Məhkəmə qərarları › İş №2(006)-825/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-825/2021

18.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-825/2021 18.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Ərizəçi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçi «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhər İcra Hakimiyyətini maraqlı şəxs qismində qeyd etməklə, «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx xxxxxx 1989-cu ildən xx xxxxxx 1990-cı ilə qədər Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Tikinti Departamentinin 1 saylı X1 İdarəsində gənc mütəxəssis, eyni idarədə xx xxxxxx 1990-cı ildən xx xxxx 1993-cü ilə qədər yol ustası, xx xxxx 1993-cü ildən xx xxxxxx 2002-ci ilə qədər iş icraçısı və xx xxxxxx 2002-ci ildən xx xxxxx 2004-cü ilə qədər sahə rəisi vəzifəsində işləmə faktının müəyyən edilməsi və maraqlı şəxsin üzərinə güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair arayışın verilməsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 1962-ci ildə Ermənistan SSR Noemberyan şəhərində doğulmuşdur. 1980-ci ildən fəhlə kimi əmək fəaliyyətinə başlamışdır. 1982-ci ildə Azərbaycan Respublikası Memar və İnşaat Universitetinə daxil olmuşdur. 1983-1985-ci illərdə hərbi xidmətdə olmuşdur. 1989-cu ildə ali təhsilini bitirmişdir və həmin ildən 2004-cü ilə qədər Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Tikinti Departamentinin 1 saylı X1 İdarəsində əvvəlcə kiçik mütəxəssis, daha sonra yol ustası, icraçı, sahə rəisi vəzifələrində işləmişdir. 2020-ci ildə 57 yaşının tamamlanması səbəbi ilə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etmişdir. Qeyd edilən orqandan ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün əmək fəaliyyəti ilə məşğul olduğu qurumdan arayışın verilməsini tələb etmişlər. O, Bakı şəhər İcra Hakimiyyətinə ərizə ilə müraciət etsə də, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatından ona ünvanlanmış məktubla Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Tikinti Departamentinin 1 saylı X1 İdarəsinin sənədlərinin arxivə təhvil verilmədiyinə dair cavab verilmişdir. Bu baxımdan onun 1 saylı X1 idarəsində işləməsinə dair müvafiq arayışın alınması imkansızdır. Odur ki, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Belə ki, onun Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Tikinti Departamentinin 1 saylı X1 İdarəsində işləmə faktının müəyyən edilməli və maraqlı şəxsin üzərinə güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair arayışın verilməsi öhdəliyi qoyulmalıdır. Ərizəçi məhkəmə iclasında ərizə tələbini müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Ərizəçinin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ərizə tələbini müdafiə etdi, ərizəçinin izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhər İcra Hakimiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxs Bakı şəhər İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və ərizəçinin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli 03 saylı qərarının (Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında) 13.2-ci bəndində qeyd edilir ki, əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. İş materiallarına əlavə olunmuş sənədlərdən – o cümlədən, ərizəçinin əmək kitabçasının surətindən görünür ki, onun xx xxxxxx 1989-cu ildən xx xxxxxx 1990-cı ilə qədər Bakı şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Tikinti Departamentinin 1 saylı X1 İdarəsində gənc mütəxəssis, eyni idarədə xx xxxxxx 1990-cı ildən xx xxxx 1993-cü ilə qədər yol ustası, xx xxxx 1993-cü ildən xx xxxxxx 2002-ci ilə qədər iş icraçısı və xx xxxxxx 2002-ci ildən xx xxxxx 2004-cü ilə qədər sahə rəisi vəzifəsində işləməsi barədə bütün məlumatlar əmək kitabçasında müfəssəl şəkildə göstərilmişdir. İş materiallarından göründüyü kimi, ərizəçi təsdiq edilməsini tələb etdiyi hüquqi faktları təsdiq edən lazımi sənədlərə malik olmaqla, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə hüquqi zərurət yoxdur. Bu səbəbdən, hazırkı ərizənin təmin edilməsi mümkün deyil. Ödəniş qəbzindən görünür ki, məhkəməyə ərizə təqdim edilməsi üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi təmin edilməməlidir. Ödənilmiş 10 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Məhkəmə ərizəçinin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli 03 saylı qərarının (Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında) 13.3ci bəndində qeyd edilir ki, əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. Ərizəçiyə izah edilməlidir ki, o, güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair arayışın verilməsi öhdəliyinin qoyulması barədə aidiyyatı quruma müraciət edə, müraciəti təmin edilmədiyi təqdirdə, həmin quruma qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldıra bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi təmin edilməsin. Ödənilmiş 10 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar