Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-835/2023 01.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi ilə, İddiaçı cavabdeh "Bank VTB (Azərbaycan)" ASC-yə qarşı "cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi" tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "Bank VTB (Azərbaycan)" ASC-yə qarşı "cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bank VTB (Azərbaycan) ASC-nin borcunun restrukturizasiya edilən borc kimi rəsmiləşdirilməməsinə dair hərəkətləri qanunsuz hesab edilməsi və onun restrukturizasiya edilən borcluların siyahısına əlavə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh Bank VTB (Azərbaycan) ASC-nin 1 №-li “Əcəmi" filialının direktoru A.F.Zeynalov ilə onun arasında 21 may 2013-cü il tarixli, 113194-1- 6748 №-li “Avtomobil Krediti Müqaviləsi" bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən ona 60 ay müddətinə illik faiz dərəcəsi 18% olmaqla 8.886 ABŞ dolları məbləğində pul vəsaiti kreditə verilmişdir. Eyni zamanda 21 may 2013cü il tarixdə cavabdehlə aralarında 1131xx-xx-9058 №-li “İpoteka (Avtomobil) Müqaviləsi”-i bağlanılmışdır. İpotekanın predmeti “Chevrolet Aveo” markalı (mühərrik: A14XER19YB1058, ban: KL1TA69F9DB058, buraxılış ili: 2012, rəng: Gümüş(metal)) avtomobil olmuşdur. Son illər ərzində ölkədə və dünyada olan devalvasiyaya görə sözügedən kredit müqaviləsi üzrə kredit ödənişlərində müəyyən problemlər yaranmışdır. Bununla bağlı cavabdehlə aralarında olan əsas müqaviləyə müəyyən dəyişiliklər edilmiş və bunları nəzərə alaraq tərəflər arasında əlavə razılaşmalar əsasında yeni qrafiklər açılmışdır. Dəfələrlə yuxarıda göstərilən müqavilələrlə bağlı tərəflər arasında problemlər yarandığından (ölkəmizdə və dünyada olan devalvasiya) və bunları nəzərə alaraq tərəflər arasında əlavə razılaşmalar əsasında yeni qrafiklər açılmış, müqavilədə müəyyən dəyişikliklər edilmişdir. Beləliklə, aralarında 19 yanvar 2016-cı ildə 21 may 2013-cü il tarixli, 113194-1-6748 №-li “Avtomobil Krediti Müqaviləsf’-nə dəyişiklik və əlavələr ediİməsi barədə 1 saylı Razılaşma imzalanmışdır. Bu razılaşmaya əsasən 19 yanvar 2016-cı il tarixə mövcud olan borcu kapitallaşdıraraq 6182.0 ABŞ dolları müəyyən edilmiş, bundan əlavə kredit alana 19 iyul 2016-cı il tarixədək güzəşt dövrü təyin olunmuş, bu razılaşmanın tərkib hissisi sayılan yeni Əlavə 1 (ödəniş cədvəli) imzalandığı tarixdən 21 may 2013-cü il tarixli “Kredit Müqaviləsi" üzrə imzalanmış Əlavə 1 qüvvədən düşmüşcür. Həmçinin eyni tarixdə aralarında xx/xx/2013 tarixli 1131xx-xx-9058 saylı X1 edilməsi barədə 1 saylı Razılaşma imzalanmışdır. Daha sonra aralarında 19 avqust 2016-cı il 113194-1-6748 №-li “Kredit Müqaviləsi"nə dəyişiklik və əlavələr edilməsi barədə 02 saylı Razılaşma imzalanmışdır. Bu razılaşmaya əsasən 19 avqust 2016-cı il tarixə mövcud olan borc kapitallaşdırılaraq 6.454 ABŞ dolları məbləğdə müəyyən edilmiş, bundan əlavə kredit alana 19 fevral 2017-ci il tarixədək güzəşt dövrü təyin olunmuş, bu razılaşmanın tərkib hissisi sayılan yeni Əlavə 1 (ödəniş cədvəli) imzalandığı tarixdən 21 may 2043-cü il tarixli “Kredit Müqaviləsi" üzrə imzalanmış Əlavə 1 qüvvədən düşmüşdür. Həmçinin yenə aralarında 19 avqust 2016-cı il tarixdə 21 may 2013-cü il tarixli 1131xx-xx-9058 saylı X1 edilməsi baıədə 02 saylı Razılaşma imzalanmışdır. Baxmayaraq ki, aparılan dəyişikliklərdən sonra ödənişlərini vaxtı-vaxtında həyata keçirmiş, ona məlum olmayan səbəblərdən bugün ki gün bankdakı göstərilən borc məbləği dəfələrlə ödəmə etməyinə baxmayaraq borc məbləği azalmamışdır. Ölkə başçısı, hörmətli Prezidentimiz cənab İlham Əliyevin Azərbaycan manatının devalvasiyası ilə bağlı imzaladığı fərman və sərəncamlara əsasən bir çox bank borclularının kredit borclarının restrukturizasiya edilməsi, kompensasiya verilməsi nəzərədə tutulsa da, o da həmin siyahıda olsa da, nədənsə cavabdeh bank onun siyahıda olmağını gizləyir. Hesab edir ki, cavabdehin bu hərəkətlərinin arxasında bütün restruturizasiya və kompensasiya olunan müştərilər kimi borcun qaytarılması ilə bağlı güzəştlərin istifadəsinə mane olmaq dayanır. Halbuki, Restrukturizasiya edilən yeni kreditlər müştərilərə çox güzəştli şərtlərlə - 5 il müddətinə və illik cəmi 1%-lə verilir. Bu azmış kimi Bank VTB (Azərbaycan) ASC bu yaxınlarda məni borc tələbi ilə bağlı məhkəməyə vermişdir. Tərəfindən bununla bağlı banka müraciət etsəm də, bank heç bir tədbir görməmişdir ki, hesab edirəm qanunsuzdur. Hesab edirəm ki, cavabdeh Bank VTB (Azərbaycan) ASC-rıin borcunun restruturizasiya edilən borc kimi rəsmiləşdirilməməsi qanunsuz hesab edilməli və onu restruturizasiya edilən borcluların siyahısına əlavə edilməsi ilə bağlı qətnamə qəbul edilməlidir. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. Cavabdeh mülki işə onun nümayəndəsinin iştirakı olmadan baxılıb, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Cavabdeh tərəfindən təqdim edilmiş etiraz ərizəsi ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 551 nömrəli xx.xx.2019-cu il tarixli Fərmanının 3.1-ci və 7.3-cü bəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında ********** nömrəli, xx.xx.2019-cu il tarixli qərarının 4.1-ci bəndinə əsasən kompensasiyanın ödənilməsini təmin etmək məqsədilə Palata Fərmanın 3.2-ci bəndinə uyğun olaraq, ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini müəyyən edir və hər bir kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı üzrə ayrılacaq vəsaitin məlbəği barədə məlumatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Mərkəzi Banka təqdim edir. Göründüyü kimi, ödənişin ümumi məbləği, ödəniş ediləcək fiziki şəxslərin siyahısı və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləği Bank tərəfindən deyil, Palata tərəfindən müəyyən edilir. Sonda iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən həmin Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, iş materiallarından görünür ki, iddiaçı restrukturizasiya ilə bağlı banka 2019cu ilin dekabrın 31-dən sonra müraciət etmişdir. Məlumdur ki, «Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi» Qaydasında fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədi ilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulunun 2019-cu ilin dekabrın 31-də başa çatması nəzərdə tutulmuşdur. Digər tərəfdən, iddia ərizəsində də adı qeyd edilən Fərmanla vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri banklara tövsiyə olunmuşdur. Həmçinin, məhkəmə iddiaçının nəzərinə çatdırır ki, Bank fiziki şəxslə müqavilə bağlamağa məcbur edilə bilməz, qanunvericilik bunu qəti şəkildə qadağan edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh "Bank VTB (Azərbaycan)" ASC-yə qarşı "cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi" tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "Bank VTB (Azərbaycan)" ASC-yə qarşı "cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi" tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-835/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-835/2023
01.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver