Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-815/2025 14.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun və iki azyaşlı övladlarının ünvan 1 ünvanında pasport qeydiyyatında olmağıyla yanaşı, bütün cehiz əşyalarının həmin ünvanda yerləşdiyinə görə çox aciz vəziyyətdə olduğunu nəzərə alıb, həmin ünvana 2 azyaşlı övladlarıyla köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi 28, mənzil 30 saylı ev qayınanası Cavabdeh adınadır. İddiaçı cavabdehin oğlu X8 ilə ailə quraraq nikahı xx.xx.2014-cü ildə rəsmiləşdirmişlər. Ailə qurduğu ilk gündən, keçmiş qayınanası Cavabdeh mülkiyyətində olan, ünvan 2 ünvanına gəlin köçmüşdür, cehiz əşyalarını həmin ünvanda yerləşdirib, həmin mənzilə pasport qeydiyyatına alınmışdır. Bir müddət həmin ünvanda yaşadıqdan sonra ailəliklə Qazaxıstan Respublikası Almata şəhərinə işləmək üçün getmişlər. Hər il ünvan 4 ünvanına gəib 3 ay qalıb sonra yenidən Almata şəhərinə gedirdilər. 2023-cü ildə keçmiş həyat yoldaşı X8 ilə anlaşa bilməmişlər və xx.xx.2023-cü il tarixli, № 7585-23-00- 2/1738 saylı Qazaxıstan Respublikası məhkəməsinin qətnaməsi ilə cavabdeh X8 ilə aralarında olan nikah pozulmuşdur, azyaşlı övladlarının onun himayəsində saxlanılmaları qəl edilmişdir. Nikah pozulduqdan sonra onu Qazaxıstan Respublikasında yaşadıqları evdən cavabdeh qovmuş, o da 2 azyaşlı övladlarıyla öz vətəninə qayıtmışdır, yaşamağa yeri yoxdur. Düşünmüşdür ki, cavabdeh ünvan 5 ünvanında cehizi və digər əşyaları olan və qeydiyyatda olduğu evdə körpələri ilə birgə köçüb yaşasınlar. Həmin ünvanda yaşamaq hüququ var. Ona görə iddia ərizəsi verir. Çünki cavabdehlər Qazaxıstan Respublikasında yaşayır, ona və körpələri yaxın durmamışlar, o da azyaşlı övladlarıyla gəlib qeydiyyatı olan, cehiz əşyaları yerləşən evdə köçüb yaşamaq istəyir. Hazırda cavabdehə qarşı "Evə köçrülmə barədə" iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan sonra cavabdeh alimentin təyin olunması barədə iddia ərizəsinə baxılan zaman məhkəməyə gəlib, oğlunun etibarnaməsi əsasında alimentin ödənilməsinə etiraz etmədi və körpələrinin pis vəziyyətdə olduğunu görüb, 20 gün müddətinə yaşadıqları Qazaxıstan Respublikasının Almata şəhərindəki evlərinə aparmışdır. Cavabdeh özü də başa düşmüşdür ki, məhkəmədə işə baxılması müəyyən müddət vaxt tələb edir. Bu müddət ərzində o, 2 körpəsi ilə nə qədər qohum-qonşu qapılarında qalacaq? Onun körpələri normal qidalana, normal vaxt keçirə bilmədiklərindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, keçmiş gəlini olan İddiaçı köçmək istədiyi mənzil onun xüsusi mülkiyyətindədir. İddiaçının mübahisə predmeti olan mənzilə istifadə hüququ olmadığı üçün iddia tələbinin rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Qazaxıstan Respublikasının 7585-23-00-2/1738 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı nikahın pozulması barədə iddiası təmin edilmiş, İddiaçı Şahın qızı ilə X8 arasında 13 oktyabr 2014-cü il tarixində Bakı şəhəri 1 saylı "Asan xidmət” mərkəzinin qeydiyyat şöbəsində 2415 nömrə ilə qeydə alınmış nikah pozulması, nikah məhkəmə qətnaməsi qüvvəyə mindiyi gündən pozulmuş hesab edilməsi, nikah pozulduqdan sonra yetkinlik yaşına çatmayan övladlar anaları İddiaçı yanında qalmaları, nikah pozulduqdan sonra İddiaçı Şahın qızına öz "Məmmədzadə” soyadı qaytarılması, nikahın pozulması haqqında qüvvəyə minmiş məhkəmə qətnaməsi qeydiyyat orqanlarında dövlət qeydiyyatına alına bilməməsi, ər-arvad nikahın pozulması haqqında məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra yenidən nikaha daxil ola bilmələri, 1035 (min otuz beş) tenqe məbləğində ödənilmiş dövlət rüsumu X2 İddiaçı xeyrinə tutulması qət edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MH seriyalı ******* nömrəli çıxarışının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, X7 küçəsi, ev 28, mənzil 30 Cavabdeh xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikasının DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı və xx.xx.2022-ci il tarixli X5 ünvan 6 ünvanında qeydiyyatdadırlar. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanın mülkiyyətçisi Cavabdehdır. Azərbacan Respublikasının DİN-nin Baş Pasportu Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli 18/236862/24 saylı məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, X7 küçəsi, ev 28, mənzil 30 ünvanında xx.xx.1995-ci il təvəllüdlü İddiaçı, xx.xx.2017-ci il təvəllüdlü X8, xx.xx.1997-ci il təvəllüdlü X3, xx.xx.2017-ci il təvəllüdlü X9, xx.xx.1988-ci il təvəllüdlü X10, xx.xx.2016-cı il təvəllüdlü X5, xx.xx.1998-ci il təvəllüdlü X1 xx.xx.1955-il təvəllüdlü X9, xx.xx.1961 -ci il təvəllüdlü X6 yaşayış yeri üzrə qeydiyyatdadırlar. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışa əsasən, xx.xx.2024-cü il tarixdə saat 14:00-14:30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında cavabdeh tərəf iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarında göstərmişdir ki, ... Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İş materialları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi ev 28, 30 nömrəli mənzil Cavabdeh adına xüsusi mülkiyyət kimi xx.xx.2009-cu il tarixdən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilmişdir. İddiaçı cavabdehin gəlinidir. İşin tədqiq olunan faktiki hallarından məlum olur ki, İddiaçı cavabdehin oğlu ilə xx.xx.2014-cü il tarixdə nikaha daxil olmaqla mübahisəli mənzilə köçmüş, həmin mənzilə qeydiyyata alınmış və bu nikahdan 2 uşaqları doğulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında hüquq münasibətləri 01 oktyabr 2009-cu il tarixdən sonra yarandığından mübahisəyə həmin tarixdən sonra qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları tətbiq edilməklə baxılmalıdır. Yuxarıda qeyd edilən maddi hüquq normalarından göründüyü kimi mülkiyyətçi ilə bərabər həmin yaşayış sahəsində yaşayan şəxslərin istifadə hüquqlarının yaranması əsaslarını müəyyən edən Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin mənası baxımından mülkiyyətçinin ailə üzvləri 2 qrupa bölünür. Birincisi, mülkiyyətçi ilə birlikdə yaşayan onun arvadı (əri), uşaqları və valideynləri, ikincisi, mülkiyyətçinin himayəsində olmaqla əmək qabiliyyəti olmayan və mülkiyyətçi tərəfindən ailə üzvü kimi köçürüldükdə - digər qohumlar. İddiaçı cavabdehin gəlinidir, ona görə də, Mənzil Məcəlləsinin adı göstərilən normalarında nəzərdə tutulan mənada mülkiyyətçinin (cavabdehin) ailə üzvləri tərkibinə daxil deyil, cavabdehin oğlu ilə nikaha daxil olduqdan sonra ona məxsus mənzildə yaşamışdır. Sonradan isə cavabdehin oğlu ilə aralarında bağlanmış nikah da məhkəmə qətnaməsi əsasında pozulmuşdur. Həmçinin, iddiaçı cavabdehin digər qohumu da hesab edilə bilməz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Ailə Məcəlləsinin 15-ci fəsli ailənin başqa üzvlərinin, yəni qardaş və bacıların yetkinlik yaşına çatmayan və ya əmək qabiliyyəti olmayan qardaş və bacılarını, baba və nənənin nəvələrini, nəvələrin baba və nənəni, yetirmələrin öz faktik tərbiyəçilərini, ögey oğul və qızların ögey ata və ananı saxlamaqla bağlı öhədilikərinin əsaslarını müəyyən edir. Şərh edilənlərə və qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehin nə ailə üzvü, nə də Ailə Məcəlləsinin 15-ci fəslində nəzərdə tutulan digər qohumu olmadığından onun mənzildən istifadə hüququ yoxdur. O da qeyd olunur ki, mənzilin mülkiyyətçisi olan cavabdehlə iddiaçı arasında heç bir notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmadığından və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, onun mənzildən istifadə hüququ yaranmamışdır. Bundan başqa Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideyinlik hüquqlarını itirməmiş valideyinlərinin yaşayış yeri sayılır. Uşaqların yaşayış yerləri onların valideynlərinin (analarının) yaşayış yeri ilə müəyyən edilir. Bakı şəhəri Qazaxıstan Respublikasının 7585-23-00-2/1738 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən isə uşaqların analarının yanında qalması qət edilmişdir və ananın yaşayış yaşayış yeri uşaqların yaşayış yeri hesab olunur. Uşaqlara münasibətdə iddianın təmin olunması yalnız uşaqların anaları ilə birlikdə köçürülməsi halında mümkündür, lakin yuxarıda qeyd olunduğu kimi onun həmin mənzilə köçürülməsi qüvvədə olan qanunvericiliyin tələblərinə görə mümkün deyildir. Beləliklə işin faktiki hallarını, bu münasibətləri tənzimləyən qanunvericiliyin normalarını, həmçinin Konstitusiya Məhkəməsinin Plenumunun adı çəkilən Qərarının müddəalarını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş 50 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı mənzilə köçrülmə tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 50 (əlli) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №2(006)-815/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-815/2025
14.02.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver