Məhkəmə qərarları › İş №2(006)-790/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-790/2022

11.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-790/2022 11.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında 02.11.2020-ci il tarixdə 1 saylı Bakı “”Asan Xidmət” X2 1661 №-ilə bağlanılmış nikahın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, İddiaçı ilə Cavabdeh arasında 02.11.2020-ci il tarixində 1661 № ilə qeyd edilən nikah Bakı şəhəri, Nizami Rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmışdır. Nikahın qeydə alındığı vaxtdan, yəni 02.11.2020-ci il tarixindən sonra ona məlum olmuşdur ki, Cavabdeh onunla nikaha daxil olmaq niyyəti olmamışdır. Onu aldatmış və onunla ailə qurmaq adı ilə nikaha daxil olmaq üçün müxtəlif yalanlar uydurmuşdur. Aralarında nikah bağlanmasına baxmayaraq onlar birgə ailə münasibətlərinə daxil olmamış və heç bir əlaqələri olmamışdır. Bu günə qədər heç bir əmlak əldə edilməmiş və birgə təsərrüfat aparılmamışdır. Sadəcə formal kağız üzərində nikah rəsmiləşmişdir. Bir-biriləri ilə ailə qurmaq fikirləri yoxdur və bu hər ikisinin qəti qərarıdır. Ona görə də, formal olaraq bağlanmış nikah etibarsız hesab edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavadeh Cavabdeh məhkəmə baxış iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə istinad olunan hüquq normalarına əsasən, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ 412371 №-li nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 02.11.2020-ci il tarixdə 1 saylı Bakı “ASAN” Xidmət X2 nikah bağlanmışdır və nikahın bağlanması haqqında akt qeydləri kitabında 02.11.2020-ci il tarixdə 1661 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan 1 saylı Bakı “ASAN” Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən İddiaçı ünvanlanan məktubdan görünür ki, İddiaçı nikahın pozulması ilə bağlı 1 saylı Bakı “ASAN” Xidmət Mərkəzi Qeydiyyat Şöbəsinə ünvanladığı ərizə qeyri-mümkün hesab edilmiş, ona bildirilmişdir ki, ər-arvadın nikahın pozulmasına razılığı və ya bu razılığa dair məlumat olmadıqda nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir. İş materiallarında olan 15.11.2021-ci il tarixli, 006572 №-li “ilkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə Arayışdan görünür ki, 15 noyabr 2021-ci il tarixdə 12:00-12:30 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında cavadeh Cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iştirak etməmişdir. İddiaçı isə ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 25.1-ci maddəsinə əsasən Bu məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır; 25.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında etibarsız sayılır; 25.4-ci maddəsinə əsasən etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Qanunvericiliyin mövqeyindən göründüyü kimi, nikah tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadığı halda (saxta nikah) bağlandıqda, həmçinin tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində bağlandıqda etibarsız sayıla bilər. Belə ki, saxta nikahın bağlanmasında məqsəd ailə hüququ münasibətləri üzrə hüquq və vəzifələr əldə etmək deyil, əmlak və şəxsi qeyriəmlak xarakterli hüquq və güzəştlərin əldə edilməsi olur ki, belə nikahın etibarlı sayılması mümkün deyildir. Məhkəmə iclasında tərəflərin ailə qurmaq niyyəti olmadan nikaha daxil olmaları faktı müəyyən olunmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının ailə qanunvericiliyi nikahı kişi ilə qadının ailə qurmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqı kimi tanımaqla onu, nəticə etibarilə bir əqd olaraq qəbul edir. Başqa bir ifadə ilə, nikahın etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, nikahın forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Uydurma əqd isə, ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. (Mülki Məcəllənin 340.1-ci maddəsi). Məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında 02.11.2020-ci il tarixdə 1 saylı Bakı “ASAN” Xidmət X2 bağlanılmış nikahın etibarsız hesab edilməsi barədə iddia ərizəsi əsaslıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında 02.11.2020-ci il tarixdə 1 saylı Bakı “ASAN” Xidmət X2 1661 № ilə bağlanılmış nikah etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında 1 saylı Bakı Asan Xidmət X2 02 noyabr 2020-ci il tarixdə, 1661 № ilə qeyd edilən nikah etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar