Məhkəmə qərarları › İş №2(006)-755/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-755/2023

16.02.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-755/2023 16.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh X5 qarşı «əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X5 qarşı «əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 (VÖEN: **********) onun barəsində verilmiş xx.xx.2022-ci il tarixli əmrinin ləğv edilməsi, onun əvvəlki vəzifəsinə işə bərpa edilməsi, əvvəlki vəzifəsinə işə bərpa edilənədək məcburi işburaxmanın bütün müddətinə görə əmək haqqının ödənilməsi, 5.000 manat maddi ziyan və 5.000 manat mənəvi ziyan olmaqla, cəmi 10.000 manat ziyanın əvəzi olaraq cavabdeh X2 tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, X3 şikayət ərizəsi ilə müraciət edərək bildirmişdir ki, 05 07.2022-ci il tarixdə fiziki şəxs X4 (VÖEN: **********) işçisi olaraq, «Barista» vəzifəsi üzrə əmək müqaviləsi bağlanılmışdır. Əmək müqaviləsi bağlansa da, ona müqavilənin nüsxəsi təqdim olunmamışdır. xx.xx.2022-ci il tarixdə «işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobudcasına pozduqda» səbəbilə əmək müqaviləsinə xitam verilmişdir. İddia etmişdir ki, xitam səbəbi doğru deyil, öz təşəbbüsü ilə işdən cıxarılmalı idi. Cavabdeh X4 (VÖEN: **********) xx.xx.2022-ci il tarixli əmri ilə onun barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən (işci özünün əmək funksiyası və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) əmək müqaviləsinə xitam verilmişdir. Hesab edir ki, cavabdeh X4 (VÖEN: **********) onun barəsində verilmiş xx.xx.2022-ci il tarixli əmri qanunsuz və əsassız olduğu ücün ləğv edilməlidir, o, əvvəlki vəzifəsinə bərpa edilməlidir, əvvəlki vəzifəsinə bərpa edilənədək məcburi iş buraxdığı bütün müddətə görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Belə ki, o, həmişə işdə nizam-intizam qaydalarına əməl etmiş və işdən azad edilməsinə heç bir qanuni əsas olmamışdır. Əmrdə yazılanların heç birinin təsdiqi və sübutu yoxdur. Orada yazılanların həqiqətə uyğun olmamasını təsdiq edən kifayət qədər sübutlar vardır. Göründüyü kimi, o, həmişə işə vicdanla yanaşmış, öz üzərinə düşən əmək funksiyalarını layiqincə yerinə yetirmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona maddi ziyandan başqa mənəvi zərər də dəymişdir, baş ağrısı, həyacan hissləri, mənəvi sarsıntılar keçirtmişdir. Hesab edir ki, 5.000 manat maddi ziyan və 5.000 manat mənəvi ziyan olmaqla, cəmi 10.000 manat ziyanın əvəzi olmaqla cavabdehdən alınaraq onun xeyrinə tutulmalıdır. xx.xx.2022-ci il tarixli əmrin surəti cavabdehdə olduğu üçün məhkəmədən xahiş edir ki, həmin əmrin əsli və ya təsdiq edilmiş surəti cavabdehdən alınıb iş materiallarına əlavə edilsin. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddiaçının izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddianı qəbul etmədi, iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək izahatında bildirdi ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilərkən qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin tələblərinə görə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İddia ərizəsində də qeyd edildiyi kimi, iddiaçı xx.xx.2022-ci il tarixdə işdən azad edilmişdir. İddiaçı isə cavabdehə xx.xx.2022-ci il tarixdə mediasiya təklifi göndərmişdir. Artıq mediasiya təklifi göndərən zaman iddiaçı tərəfindən iddia müddəti 3 ay ötürülmüşdür. Eyni zamanda, iddia ərizəsinə əlavə etdiyi müddətin bərpa edilməsi barədə ərizəsində iddiaçı qeyd etmişdir ki, o, Əmək Müfəttişliyinə və mediasiyaya müraciət etdiyi üçün müddəti ötürmüşdür. Halbuki, «Azərbaycan Respublikası Əmək Məcəllləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsinin 30 iyul 2021-ci il urixli Plenum qərarında qeyd edilmişdir ki, X6 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, həmçinin yuxarıda qeyd olunan Əsasnaməyə görə təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz. Plenum qərarında da qeyd edildiyi kimi, X6 Xidməti fərdi əmək mübahisələrinə baxan orqan deyil, buna görə də həmin quruma müraciət etmək qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətinin axımını dayandırmır. Ona görə də, hesab edirlər ki, hazırkı mülki iş üzrə iddia müddətinin tətbiq edilməsi zəruridir. Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Yuxarıda qeyd edilənlərdən tam aydın olur ki, iddiaçı tərəfindən əmək mübahisəsi üzrə məhkəməyə müraciət edilərkən qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti heç bir üzrlü səbəb olmadan ötürülmüşdür. Bundan başqa, iddiaçı həm iddia müddətini ötürmüş, həm də cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən Əmək qanunvericiliyinin tələbləri və iddiaçının hüquqları pozulmamışdır. Belə ki, Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti 19 ünvanda yerləşən «Space Coffe» restoranının sahibi X7 – xx.xx.2022-ci il tarixdə, İddiaçı (AA AA******* - ASAN 5) ilə barista vəzifəsinin icrası üçün əmək müqaviləsi (xxxxxxx001000) bağlamışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə öz təşəbbüsü ilə - yuxarıda qeyd olunan vəzifədə işləmək üçün müraciət etmiş və xx.xx.2022-ci il tarixindən əmək müqaviləsi bağlanan tarixədək (xx.xx.2022) 5 gün müddətində özünə məxsus olan yay menyusunun yığılmasını təklif etmiş və bu xidmətə görə 200 (iki yüz) AZN istəmişdir. Xidmət təhvil verildikdən sonra cavabdeh tərəfindən bəyənilmiş və əmək müqaviləsi bağlayaraq iş öhdəlikləri izah olunaraq işə qəbul olmuşdur. İddiaçı ödəniş alaraq hazırladığı yay menyusu daha sonra məlum olmuşdur ki, başqa restoranın ideyasıdır və dərhal yay menyusuna olunmuş əlavələr ləğv edilmişdir. İlk baxışdan işə qarşı olan həvəsi və təcrübəsi yüksək görünsədə, işə başlamalı olduğu xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə işə gəlməmişdir və əlaqə saxlasa da telefon zəngləri cavabsız qalmışdır. xx.xx.2022-ci il tarixdə işə gələrkən tərəfindən iş davamiyyəti ilə bağlı şifahi xəbərdarlıq edilib. Yeni işə bu cür məsuliyyətsiz yanaşması və 2 iş günü işdə olmaması ilə bağlı izahatın yazılmasını və yeni bağlanmış olan əmək müqaviləsinə imza atmaq tələbini etsə də, aqressiv reaksiya göstərərək izahat yazmaqdan və imza atmaqdan imtina etmişdir və bir daha bu kimi halların baş verməməsinə söz vermişdir. Öz növbəsində digər işçilərin iştiraki ilə yaranmış vəziyyətlə əlaqədar olaraq akt tərib olunmuşdur. X7 tərəfindən İddiaçı ilə bağlanmış əmək müqaviləsinin surəti mesajlaşma mübadilə sistemi olan Whatsapp-la xanımın şəxsi istifadə etdiyi (+994 77 303 78 47) telefon nömrəsinə xx.xx.2022-ci iİ tarixdə göndərilmişdir. Digər işçilərə nəzarət olunduğu kimi, iddiaçı da mütəmadi nəzarətdə olub və dəfələrlə neqativ hallarla rastlaşılıb. Neqativ hallar kimi qeyd edir ki, iş vaxtı 15 dəqiqə interval ilə iş yerini tərk edərək siqaret çəkməsi, iş vaxtı tik-tok sosial şəbəkəsində canlı paylaşım açaraq iş vaxtının çoxunu sosial şəbəkəyə sərf etməsi, müştərilər üçün nəzərdə tutulan bahalı süd və siropları özü içərək- müştəriləri satılan kofe və digər içkilərə süd əvəzi su qarışdıraraq təqdim etməsi, iş sahəsini və avadanlıqları natəmiz saxlanması, icazəsiz təsdiq olunmuş menyuya müdaxiləsi və s. halları misal çəkmək olar. Qeyd olunan neqativ hallarla bağlı 2-ci dəfə şifahi xəbərdarlıq olunmuşdur. İddiaçı qeyd olunan iradlara qulaq asdıqdan sonra özünü müdafiə etməyə başlamış və aqressiv reaksiya verərək elektron siqaret çəkməyə icazə istəmişdir. Bu xəbərdarlıqlardan sonra ardıcıl işə gecikmələr başlamışdır. Aşağıda qeyd olunan günlərdə iddiaçı işə geckmişdir: xx.xx.2022ci il tarixdə 3 saat gecikmə, xx.xx.2022-ci il tarixdə 52 dəqiqə gecikmə, xx.xx.2022-ci il tarixdə 25 dəqiqə gecikmə, xx.xx.2022-ci il tarixdə 5 dəqiqə gecikmə. Yuxarıda qeyd olunan neqativ hallar nəzərə alınaraq işçinin işdən azad edilməsi barədə qərar verilmişdir. Qeyd olunan hallarla bağlı izahat və işdən çıxma ərizəsi yazması xahiş olunsa da, iddiaçı bundan imtina etmişdir. Bundan sonra 35 nömrəli əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi rəhbər tutularaq xx.xx.2022-ci il tarixdə işdən azad edilmişdir. Yuxarıda qeyd olunan hallarla bağlı telefon yazışmaları, restoranın video müşahidə kamerasının çəkilişləri, aktlar və digər sübutlar var. İşçinin obyektə vurduğu maddi ziyan 185 manatdır. Məhkəmədən iddianın əsassız olduğundan, həmçinin iddia müddəti tətbiq edilməklə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının, iddiaçının nümayəndəsi və vəkilinin və cavabdehin nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, əsassız olduğundan, həmçinin iddia müddəti ötürüldüyündən iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlər toplusundan görünür ki, tərəflər arasında 05 iyul 2022-ci il tarixdə 08A saylı əmək müqaviləsi bağlanmış və iddiaçı cavabdeh X1 olduğu «Space Coffe» restoranında barista vəzifəsində işləməyə başlamışdır. Məhkəməyə təqdim olunmuş aktlardan və audiovizual materiallardan göründüyü kimi, iddiaçı son dövrlər üzərinə düşən vəzifələri tam və məsuliyyətli şəkildə icra etməmiş, işə gəlməmiş, bəzi günlərdə işə gecikmiş, iş vaxtının əhəmiyyətli bir qismini sosial şəbəkələrə sərf etmişdir. Yuxarıda qeyd olunan səbəblərlə əlaqədar olaraq cavabdeh tərəf iddiaçının nəzərinə yol verdiyi nöqsanları çatdıraraq, iddiaçıdan bu nöqsanların aradan qaldırılmasını tələb etmiş, şifahi qaydada xəbərdar etmişdir. Göründüyü kimi, iddiaçı qeyd olunan çatışmamazlıqları aradan qaldırmamışdır. Tərəflər arasında bağlanmış əmək müqaviləsinə 09 avqust 2022-ci il tarixli 35 saylı əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilmişdir. Bakı 6 saylı Mediasiya təşkilatı tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş MŞB/6- 7284 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh tərəfin nümayəndəsi xx.xx.2022-ci il tarixə saat 13.00-a təyin olunmuş ilkin mediasiya sessiyasına gəlməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Göründüyü kimi, iddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixdə xəbərdar edilmiş, cavabdeh tərəfə isə mediasiya prosesinin tətbiq olunması barədə təklif xx.xx.2022-ci il tarixdə göndərilmiş, iddiaçı iddia ərizəsi ilə məhkəməyə yalnız 09 dekabr 2022-ci il tarixdə müraciət etmişdir. Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddət üzrlü səbəb olmadan xeyli ötürülmüşdür. İddiaçı qeyd edilən müddətin xeyli ötürülməsini Əmək Müfəttişliyinə çoxsaylı müraciətlər etməsi ilə əlaqələndirir. Lakin, iddiaçının Əmək Müfəttişliyinə müraciət etməsi səbəbindən iddia müddətini ötürməsi üzürlü hal hesab olunmur. İddiaçı hər bir halda qanunla müəyyən edilmiş 1 ay iddia müddəti ərzində məhkəməyə iddia ərizəsi təqdim etməli idi. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Cavabdeh tərəf Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilməsi üçün kifayət qədər əsaslar mövcud olmuşdur. İşəgötürən Əmək qanunvericiliyinə riayət etməklə, əmək müqaviləsinə xitam vermiş və iddiaçını işdən azad etmişdir. İddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əsaslı olmuşdur. Cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, cavabdeh qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. Göründüyü kimi, iddia əsassızdır, həmçinin qanunla müəyyən edilmiş iddia müddəti üzürsüz səbəblərdən ötürülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh X5 qarşı «əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh X5 qarşı «əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının, maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar