Məhkəmə qərarları › İş №2(006)-850/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-850/2021

02.02.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-850/2021 02.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh “xxxx” QSC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixə qədər dövr üçün ödənilməyən maaşının ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2020-ci il tarixdən "xxxx" QSC Bakı sərnişin stansiyası rəisinin xx xxxxxx 2020-ci il tarixli 04 saylı əmrinə əsasən növbəti məzuniyyət hesabına 10 (on) günlük məzuniyyətə çıxmışdır. Həmçinin də xx xxxxxx 2020ci il tarixdən x xxxx 2020-ci il tarixə qədər xəstəliyi ilə əlaqədar müalicədə olmuşdur. Bu barədə xəstəlik vərəqəsini iş yerinə təqdim etmişdir. xx xxxx 2020-ci il tarixdən məzuniyyət vaxtı səhhəti ilə əlaqədar müalicə almaq məqsədilə Ukrayna Respublikasına Bakı-Kiyev- Xarkov və xx.xx.2020-ci il tarixinə geriyə dönüş bileti alaraq getmişdir. Məlum hadisələrlə əlaqədar pandemiya dövründə xx.xx.2020-ci il tarixdən bütün Dövlət sərhədləri bağlanmış və AVİA uçuşları təxirə salınmışdır. Bu səbəbdən xx.xx.2020-ci il tarixə qədər Ukrayna Respublikasının Kiyev şəhərində qalmalı olmuşdur. Bu barədə Azərbaycan Respublikasının Ukrayna Respublikasındakı səfirlik vasitəsilə iş yerinə, yəni Bakı sərnişin stansiyasına məlumat göndərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinəti yanında Operativ Qərargahın qərarlarını nəzərə alaraq pandemiya dövründə xüsusi karantin şəraitində ona xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixə qədər dövr üçün maaşının ödənilməyən günlərin ödənməsi üçün xxxx QSC X3 rəisi Tural Məmmədova xx.xx.2020-ci il tarixdə ********* saylı mədaxil qəbzlə poçt vasitəsilə ərizə ilə müraciət etmişdir. Təəssüflər olsun ki, üstündən xeyli müddət keçməsinə baxmayaraq o, ünvanına yazılı cavab almamışdır. Telefon vasitəsilə əlaqə saxladıqdan sonra cavabın kompüterə email adresə göndərildiyi bildirilmişdir və birmənalı olaraq maaşını ödəməkdən imtina edilmişdir. Azərbaycan Respublikasının prezidenti cənab X5 dövrünə aid tapşırıqlarını, AR NK-nin yanında Operativ Qərargahın qəbul etdiyi qərarları nəzərə alaraq Pandemiya şəraitində karantin dövründə xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixə qədər dövr üçün ödənilməyən maaşının ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, 2(006)-5313/2020 saylı mülki iş üzrə cavabdeh “xxxx” QSC X3 “xxxx” QSC ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd olunan məzmunda izahat verərək iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, İddiaçı xx xxxxxx 2020-ci il tarixdə 10 günlük məzuniyyətə çıxmış, lakin dediyinə görə bir gün sonra - 14 yanvardan başlayaraq 9 marta kimi xəstə olması ilə əlaqədar müalicə almışdır. 10 martda isə işəgötürənlə razılaşdırmadan və heç bir əmr olmadan Ukrayna Respublikasına getmiş, pandemiya ilə əlaqədar xx.xx.2020-ci il tarixinədək həmin ölkədə qalmışdır. İddiaçı 13 yanvarda çıxdığı məzuniyyət 23 yanvarda bitməli və o, 24 yanvarda işə çıxmalı idi. Lakin xəstəlik səbəbindən əmək məzuniyyətindən istifadə edə bilməmiş, 14 yanvardan 9 marta kimi müalicə almışdır. Artıq İddiaçı müalicəsini başa vurduğu üçün 10 martda işə çıxmalı və bundan sonra əmək məzuniyyətinin başqa vaxta keçirilməsini işəgötürən ilə razılaşdırmalı idi. Lakin İddiaçı əmək qanunvericiliyinin tələblərini pozaraq, işəgötürənlə razılaşdırmamış şəkildə, öz rəyi ilə və məzuniyyət əmri olmadan 10 martdan başlayaraq əmək məzuniyyətinə çıxmışdır. Beləliklə İddiaçı əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə əmək məzuniyyətinin vaxtının başqa vaxta keçirilməsi ilə əlaqədar işəgötürənə müraciət etməli oldğu halda bunu etməmiş, əmək qanunvericiliyinin normalarını kobud şəkildə pozmuş, işəgötürənin razılığı və məzuniyyət əmri olmadan 10 martdan işə çıxmamışdır. Məhz bu səbəbdən də iddiaçının işə çıxmadığı dövr üçün əmək haqqı hesablanmasını və ödənilməsini tələb etməsi tam əsassızdır. Qeyd olunanlara əsasən iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. “xxxx” QSC X1 Bakı Sərnişin Stansiyasının rəisinin “əmək məzuniyyətinin verilməsi haqqında” xx.xx.2020-ci il tarixli, 04 nömrəli əmrindən görünür ki, İddiaçı 10 təqvim günü əsas məzuniyyət (xx.xx.2020 - xx.xx.2020) müəyyən edilmiş və 20 Yanvar – Ümumxalq hüzn günü əmək məzuniyyəti dövrünə təsadüf etməsi ilə əlaqədar əmək məzuniyyətinin müddəti 01 (bir) təqvim günü müddətinə qədər haqqı ödənilmədən uzadılmışdır. İşə başlamalı olduğu tarix xx.xx.2020-ci ilə kimi müəyyən edilmişdir. Seriya nömrəsi SN 000xx xxxx 506564 saylı əmək qabiliyyətinin olmaması vərəqəsinin surətindən görünür ki, “xxxx” QSC-də mühəndis vəzifəsində çalışan İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər xəstəliyi ilə əlaqədar işdən azad edilmişdir. İşə başlamalı olan tarix kimi xx.xx.2020-ci il kimi müəyyən edilmişdir. "xxxx" QSC X3 rəisi tərəfindən İddiaçı Taqəddin oğluna ünvanlanmış cavab məktubundan görünür ki, xx.xx.2020-ci il tarixli ərizəyə tərəflərindən baxılmışdır. Aidiyyəti üzrə sənədlər araşdırıldıqdan sonra məlum olmuşdur ki, İddiaçı Taqəddin oğlunun əmək məzuniyyəti xx.xx.2020-ci il tarixindən deyil xx.xx.2020-ci il tarixindən başlamış və həmin gündən etibarən ona əmək qabiliyyətinin olmaması vərəqəsi yazılmışdır. Bununla yanaşı onun xarici ölkəyə səfəri xidməti fəaliyyətlə bağlı olmadığından əmək funksiyalarını birbaşa və ya dolayısı ilə yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyinin məktubundan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı İddiaçı Taqəddin oğlu dünyada sürətlə yayılan "koronovirus" epidemiyasının qarşısının alınması istiqamətində Ukrayna Nazirlər Kabinetinin qərarı ilə xx xxxx 2020-ci il tarixdən etibarən elan olunmuş karantin və xx xxxx 2020-ci il tarixdən bütün beynəlxalq uçuşlarının dayandırılması səbəbindən hazırda Ukraynadadır. Sözügedən şəxs vətənə qayıtmaq üçün Səfirliyə müraciət etmiş və tərəflərindən qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş PP tipli P4359348 nömrəli pasportun surətindən görünür ki, İddiaçı Taqəddin oğlu Azərbaycan Respublikasının ərazisini xx.xx.2020-ci il tarixdə tərk etmiş, xx.xx.2020-ci il tarixdə isə geri qayıtmışdır. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, İddiaçı Taqəddin oğlu "xxxx" QSC Bakı sərnişin stansiyası rəisinin xx xxxxxx 2020-ci il tarixli 04 saylı əmrinə əsasən 10 (on) gün müddətinə növbəti əmək məzuniyyətinə çıxmışdır. O, xx xxxxxx 2020-ci il tarixdən x xxxx 2020-ci il tarixə qədər xəstəliyi ilə əlaqədar müalicədə olduğundan, əmək məzuniyyətinin verilmə vaxtının x xxxx 2020-ci il tarixdən sonrakı 10 günlüyə keçirilmiş olduğunu zənn edərək, iş yerinə məlumat vermədən xx xxxx 2020-ci il tarixdən müalicə almaq məqsədilə Ukrayna Respublikasına getmişdir. Dünya miqyasında yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasının ərazisinə vaxtında qayıda bilməyən iddiaçı hazırda xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixə qədər dövr üçün ödənilməyən maaşının ödənilməsini tələb edir. Məhkəmə iddiaçının müvafiq tələbi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin “d” və “x” bəndlərinə əsasən işçinin əmək müqaviləsi üzrə qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq, hər il bu Məcəllədə nəzərdə tutulmuş minimum müddətdən az olmayan ödənişli əsas məzuniyyətdən və müvafiq hallarda əlavə, sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə etmək hüququ vardır. Bu Məcəllənin 134-cü maddəsinin 1-3-cü bəndlərinə görə əmək məzuniyyətlərinin verilmə vaxtı işəgötürənin və işçinin təşəbbüsü ilə əsaslandırılmaqla onların qarşılıqlı razılığı ilə başqa vaxta keçirilə bilər. Əmək məzuniyyətinin başqa vaxta keçirilməsi dedikdə, cari ildə məzuniyyətinin verilmə növbəsində nəzərdə tutulan vaxtın bir aydan başqa aya, cari iş ilindən növbəti iş ilinə, habelə növbəti təqvim ilinə keçirilməsi başa düşülməlidir. İşçinin təşəbbüsü ilə aşağıdakı hallarda əmək məzuniyyəti başqa vaxta keçirilə bilər: əmək qabiliyyəti müvəqqəti itirildikdə; əmək məzuniyyəti ilə sosial məzuniyyət bir vaxta düşdükdə; işəgötürənin tapşırıqlarını yerinə yetirmək üçün başqa yerə ezam edildikdə. Həmin Məcəllənin 154.1-ci maddəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Məhkəmə ilk öncə iddiaçıya verilmiş xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan məzuniyyət vaxtının başqa vaxta keçirilməsinin qanunauyğunluğunun yoxlanmasının zəruri olduğu qənaətinə gəlir. Belə ki, iddiaçının dediyinə görə, o, məzuniyyət vaxtının başqa tarixə keçirilməsi barədə işəgötürənə məlumat verməmiş, özünün bu hərəkətini "xxxx" QSC-də yaranmış təcrübə ilə əlaqələndirmişdir. Halbuki əmək məzuniyyətinin başqa vaxta keçirilməsini tənzimləyən qanun normalarının məzmununa görə işçinin əmək qabiliyyətinin müvəqqəti itirilməsi və digər səbəbdən məzuniyyətin başqa vaxta keçirilməsinə yaranmış zərurəti təşəbbüskar olan tərəfindən əsaslandırılmalı, qeyd edilən məsələyə dair qarşı tərəfin razılığı mütləq qaydada alınmalıdır. Eyni zamanda bütün növ məzuniyyətlərin verilməsi kimi əmək məzuniyyətinin başqa vaxta keçirilməsi də işəgötürənin əsaslandırılmış əmri ilə rəsmiləşdirilməli, əmrdə məzuniyyətin başqa vaxta keçirilməsinin səbəbləri və gələcəkdə bu məzuniyyətin veriləcəyi konkret vaxt göstərilməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Taqəddin oğlu əmək məzuniyyətinin başqa vaxta keçirilməsinə işəgötürənin razılığını almadığından “xxxx” QSC X1 Bakı Sərnişin Stansiyasının rəisinin “əmək məzuniyyətinin verilməsi haqqında” xx.xx.2020-ci il tarixli, 04 nömrəli əmrinə əsasən xx.xx.2020-ci il tarixində işə başlamalı olduğu təqdirdə işə gəlməmiş, bununla da əmək qanunvericiliyə zidd hərəkət etmişdir. Belə ki, Əmək Məcəlləsinin 10-cu maddəsinin “d” bəndinə əsasən əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biridir və işçinin əmək müqaviləsinə əsasən iş vaxtı kimi müəyyən edilmiş müddət ərzində işdə olmaması əmək intizamının pozulması kimi qiymətləndirilməlidir. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə iddiaçının iddia ərizəsində boşdayanma dövrü kimi göstərilmiş müddət ərzində, işəgötürəni əmək məzuniyyətinin başqa vaxta keçirilməsi barədə qabaqcadan məlumatlandırmadan işdə olmadığı, həmin müddət ərzində əmək funksiyası üzrə öhdəlikləri yerinə yetirmədiyi, boşdayanmanın onun təqsiri üzündən baş verdiyi hazırkı iddia tələblərinin əsassızlığına dəlalət edir. Belə ki, Əmək Məcəlləsinin 169-cu maddəsinin 2-ci hissəsinə görə işçinin təqsiri üzündən boşdayanma vaxtı ödənilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd olunanlara uyğun olaraq məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və MPM-nin 216-220, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “xxxx” QSC-yə qarşı “pul tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar