Məhkəmə qərarları › İş №2(006)-768/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-768/2020

05.10.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-768/2020 05.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2, cavabdehlər Cavabdeh1, X3, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin X1 Fondunun nümayəndəsi X4 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, X7, Cavabdeh3 və Cavabdeh4 qarşı "daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılması və kirayə haqqının ödənilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X7, Cavabdeh3 və Cavabdeh4 qarşı "daşınmaz əmlakın əvəzləşdirilməsi, əmlakın sökülməsi, mənzildən çıxarılması və kirayə haqqının ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 86 nömrəli qərarına və Bakı şəhərinin baş planına əsasən paytaxtın daha da abadlaşdırılaraq gözəlləşdirilməsi məqsədilə Bakı şəhəri Nəsimi rayonunda ötən əsrin 20-50-ci illərində inşa edilmiş, istismar müddətini başa vurmuş, müasir yaşayış tələblərinə cavab verməyən, qəzalı, yararsız binaların sökülərək onların yerində çoxmənzilli, çoxmərtəbəli yaşayış binalarının tikilərək sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulmuşdur. Həmin Qərarın 1.1.-ci bəndində göstərilmişdir ki, mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Nəsimi rayonu üzrə XİX əsrin və ötən əsrin əvvəllərində tikilmiş, 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 266 yaşayış binasının, habelə rayonun ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanması Nəsimi rayon İcra Hakimiyyəti həyata keçirsin. Buna görə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən xx/xx-1753 saylı, xx.xx.2017-ci il tarixdə razılaşdırılmış tikinti planlaşdırma eskizi təsdiq edilmişdir. Bundan əlavə, Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 2017-ci il tarixli, 298 nömrəli, “Yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında” Sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm, Hənifə Ələsgərov, Xan Şuşinski və Qulu Quliyev küçələrinin kəsişməsindəki məhəllələrdə yerləşən ərazidəki mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələşdirilməsi üçün torpaq sahəsi icarə əsasında İddiaçı istifadəsinə verilmişdir. Qeyd olunan sərəncama əsasən həmin ünvanda yerləşən mövcud yaşayış və qeyri-yaşayış obyektlərinin sökülməsi və yerində çoxmərtəbəli yaşayış binalarının tikintisi üçün həmin ərazidə yaşayan sakinlərin qarşılıqlı razılaşması əsasında köçürülməsi İddiaçı MMC-yə həvalə edilmişdir. ünvan 1 ünvanında yerləşən çoxmənzilli yaşayış binası 1925-ci ildə inşa edilmiş, binanın eyvanlarında beton mühafizə qatı tökülmüş, armatur pillələri açıqda qalaraq korroziyaya uğramış, köhnə və istifadəyə yararsızdır, binanın istismar müddəti bitmiş, qəzalı vəziyyətdədir, binada yaşamaq həyat üçün təhlükəlidir və həmin binalarda istifadə olunan kommunikasiya xətləri də təmirə yararsızdır, hər an uça və bədbəxt hadisələr baş verə bilər. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azərdövləttikintilayihə” DLİ xx xxxx 2017-ci il tarixli, “ünvan 2 ünvanda yerləşən, istismar müddəti keçmiş yaşayış binasının texniki vəziyyəti haqqında” aktdan görünür ki, yaşayış binası ümumiyyətlə mövcud tikinti norma və qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti ilə cavabdeh İddiaçı MMC arasında müqavilə bağlanmışdır. Müqavilə öhdəliyinə əsasən şəhərsalma prinsiplərinə cavab verməyən yaşayış evlərindəki mənzillərdə yaşayan sakinlərin köçürülməsi, köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni tam təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq 350- 550 manat miqdarında kirayə haqlarının verilməsi İddiaçı MMC-ə həvalə edilmişdir. Sözügedən ərazidəki sakinlərin böyük əksəriyyəti aylıq kirayə haqqı verilməklə müvəqqəti yaşayış yerlərinə köçürülmüşlər. Binanın qəzalı vəziyyətdə olması səbəbindən həmin binada yaşayan əksər mənzilin sakinləri öz əşyalarını çıxarmış və mənzillərini boşaltmışlar. Lakin ünvan 3 ünvandakı ümumi sahəsi 46 kvadrat metr olan mənzilin mülkiyyətçisi və istifadəçisi cavabdehlər kirayə haqlarını İddiaçı MMC-dən almaqla müvəqqəti başqa yaşayış yerlərinə köçməmiş, yeni inşa ediləcək yaşayış binadan mövcud mənzil sahəsindən 20% artıq təmirli mənzilləri qəbul etməkdən imtina etmişlər. Bunun nəticəsində Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında bağlanmış müqavilənin 2.3. və 2.4.-cü bəndləri axırıncı təşkilatdan asılı olmayan səbəblərdən icra edilməmişdir. Bundan əlavə, “Bakı şəhərininin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosialiqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 86 saylı Qərarı ilə qərara alınmışdır ki, müvafiq icra hakimiyyətləri aidiyyəti üzrə 5 il müddətinə aşağıdakıları həyata keçirsinlər: 1.1. qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyriyaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi; 1.2. mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını; 1.3. qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasını təmin etməlidirlər. ünvan 1 ünvanında yerləşən yaşayış binasının əksər mənzil sahibləri, mülkiyyətçiləri ilə İddiaçı MMC arasında müqavilə bağlanaraq xüsusi mülkiyyətində olan mənzilin əvəzinə yeni inşa edilən yaşayış binasında mənzil verilməsi şərti ilə boşaldılaraq sökülməsi və müvafiq dövlət qeydiyyatının ləğv edilməsi barədə razılığa gəlinmiş və onlar ailə üzvləri ilə birlikdə mənzillərindən köçmüşlər. Hazırda sözügedən binada yalnız cavabdehlər yaşayırlar. Bu səbəbdən tikinti işləri dayanmış, vətəndaşlara müəyyən olunmuş tarixdə binanı təhvil vermək öhdəliyi İddiaçı MMC-nin vəzifəli şəxslərinin iradəsindən asılı olmayaraq pozulmaqdadır. Eyni zamanda, İddiaçı MMC köçürülmüş sakinlərə kirayə haqlarını ödəməyə başlamış, itirilmiş vaxta görə də binanın təhvil tarixi məcburi şəkildə uzanır. Bu da mənzillərindən köçən sakinlərin mənafeyinə ciddi xələl gətirir və hüquqları məhdudlaşır. ünvan 1, mənzil 16 ünvanındakı ümumi sahəsi 46,0 kvadrat metr olan mənzilin əvəzinə mülkiyyətçi Cavabdeh1 İddiaçı MMC həmin ünvanda inşa edəcək binada 24 ay müddətində 55,2 kvadrat metr sahəsi olan təmirli yeni mənzil verir, mənzilindən köçən cavabdehə digər yaşayış yeri ilə təmin etmək üçün iddiaçı hər ay 400 manat kirayə haqqı ödəyəcəkdir. Həmin mənzildə mülkiyyətçi ilə birlikdə cavabdehlər Cavabdeh2 qızı, Cavabdeh3 və Cavabdeh4 yaşayırlar. Cavabdehlər mülkiyyətində olan mənzillərdən müvəqqəti çıxarılmalı, yeni yaşayış binasının inşa edilməsi üçün cavabdehlərin mənzilləri sökülməlidir. Göstərilənlərə əsasən ünvan 1 ünvandakı daşınmaz əmlakın və qanunsuz əlavə tikililərin İddiaçı MMC tərəfindən sökülməsi, Cavabdeh1 mülkiyyətində olan ünvan 1, mənzil 16-nın əvəzinə ünvan 2 ünvanda yerləşən yaşayış evinin yerində inşa edilən çoxmərtəbəli yaşayış binasında 55,2 kvadrat metr ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh1 xüsusi mülkiyyətinə verilməsi, yeni mənzillə təmin edilənədək İddiaçı MMC tərəfindən Cavabdeh1 hər ay 400 manat kirayə haqqnın ödənilməsi, cavabdehlər Cavabdeh1, X8, Cavabdeh3 və Cavabdeh4 ünvan 1, mənzil 16-dan çıxarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 1, mənzil 16-nın İddiaçı MMC tərəfindən sökülməsi, Cavabdeh1 mülkiyyətində olan ünvan 1, mənzil 16-nın əvəzinə ünvan 4 Qulu Quliyev küçəsinin kəsişdiyi ünvanda inşa edilmiş çoxmənzilli yaşayış evinin 4-cü mərtəbəsində (0 dan 4-cü mərtəbə) 93 kvadrat metr ümumi sahəsi olan təmirli yeni mənzilin Cavabdeh1 xüsusi mülkiyyətinə verilməsi, yeni mənzillə təmin edilənədək İddiaçı MMC tərəfindən Cavabdeh1 hər ay 400 manat kirayə haqqının ödənilməsi, cavabdehlər Cavabdeh1, X8, Cavabdeh3 və Cavabdeh4 ünvan 1, mənzil 16-dan çıxarılması, İddiaçı MMC tərəfindən 25000 (iyirmi beş min) manat pulun Ləğv etmə prosesində olan “xxxxxxxxx” ASC-yə ödənildikdən sonra ünvan 1, mənzil 16 üzərində olan ipoteka yüklüyünün ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X5 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və X8 iddia tələbinə etiraz edərək, bildirmişdilər yeni tikiləcək binada onlara sahəsi 156 kv.m olan təmirli mənzil veriləcəyi və hazırda yaşadıqları mənzilin ipoteka yüklülüyündən çıxarılması üçün ləğv prosesində olan “xxxxxxxxx” ASC-yə borclu olduqları 25.000 manat məbləğində pul vəsaiti İddiaçı tərəfindən ödəniləcəyi halda mənzillərinin sökülməsinə razı olacaqlar. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ləğv prosesində olan “xxxxxxxxx” ASC-nin X1 Fondunun nümayəndəsi X9 iddia tələbinin təmin edilibedilməməsi məsələsinin məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarındakı Bakı şəhər İH Nəsimi rayon MKTB-nin 14 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 249 №-li, xx.xx.2019-cu il tarixli arayışa əsasən cavabdehlər Cavabdeh1, X10, Cavabdeh3 və Cavabdeh4 ünvan 1, mənzil 16-da qeydiyyatdadırlar. İş üzrə Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 298 saylı sərəncamına əsasən Nəsimi rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli 86 №-li qərarını rəhbər tutaraq və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx/xx-1753 saylı, xx.xx.2017ci il tarixli tikinti-planlaşdırma eskizini nəzərə alaraq, Nəsimi rayonu, Süleyman Rüstəm, Hənifə Ələsgərov, Xan Şuşinski və Qulu Quliyev küçələrinin kəsişməsindəki məhəllələrdə yerləşən mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında İddiaçı istifadəsinə verilmişdir. İş üzrə Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini Q.S.İsmayılov ilə "İddiaçı" MMC-nin direktoru İ.V.Həsənov arasında bağlanılmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Şirkət tərəfindən Nəsimi rayonu, Süleyman Rüstəm, Hənifə Ələsgərov, Xan Şuşinski və Qulu Quliyev küçələrinin kəsişmələrində yeni çoxmənzilli binaların tikintisi üçün Nazirlər Kabinetinin qərarında və bu müqavilədə müəyyənləşdirilmiş öhdəliklərin yerinə yetirilməsi və İcra Hakimiyyəti tərəfindən bunun müqabilində həmin ünvanda tikiləcək bina layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi razılaşdırılmışdır. Müqavilənin 2.2-ci bəndinə əsasən "İddiaçı" MMC sakinlərin köçürülməsinə onlarla müəyyən edilmiş həddə nəqliyyat və əşyalarının daşınması üçün hər mənzil üçün birdəfəlik 300 manat pul vəsaiti ödəməyi öhdəsinə götürmüşdür. 2.4-cü bəndinə əsasən Şirkət binaların tikintisi üçün nəzərdə tutulan ərazidə yerləşən mənzillərin sakinlərini yeni tikilən binalarda sökülən mənzilin (qeyri-yaşayış) sahəsindən 20%-dən artıq sahəsi olan, təmirli mənzil (qeyri-yaşayış) sahəsi ilə təmin etməyi, bu zaman həmni mənzilləri (qeyri-yaşayış) su, qaz və elektrik enerjisi sayğacları ilə təmin etməyi öhdəsinə götürmüşdür. İş üzrə Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin «Azərdövləttikintilayihə» Dövlət Layihə İnstitutunun Baş X6, Texnoloji sektorun mühəndisi Vüqar Bağırov, 2 №-li Memar-inşaat şöbəsinin konstruksiya sektorunun mühəndisi Vahid Anarın iştirakı ilə tərtib edilmiş xx.xx.2017-ci il tarixli, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 59 ünvanında yerləşən istismar müddəti keçmiş yaşayış binasının texniki vəziyyəti haqqında akta əsasən həmin yaşayış evlərinə baxış keçirilərkən müəyyən olunmuşdur ki, baxış keçirilən 3 mərtəbəli, 3 girişli yaşayış binası planda düz bucaqlı formada olub, ölçüləri 51,0x11,0 metrdir. Mərtəbə hündürlüyü 2,80 metrdir. Binanın yükdaşıyan divarlarının qalınlığı 60 sm-lik mişarlanmış əhəng daşından, arakəsmələrin qalınlığı isə 20 sm olmaqla kərpicdən və mişarlanmış əhəng daşından ibarətdir. Mərtəbəarası örtüklər taxta konstruksiyadandır. Dam örtüyü yastıdır. Yaşayış binası 1925-ci ildə inşa edilmişdir. Binada 18 mənzil vardır. Baxış zamanı yaşayış binasında eyvanlarda beton mühafizə qatı tökülmüş, armatur milləri açıqda qalaraq korroziyaya uğramışdır. Binada sakinlər tərəfindən əlavə artırmalar inşa edilmişdir. Yaşayış binası mövcud tikinti norma və qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2020-ci il tarixli, H/04-PLS saylı hesabatdan görünür ki, ünvan 1, mənzil 16-nın faktiki ölçüsü 73 kv.m təşkil edir. Qiymətləndiricinin xidmət haqqı 300 manat təşkil etmişdir. Hazırki iddia tələbləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdehlərə məxsus ünvan 1, mənzil 16 ləğv prosesində olan “xxxxxxxxx” ASC-də girovdadır, yəni kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 saylı qərarının icrası ilə əlaqədar Nəsimi rayonu ərazisində qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzilməişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə xx.xx.2018-ci il tarixdə Nəsimi rayon İcra Hakimiyyətinin başçısının müavini ilə "İddiaçı" MMC-nin direktoru arasında müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən "İddiaçı" MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm, Hənifə Ələsgərov, Xan Şuşinski və Qulu Quliyev küçələrininkəsişmələrində qəzalı vəziyyətdə olan evlərdən sakinlərin köçürülməsi işlərinə başlanılmışdır. Məhkəmə iclasında digər tərəfdən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin «Azərdövləttikintilayihə» Dövlət Layihə İnstitutunun əməkdaşları tərəfindən tərtib edilmiş akta əsasən Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm, Hənifə Ələsgərov, Xan Şuşinski və Qulu Quliyev küçələrinin kəsişmələrində yerləşən yaşayış evləri mövcud şəhərsalma tələblərinə cavab vermir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli, 86 №-li qərarına əsasən (mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş) Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə 5 il müddətinə mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Nəsimi rayonu üzrə XİX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş, 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 yaşayış binasının, habelə bu rayonun ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyriyaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsini təmin etməsi, həmçinin qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binaları tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binaları tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binalarında müvafiq mənzillərin ayrılması tapşırılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli ünvan 1, mənzil 16-nın faktiki ölçüsü 73 kv.m təşkil edir. Məhkəmə Cavabdeh1 mülkiyyətində olan mənzilə dair "İddiaçı" MMC -nin vəsaiti hesabına aylıq müavinət (kirayə haqqı 400 manat) verilməklə və gələcəkdə mənzilin dövlət reyestrində qeydə alınmış qanuni sahələrinə 20% əlavə edilərək "İddiaçı" MMC-nin vəsaiti hesabına mənzil sahəsi ilə təmin edilməsi şərti ilə cavabdehlərin çıxarılması tələbi üzrə qeyd edir ki, həmin tələb əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.3-cü maddəsinə əsasən dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Məhkəmə hesab edir ki, cavabdehlərin mülkiyyətində olan mənzillərin sökülməsi dövlət əhəmiyyətli layihə çərçivəsində həyata keçirildiyinə görə cavabdehlərin həmin mənzillərdən çıxarılması ilə bağlı tələb əsaslıdır. Məhkəmə qeyd edir ki, qanunvericilikdə uçmaq təhlükəsi olan, istismar müddəti bitmiş və qəzalı vəziyyətdə olan yaşayış evlərinin sakinlərinin köçürülməsi yerli icra hakimiyyətinin hesabına həyata keçirilməli olmasına baxmayaraq, mübahisəli mənzilin yerləşdiyi ərazi Nəsimi rayon İcra Hakimiyyətinin sərəncamı ilə tikinti məqsədləri üçün "İddiaçı" MMC-yə ayrıldığından, həmçinin Nəsimi rayon İcra Hakimiyyəti ilə "İddiaçı" MMC arasında bağlanılmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən yuxarıda göstərilən işlərin həyata keçirilməsini "İddiaçı" MMC öz üzərinə götürdüyündən, iddia tələbi mənzilin dövlət reyestrində qeydə alınmış qanuni sahəsinə 20% əlavə edilərək, cavabdehlərin 93 kv.m ümumi sahəsi olan mənzil sahəsi ilə təmin edilməsi hissəsində təmin edilməlidir. Məhkəmə həmçinin cavabdehlərin mənafeyini nəzərə alaraq hesab edir ki, onlar yeni mənzil sahəsi ilə təmin olunanadək "İddiaçı" MMC tərəfindən Cavabdeh1 aylıq 400 (dörd yüz) manat kirayə haqqı ödənilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı). Həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) də bu məsələyə dair oxşar hüquqi mövqelər ifadə etmişdir. Məhkəmə mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluq tələbi dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir (“Kuşoğlu Bolqarıstana qarşı” iş üzrə 2007ci il 10 may tarixli Qərar). Avropa Məhkəməsinin presedent hüququna əsasən, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (“Broniovski Polşaya qarşı” iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar, §148, 150; “Skordino İtaliyaya qarşı” iş üzrə 2006-cı il 29 mart tarixli Qərar, § 93). Göstərilən hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə, həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması fərqli yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətləri iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Avropa Məhkəməsinin “L.Y.Siqunova və M.Y.Siqunovanın Rusiyaya qarşı” xx.xx.2019-cu il tarixli qərarında (şikayət № 18836/11) ifadə etdiyi hüquqi mövqeyə görə “müdaxilənin uyğunluğu cəmiyyətin ümumi mənafeyi ilə bağlı tələblərlə şəxslərin fundamental hüquqlarının qorunması imperativləri arasında düzgün balansın olması deməkdir ... heç bir məqamda aidiyyəti şəxslər yeni mənzilin köhnə mənzillə müqayisədə aşağı dəyərə malik olmasını təsdiq etməyiblər və işdə yer alan xüsusatlar buna əsas vermir ... ərizəçilər həcm etibarı ilə köhnədən bir az da böyük olan, nəzərə çarpacaq dərəcədə daha yüksək dəyərə malik yeni mənzil almışlar və bu mənzil onların köhnə mənzilinin qonşuluğunda yerləşir». Həmin işdə Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, tədbir mütənasib və uyğundur, şikayət açıq-aşkar əsaslandırılmayıb və Konvensiyanın 35-ci maddəsinin 3(a) bəndinə uyğun olaraq rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «”Fortis-Bayıl” Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Nazirlər Kabinetinin Qərarı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392- İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu Qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır. Bununla əlaqədar məhkəmə şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edən Şəhərsalma və Tikinti Məcəlləsinin bir sıra maddələrinin nəzərdən keçirilməsini məqsədəmüvafiq hesab edir. Qeyd edilən Məcəllənin 3.0.20-ci maddəsinə görə, tikinti obyektinin yenidən qurulması (rekonstruksiyası) – obyektin mövcud təyinatının dəyişdirilməsi və ya istismar keyfiyyətinin müasirləşdirilməsi məqsədilə müvafiq layihə əsasında yeni texnologiyaların tətbiqi, yaxud yeni bina və ya qurğuların inşası, o cümlədən mühəndis-kommunikasiya təminatı xətlərinin quraşdırılması ilə bağlı tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin yerinə yetirilməsidir. Həmin Məcəllənin 4.1 və 4.2-ci maddələrinə əsasən, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir. Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsi, həmçinin Azərbaycan Respublikası ərazisində insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricən aradan qaldırılması şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindəndir. Ərazi planlaşdırılması dövlət ehtiyacları və ya şəhərsalmanın məqsədləri baxımından həyata keçirilir. Ərazi planlaşdırılması şəhərsalmanın nizamlı inkişafını və torpaqların sosial baxımdan ədalətli istifadəsini təmin etməli, ictimaiyyətin rifahına uyğun olmalı, insan üçün əlverişli və sağlam ətraf mühitin təşəkkül tapmasına, həyat üçün zəruri təbii əsasların qorunmasına və inkişaf etdirilməsinə xidmət etməlidir. Ərazi planlaşdırılması sənədlərinin hazırlanması zamanı ictimai və fərdi maraqlar ədalətli şəkildə tarazlaşdırılmalıdır (Şəhərsalma və Tikinti Məcəlləsinin 17-ci maddəsi). Məhkəmə, həmçinin qeyd edir ki, Cavabdeh1 məxsus ünvan 1, mənzil 16 ipoteka ilə yüklü edildiyindən iddia tələbi İddiaçı MMC tərəfindən 25000 (iyirmi beş min) manat pul Ləğvetmə prosesində olan “xxxxxxxxx” ASC-yə ödənildikdən sonra ünvan 1, mənzil 16 üzərində olan ipoteka yüklülüyünün ləğv edilməsi hissəsində də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 294-cü maddəsinə görə girovla təmin edilmiş öhdəliyə xitam verildikdə girova xitam verilir. Girovla təmin edilmiş öhdəliyin icrası nəticəsində və ya girov qoyanın tələbi ilə girova xitam verildikdə girov qoyulmuş əşyanı saxlamış girov saxlayan onu dərhal girov qoyana qaytarmağa borcludur. Eyni Məcəllənin 299.1-ci maddəsinə əsasən, borclu və üçüncü şəxs olan girov qoyan girovla təmin edilmiş öhdəliyi və ya öhdəliyin icrası gecikdirilmiş hissəsini icra edərək girov predmetinə tutmanın yönəldilməsinə və onun satışına istənilən vaxt xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir. “İpoteka haqqında” Qanunun 48.1.2-ci maddəsinə əsasən, əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir. Beləliklə yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 1, mənzil 16 İddiaçı MMC tərəfindən sökülməli, Cavabdeh1 mülkiyyətində olan ünvan 1, mənzil 16 əvəzinə ünvan 4 Qulu Quliyev küçəsinin kəsişdiyi ünvanda inşa edilmiş çoxmənzilli yaşayış evinin 4-cü mərtəbəsində (0-dan 4-cü mərtəbə) 93 kvadrat metr ümumi sahəsi olan təmirli yeni mənzil Cavabdeh1 xüsusi mülkiyyətinə verilməli, yeni mənzillə təmin edilənədək İddiaçı MMC tərəfindən Cavabdeh1 hər ay 400 (dörd yüz) manat kirayə haqqı ödənilməli, cavabdehlər Cavabdeh1, X8, Cavabdeh3 və Cavabdeh4 ünvan 1, mənzil 16-dan çıxarılmalı, İddiaçı MMC tərəfindən 25000 (iyirmi beş min) manat pul Ləğvetmə prosesində olan “xxxxxxxxx” ASC-yə ödənildikdən sonra ünvan 1, mənzil 16 üzərində olan ipoteka yüklülüyü ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. «xxxxxxxxxxxxxxxxxxxxxx» MMC tərəfindən aparılmış qiymətləndirmə hesabatının haqqı olan 300 (üç yüz) manat məbləğində pul İddiaçındən tutularaq «xxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin “xxxxxxx” KB ASC “11 saylı Dərnəgül” filialı, Kod 502058, Müxbir hesab AZ65UBAZ**********0060AZN001, VÖEN **********, H/Hesab AZ46NAZBZ********************, S.W.İ.F.T. UBAZAZ22 hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. ünvan 1, mənzil 16 İddiaçı MMC tərəfindən sökülsün. Cavabdeh1 mülkiyyətində olan ünvan 1, mənzil 16 əvəzinə ünvan 4 Qulu Quliyev küçəsinin kəsişdiyi ünvanda inşa edilmiş çoxmənzilli yaşayış evinin 4-cü mərtəbəsində (0dan 4-cü mərtəbə) 93 kvadrat metr ümumi sahəsi olan təmirli yeni mənzil Cavabdeh1 xüsusi mülkiyyətinə verilsin. Yeni mənzillə təmin edilənədək İddiaçı MMC tərəfindən Cavabdeh1 hər ay 400 (dörd yüz) manat kirayə haqqı ödənilsin. Cavabdehlər Cavabdeh1, X8, Cavabdeh3 və Cavabdeh4 ünvan 1, mənzil 16-dan çıxarılsınlar. İddiaçı MMC tərəfindən 25000 (iyirmi beş min) manat pul Ləğvetmə prosesində olan “xxxxxxxxx” ASC-yə ödənildikdən sonra ünvan 1, mənzil 16 üzərində olan ipoteka yüklülüyü ləğv edilsin. «xxxxxxxxxxxxxxxxxxxxxx» MMC tərəfindən aparılmış qiymətləndirmə hesabatının haqqı olan 300 (üç yüz) manat məbləğində pul İddiaçındən tutularaq «xxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin “xxxxxxx” KB ASC “11 saylı Dərnəgül” filialı, Kod 502058, Müxbir hesab AZ65UBAZ**********0060AZN001, VÖEN **********, H/Hesab AZ46NAZBZ********************, S.W.İ.F.T. UBAZAZ22 hesabına köçürülsün. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar