Məhkəmə qərarları › İş №2(006)-787/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-787/2025

21.01.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-787/2025 21.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə onun arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə 2021-ci ilin fevral ayında xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinin qüvvədən düşməsi ilə bağlı “Əmək və Məşğulluq” altsistemində qeydlərin aparılması hüququnun X1 Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2019-cu il tarixli əmək müqaviləsi əsasında Bakı şəhəri, Azadlıq prospekti, 99 ünvanında fəaliyyət göstərən Cavabdeh MMC-də kuryer vəzifəsinə işə qəbul edilmiş, 2021-ci ilin fevral ayınadək orada işləmişdir. 2021-ci ilin fevral ayında öz ərizəsi əsasında işdən azad edilmişdir. Lakin onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində qeydiyyat aparılmamışdır. Buna görə də iddiaçı heç bir müəssisəyə işə qəbul oluna bilmir. İddiaçı cavabdeh MMC-nin rəhbərliyini tapa bilmir, onlar oturduqları ofisdə də fəaliyyət göstərmirlər. İddiaçı xx.xx.2024-cü il tarixli ərizə ilə Cavabdeh MMC-nin rəhbərliyinə müraciət edərək, aralarında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə xitam verilməsinin elektron informasiya sisteminə daxil edilməsini xahiş etmiş, ərizəni poçt vasitəsilə göndərmişdir. Lakin cavabdehin hüquqi ünvanında olmadığı müəyyən olunmuşdur. Bundan başqa, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə də xx.xx.2024-cü il tarixli ərizə göndərərək, məsələ ilə bağlı köməklik göstərilməsini xahiş etmiş, X1 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən ona xx.xx.2024-cü il tarixli cavab məktubu göndərilərək bildirilmişdir ki, məsələnin həlli ilə əlaqədar məhkəməyə müraciət etməlidir. İddiaçı mediasiya sessiyasında iştirak etsə də, cavabdeh iştirak etmədiyindən, xx.xx.2024-cü il tarixli arayış verilmişdir. İddiaçı mediasiya haqqını da ödəmişdir. Buna görə də iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

3. İddiaçı tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməsini, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə xitam verilməsi və İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsinin X1 Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. a) Məhkəmə prosesi:

4. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmələrinə baxmayaraq, Cavabdeh MMC və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti tərəfindən nümayəndələrinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

7. Dövlət Vergi Xidməti “İnternet Vergi İdarəsi”nin “Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında” bölməsindən əldə olunan məlumatlardan görünür ki, Roman Skidan Cavabdeh MMC-nin qanuni təmsilçisidir.

8. Əmək müqaviləsinin bağlanması ilə bağlı xx.xx.2019-cu il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı əsas iş yeri üzrə Cavabdeh MMC-də “kuryer” peşəsinə qəbul olunmuş və onunla xx.xx.2019-cu il tarixində müddətsiz əmək müqaviləsi bağlanılmışdır. Bununla yanaşı, həmin bildirişdən görünür ki, İddiaçının əməyinin vaxtamuzd əsaslarla ödənilməsi müəyyən edilmiş və aylıq əmək haqqının məbləği 250 manat təşkil etmişdir.

9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, İddiaçı Cavabdeh MMC ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə xitam verilməsinin elektron informasiya sisteminə daxil edilməsinə köməklik göstərilməsini xahiş etmişdir.

10. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, müraciətdə qeyd edilən məsələnin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.

11. İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, aralarında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə xitam verilməsinin elektron informasiya sisteminə daxil edilməsini xahiş etmişdir.

12. "xxxx" MMC tərəfindən tərtib edilmiş göndərişin geri qaytarılmasına dair xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Cavabdeh MMC-yə çatdırılması üçün verilmiş məktubun müvafiq ünvanda belə bir şirkətin olmaması səbəbindən təqdim edilməsi mümkün olmamış, bu səbəbdən də geri qaytarılmışdır.

13. Bakı 3 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞB/3/2024-00658 nömrəli arayışdan görünür ki, Cavabdeh MMC-nin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməmişdir. 50 manat məbləğində mediasiya xərci və 10 manat kargüzarlıq xərci İddiaçı tərəfindən ödənilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

14. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı xx.xx.2019-cu il tarixində əsas iş yeri üzrə Cavabdeh MMC-də “kuryer” vəzifəsinə qəbul olunmuş və onunla müddətsiz əmək müqaviləsi bağlanılmışdır.

15. İddiaçı tərəfindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə müraciət olunmuş, Xidmətin tövsiyəsi əsasında iddiaçı əvvəlcə işəgötürənə müraciət etsə də, işəgötürənə göndərilmiş məktub ünvanda həmin şirkətin mövcud olmaması səbəbindən geri qaytarıldığından, iddiaçı mübahisənin məhkəmədənkənar həlli üçün mediasiya təşkilatına müraciət etmiş, lakin cavabdehin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur.

c) Məhkəmənin mövqeyi və iş üzrə gəldiyi nəticə:

16. Məhkəmə hesab edir ki, işçinin ərizəsi əsasında əmək müqaviləsinə xitam verməli olduğu halda, işəgötürən bunu etmədiyindən, əmək qanunvericiliyinin normalarını, həmçinin, işçinin əmək hüquqlarını kobud şəkildə pozmuşdur. Məhkəmənin qənaətinə görə, iddiaçının cavabdeh MMC-də işləmədiyi halda, sistemdə adına aktiv əmək müqaviləsinin olması onun əmək hüquqlarının pozulması ilə nəticələnir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının pozulmuş hüquqlarının bərpa edilməsi məqsədilə hazırki iddia tələbi təmin edilməlidir.

d) Tətbiq edilən hüquq:

17. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 2-ci maddə, 1-ci bənd. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 9-cu maddə, “b” bəndi. Əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biridir. 12-ci maddə, 1-ci hissə, “h” bəndi. Əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir. 42-ci maddə. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 49-cu maddə, 1-ci hissə. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. 68-ci maddə, 1-ci hissə. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinin “a” bəndinə görə, əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri tərəflərdən birinin təşəbbüsüdür. 69-cu maddə, 1-2-ci hissələr. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.

18. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 06 iyun 2014-cü il tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”: 3.4-cü bənd. Əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir.

19. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

21. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə xitam verilməli, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi X1 Xidmətinə həvalə edilməlidir.

Nəticə:

22. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə xitam verilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi X1 Xidmətinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar