Məhkəmə qərarları › İş №2(006)-869/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-869/2021

15.02.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-869/2021 15.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2, Cavabdeh1 (eyni zamanda digər cavabdehlərin nümayəndəsi) iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı "cavabdehlərin ləyaqətsiz vərəsə qismində tanınması tələbi"nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı "cavabdehlərin ləyaqətsiz vərəsə qismində tanınması tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X4 Cavabdeh1 ilə xx.xx.1981-ci il tarixdə nikaha daxil olmuşlar. Onların birgə nikahından X15 və Cavabdeh3 adlı övladları olmuşdur. X4 cavabdehlərlə sənədlər üzərində ailə münasibətlərində olsa da, cavabdehlər ümumiyyətlə ona baxmamışdırlar. X10 ömrünün sonuna kimi iddiaçı baxıb qayğı göstərmişdir. X4 iradə ifadəsini göstərərək Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən 150 saylı bağı Bakı şəhəri 31 saylı Notariat Kontorunda xx.xx.2015-ci il tarixdə, reyestr nömrəsi 2V/33 olan vəsiyyətnamə əsasında iddiaçıya vəsiyyət etmişdir. Həmin əmlakı iddiaçıya vəsiyyət edərək cavabdehlərlə münaqişələri olmuşdur. X4 cavabdehlərin qanunsuz əməllərindən Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müracət etmişdir. Aparılmış təhqiqat zamanı bir daha təsdiqlənmişdir ki, X4nu maşın vurmuş, Nardaran qəsəbəsində yerləşən 150 saylı bağda tək yaşayır. Həmçinin o səhhəti və yaşı ilə əlaqədar olaraq ailə üzvlərinə ona kömək etmələri ilə bağlı müraciətlər etsə də, ailə üzvləri ondan imtina etdiklərini bildirmişdirlər. Bu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarxli arayışı ilə bir daha təsdiqlənir. Arayışı Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Səhlab Bağırov öz imzası ilə təsdiq etmişdir. Bundan əlavə olaraq, mərhum X1 xx xxxxxx 2015-ci il tarixdə Bakı şəhər Sabunçu Rayon Məhkəməsinə xüsusi icraat qaydasında ərizə ilə müraciət etmişdir. Ərizədən də aydın olur ki, 30 ilə yaxındır Cavabdeh1 ilə birlikdə yaşamır və onların bir-birindən xəbəri yoxdur. Bundan əlavə, ərizəsində bildirmişdir ki, onun övladlarından da xəbəri yoxdur. Ərizəsində yaşlı və xəstə olmasını, Nardaran qəsəbəsindəki bağda tənha həyat sürməsini və qonşu İddiaçı köməkliyi ilə yaşadığını bildirmişdir. Ərizə verməkdə məqsədi isə həyatının son mərhələsində ona ayan duran şəxsin qarşısında borclu qalmamasını göstərir. Həmin ərizə icraata götürülmədən geri qaytarılmışdır. Bu ərizədə və Bakı şəhər Baş Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarxli arayışdan açıq aşkar görsənir ki, cavabdehlər özlərini tam ləyaqətsiz vərəsə kimi aparmış mirasqoyanın sağlığında ona xidmət etməmişlər. X14 vəfat edərkən onun dəfn mərasimini və digər işləri iddiaçı həyata keçirmişdir. Əmlaka nəzarət iddiaçı tərəfindən həyata keçirilmişdir. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ləyaqətsiz vərəsə hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X7 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 (eyni zamanda digər cavabdehlərin nümayəndəsi) iddia tələbinə etiraz edərək, iddia tələbinin əsassız olduğuna görə təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri 31 saylı notariat kontorunun notariusu X13 tərəfindən təsdiq edilmiş xx.xx.2015-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X14 ötən günədək ona məxsus olan harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün daşınar və daşınmaz əmlakını xx.xx.1958-ci il təvəllüdlü İddiaçı vəsiyyət etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli, 2(102)-1213/2018 saylı qərarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(004)-2876/2017-saylı qətnaməsi ilə iddiaçılar Cavabdeh1, X12 və Cavabdeh3 cavabdeh İddiaçı və üçüncü şəxs 53 saylı Notariat Kontoruna qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi, əmlaka birgə mülkiyyət hüququnun tanınması, miras əmlakdan payın ayrılması, vərəsəlik paylarından imtina barədə ərizələrin ləğv edilməsi, vəsiyyətnamə etibarsız hesab edilmədiyi təqdirdə miras əmlaka məcburi payın tanınması və miras payların bölüşdürülməsi” barədə iddiası qismən təmin edilərək, xx xxxx 2016-cı il tarixdə ölmüş X5 miras qalmış əmlakda Cavabdeh1 məcburi payının müəyyən edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 150 saylı bağ evinin 1/6 hissəsinə qanun üzrə vərəsə kimi onun, 5/6 hissəsinə isə vəsiyyətnamə üzrə İddiaçı vərəsəlik hüquqlarının tanınması və qalan hissədə iddia ərizəsinin rədd edilməsi qət edilmişdir, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2017-ci il tarixli, 2(103)-9804/2017 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi qismən- mirasdan imtina barədə ərizələrin ləğv edilməsi və mirasda məcburi payın tanınması hissədə ləğv edilmiş, mirasda məcburi payların tanınması barədə tələb təmin edilərək, miras əmlak hesab olunan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən, 150 saylı bağ evində Cavabdeh1 miras payı 1/6 hissədə, İddiaçı miras payı 1/6 hissədə, Cavabdeh3 miras payı 1/6 hissədə, İddiaçı miras payı 3/6 hissədə müəyyən edilmiş və mirasdan imtina haqqında ərizələrin ləğvi barədə tələb rədd edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh İddiaçı və vəkili Azadəliyev Elxan Cəbrayıl oğlunun kassasiya şikayətinin təmin edilməməsi, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2017-ci il tarixli, 2(103)-9804/2017 saylı qətnaməsinin onun kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qərara alınmışdır İş materiallarındakı Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* №-li Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 150-nin 3/6 hissəsi açıq qalmaqla, 1/6 hissəsi Cavabdeh1, 1/6 hissəsi Cavabdeh2 və 1/6 hissəsi isə Cavabdeh3 adına paylı mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 13 saylı reyestr kitabının 1708 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-361/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, mübahisə predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 150 saylı bağ evi ünvandakı 0.1783 ha torpaq sahəsi naturada bölünməklə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti “xxxx” MMC Bakı Layihə-Tədqiqat İdarəsinin bölgü planındakı 1 nömrə ilə qeyd edilmiş torpaq sahəsinin iddiaçılar X8, Cavabdeh2 və Cavabdeh3 verilməsi, qeyd olunan qətnamənin reyestrdə qeydə alınmaq üçün əsas olması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, qeyd olunan qətnamənin torpaq sahəsinə dair tərəflərə çıxarış verilməsi üçün əsas olması, iş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumunun İddiaçı tutularaq Cavabdeh1 ödənilməsi, ekspertiza xərci olan 50 (əlli) manatın cavabdeh İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin büdcə təsnifatı kodu 142319, büdcə səviyyəsinin kodu 3, dövlət xəzinədarlığı agentliyi kodu 210005, müxbir hesabı AZ41NABZ********************, AZ34CTRE******************** bank hesabına köçürülməsi qət edilmişdir. Beləliklə, yuxarıda qeyd olunduğu kimi hazırki mübahisənin predmeti cavabdehlərin ləyaqətsiz vərəsələr kimi tanınmasıdır. İddiaçı öz iddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1139, 1142, 1143, 1203-cü maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1137-ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Bununla əlaqədar, məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Miras qalan əmlakın müqəddəratının həll edilməsi məsələsi mühüm şəxsi və ictimai əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququnun təminatına konstitusion zəmanət verir. Konstitusiyanın bu maddəsi vəsiyyət etmə hüququnu geniş anlamda bəyan edərək, vərəsəlik hüququnun təminatı kimi miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilmək hüququnu, digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmaq hüququnu nəzərdə tutur. Vərəsəlik hüquq institutu ailə ilə əmlak hüquq normaları qrupu arasında mövcud olan mülki hüquq münasibətlərini tənzimləyir. Vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. Yuxarıda qeyd olunduğu kimi vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar Mülki Məcəllənin 1137-ci maddəsində öz əksini tapmışdır. Qanunverici şəxsin ləyaqətsiz vərəsə elan edilərək vərəsəlik hüququndan məhrum edilməsi barədə məhkəməyə müraciət etmək hüququ olan subyektlərin dairəsini Mülki Məcəllənin 1139-cu maddəsi ilə konkret müəyyənləşdirmişdir. Belə ki, Mülki Məcəllənin bu maddəsinə müvafiq olaraq ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyən edilir. Mülki Məcəllənin 1203.2-ci maddəsinə əsasən isə məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 1137-ci maddəsi miras qoyanın və yaxud onun yaxınlarının şəxsiyyətinə qarşı törədilmiş hər hansı hüquqa zidd hərəkətləri deyil, məhz miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin təqsirinin məhkəmə tərəfindən təsdiq olunduğu təqdirdə onun nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməməsini müəyyən edir. Göründüyü kimi, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin ləyaqətsiz vərəsə elan olunması yalnız vərəsələrdən birinin və ya bir neçəsinin məhkəməyə müraciəti əsasında həyata keçirilə bilər. Ləyaqətsiz adam mənəvi keyfiyyətlərdən məhrum və əxlaqi davranış qaydalarına yad bir fərd kimi, özünün qanunla uzlaşmayan şəxsi marağı naminə istənilən hüquq pozuntusunu, o cümlədən ən ağır cinayət əməlini törətməyə hazır olan bir subyektdir. Məhkəmə qeyd edir ki, ləyaqətsiz vərəsənin qanunsuz hərəkəti bir halda miras qoyanın hələ vəsiyyətnamədə ifadə edilməmiş, son iradəsini həyata keçirməsinin əleyhinə, digər halda isə miras qoyanın artıq vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı yönəlir. Ləyaqətsiz vərəsənin miras qoyanın, ümumiyyətlə, son iradəsinin həyata keçirilməsinə qarşı hərəkəti, onun qəsdən törətdiyi maneə şəklində özünü göstərir. Ləyaqətsiz vərəsənin miras qoyanın vəsiyyətnamədə göstərilmiş son iradəsinin həyata keçirilməsinə qarşı yönəlmiş hərəkətləri onun qəsdən cinayət və digər əxlaqsız hərəkətlər törətməsində özünü göstərir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X4 ona məxsus olan harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün daşınar və daşınmaz əmlakını İddiaçı vəsiyyət etmişdir. Sonradan mərhumun birinci növbəli vərəsələrinin müraciəti əsasında qanuni qüvvəsini almış məhkəmə aktları ilə mərhumun həyat yoldaşı və övladlarının İddiaçı vəsiyyət edilmiş əmlaka - Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 150 saylı bağ evinə məcburi payları ayrılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Göstərilən Məcəllənin 1195-ci maddəsinə əsasən məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Eyni Məcəllənin 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Göstərilən Məcəllənin 1203.2-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Göründüyü kimi cavabdehlər qanun çərçivəsində öz hüquqlarından istifadə edərək, vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi pay haqlarını almışlar. Həmçinin, X4nun hələ öz sağlığında ailə üzvlərinin məcburi pay almaq hüququndan məhrumetmə üçün məhkəməyə müraciət etmək haqqı olduğu halda, bu hüququndan istifadə etməmişdir. Bundan əlavə, məhkəmə qeyd edir ki, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1137-ci maddəsində qeyd edilmiş halların (miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmək, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmək) cavabdehlər tərəfindən həyata keçirilməsinə dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrum etmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrum etməyə səbəb olan hallar olduqda mümkündür. Həmin maddəyə müvafiq olaraq məhkəmə qeyd edir ki, vərəsə məcburi pay almaq hüququndan qanunda nəzərdə tutulan ciddi əsaslar olduqda yalnız məhkəmə tərəfindən məhrum edilə bilər. Qanunda nəzərdə tutulmuş ciddi əsaslar dedikdə, şərh olunan maddənin məzmunundan göründüyü kimi, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar anlaşılır. Ümumiyyətlə, vərəsəlik hüququndan məhrum etməyə əsas olan hallar dedikdə, MM-in 1137-ci maddəsində nəzərdə tutulmuş ləyaqətsiz vərəsə, 1138-ci maddəsində nəzərdə tutulmuş valideynlər və miras qoyanı saxlamaqdan qəti imtina etmiş şəxs kimi tanınmasına əsas olmuş hallar anlaşılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “…Vəsiyyət edən vərəsələrdən hər hansı birinin məcburi pay hüququndan məhrum edilməsi ilə bağlı məhkəməyə müraciət edərkən, həmin şəxslərin Mülki Məcəllənin 1137-ci maddəsi baxımından, onun son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətməsini, yaxud vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməsini əsaslandırması mümkün deyil. Ona görə ki, Mülki Məcəllənin 1137-ci maddəsi əsasında ləyaqətsiz vərəsə qismində tanınması miras qoyanın vəfatından sonra mübahisələndirilir. Mülki Məcəllənin 1137-ci maddəsində qeyd olunan miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin hərəkətləri anlayışı həmin Məcəllənin 1203.1-ci maddəsinin “məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəasını tam əhatə etmir. Belə ki, burada miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkətlər məcburi paydan məhrum etmək üçün səbəb kimi götürülsə də, bu cinayətlərin miras qoyanın yalnız son iradəsinin əleyhinə yönəlməsi nəzərdə tutulur. Bununla yanaşı, Mülki Məcəllənin 1138-ci maddəsində qanunverici məcburi pay almaq hüququna dair daha bir məhdudiyyət də müəyyən etmişdir. Belə ki, bu maddəyə görə valideynlik hüquqlarından məhrum edilmiş və mirasın açıldığı günədək bu hüquqları bərpa edilməmiş valideynlər uşaqlarının qanun üzrə vərəsələri ola bilməzlər. Miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin. Göründüyü kimi, Mülki Məcəllənin 1203- cü maddəsi baxımından həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən hallar qanun üzrə vərəsəlik hüququnun itirilməsinə, eləcə də vəsiyyət edənin öz sağlığında məhkəməyə müraciəti əsasında məcburi pay almaq hüququ olan şəxslərin bu hüquqdan məhrum edilməsinə səbəb olur”. Məhkəmə, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, araşdırma zamanı İddiaçı Mülki Məcəllənin 1137-ci maddəsinin tələbləri baxımından cavabdehlərin ləyaqətsiz vərəsə olmasını təsdiq edəcək heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, eyni zamanda iddia tələbinə əlavə edilmiş sənədlər isə cavabdehlərin ləyaqətsiz vərəsə hesab edilməsi üçün əsas yaratmamışdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «X3rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı "cavabdehlərin ləyaqətsiz vərəsə qismində tanınması tələbi"nə dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı "cavabdehlərin ləyaqətsiz vərəsə qismində tanınması tələbi"nə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar