Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-770/2021 13.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı «mənzilə istifadə hüququnun itirilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X3 qarşı «mənzilə istifadə hüququnun itirilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh xüsusi mülkiyyət kimi iddiaçıya məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, S.Ə.Zeynalov küçəsi ev 19, mənzil 18-də qeydiyyatdadır. Lakin 20 ildir ki, Rusiya Federasiyasında yaşayır və 10 ilə yaxın müddətdir ki, həbsdədir. Uzun müddətdir ki, Azərbaycanda yaşamayan X1 iddiaçıya məxsus mənzildə qeydiyyatda qalması iddiaçının hüquqlarını məhdudlaşdırır. Qanunvericilik normaları da mülkiyyətçinin hüquqlarını müdafiə edir. Ona görə də cavabdehin Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsi, 19 saylı evin, 18 saylı mənzilinə olan istifadə hüququ itməlidir. Göstərilənlərə əsasən, cavabdehin Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsi, 19 saylı evin, 18 saylı mənzilinə olan istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Odur ki, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasına etiraz etməyərək bildirdi ki, cavabdeh onun qardaşıdır, üzün illərdir Respublikada olmadığını, atasının adına olan evdə əvvəllər yaşadığını sonradan köçüb getdiyini nəzərə alaraq iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2009-cu il tarixli RX seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 18 saylı mənzil tam mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan xx.xx.2020-ci il tarixli ******* saylı Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, cavabdeh iddiaçıya məxsus Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsi, 19 saylı evin, 18 saylı mənzilində qeydiyyatdadır. İşə əlavə edilmiş xx xxx 2003-cü il tarixli müqavilədən görünür ki, X4 ünvan 1 ünvanında yerləşən 18 saylı mənzili iddiaçıya bağışlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin xx xxxx 2021-ci il tarixli 33/1002 saylı məktubundan müəyyən olunur ki, cavabdeh X5 xx.xx.2004-cü il tarixdə dövlət sərhədindən Rusiya Federasiyası istiqamətində çıxmışdır. Məhkəmə, tələbin hüquqi əsaslarını nəzərdən keçirərək hesab edir ki, iddiaçı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 148.2-ci və 262.2-ci maddələrinə əsasən, cavabdehə qarşı hazırkı tələbini irəli sürməkdə haqlıdır və bu səbəbdən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Eyni Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki işin hallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, X4 ünvan 1 ünvanında yerləşən 18 saylı mənzili xx xxx 2003-cü il tarixli müqavilə ilə iddiaçıya bağışlamış, mənzil xx.xx.2009-cu il tarixdə tam mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və hazırda həmin mənzil iddiaçının tam pay üzrə mülkiyyətindədir. Cavabdeh X6 xx.xx.2004-cü il tarixdən Rusiya Federasiyasına getməsinə baxmayaraq, hal-hazıradək iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatdadır. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçının mülkiyyətində olan mənzilə 2004-cü ildən əvvəl qeydiyyata düşdüyündən və həmin mənzildə yaşamamaqla başqa yaşayış sahəsinə (Rusiya Federasiyasına) köçdüyündən onun mənzildən istifadə etməsi ilə bağlı münasibətlər əvvəlki Mənzil Məcəlləsinin qüvvədə olduğu zaman yarandığından mübahisə həmin Məcəllənin müddəalarına uyğun həll edilməlidir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.1999-cu il tarixli qərarının 2-ci bəndindən görünür ki, Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Odur ki, əvvəlki Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar müəyyən edildikdə icarədar və ya onun ailə üzvlərinin yaşayış sahəsindən istifadə hüququ itirilmiş sayılır. Həmin əsas isə ondan ibarətdir ki, icarədar və ya onun ailə üzvləridaimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməli və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməlidir. Bu qayda qanunun analogiyasına əsasən xüsusi mülkiyyətdə olan yaşayış sahələrinə də tətbiq edilir. Odur ki, göstərilən əsasla cavabdehin evdən istifadə hüquqları xitam olunmuşdur. “Köçmə” istifadə hüququna xitam verən hüquqi faktdır, faktın baş verməsi ilə hüquqa xitam verilir. Hüquq xitam olduğuna görə artıq mövcud deyildir, hüquqa xitam verilməsi nəticəsində hüquq itirilmiş hesab olunur. Həmçinin bu tip mübahisələr həll edilərkən iddiaçının məhkəməyə hansı məqsədlə müraciət etdiyi nəzərə alınmalıdır. Cavabdehin evə qeydiyyatda qalması iddiaçıya evdən maneəsiz istifadə etməyə imkan vermir, ona görə də iddiaçının məqsədi cavabdehin evdən qeydiyyatdan çıxarılmasına nail olmaqdır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Cavabdehin evdən istifadə hüququna itirilmiş hesab edilməsi barədə qətnamə cavabdehin qeydiyyatdan çıxarılmasına əsas verir. Qeyd olunanlar cavabdehi yaşayış yeri üzrə qeydiyyatdan çıxarmağa səlahiyyəti olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və həmin dövlət orqanına izah edilməsidir. Yuxarıda qeyd olunan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, cavabdehin həmin mənzildə istifadə hüququnun qalması iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Göstərilənlərə görə məhkəmə hesab edir ki, iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi mənzilə dair cavabdehin istifadə hüquqları itirilmiş hesab olunmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh X2 Bakı şəhəri, Nəsimi rayonu, Sahib Zeynalov küçəsi, 19 saylı evin, 18 saylı mənzilinə olan istifadə hüquqları itirilmiş hesab olunsun. Bu qətnamə cavabdeh X2 Nəsimi rayonu, Sahib Zeynalov küçəsi, 19 saylı evin, 18 saylı mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-770/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(006)-770/2021
13.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver