Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-845/2022 26.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi X1 və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı “işdən azad olunma barədə əmrin ləğv edilməsi, işə bərpa olunma və məcburi işə buraxılmamağa görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh QSC-yə qarşı “işdən azad olunma barədə əmrin ləğv edilməsi, işə bərpa olunma və məcburi işə buraxılmamağa görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin Baş Direktoru tərəfindən İddiaçı haqqında əmək müqaviləsinin ləğv edilməsi barədə 04.10.2021-ci il tarixli 702/A nömrəli əmrini ləğv edib, onu işə bərpa etmək və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 24 yanvar 2018-ci il traixdə 046/Q nömrəli əmrlə Cavabdeh QSC ilə onun arasında bağlanmış 4WJ3LFZ000200 saylı müqaviləyə əsasən işə qəbul olunmuşdur. 04.10.2021-ci il tarixdə Cəmiyyətin baş direktoru cənab X7 onun haqqında “İşdən azad olunma barədə” 702/A nömrəli əmrlə onu qanunsuz və əsassız olaraq işdən azad etmişdir. Əmrin məzmununda göstərilir ki, o, iş rejimi qaydalarının pozuntusunu həftələrarası istirahət günlərindən cümə axşamı və bazar günləri istifadə etməli olduğu halda, rəhbərliyin razılığını almadan özbaşına olaraq həftələrarası istirahət günləri istifadə etmişdir. Həmçinin, o, 23.08.2021-ci il tarixində Mingəçevir Şəhər Xəstəxanasında “ikitərəfli hidrosele” diaqnozu ilə əməliyyat olunmuşdur. Ona Mingəçevir Şəhər Xəstəxanası tərəfindən SN 00007 seriyalı 054673 nömrəli 23.08.2021-ci il tarixli “əmək qabiliyyətinin olmaması” sənədi verilmişdir. İşə götürən tərəfindən qanunvericiliklə müəyyən olunmuş qaydada 23.08.2021-ci il tarixdən 03.09.2021-ci il tarixədək 10 (on) gün “əmək qabiliyyətinin olmaması” sənədi əsasında əmr isə rəsmiləşdirilməmişdir. O, qanunvericilik əsasında 13.09.2021-ci il tarixdə işə başlamalı idi. Lakin, işə götürən qanunsuz olaraq onun 03.09.2021-ci il tarixinə sistemdə olan istifadə etdiyi 11 (on bir) məzuniyyət günü hesabına ondan rəsmi icazə almadan 30.08.2021-ci il, 01.09.2021-ci il və 02.09.2021-ci il tarixli günlər üçün şifahi olaraq əmr verildiyini bildiriblər. Həmin rəsmiləşdirilmiş əmrlə iddiaçı tanış olmamışdır. Əmrin məzmununda isə istifadə edilməmiş 6 (altı) günlük əmək məzuniyyətinə görə kompensasiya ödənişi haqqında göstəriş verilmişdir. Beləliklə, məzuniyyət və sosial müdafiə məsələləri ilə bağlı qanunla qorunan hüquqları pozulmuş və mənafeyinə ziyan vurulmuşdur. Əmrin məzmununda göstərilir ki, əmək fəaliyyəti zamanı iddiaçı tərəfindən kobud hüquq pozuntusuna yol verilmiş və bunun nəticəsində Cavabdeh QSC-nin qanuni mənafeyinə ciddi xələl gətirilmişdir. Halbuki, işəgötürən əmrin məzmununda qanuni mənafeyə ciddi xələl gətirməyə dair baş vermiş hadisənin yeri, tarixi və dəymiş ziyanın məbləğini göstərməmiş, əmrin məzmununa yalan məlumatlar daxil edilmişdir. İşəgötürən əmrin məzmununda göstərir ki, AR Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinin tələblərini pozmaqla əmək vəzifələrinin kobud şəkildə pozuntusuna yolverilməsini nəzərə alaraq, AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndini rəhbər tutaraq onunla bağlanmış 24 yanvar 2018-ci il tarixli əmək müqaviləsi ləğv edilsin. Lakin, işəgötürənin rəsmiləşdirilmiş əmrinin məzmununda göstərilən məlumatlarla Elektron qeydiyyat portalında göstərilən məlumatlar arasında çox ciddi uyğunsuzluqlar vardır. Beləliklə, işə götürən yaranmış mübahisəni Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə hüquq bərabərliyi və qanunun alilik prinsipləri əsasında həll etməyib. Ailəlidir, himayəsində 1 azyaşlı övladı və ali təhsilli işsiz həyat yoldaşı var. Qeyd olunanları nəzərə alaraq, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddia tələbi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsi ev 18, mənzil 71-də yaşayan İddiaçı ilə Cavabdeh QSC arasında 24.01.2018-ci il tarixdə onun nəzarətçi vəzifəsinə qəbul edilməsi barədə 6 (altı) ay müddətinə müddətli əmək müqaviləsi bağlanmışdır. Baş Direktorun 30.03.2020-ci il tarixli ƏMR№022/K nömrəli əmri ilə nəzarətçi vəzifəsində işləyən İddiaçı 30.03.2020-ci il tarixdən auditor vəzifəsinə keçirilmiş və bu barədə onunla bağlanmış əmək müqaviləsində müvafiq dəyişikliklər edilmişdir. AR Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin ikinci cümləsinin “bu məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur” müddəası rəhbər tutularaq onunla bağlanmış əmək müqaviləsi səkkiz dəfə əvvəl müəyyən olunmuş müddətə uzadılmışdır. Cavabdeh QSC-nin auditor vəzifəsində işləyən İddiaçı müəssisədaxili iş rejimi qaydalarını pozaraq həftələrarası istirahət günlərindən cümə axşamı və bazar günlərindən istifadə etməli olduğu halda rəhbərliyin razılığını almadan özbaşına olaraq həftələrarası istirahət günlərindən şənbə və bazar günləri istifadə etməklə əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində Cavabdeh QSC-nin qanuni mənafeyinə ciddi xələl gətirməklə AR Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinin tələblərini pozmaqla əmək vəzifələrinin kobud pozuntusuna yol vermişdir. Qeyd olunanlara əsasən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi rəhbər tutularaq İddiaçı müəssisədaxili iş rejimi qaydalarını pozaraq həftələrarası istirahət günlərindən cümə axşamı və bazar günləri istifadə etməli olduğu halda, rəhbərliyin razılığını almadan özbaşına olaraq həftələrarası istirahət günlərindən şənbə və bazar günləri istifadə etməklə əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvlər, hüquq pozuntuları nəticəsində Cavabdeh QSC-nin qanuni mənafeyinə ciddi xələl gətirməklə AR Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndlərinin tələblərini pozmaqla əmək vəzifələrinin kobud şəkildə pozuntusuna yol verməsi nəzərə alınaraq, Cavabdeh QSC-nin Baş direktorunun 04.10.2021-ci il tarixli ƏMR№702/A nömrəli əmri ilə onunla bağlanmış 24 yanvar 2018-ci il tarixli əmək müqaviləsi ləğv edilmişdir. İddiaçı iddia ərizəsinin 3-cü səhifəsinin üçüncü abzasında Cavabdeh QSC-nin Baş direktorunun onun barəsində olan 04.10.2021-ci il tarixli ƏMR№702/A nömrəli əmrin heç bir etibarlı və əsaslı sübuta istinad etmədən etibarsız olduğunu göstərməyə cəhd etmişdir. Halbuki, İddiaçı ilə bağlanmış 24.01.2018-ci il tarixli əmək müqaviləsinin ləğv edilməsi barədə Cavabdeh QSC-nin Baş direktorunun 04.10.2021-ci il tarixli ƏMR№702/A nömrəli əmri AR Əmək Məcəlləsinin 84-cü maddəsi ilə müəyyən edilmiş “Əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmunu” tələblərinə tam əməl edilməklə tərtib edilmişdir. Göründüyü kimi, İddiaçı Cavabdeh QSC-yə qarşı “işdən azad olunma barədə əmrin ləğv edilməsi, işə bərpa olunma və məcburi işə buraxılmamağa görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsinin əsassız olduğunu bildiyi halda məhkəməyə müraciət etmişdir. Sonda cavabdehin nümayəndəsi iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edərək, İddiaçı Cavabdeh QSC-yə qarşı “işdən azad olunma barədə əmrin ləğv edilməsi, işə bərpa olunma və məcburi işə buraxılmamağa görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 24 yanvar 2018-ci il tarixli Əmək Müqaviləsindən görünür ki, İddiaçı ”AZZA” Qapalı Səhmdar Cəmiyyətindg nəzarətçi vəzifəsinə təyin olunmuşdur. Həmin müqavilədən görünür ki, müqavilənin 8.2. bəndinə dəyişiklik edilərək, İddiaçı «Nəzarətçi» sözü «Auditor» sözü ilə əvəz edilmişdir. Həmin müqavilədə İddiaçı istirahət günləri hər həftənin «çümə axşamı» və «bazar» günləri müəyyən olunmuşdur. İş materiallarında olan 07.09.2021-çi il tarixli Təqdimatından görünür ki, ”AZZA” Qapalı Səhmdar Cəmiyyətinin Təhlükəsizlik Departamentinin müdiri vəzifəsində işləyən X6 ”AZZA” Qapalı Səhmdar Cəmiyyətinin Baş direktoruna müraciət edərək, İddiaçı əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində ”AZZA” Qapalı Səhmdar Cəmiyyətinin qanuni mənafeyinə çiddi xələl gətirilməsini nəzərə alıb, onun barəsində qanuni tədbir görülməsini xahiş olunmuşdur. İş materiallarında olan ”AZZA” Qapalı Səhmdar Cəmiyyətinin İnsan Resursları şöbəsinin müdiri Marqit Balaton tərəfindən tərtib edilmiş 04.10.2021-çi il tarixli Arayışdan görünür ki, ”AZZA” Qapalı Səhmdar Cəmiyyətinin Təhlükəsizlik Departamentinin müdiri vəzifəsində işləyən X6 tərəfindən 07.09.2021-çi il tarixdə verilmiş təqdimatın araşdırılması zamanı Cavabdeh QSC-də auditor vəzifəsində işləyən İddiaçı müəssisədaxili iş rejimi qaydalarını pozaraq həftələrarası istirahət günlərindən cümə axşamı və bazar günləri istifadə etməli olduğu halda, rəhbərliyin razılığını almadan özbaşına olaraq həftələrarası istirahət gönlərindən şənbə və bazar günləri istifadə etməklə əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində ”AZZA” Qapalı Səhmdar Cəmiyyətinin qanuni mənafeyinə ciddi xələl gətirməklə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinin tələblərini pozmaqla əmək vəzifələrinin kobud şəkildə pozuntusuna yol verməsinin tam təsdiq olunducunu nəzərə alıb, onun barəsində qanuni tədbir görülməsinə göstəriş verilməsi xahiş olunmuşdur. İş materiallarında olan ”AZZA” Qapalı Səhmdar Cəmiyyətinin 04.10.2021-ci il tarixli № 702/A nömrəli “işdən azad olunma barədə” Əmrindən görünür ki, Cavabdeh QSC-nin auditor vəzifəsində işləyən İddiaçı müəssisədaxili iş rejimi qaydalarını pozaraq həftələrarası istirahət günlərindən cümə axşamı və bazar günlərindən istifadə etməli olduğu halda rəhbərliyin razılığını almadan özbaşına olaraq həftələrarası istirahət günlərindən şənbə və bazar günləri istifadə etməklə əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində Cavabdeh QSC-nin qanuni mənafeyinə ciddi xələl gətirməklə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinin tələblərini pozmaqla əmək vəzifələrinin kobud pozuntusuna yol vermişdir. Qeyd olunanlara əsasən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi rəhbər tutularaq onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdi. İstifadə edilməmiş 6 (altı) günlük əmək məzuniyyətinə görə ona kompensasiya ödənilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 18 noyabr 2021-çi il tarixli Arayışdan görünür ki, İddiaçı və Cavabdeh QSC-nin nümayəndəsi X5 “işdən azad olunma barədə əmrin ləğv edilməsi, işə bərpa olunma və məcburi işə buraxılmamağa görə əmək haqqının ödənilməsi” tələbinə dair ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul edilmədi. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən tərəflərin birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir; 70-ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər; 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun; 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır; 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz; 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsədə tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmişəmək məzuniyyətinə görə pul əvəzi, işçiyəödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir; 84-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər; 91.1-ci maddəsinə əsasən İş vaxtının rejimi qaydaları — gündəlik iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, növbə sənədləri və onların tərtibi, bir növbədən digər növbəyə keçirilmə, iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi (əvəzgünün verilməsi) qaydaları, habelə həftəlik iş günlərinin sayı müəssisədaxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir. 186.2-ci maddəsinin «ç» bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndinə əsasən ləğv etmək kimi intizam tənbeh tədbiri verə bilər; 187.1-ci maddəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edildi ki, İddiaçı 24.01.2018-ci il tarixdə Cavabdeh QSC-də nəzarətçı vəzifəsinə işə qəbul edilmiş, daha sonra 30.06.2020-ci il tarixdə auditor vəzifəsinə təyin edilmiş, 04.10.2021-ci il tarixdə 702/A saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72 maddəsinin “c” bəndinin tələblərini pozmaqla əmək vəzifələrinin kobud şəkildə pozuntusuna yol verməsini nəzərə alaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri) tutduğu vəzifədən azad edilmişdir. Belə ki, Cavabdeh QSC-nin auditor vəzifəsində işləyən İddiaçı müəssisədaxili iş rejimi qaydalarını pozaraq həftələrarası istirahət günlərindən cümə axşamı və bazar günlərindən istifadə etməli olduğu halda, rəhbərliyin razılığını almadan özbaşına olaraq həftələrarası istirahət günlərindən şənbə və bazar günləri istifadə etməklə əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində Cavabdeh QSC-nin qanuni mənafeyinə ciddi xələl gətirməklə AR Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinin tələblərini pozmaqla əmək vəzifələrinin kobud pozuntusuna yol vermişdir. Əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri nəticəsində hüquq pozuntuları törətmiş İddiaçı izahatları aınmış və İddiaçı izahatlarında şirkətdə işlədiyi müddərdə öz razılığı ilə ona həftələrarası istirahət günlərinin cümə axşamı, bazar günləri müəyyən edildiyi halda, rəhbərliyinin razılığı almadan özbaşına olaraq iki dəfə cümə axşamı həftələrarası istirahət günlərini şənbə günü həftələrarası istirahət günlərin keçirərək istirahət etdiyini göstərmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən İddiaçı əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmaqla ləğv edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, “işdən azad olunma barədə əmrin ləğv edilməsi, işə bərpa olunma və məcburi işə buraxılmamağa görə əmək haqqının ödənilməsi” barədə iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə, cavabdehin nümayəndəsi tərəfindən təqdim edilən iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 296-cı maddəsinə əsasən, bu məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin maddənin ikinci hissəsinə əsasən isə, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 371-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 377-ci maddəsinə əsasən İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı əmək müqaviləsinə xitam verilməsinə dair əmrin surəti və əmək kitabçası 05.10.2021-ci il tarixdə rəsmi qaydada təqdim edilmişdir. Yəni, iddiaçının 05.10.2021-ci il tarixdə Cavabdeh QSC ilə onun arasında bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə rəsmi məlumatı olmuşdur. Daha sonra 13.10.2021-ci il tarixdə Musayev X3 Şurasına müraciət etmiş və 18 noyabr 2021-ci il tarixdə ilkin mediasiya sessiyasında iştirak etməsi barədə arayış almışdır. Bundan sonra İddiaçı 29.11.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə olduğu halda iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi üçün qanunla nəzərdə tutulmuş bir ay müddət ötürülməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh QSC-yə qarşı “işdən azad olunma barədə əmrin ləğv edilməsi, işə bərpa olunma və məcburi işə buraxılmamağa görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh QSC-yə qarşı “işdən azad olunma barədə əmrin ləğv edilməsi, işə bərpa olunma və məcburi işə buraxılmamağa görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-845/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-845/2022
26.01.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver