və likvid qiyməti müvafiq olaraq 90.000 manat və 76.500 manat təşkil edir. Qiymətləndirmə xərci 300 manat təşkil edir. Göründüyü kimi, cavabdeh "xxxx" MMC-nin qiymətləndiricisi (mütəxəssisi) tərəfindən ünvan 4 ünvanda yerləşən, ümumi sahəsi 9,0 m2 olan qeyri-yaşayış sahəsinin qiyməti müəyyən edilərkən obyektiv, real, qərəzsiz qiymətləndirmə aparılmışdır. "xxxx" MMC-nin 05 iyul 2019-cu il tarixli qeyri-yaşayış sahəsinin qiymətləndirilməsi barədə hesabatının etibarsız hesab edilməsi üçün heç bir qanuni əsas mövcud deyil. Cavabdehin hərəkətlərində qanuna zidd, xüsusi qərardad çıxarılması üçün əsas verən heç bir məqam yoxdur. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı tərəfindən cavabdehə rəsmi şəkildə sorğu ünvanlanmamış, cavabdehə sorğu təqdim olunmasına dair sübutlar (xəbərnaməli məktub və s.) məhkəməyə təqdim olunmamışdır. Bu səbəbdən, iddia əsassızdır və rədd edilməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı «cavabdehin hərəkətlərinin qanunsuz hesab edilərək, sorğuya cavab verilməsi öhdəliyi qoyularaq, qiymətləndirməyə dair hesabatın etibarsız hesab edilməsi» tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Ödənilmiş 20 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. 300 manat qiymətləndirmə xərci İddiaçı MMC-dən tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı «cavabdehin hərəkətlərinin qanunsuz hesab edilərək, sorğuya cavab verilməsi öhdəliyi qoyularaq, qiymətləndirməyə dair hesabatın etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş 20 manat dövlət rüsumu iddiaçıya aid edilsin. 300 manat qiymətləndirmə xərci İddiaçı MMC-dən tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar