Məhkəmə qərarları › İş №2(006)-805/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-805/2023

07.02.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-805/2023 07.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndələri X2 və X1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı «kompensasiyanın və digər ödənişlərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «kompensasiyanın və digər ödənişlərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinin xx.xx.2024-cü il tarixdə bitdiyini və heç bir xəbərdarlıq edilmədən məzuniyyətdən çıxan kimi qanunsuz olaraq işdən azad edildiyini nəzərə alaraq, 11.000 manat kompensasiyanın və digər ödənişlərin Cavabdeh MMC-dən ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, uzun illərdir çalışdığı Cavabdeh MMC-dən qanunsuz olaraq, heç bir xəbərdarlıq edilmədən və qanunvericiliyə zidd olaraq, kompensasiya və digər ödənişlər ödənilmədən, tutduğu vəzifədən azad edilərək əmək müqaviləsinə xitam verilmişdir. Buna görə də, əmək müqaviləsinin vaxtının bitmədiyini və xəbərdarlıq edilərək dərhal işdən çıxarılması barədə iddia ərizəsi verir. O, 2018-ci ildən etibarən 4 ildir ki, Cavabdeh MMC-də layihələrin idarə edilməsi şöbəsinin əməkdaşı, aparıcı material nəzarətçisi vəzifəsində çalışır. Cavabdeh MMC-də 4 il çalışdığı zaman heç bir nöqsana yol verməmiş, heç bir töhmət almamış, intizam məsuliyyətinə cəlb olunmamışdır. İşlədiyi zaman özünü daim nümunəvi aparmağa çalışmışdır. Hər zaman iş göstəriciləri yüksək səviyyədə olmuşdur. Bu illər ərzində qüsursuz əmək fəaliyyəti ilə məşğul olmuşdur. Lakin ona məlum olmayan səbəblərdən 4 ildir çalışdığı Cavabdeh MMC-dən tutduğu vəzifənin əmək müqaviləsinin müddətinin bitməsinə dair xəbərdarlıq məktubu almışdır. Xəbərdarlıq məktubu aldıqdan dərhal sonra işdən azad edilərək əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.5-1-ci maddəsini rəhbər tutaraq, «My.Gov.az» portalında olan vətəndaşın iş yeri haqqında arayışa əsasən, vətəndaşın iş yeri haqqında arayışa əsasən, onunla Cavabdeh MMC arasında bağlanmış 02 iyul 2018-ci il tarixli 03 nömrəli əmək müqaviləsinin müddəti xx.xx.2021-ci ildə bitmişdir. Tərəflərin etirazı olmadığı üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən, əvvəl müəyyən olunmuş müddəti, yəni 3 il müddətə uzadılmış hesab edilməlidir. Həmçinin, onunla Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinin xx.xx.2024-cü il tarixdə bitdiyini nəzərə alaraq, qanunvericiliyə uyğun olaraq, kompensasiya və digər ödənişlər ödənilməmişdir. Ona, qabaqcadan xəbərdarlıq edilmədən, kompensasiya və digər ödənişlər ödənilmədən, Cavabdeh MMC tərəfindən əmək müqaviləsinə xitam verilmişdir. Qanunsuz və əsassız xəbərdarlıq məktubunda onunla bağlanan 02 iyul 2018-ci il tarixli 03 nömrəli əmək müqaviləsinin müddətinin 02 iyul 2022-ci il tarixdə bitdiyi qeyd edilmişdir. 02 iyul 2022-ci il tarixdə məzuniyyətdə olduğu üçün 08 iyul 2022-ci il tarixi onun son iş günü hesab edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin «b» bəndinə əsasən onun əmək müqaviləsinə 08 iyul 2022-ci il tarixdə xitam veriləcəyi bildirilmişdir. Ona ünvanlanmış 07 iyul 2022-ci il tarixli əsassız məktubda bir sıra qanun pozuntusuna yol verilmişdir. «My.Gov.az» portalında olan vətəndaşın iş veri haqqında arayışa asasan, o, Cavabdeh MMC-yə layihələrin idarəedilməsi şöbəsinin əməkdaşı, aparıcı material nəzarətçisi vəzifəsində çalışdığı qeyd edilmişdir. Onunla əmək müqaviləyinin bağlandığı tarix xx.xx.2018-ci il və əmək müqaviləyinin müddətinin qurtardığı tarix xx.xx.2021-ci il qeyd edilmişdir. İlk dəfə onunla əmək müqaviləsi 3 il müddətinə bağlanmışdır. Hesab edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.2-ci maddəsinə əsasən, müddətsiz bağlanmış hesab edilməlidir (qoşmada potaldan çıxarış təqdim edilmişdir). Onunla Cavabdeh MMC arasında bağlanmış 02 iyul 2018-ci il tarixli, 03 nömrəli əmək müqaviləsinin müddətinin nəyə görə 02 iyul 2022-ci il tarixdə bitdiyi məlum deyildir. Belə ki, onunla yazılı fomada, bağlanan 02 iyul 2018-ci il tarixli, 03 nömrəli əmək müqaviləsinin müddəti 02 iyul 2019-cu ildə bitir. İlk dəfə əmək müqaviləsi onunla Cavabdeh MMC arasında 2018-ci ildən 2021-ci ilə kimi 3 il müddətinə bağlanmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 02 iyul 2018-ci il tarixli 03 nömrəli əmək müqaviləsinin müddəti xx.xx.2021-ci ildə bitmişdir. İlk dəfə 3 il müddətinə əmək müqaviləsi bağlanmışdır. Tərəflərin etirazı olmadığı ücün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən əvvəl müəyyən olunmuş müddətə, yəni 3 (üç) il müddətə uzadılmış hesab edilir. Qanunvericiliyə uyğun olaraq onunla Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsi xx.xx.2024-cü ildə bitir. Ona tutduğu vəzifədən əmək müqaviləsinin müddətinin bitməsinə dair ünvanlanmış 07 iyul 2022-ci il tarixli əsassız xəbərdarlıq məktubunun tam araşdırılmasını məqsədə müvafiq hesab edərək dövlət qurumlarına müraciətlər etmişdir. Həmçinin, Cavabdeh MMC-dən qanunsuz olaraq əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə ərizə ilə müraciət etmişdir. Ona qarşı qeyd olunan bütün nöqsanların tam və hərtərəfli araşdırılmasını xahiş etmisdir. xx.xx.2022-ci il tarixli, **********71 nömrəli və xx.xx.2022-ci il tarixli, **********9 nömrəli müraciətində bütün nöqsanları qeyd etmiş, Cavabdeh MMC tərəfindən qanunsuz əmək, müqaviləsinə xitam verilməsinə dair bütün sənədləri təqdim etmişdir. Lakin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən araşdırma aparılmamış və heç bir iş görülməmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddia əsassızdır. Belə ki, İddiaçı və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsi İddiaçıin bildirdiyi kimi 3 il müddətinə deyil 1 il müddətinə bağlanmışdır (qoşmaya əlavə edilmişdir) və tərəflərdən birinin tələbi ilə xitam verilmədiyi üçün eyni müddətə 1 il olmaqla hər dəfə uzadılmışdır. xx.xx.2022-ci il tarixdə isə əmək müqaviləsinə xitam verilməsinə dair bildiriş Cavabdeh MMC tərəfindən İddiaçıə göndərilmiş və əmək müqaviləsinə xitam verildiyi bildirilmişdir. Qanunvericiliyə əsasən ardıcıl olaraq 5 il müddətində eyni iş yerində çalışdıqda müddətsiz əmək müqaviləsi bağlanmalıdır ki, göründüyü kimi hazırda belə hal mövcud deyildir, çünki Cavabdeh MMC və İddiaçı arasında əmək münasibətləri 4 il davam etmişdir. Eyni zamanda İddiaçıə göndərilmiş bildirişdə qeyd edildiyi kimi onunla əmək münasibətlərinə onun iddia etdiyi kimi Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən deyil, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən xitam verilmişdir. Həmin maddədə deyilir: Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: b) əmək müqaviləsinin müddətinin qurtarması. Maddənin məzmunundan göründüyü kimi, əmək müqaviləsinin müddətinin bitməsi əmək münasibətlərinə xitam verilməsi üçün əsasdır. Həmçinin bildirir ki, işəgötürənin məktub və digər bildirişləri işçiyə rəsmi ünvanı üzrə göndərmək öhdəliyi vardır və Cavabdeh MMC üzərinə düşən öhdəliyini yerinə yetirmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli məktublar xəbəmaməli olaraq İddiaçıə göndərilmiş və qəbul edilmişdir ki, həmin məktubların İddiaçı tərəfindən imzalanıb-imzalanmamasından asılı olmayaraq rəsmən göndərilmiş hesab edilir. Bundan əlavə müraciətdə İddiaçıin bildirdiyi kimi əmək müqaviləsinin xx.xx.2019-cu il tarixdə 3 il müddətinə uzadılması fikrini əsaslı hesab etmir, çünki yuxarıda qeyd edildiyi kimi əmək müqaviləsi 1 il müddətinə bağlanmış və avtomatik uzadılaraq xx.xx.2022-ci il tarixə kimi davam etmişdir. Kompensasiya və digər ödənişlərlə bağlı tələblərə münasibətdə bildirmək istəyir ki, işəgötürənlə İddiaçı arasında bütün münasibətlər qanunvericiliyin tələblərinə uyğun aparılmış və yekunlaşdırılmışdır. Qanunvericiliyə əsasən əmək münasibətlərinə əmək müqaviləsinin müddətinin bitməsi səbəbindən xitam verildikdə heç bir kompensasiya və ya ödəniş nəzərdə tutulmur. Qeyd edilənlərə əsasən bildirir ki, iddiaçının istinad etdiyi məqamlar əsassızdır. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etmədi, nümayəndə Elxan Əliyevin izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, 02 iyul 2018-ci il tarixli 03 nömrəli əmək müqaviləsinə əsasən İddiaçı Cavabdeh MMC-yə yuxarıda qeyd olunan vəzifəyə işə qəbul edilmişdir. Müqavilə bir il müddətinə bağlanmışdır. Müqavilənin müddəti bitəndən sonra, daha bir il müddətinə uzadılmışdır. Ümumiyyətlə isə bu müddət 2022-ci ilədək uzadılmışdır. 07 iyul 2022-ci il tarixdə iddiaçıya müvafiq xəbərnaməli bildiriş göndərilərək, onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən xitam veriləcəyi barədə xəbər verilmişdir. 08 iyul 2022-ci il tarixli əmrlə əmək müqviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən xitam verilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsinin iddiaçıya ünvanladığı məktublardan görünür ki, İddiaçı müraciətinə həmin idarədə baxılmış və iddiaçıya müraciətin araşdırılmasına dair hallar bildirilməklə, məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. - Bakı 18 saylı Mediasiya Təşkilatının ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 22 noyabr 2022-ci il tarixli MŞB/18-00038 saylı arayışından görünür ki, hazırkı mübahisə üzrə cavabdeh ilkin mediasiya sessiyasına nümayəndəsini göndərməmişdir. İddiaçı ilkin mediasiya sessiyasına gəlmiş və ilkin mediasiya sessiyasının keçirilməsi üçün nəzərdə tutulan 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İşin faktiki hallarından göründüyü kimi, işəgötürən Əmək qanunvericiliyinə riayət etməklə, əmək müqaviləsinə müqavilənin müddətinin bitməsi əsası ilə xitam vermişdir. İddiaçının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin «b» bəndinə əsasən işdən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əsaslı olmuşdur. Cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, cavabdeh qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. İddia əsassızdır və təmin edilə bilməz. Bundan başqa, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara (əmək müqaviləsinin 3 il müddətinə bağlanması və s.) dair sübutları məhkəməyə təqdim etməmişdir. Əlavə olaraq məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə işdən azad edildiyini bildiyi halda və qanunla müəyyən olunmuş iddia müddətini ötürdükdən sonra, yalnız xx.xx.2022-ci il tarixdə mediasiyanın tətbiqi barədə ərizə ilə müraciət etmişdir. Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Lakin iddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddət üzrlü səbəb olmadan ötürülmüşdür. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Cavabdeh tərəf Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göründüyü kimi, iddia əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı «kompensasiyanın və digər ödənişlərin ödənilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «kompensasiyanın və digər ödənişlərin ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar