Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-814/2025 07.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi və adının elektron informasiya sistemindən çıxarılması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi və adının elektron informasiya sistemindən çıxarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin «Əmək və Məşğulluq» alt sisteminə daxil edilməsi vəzifəsinin X1 həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixdə əmək müqaviləsi bağlanmışdır. Bundan sonra cavabdehlə aralarında olan əmək münasibətləri 1 aydan az müddətdə davam etmişdir və hazırda faktiki olaraq həmin qurumda işləmir. Cavabdehlə aralarında olan əmək müqaviləsi isə qüvvədədir. Cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilmədiyi üçün başqa işəgötürənlə əmək müqaviləsi bağlaya bilmir. Bu isə onun əmək hüquqlarını pozur. Bu səbəbdən həmin əmək müqaviləsinə xilam verilməsi zərurəti yaranmışdır. Mübahisənin həlli məqsədilə AR ƏƏSMN tabeliyində 3 saylı Bakı DOST Mərkəzinə müraciət ünvanlamışdır. Ünvanladığı müraciətə AR ƏƏSMN yanında X2 Xidməti Bakı şəhəri İdarəsi tərəfindən baxılmış və mübahisənin bu orqan tərəfindən bilavəsitə həll edilməsinin mümkün olmadığı ilə bağlı cavab təqdim edilmişdir. Mübahisənin həlli məqsədilə 16 sentyabr 2024-cü il tarixdə Bakı 6 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Bakı 6 saylı Mediasiya Təşkilatı tərəfindən təqdim edilmiş MŞB/6-01808 nömrəli ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayış təsdiq edir ki, cavabdeh “Cavabdeh MMC ilkin mediasiya prosesində iştirak etməmişdir. Belə ki, Cavabdeh MMC-nin səlahiyyətli şəxsi tərəfindən əmək müqaviləsinə OMAS-da xilam verilmədiyi üçün başqa işəgötürənlə əmək müqaviləsi bağlaya bilmir. Bu isə onun konstitusion hüququnu pozur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh MMC-yə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onların nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən işə Cavabdeh MMC-nin və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlər toplusundan görünür ki, kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında İnternet Vergi İdarəsinin məlumatlarına əsasən cavabdeh dövlət qeydiyyatına alınmış, ona müvafiq VÖEN verilmişdir. Tərəflər arasında əmək müqaviləsi bağlanmışdır. Tərəflər arasında əmək münasibətlərinin bitməsinə baxmayaraq, əmək müqaviləsi bildirişinə elektron informasiya sistemində xitam verilməmişdir (işəgötürən tərəfindən bu barədə məlumat elektron informasiya sisteminə daxil edilməmişdir). Bu səbəbdən iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur. Belə ki, o, uzun müddətdir ki, başqa işə düzəlmək və qanunla müəyyən edilmiş qaydada əmək müqaviləsi bağlamaq imkanından məhrum olunmuşdur. Bütün bu halları nəzərə alıb, iddiaçı son çarə olaraq məhkəməyə müraciət etməklə, pozulmuş hüquqlarının bərpa edilməsini xahiş etmişdir. «Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 27 dekabr 2013-cü il tarixli 875-İVQD nömrəli Qanunu əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin yaradılmasının hüquqi əsasını müəyyən etmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinə edilən dəyişiklikliyə əsasən, əmək müqaviləsi bildirişini müvafiq elektron informasiya sisteminə daxil etmək işəgötürənin vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin birinci bəndinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə «Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar» təsdiq edilmişdir. Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə elektron sənəd – yəni əmək müqaviləsi bildirişi daxil edilməlidir. Bunun üçün isə işəgötürənlərin və ya onların səlahiyyət verdiyi şəxslərin gücləndirilmiş e-imzası olmalıdır. E-imza işəgötürənin işçi ilə imzaladığı və möhür ilə təsdiq etdiyi əmək müqaviləsinin sistemə daxil edilərkən eyni hüquqi qüvvəni saxlamasını təmin edir. Sistemdə işəgötürən tərəfindən təsdiq edilmiş hüquqi qüvvəyə malik əmək müqaviləsi yerləşdirilir. E-imza vasitəsilə sistemə daxil edilən əmək müqaviləsi bildirişi eynilə kağız üzərində olduğu kimi, hər iki tərəfin hüquqlarını müdafiə edərək, məsuliyyətdən yayınmanın qarşısını alır. Bu sistem işçilərin əmək hüquqlarının pozulmamasına, habelə işəgötürən-işçi münasibətlərinə nəzarəti gücləndirməklə, inkişaf edən və ya inkişafdan qalan fəaliyyət sahələrin ayırd edilməsinin asanlaşmasına, iqtisadi inkişafın tənzimlənməsi üzərində işlərin keyfiyyətinin artmasına, dolayısıyla da sosial rifahın yüksəldilməsinə müsbət təsir göstərir. Məhkəmə yuxarıda sadalananları nəzərdən keçirərək, qeyd etməyi zəruri hesab edir ki, işin faktiki hallarından göründüyü kim, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək münasibətləri uzun müddət öncə bitmiş, lakin əmək müqaviləsi bildirişinə elektron informasiya sistemində xitam verilməmişdir. Göründüyü kimi, iddiaçının iddiası əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilmiş hesab edilməli, İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilmiş hesab edilsin. İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-814/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-814/2025
07.01.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver