Məhkəmə qərarları › İş №2(006)-864/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-864/2025

18.03.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-864/2025 18.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Nümayəndə və cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı "işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Cavabdehnə "işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməsinə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, 17 iyun 2019-cu il tarixdə xx xxx 1980-ci il təvəllüdlü İddiaçı Abasəli oğlu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində körpülü kran operatoru vəzifəsinə işə başlamış və Sumqayıt şəhərində X6 (SCİP) X3 çalışmışdır. Lakin əvvəllər bağlanmış müqavilə müddəti başa çatdıqdan sonra xx.xx.2019-cu il tarixdə onunla bağlanmış əmək müqaviləsi xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2.b maddəsinə uyğun olaraq xitam verilmişdir (müddətli əmək müqaviləsi). Beləliklə, 12 iyul 2024-cü il tarixdə Cavabdeh MMC-nin rəhbərliyi tərəfindən əsassız olaraq vəzifəsindən azad edilmişdir. Ona heç bir pul təzminatı ödəmədən işdən çıxarılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinə əsasən. Bu arada, əmək qanunvericiliyinə görə, Cavabdeh MMC ilə müqavilə avtomatik olaraq uzadılmalı idi. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən, Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət bitdikdən sonra əmək münasibətləri davam etdikdə və tərəflərin olmaması, əmək müqaviləsi əvvəlcədən müəyyən edilmiş müddətə uzadılmış hesab edilərkən, müddət bitdikdən sonra bir həftə ərzində müqavilə xitam verilməsini tələb edir. Bununla bağlı iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Abşeron – X9 şöbəsi ilə əlaqə saxlamışdır. Həmin qurum ona izah etmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsi nəzərə alınmaqla onunla bağlanmış əmək müqaviləsinə xitam verildiyi tarixdən əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi üzrə ən azı 24 ay sığorta stajına malik olmadğı üçün iddiaçıya mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq sığorta ödənişi təyin edilməsi mümkün olmamışdır. Beləliklə, qanunsuz işdən çıxarılmışdır. İddiaçıya başqa iş təklif olunmamışdır. Göstərilənlərə əsasən, İddiaçı Abasəli oğlunun işdən azad olunmasına dair xx.xx.2024-cü il tarixli müvafiq əmrin ləğv olunması, həmin tarixdən onun işə bərpa olunmağı və məcburi buraxdığı iş günləri üçün, iş üzrə yekun məhkəmə qərarı icra olunduğu vaxtadək, əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. 3.Cavabdeh MMC iddia ərizəsinə etiraz təqdim edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. 4.Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının qeyd etdiyinə görə guya onun müddətli əmək müqaviləsi 5 il ötdüyü üçün artıq müddətsiz hesab edilməli və bu səbəbdən də tərəflərindən onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin b bəndinə əsasən xitam verilə bilməzdi. İddiaçı Abasəli oğlu xx.xx.2019-cu il tarixdə Cavabdeh MMC-də işə qəbul olmuş və xx.xx.2024-cü il tarixində müqavilə müddətinin bitməsi səbəbindən əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı Abasəli oğlu xx.xx.2024cü il tarixdən işə gəlmədiyi üçün əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin bitməsi səbəbindən xitam verilməsi ilə bağlı xəbərdarlıq məktubu xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində poçt vasitəsi ilə işçinin qeydiyyatda olduğu və faktiki yaşadığı ünvana göndərilmişdir. Daha sonra işçi şifahi olaraq xəstəliklə bağlı gəlmədiyini və bununla bağlı xəstəlik vərəqəsi təqdim edəcəyini bildirmişdir. Bundan başqa, İddiaçı Abasəli oğlu xx.xx.2024-cü il tarixində "xxxx"-ni Azertexnolayn MMC-yə təqdim etmişdir. Həmin vərəqəyə əsasən, işçi xx.xx.2024-cü il tarixində işə başlamalı idi. Lakin işçi heç bir səbəb göstərmədən işə gəlmədiyi üçün əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin bitməsi səbəbindən xitam verilməsi ilə bağlı xəbərdarlıq məktubu xx.xx.2024cü il tarixində poçt vasitəsi ilə işçinin qeydiyyatda olduğu və faktiki yaşadığı ünvana təkrarən göndərilmişdir. Daha sonra Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinin və həmin məcəllənin 73.2-ci maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2024-cü il tarixli, № 129 K saylı əmrlə əmək müqaviləsinə xitam verilmişdir. Tərəflərindən həmin tarixdə işçi ilə şifahi qaydada əlaqə saxlanılmış, işçinin onun ünvanına işdən çıxış əmrinin surəti ünvanlanaraq gəlib əmək kitabçasını təhvil alması bildirilmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçı müəssisəyə yaxınlaşaraq əmrin ilə tanış olmuş və əmək kitabçasını təhvil almışdır. Müvafiq əmrin surəti müşayiət bu ilə işçiyə təhvil verilmişdir. Müvafiq məsələ ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Abşeron-ünvan 1 ünvanlanmış, məktuba tərəflərindən 18 iyul 2024-cü il tarixli 216/24 saylı məktub ilə cavab verilmiş və tələb edilən sənədlər tərəflərindən təqdim edilmişdir. Yoxlamanın nəticələrinə görə Əmək Müfəttişliyi tərəfindən hər hansı qanunpozuntusu aşkar edilməmiş və tərəflərinə heç bir inzibati tənbeh tətbiq edilməmişdir. Qeyd edilir ki, tərəflər arasında xx.xx.2019-cu il tarixində imzalanmışdır. Əmək müqaviləsi 5 il müddətinə tərtib edilmiş və xx.xx.2024-cü il tarixində müddəti bitməli idi. Lakin işçi xx.xx.2024-cü il tarixindən etibarən işə gəlməmişdir. Tərəflərindən ilkin olaraq xx.xx.2024-cü il tarixdə 164/24 saylı məktub ilə müraciət edilərək onunla imzalanmış əmək müqaviləsinin xx.xx.2024-cü il tarixdə bitəcəyi bildirilmişdir. Daha sonra xx.xx.2024-cü il tarixdə 168/24 saylı ikinci xəbərdarlıq məktubu qarşı tərəfə ünvanlanmışdır. Qeyd edilən xəbərdarlıq məktubları poçt vasitəsi ilə işçinin qeydiyyatda olduğu və faktiki yaşadığı ünvanlara göndərilmişdir. xx.xx.2024-cü il tarixli 168/24 saylı məktub iddiaçıya təqdim edilməsinə baxmayaraq o qəbul etməkdən imtina etmişdir. Daha sonra iddiaçı xəstə olması ilə bağlı xx.xx.2024-cü il tarixli arayış təqdim etmiş və həmin arayışda işə çıxma tarixi xx.xx.2024-cü il olaraq qeyd edilməsinə baxmayaraq işçi həmin tarixdən yenidən fəaliyyətə başlamamışdır. İddiaçı tərəfindən xəbərdarlıqlara cavab verilmədiyi və işə arayışda qeyd edilən tarixdən sonra belə gəlmədiyi üçün xx.xx.2024-cü il tarixdə işçinin əmək müqaviləsinə xitam verilmişdir. Həmin tarixdə əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş və Əmr iddiaçıya ünvanlanmışdır. Daha sonra telefon vasitəsilə iddiaçı ilə əlaqə saxlanılmış və özü xx.xx.2024-cü il tarixdə Cəmiyyətə yaxınlaşaraq əmək kitabçasını təhvil alacağını bildirmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçı cəmiyyətə yaxınlaşaraq əmək kitabçası və digər sənədləri təhvil almışdır. Qeyd edilənlərdən də aydın olur ki, bütün prosessual hərəkətlər həmin tarixdə qüvvədə olmuş Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq yerinə yetirilmişdir. Bu səbəbdən də hesab edilir ki, iddiaçı tərəfindən təqdim edilmiş iddia ərizəsi əsassız olduğundan rədd edilməlidir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 5.Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə olaraq suallara cavab olaraq ciddi xəstəliyi olduğu üçün bülletenə çıxdığını, bülletendə olduğu vaxt, yəni xx.xx.2024-cü ildə işdən çıxarılmağını öyrəndiyini, əvvəlki ünvanda yaşamadığını, bu barədə şirkətə məlumat verdiyini, müqavilədə də həmin ərazinin yazıldığını bildirmişdir. 6.Məhkəmə iclasında iddiaçının vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 7.Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək onun rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, əlavə olaraq suallara cavab olaraq xx.xx.2024-cü il tarixində əmək müaviləsinin müddətinin bitdiyini, həmin tarixdə tərəflərə bildiriş göndərdiklərini, bildirişi iddiaçının faktiki ünvanına, yəni Sumqayıt şəhərinə, həmçinin hüquqi ünvanı olan Masallı rayonuna göndərdiklərini, çatdırılma barədə onlarda sənədlərin olduğunu bildirmişdir. 8.Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 9.Mülki işin materiallarında olan AR ƏƏSMN X4 X2 Filialından İddiaçı ünvanlanan 30 avqust 2024-cü il tarixli cavab məktubundan görünür ki, işsizlikdən sığorta ödənişi almaq hüququna əmək münasibətlərinə “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsində nəzərdə tutulan əsaslarla, yəni dövlət orqanı və ya hüquqi şəxs ləğv edildikdə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin a) bəndinə əsasən, işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.3-cü maddəsinə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70ci maddəsinin b) bəndinə əsasən, əmək müqaviləsinin müddəti qurtardıqda, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin maddəsinin 2-ci hissəsinin b) bəndinə, 73-cü maddəsinin 1-ci və ya 2-ci hissəsinə əsasən xitam veriimiş, müəssisənin müikiyyətçisi dəyişdikdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin ç) bəndinə əsasən, əvvəllər müvafiq işdə (vəzifədə) çalışan işçinin işinə (vəzifəsinə) bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin b) bəndinə əsasən, əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə (vəzifəsinə) qayıtmaq hüququndan istifadə etdikdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin ə) bəndinə əsasən, xitam verilmiş və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə uyğun olaraq Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar malikdirlər. Nəzərə çatdırılır ki, xx.xx.2019cu il tarixdən bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2.b (müddətli əmək müqaviləsinin başa çatması) maddəsinə əsasən xitam verilmişdir. Yuxarıda qeyd olunanlara əsasən nəzərə çatdırılır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsi ( müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir) nəzərə alınmaqla onunla bağlanılmış əmək müqaviləsinə xitam verildiyi tarixdən əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi üzrə ən azı 24 ay sığorta stajına malik olmadığı üçün ona mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq sığorta ödənişi təyin edilməsi mümkün olmamışdır. Agentliyin X2 filialının əməkdaşə tərəfindən onunla əlaqə saxlanılaraq qanunvericilik ətraflı izah edilmiş, əlavə olaraq digər məşğulluq tədbirlərinə cəlb olunmasına köməklik göstərilməsi məqsədilə Filiala və ya Nazirliyin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin 6 saylı DOST mərkəzinə müraciət etməyi töviyyə olunmuşdur. 10.Mülki işin materiallarında olan Sumqayıt 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilən xx.xx.2024-cü il tarixli, MŞS/MT030/2024-02039 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə keçirilən ilkin mediasiya sessiyasında iddiaçı iştirak etmiş, lakin cavabdeh iştirak etməmişdir. 11.Mülki işin materiallarında olan işəgötürən "Azərtexnolayn” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə işçi İddiaçı Abasəli oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli müddətli əmək müqaviləsindən görünür ki, İddiaçı Abasəli oğlu "Azərtexnolayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin X3 Metal Əritmə sahəsinin Tökmə və avtomatik qəlibləmə bölməsində körpülü kran maşinisti vəzifəsinə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 3 aylıq müddətə işə qəbul olunmuşdur. 12.Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli, 129 K nömrəli işdən azad olunma barədə əmrin surətindən görünür ki, “12” iyul 2024-cü il tarixdən cəmiyyətin Körpülü kran maşınisti vəzifəsində çalışan İddiaçı Abasəli oğlu Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. İstifadə edilməmiş əmək məzuniyyətinə görə 1,5 (bir tam beş) təqvim günü pul əvəzi ödənilməsi nəzərdə tutulmuşdur. 13.Mülki işin materiallarında olan iddiaçıya məxsus TK-V seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı Abasəli oğlu xx.xx.2019-cu il tarixli, 107K nömrəli əmr ilə "Azertexnolayn” Məhdud Məsuliyyətli Cəmiyyətinin X3 Metal Əritmə sahəsinin Tökmə və avtomatik qəlibləmə bölməsində körpülü kran maşinisti vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2019-cu il tarixli, 026S nömrəli əmr ilə Texniki Avadanlıqlar zavodunun Dəqiq emal və boya-montaj sahəsinin Boya və montaj bölməsinə keçirilib. xx.xx.2020-ci il tarixli, 035K nömrəli X3 Metal Əritmə sahəsinin Tökmə və avtomatik qəlibləmə bölməsinə keçirilmiş, xx.xx.2024-cü il tarixli, 129K nömrəli əmrlə əmək müqaviləsinı AR ƏM-nin 68-ci maddəsinin 2/b bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir. 14.Mülki işin materiallarında olan X10 tərəfindən verilən əmək qabiliyyətinin olmamasına dair vərəqədən görünür ki, İddiaçı Abasəli oğlu xx.xx.2024-xx.xx.2024-cü il tarixədək uşağına qoyulmuş diaqnoza əsasən işdən azad edilmişdir. 15.Mülki işin materiallarında olan "Azertexnolayn” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı Abasəli oğluna ünvanlanan xx.xx.2024-cü il tarixli, 196/24 və 197/24 nömrəli bildirişlərdən görünür ki, MMC yazaraq bildirmişdir ki, İddiaçı Abasəli oğlu xx.xx.2024-cü il tarixdən heç bir səbəb göstərmədən işə gəlməmişdir. Qeyd edilən səbəbləri nəzərə alaraq onunla "Azertexnolayn” MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin müddəti xx.xx.2019-cu il tarixində bitmişdir. Təqdim edilən xəstəlik vərəqəsinin müddətinin xx.xx.2024-cü il tarixdə bitdiyini nəzərə alaraq xx.xx.2024cü il tarixindən etibarən 7 təqvim günü heç bir sənəd təqdim edilmədiyi təqdirdə əmək müqaviləsinə xitam veriləcəkdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 16.Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanan xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən iddiaçı X3 Metal Əritmə sahəsinin Tökmə və avtomatik qəlibləmə bölməsində körpülü kran maşinisti vəzifəsinə işə qəbul etmiş və onunla xx.xx.2019-cu il tarixdə bağlanılmış müddətli əmək müqaviləsi 3 ay müddətinə - xx.xx.2019-cu il tarixədək bağlanılmış, müqavilədə müəyyən edilmiş müddət bitdikdən sonra hər dəfə əmək münasibətləri davam etdirildiyindən əmək müqaviləsi müəyyən edilmiş müddətə - 3 ay uzadılmış hesab edilmiş, həmin əmək münasibətləri xx.xx.2024-cü il tarixədək davam etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdən işə gəlmədiyi üçün cavabdeh təşkilat tərəfindən əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar iddiaçıya müvafiq bildirişlər göndərilmiş, xx.xx.2024-cü il tarixdə iddiaçı tərəfindən xəstəlik vərəqəsi verilməsinə baxmayaraq, təkrar işə gəlməmiş, bununla bağlı ona əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam veriləcəyi barədə xx.xx.2024-cü il tarixdə təkrar xəbərdarlıq məktubları iddiaçının həm yaşayış ünvanına, həm də rəsmi qeydiyyatda olduğu ünvana rəsmi qaydada poçt vasitəsi ilə göndərilmişdir. Bundan sonra Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli, 129K nömrəli Əmri ilə İddiaçı ilə bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. Hazırda iddiaçı əsassız olaraq vəzifəsindən azad edildiyini iddia edərək, onun işdən azad olunması barədə əmrin qanunsuz hesab edilməklə ləğv edilməsi, işə bərpa olunması və məcburi işburaxmaya dövrü üçün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 17.Məhkəmə ilk növbədə iddia tələbinin “Cavabdeh MMC-nin İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, 129K №-li əmrinin ləğv edilməsi, həmin tarixdən iddiaçının işə bərpa olunması və məcburi buraxdığı iş günləri üçün iş üzrə yekun məhkəmə qərarı icra olunduğu vaxtadək əmək haqqının ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, tələbin “Cavabdeh MMC-nin İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, 129K №-li əmrinin ləğv edilməsi” hissəsi əsas, qalan “həmin tarixdən iddiaçının işə bərpa olunması və məcburi buraxdığı iş günləri üçün iş üzrə yekun məhkəmə qərarı icra olunduğu vaxtadək əmək haqqının ödənilməsi” hissələri isə ondan törəmə tələblərdir. Buna görə də tələbin “əmrin ləğv edilməsi” barədə olan hissəsi məhkəmə qaydasında müfəssəl araşdırılmalı, digər tələblərə də həmin tələbin əsaslı olub-olmaması nəticəsində müvafiq hüquqi qiymət verilməlidir 18.Azərbaycan Respublikası Konstitusiyasının əməyin azadlığını bəyan edən 35-ci maddəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 19.Göstərilən norma hər bir kəsin əmək fəaliyyəti ilə məşğul olub-olmamaqda azad olduğunu müəyyən etməklə məcburi əməyin qadağan edilməsi ilə bağlı dövlət siyasətini əks etdirir, həmçinin əmək bacarıqlarından azad şəkildə istifadə etmək imkanını, fəaliyyət sahəsini və peşəsini, iş yerini seçmək hüququnu təsbit edir. 20.Əmək hüququ hər kəsin bərabər şəraitdə və heç bir ayrı-seçkilik olmadan öz əmək qabiliyyətini reallaşdıraraq əmək münasibətlərinə girmək imkanıdır. Bu hüququn həyata keçirilməsi hər bir kəsin öz iradəsindən asılı olduğundan, əmək müqaviləsi də heç bir təsir altında olmadan sərbəst qaydada bağlanmalıdır. 21.Məhkəmə qeyd edir ki, əməyin azadlığı prinsipi ilkin olaraq şəxslərin işləyibişləməməkdə iradə azadlığını, əmək münasibətlərinə daxil olmaqda könüllülüyü ifadə edir. Yəni, əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs bu münasibətlərə, əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Bu müddəa Əmək Məcəlləsinin əmək müqavilələrinin sərbəst bağlandığını təsbit edən 42-ci maddəsində də öz əksini tapmışdır. 22.Məhkəmə həmçinin qeyd edir ki, qanunverici şəxsin sərbəst iradə ifadəsi əsasında əməyə olan qabiliyyətinin realizəsi üzrə artıq yaratmış olduğu konkret münasibətlərdə məhz işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi, qanuni mənafelərinin qorunması məqsədilə əmək müqaviləsinin yazılı formada bağlanmasının məcburiliyini təsbit etmişdir. 23.Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında iddiaçının Metal Əritmə sahəsinin Tökmə və avtomatik qəlibləmə bölməsində körpülü kran maşinisti vəzifəsinə qəbul edilməsi ilə əlaqədar yazılı formada tərtib edilmiş müddətli əmək müqaviləsi bağlanılmışdır. 24.Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsini bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla ləğv etmək işəgötürənin hüquqları sırasına daxildir. 25.Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. 26.Məhkəmə qeyd edir ki, qanunvericilik əmək müqaviləsinin müddətli bağlanmasının hüquqi əsaslarını müəyyən edir. Belə əsaslardan biri 47-ci maddəsinin “f” bəndində nəzərdə tutulmuşdur. 27.Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsi bağlana bilər. 28.Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanılmış əmək müqaviləsinin 2.1-ci bəndi müqavilənin müddətli olaraq 3 ay müddətinə bağlanılmasını nəzərdə tutduğundan, müqavilə isə tərəflərin iradə ifadəsinə uyğun olaraq bağlanıldığından, beləliklə də müqavilənin müddətli bağlanılmasına tərəflərin qarşılıqlı razılığının mövcud olması məhkəmə tərəfindən müəyyən edildiyindən, məhkəmə hesab edir ki, həmin əmək müqaviləsi qanunvericiliyin tələblərinə uyğun bağlanılmış, iddiaçı əmək müqaviləsinə imza etməklə onun mahiyyəti və şərtləri ilə razılaşdığını nümayiş etdirmişdir. 29.Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinin xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar; d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. 30.Göstərilən Məcəllənin 73-ci maddəsinin 1-ci bəndinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur (xx.xx.2024-cü ilədək olan redaksiya üzrə). 31.Həmin Məcəllənin 73-ci maddəsinin 2-ci bəndinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. 32.Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 73-cü maddəsi müddətli əmək müqaviləsinə xitam verilmə əsasını müəyyən edir. Qanunvericilik əmək müqaviləsinin xitam verilmə əsaslarının biri kimi əmək müqaviləsinin müddətinin qurtarmasını nəzərdə tutur. Bu əsas üzrə əmək müqaviləsinə xitam verilməsinin 2 şərtin olması zəruridir:

1. əmək müqaviləsinin müddətinin qurtarması;

2. müddətli əmək müqaviləsinin xitam verilməsi barədə tərəflərdən birinin təşəbbüsü.

33. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanılmış əmək müqaviləsi müddətli olduğundan, cavabdeh təşkilat Qanunun yuxarıda göstərilən tələbləri baxımından əmək müqaviləsinə müddətin keçməsi ilə əlaqadar xitam verilməsi barədə qərar qəbul etməkdə tam haqlı olmuşdur. 34.Məhkəmə nəzərə çatdırır ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə həmin müqavilənin müddətinin bitdiyi tarixdə, yəni xx.xx.2024-cü il tarixdə xitam verilə bilməməsinə səbəb o olmuşdur ki, mülki işin materiallarında göründüyü kimi iddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək işə gəlməmiş, cavabdeh tərəfindən əmək müqaviləsinə xitam veriləcəyi barədə xəbərdarlıq məktubu iddiaçıya göndərilmiş, bundan sonra iddiaçı xəstəlik vərəqəsi təqdim etmiş, lakin sonradan iddiaçı təkrar işə gəlməməkdə davam etmiş və nəticədə, iddiaçı işdə olmadığına görə onunla bağlanmış əmək müqaviləsinə müddət bitdiyinə görə işəgötürən tərəfindən xitam verilə bilməmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə iddiaçının həm yaşayış, həm də rəsmi qeydiyyata alındığı ünvana rəsmi qaydada poçt vasitəsilə əmək müqaviləsinə 7 gün müddətində xitam veriləcəyi barədə təkrar xəbərdarlıq məktubları göndərilmiş və iş materiallarına əlavə edilmiş xəbərnamə qəbzindən göründüyü kimi qəbzə imza çəkilməklə rəsmi qaydada əldə edilmişdir. Bundan sonra cavabdeh xx.xx.2024-cü il tarixli, 129K nömrəli əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir və hətta bundan cavabdeh sonrada həmin əmək münasibətlərinin davam etdirmək niyyətində olmasını da qanunvericliyin həmin dövr üçün (xx.xx.2024-cü il üzrə) müəyyən etmiş olduğu sonrakı bir həftə ərzində bildirməmişdir (buna niyyəti olmamışdır). 35.Bu səbəbdən məhkəmə hesab edir ki, məhkəmə tərəfindən cavabdeh təşkilatla iddiaçı arasında bağlanılmış əmək müqaviləsinə xitam verilməsi zamanı qanunvericiliyin hər hansı bir tələbinin pozulması aşkar edilmədiyindən, iddiaçının onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilməsi ilə bağlı gətirdiyi dəlillər əsassızdır. 36.Beləliklə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş əmr əmək qanunvericiliyinin tələblərinə uyğun olmuşdur və bu səbəbdən onun ləğv edilməsi və işə bərpa edilməsi ilə bağlı irəli sürülmüş tələb əsassızdır və təmin edilməməlidir. 37.Məhkəmə həmçinin hesab edir ki, iddiaçının əmrin ləğv edilməsi və işə bərpa edilməsi barədə tələbləri əsassız hesab olunduğu üçün, iddia tələbi məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi hissəsi də prosessual qənaət prinsipini nəzərə almaqla əlavə araşdırma aparmadan yuxarıda göstərilən əsaslarla rədd edilməlidir. 38.Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı "işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. 39.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 40.Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 41.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 42.Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 43.Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 44.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdehnə qarşı "işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi" tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar