Məhkəmə qərarları › İş №2(006)-869/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-869/2025

17.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-869/2025 17.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə Ərizəçi 1 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Kontorunu maraqlı şəxs qismində cəlb etdiyi «mirasın qəbul edilməsi faktının müəyyən olunması» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.Ərizəçi 1 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Kontorunu maraqlı şəxs qismində cəlb etdiyi «mirasın qəbul edilməsi faktının müəyyən olunması»tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. 2.Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi həyat yoldaşından qalan miras əmlakın, yəni Ağcabədi rayonu, Hindarx kəndində yerləşən 0,07 ha torpaq sahəsini vərəsəliyin qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddəti ötürdüyündən mirası qəbul edə bilməmişdir. 1 saylı Bakı “Asan Xidmət” mərkəzinin notariat ofisi xx.xx.2017-ci il tarixində vəfat etmiş X3 qalan miras əmlakın qəbul müddətinin ötürülməsi, vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini qeyri-mümkün saymış və məhkəməyə müraciət edilməsini tövsiyə etmişdir. Bu səbəbdən də mərhum X3 qalmış miras əmlakın arvadı Ərizəçi tərəfindən qəbul edilməsi faktının təsdiq edilməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Göstərilənlərə əsasən xx.xx.2017-ci ildə vəfat etmiş X3 qalan miras əmlakın, yəni Ağcabədi rayonu, Hindarx kəndində yerləşən 0,07 ha torpaq sahəsinə dair vərəsəliyin Ərizəçi tərəfindən qəbul edilməsi faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə ərizəni müdafiə edərək ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, əlavə suallar cavab olaraq torpaq sahəsinin hal-hazırda ərizəçinin istifadəsində olmasını, həmin torpaq sahəsində tikinti işlərinin aparıldığını, çıxarışın alınması üçün mirasın qəbul olunmalı olmasını, mərhumun digər vərəsələrinin anası və övladlarının olmasını və onların mirasın Ərizəçi keçməsi ilə əlaqədar razılıq ərizəsi ilə notariusa müraciət etmələrini bildirmişdir. 4.Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxs 1 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Kontorunun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə məktub ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxs 1 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Kontorunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. 5.Məhkəmə ərizəçinin nümayəndəsinin və vəkilin izahatını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 6.İş materiallarında olan 1 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 24 aprel 2017-ci il tarixli, AZ-İ 876913 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2017-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 722 № ilə qeyd edilmişdir. 7.İş materialarında olan 1 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən verilən 22 oktyabr 2024-cü il tarixli, 1757 nömrəli cavab məktubundan görünür ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş X4 vərəsəlik işinin həlli ilə əlaqədar təqdim etdiyi sənədlər araşdırılmış və müəyyən edilmişdir ki, onun tərəfindən vərəsəliyin qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddət ötürülmüşdür. Bunu nəzərə alaraq müddətin bərpası üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunur. 8.İş materiallarında olan Daşınmaz əmlakın dövət kadastrı və reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən Arayışdan görünür ki, Ağcabədi rayonu, Hindarx kəndində yerləşən 0.07 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X4 adına xx.xx.2023cü il tarixində qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********). 9.İş materiallarında olan Ərizəçi tərəfindən 1 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusuna ünvanlanan xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, xx.xx.2017-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olan əri X11 vəfat etmişdir. Mirasın tərkibi Ağcabədi rayonu ünvanında yerləşən 0.07 ha torpaq sahəsindən ibarətdir, ondan irs qalmış mirası qəbul edir. Ərizəçidən başqa aşağıdakı vərəsələr var: X4 anası X8, qızı X9, X10. Ərizəçi mirasın tərkibinə daxil olan əmlak Ağcabədi rayonu ünvanında yerləşən 0.07 ha torpaq sahəsindən ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. 10.İş materiallarında olan X10 tərəfindən notariat ofisinə ünvanlanan xx.xx.2022-ci il tarixli, **********341 nömrəli ərizədən görünür ki, X10 xx.xx.2017-ci il tarixdə vəfat etmiş X3 irs qalmış əmlakdan ona çatası vərəsəlik payını qəbul etməmişdir, istəmir, gələcəkdə bununla bağlı məhkəməyə müraciət etməyəcəkdir. 11.İş materiallarında olan X5 tərəfindən notariat ofisinə ünvanlanan xx.xx.2022-ci il tarixli, **********340 nömrəli ərizədən görünür ki, X5 xx.xx.2017-ci il tarixdə vəfat etmiş X3 irs qalmış əmlakdan ona çatası vərəsəlik payını qəbul etməmişdir, istəmir, gələcəkdə bununla bağlı məhkəməyə müraciət etməyəcəkdir. 12.İş materiallarında olan X8 tərəfindən notariat ofisinə ünvanlanan xx.xx.2022-ci il tarixli, **********904 nömrəli ərizədən görünür ki, X8 xx.xx.2017-ci il tarixdə vəfat etmiş miras qoyan X3 qalmış miras əmlakdan ona çatan qanun üzrə vərəsəlik payını qəbul etməmişdir və idarəçilik etməyə başlamamışdır. Mirasın qəbulu üçün vərəsəlik şəhadətnaməsi almaq üçün ərizə verməmişdir. Gələcəkdə mirasın qəbulu ilə bağlı müddətin uzadılması ilə əlaqədar məhkəməyə müraciət etməyəcək. 13.İş materiallarında olan 31 yanvar 1975-ci il tarixdə verilən İ-ЖГ seriyalı, 425616 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1968-ci il tarixdə Azərbaycan SSR, Ağcabədi rayonunda anadan olmuşdur. 14.İş materiallarında olan 1 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən AR ƏMDKR X12 6 saylı Beyləqan Ərazi İdarəsinə ünvanlanan 29 avqust 2022ci il tarixli, 1237 nömrəli məktubdan görünür ki, mərhum X3 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı 1 saylı Bakı “Asan xidmət” mərkəzində notariat kontoruna arvadı Ərizəçi tərəfindən müraciət olmuşdur. X1 xx.xx.2017-ci il tarixdə vəfatı ilə əlaqədar vərəsə Ərizəçi ərizəsi əsasında tərəflərindən vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-1-ci maddəsinin tələbinə uyğun olaraq Ağcabədi rayonu ünvanında yerləşən 0.07 ha torpaq sahəsinə dair X1 adına çıxarış verilməsi xahiş olunmuşdur. 15.İş materiallarında olan Ağcabədi rayonu İcra Hakimiyyəti Başçısı Aparatı yanında Ağcabədi rayon Dövlət Arxivi tərəfindən Ərizəçi ünvanlanan xx.xx.2022-ci il tarixli, 56 nömrəli Arxiv arayışından görünür ki, yoxlama zamanı məlum olmuşdur ki, C.Cabbarlı adına kolxozun 2 nömrəli qaytanlanmış torpaq kitabının 55-ci səhifəsinin 768 saylı sətrində X4 adına 0.07 ha həyətyanı torpaq sahəsi olması barədə qeydiyyatı var. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 16.Beləliklə, mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin mərhum həyat yoldaşı X2 rayonu, Hindarx kəndində yerləşən 0.07 ha torpaq sahəsi tam mülkiyyət hüququna sahib olmuşdur. X11 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Ərizəçi həyat yoldaşının ölümündən sonra vərəsəlik işinin açılması və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün 1 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisinə müraciət etmiş, notariusun xx.xx.2024-cü il tarixli məktubu ilə mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddət ötürüldüyündən vərəsəlik hüququ şəhadətnamənin verilməsindən imtina edilmişdir. Hazırda ərizəçi hüquqi əhəmiyyətli olan mirasın qəbul edilməsi faktının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 17.Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Qüvvədən düşmüş 1246-cı maddəsində deyilirdi : Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qüvvədən düşmüş 1273-1-ci maddəsində deyilirdi: Vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. 18.«G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu xx.xx.2014-cü il tarixli Qərarında qeyd etmişdir ki, “Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.” 19.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu xx.xx.2014-cü il tarixli Qərarında qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərarın qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil ediməsi qərara alınmışdır. 20.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. 21.«Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. 22.Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ağcabədi rayonu, Hindarx kəndində yerləşən 0.07 ha torpaq sahəsi ərizəçinin vəfat etmiş həyat yoldaşı X6 məxsus olmuşdur. Həmçinin araşdırma zamanı məlum oldu ki, miras əmlak faktiki olaraq qəbul edilmişdir. Mülki qanunvericiliyə əsasən ərizəçi mərhumun 1-ci dərəcəli qanun üzrə vərəsəsi hesab olunur və miras əmlak üzərində vərəsəlik hüquqlarının tanınması üzrə məhkəməyə müraciət etmişdir. Birgə nikahdan doğulan övladları və mərhumun digər vərəsəsi bu faktın tanınmasına etiraz etmir. 23.Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 24.Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, vərəsəliyin qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddət bərpa edilməli, ərizəçi tərəfindən xx.xx.2017-ci il tarixdə vəfat etmiş həyat yoldaşından qalmış mirasın qəbul edilməsi faktı müəyyən edilməlidir. 25.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır 26.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi 1 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Kontorunu maraqlı şəxs qismində cəlb etdiyi «mirasın qəbul edilməsi faktının müəyyən olunması» tələbinə dair ərizəsi təmin edilsin. Ağcabədi rayonu, Hindarx kəndində yerləşən 0.07 ha torpaq sahəsinə dair Ərizəçi mirasın qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamə Ağcabədi rayonu, Hindarx kəndində yerləşən 0.07 ha torpaq sahəsinin Ərizəçi adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar