Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-776/2024 19.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində qeyd edilməklə) qarşı «əmək müqaviləsinə xitam verilməsi və bununla bağlı bildirişin elektron informasiya sisteminə daxil edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində qeyd edilməklə) qarşı «əmək müqaviləsinə xitam verilməsi və bununla bağlı bildirişin elektron informasiya sisteminə daxil edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi hüququnun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən o, həmin yerdə kişilər üçün bərbər vəzifəsinə işə qəbul edilmişdir. Müqavilənin şərtlərinə görə əmək müqaviləsi müddətli bağlanmaqla xx.xx.2022-ci il tarixdə bitməli idi. Cavabdehlə arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən ona hər ay 300 manat məbləğində əmək haqqının ödənilməsi razılaşdırılmışdır. O, üç ay işlədikdən sonra işə gələn zaman Cavabdeh MMC-nin rəhbəri kimi tanıdığı OSASUWA XXX OHENHEN adlı şəxsin iş yerinin fəaliyyətini dayandırdığını və artıq Azərbaycandan çıxıb getdiyini və onun öz ölkəsinə qayıtdığını bildirmişlər. Bundan sonra o, yeni iş yerləri ilə əlaqə saxlayıb özünə yeni iş tapmaq istəmiş, lakin hər yerdə onun sistemdə aktiv əmək müqaviləsinin mövcud olduğu bildirilərək, onu işə götürməkdən imtina etmişlər. Buna görə də, o, bir müddət işsiz qalmağa məcbur olmuşdur. O, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə müraciət edərək, əmək müqaviləsinə elektron informasiya sistemində xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti ona ünvanladığı məktubla onun xahişini təmin etməkdən imtina edərək, onun məhkəməyə müraciət etmək hüququnu izah etmişdir. O, hazırda işləsə də, onun Cavabdeh MMC ilə olan aktiv əmək müqaviləsinin mövcudluğu onun işçi kimi hüquq və vəzifələrinin tam həyata keçirilməsinə məhdudiyyət yaradır. Ona görə də hesab edir ki, onunla Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilməli və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə daxil edilməlidir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin və 3-cü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin və 3-cü şəxsin nümayəndələrinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh MMC xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. MMC-yə ********** saylı VÖEN verilmişdir. Hüquqi ünvanı AZ1078 ünvan 1in qanuni təmsilçisi Osasuwa Ohenhen kimi göstərilmişdir. İddiaçı ilə Cavabdeh MMC arasında əmək müqaviləsi bağlanmış, o, bərbər vəzifəsinə (peşəsinə) işə götürülmüşdür. Əmək müqaviləsi müddətli bağlanmışdır. İddiaçı ilə Cavabdeh MMC arasında əmək müqaviləsi bağlanmasına dair bildiriş mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilmişdir. İşə başlama tarixi xx.xx.2022-ci il, müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix xx.xx.2022-ci ildir. İddiaçı iddia ərizəsində qeyd olunduğu tarixdə (işə başladıqdan 3 ay sonra) işə gələrkən ona məlum olmuşdur ki, Cavabdeh MMC-nin rəhbəri Osasuwa Ohenhen iş yerinin fəaliyyətini dayandırmış, Azərbaycandan çıxıb öz ölkəsinə qayıtmışdır. Lakin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməmiş, bu barədə müvafiq bildirişi mərkəzləşdirilmiş elektron informasiya sisteminə yerləşdirməmişdir. İddiaçı X2 Xidmətinə ərizə ilə müraciət edərək, əmək müqaviləsi bildirişinə xitam verilməsi və bu barədə məlumatın «Əmək və Məşğulluq» altsisteminə yerləşdirilməsini xahiş etmişdir. X2 Xidməti iddiaçıya 17 yanvar 2023-cü il tarixli məktubla cavab verərək, qanunvericiliyin tələblərini iddiaçının nəzərinə çatdırmış və ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İddiaçı bu səbəbdən öncə mediasiya təşkilatına, daha sonra isə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı 8 saylı Mediasiya təşkilatının xx.xx.2023-cü il tarixli MŞB/8/2023-02410 saylı ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayışından görünür ki, iddiaçı ilkin mediasiya sessiyasına gəlmiş, cavabdeh isə xx.xx.2023-cü il tarixə saat 11:00- 11:30-dək təyin olunmuş həmin sessiyaya gəlməmişdir. İddiaçı tərəfindən 50 manat İMS xərci və 10 manat poçt-kargüzarlıq xərci ödənilmişdir. Göründüyü kimi, cavabdehlə bağlanmış əmək müqaviləsinə xitam verilməməsi və əmək müqaviləsinin bağlanmasına dair bildirişin mərkəzləşdirilmiş elektron informasiya sistemində aktiv olaraq qalması nəticəsində iddiaçının real olaraq başqa işəgötürənlə əmək müqaviləsi bağlamaq və əmək fəaliyyəti ilə məşğul olmaq hüququ məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. «Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 27 dekabr 2013-cü il tarixli 875-İVQD nömrəli Qanunu əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin yaradılmasının hüquqi əsasını müəyyən etmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinə edilən dəyişiklikliyə əsasən, əmək müqaviləsi bildirişini müvafiq elektron informasiya sisteminə daxil etmək işəgötürənin vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin birinci bəndinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə «Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar» təsdiq edilmişdir. Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə elektron sənəd – yəni əmək müqaviləsi bildirişi daxil edilməlidir. Bunun üçünsə işəgötürənlərin və ya onların səlahiyyət verdiyi şəxslərin gücləndirilmiş e-imzası olmalıdır. E-imza işəgötürənin işçi ilə imzaladığı və möhür ilə təsdiq etdiyi əmək müqaviləsinin sistemə daxil edilərkən eyni hüquqi qüvvəni saxlamasını təmin edir. Sistemdə işəgötürən tərəfindən təsdiq edilmiş hüquqi qüvvəyə malik əmək müqaviləsi yerləşdirilir. E-imza vasitəsilə sistemə daxil edilən əmək müqaviləsi bildirişi eynilə kağız üzərində olduğu kimi, hər iki tərəfin hüquqlarını müdafiə edərək, məsuliyyətdən yayınmanın qarşısını alır. Bu sistem işçilərin əmək hüquqlarının pozulmamasına, habelə işəgötürən-işçi münasibətlərinə nəzarəti gücləndirməklə, inkişaf edən və ya inkişafdan qalan fəaliyyət sahələrin ayırd edilməsinin asanlaşmasına, iqtisadi inkişafın tənzimlənməsi üzərində işlərin keyfiyyətinin artmasına, dolayısıyla da sosial rifahın yüksəldilməsinə müsbət təsir göstərir. Göründüyü kimi, qeyd olunan sistemdə əmək müqaviləsi barədə məlumatın olması iddiaçının hüquqlarını pozur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 04 may 2022-ci il tarixli əmək müqaviləsinə xitam verilmiş hesab edilməli, İddiaçı 04 may 2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 04 may 2022-ci il tarixli əmək müqaviləsinə xitam verilmiş hesab edilsin. İddiaçı 04 may 2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-776/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-776/2024
19.02.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver