Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-872/2024 01.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, Məhkəmə iclasının katibi Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçının vəkili– Vəkil, Cavabdehin nümayəndəsi - X6 iştirakları ilə, İddiaçı cavabdeh Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi X15ə qarşı “əmrin ləğv edilməsi, əmək müqaviləsinin müddətsiz hesab edilməklə əvvəlki tutduğu vəzifəyə bərpa edilmə, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi və digər xərclərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi X15ə qarşı “əmrin ləğv edilməsi, əmək müqaviləsinin müddətsiz hesab edilməklə əvvəlki tutduğu vəzifəyə bərpa edilmə, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi və digər xərclərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6 oktyabr 2023-cü il tarixli, 18-1/3-1-1587/2023 nömrəli əmrinin ləğv edilməsi, işə bərpa olunması, cavabdehlə aralarında 5 oktyabr 2021-ci il tarixində bağlanmış əmək müqaviləsinin müddəti müəyyən edilmədən bağlanmış hesab edilməsi, işə bərpa olunan tarixədək məcburi şəkildə buraxdığı iş dövrünə görə əmək haqqının və mediasiya xərcləri üçün ödədiyi 60 manatın ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 1999-2005-ci illər ərzində Azərbaycan Tibb Universitetində tibb təhsili almışdır. 2005-ci ildən həkim olaraq fəaliyyət göstərməyə başlamışdır. 2005-2006-cı illərdə Respublika X8, 2006-2007-ci illərdə VM Endokrinologiya Diabet və Metobolizm Mərkəzində, 2007-2010-cu illərdə Bakı şəhəri 1 saylı X8, 2010-2011-ci illərdə Əhmədli Tibbi sanitar hissəsində "baş həkim”, 2011-2012 X2 “baş həkim", 2012-2014-cü illərdə Zığ Sağlamlıq Mərkəzində “baş həkim” vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 7 aprel 2014-cü il tarixli 26-K nömrəli əmri ilə Respublika Uşaq Klinik Xəstəxanasında baş həkimin müavini vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 18 iyun 2019-cu il tarixli 42 nömrəli qərarı ilə Respublika Uşaq Klinik Xəstəxanasının təşkilatihüquqi forması dəyişdirilmiş, “Respublika Uşaq Klinik Xəstəxanası" X16 yaradılmış və o, xx.xx.2019-cu il tarixində 99-K nömrəli Əmrlə həmin xəstəxanada baş direktorun müavini vəzifəsinə təyin olunmuşdur. İşlədiyi xəstəxana Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 418 nömrəli Fərmanının 2-ci hissəsinə uyğun olaraq xx.xx.2020-ci il tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X12 tabeliyinə verilmişdir. Daha sonra "Respublika Uşaq Klinik Xəstəxanası" X16 "Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası" X15ə qoşulmuş, bununla da "Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası" X16 yenidən təşkil edilmişdir. Müəssisənin yenidən təşkilindən sonra xx.xx.2021-ci il tarixində 03-225 nömrəli Əmrlə "Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası" X15də direktor müavini vəzifəsinə təyin edildi. Bu vəzifədə xx.xx.2023-cü il tarixinə kimi işləmişdir. Qeyd edilən tarixdə 18-1/3-1-1587/2023 nömrəli Əmrlə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b" bəndinə əsasən, yəni əmək müqavilənin müddətinin qurtarmasına əsasən tutduğu vəzifədən azad olunmuşdur. Qeyd etmək istəyir ki, o, 2014cü il 7 aprel tarixindən 2023-cü il 6 oktyabr tarixinə kimi əvvəllər "Respublika Uşaq Klinik Xəstəxanası” X15də, daha sonra həmin publik hüquqi şəxs "Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası" X15ə qoşulduqdan sonra ona bildirildi ki, PHŞ-də əmək müqaviləsi yalnız müddətli olaraq bağlanılır, o, buna etiraz etdikdə ona bildirdilər ki, “doktor narahatlığa əsas yoxdur, müqavilənin müddətli olması sadəcə formal xarakter daşıyır, siz yenə də PHŞ-də direktor müavini vəzifəsində uzun illər çalışacaqsınız". Cavabdeh qanunun tələblərini pozmuşdur. Belə ki, Əmək Məcəlləsində əmək münasibətinin tərəfləri olan işçi və işəgötürən arasında müddətli əmək müqaviləsinin bağlandığı bütün halları ehtiva edən konkret maddə var. Əmək Məcəlləsinin 47-ci maddəsində sadalanan hallardan heç biri mövcud olmadığından onunla müddətli əmək müqaviləsinin bağlanması özü ayrıca bir pozuntudur. Cavabdehin Əmək Məcəlləsinin 47-ci maddəsinin f) bəndinə istinad edərək (tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə) müqavilənin müddətli bağlanılması ümumən yolverilməzdir. Belə ki, həmin maddədə “qarşılıqlı razılıq’’ ifadəsindən başqa "tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə" ifadəsi istifadə olunub. Yəni burda tək qarşılıqlı razılıq deyil, yalnız tərəflərin hüquq bərabərliyi prinsipinə əməl olunmaqla əldə edilmiş qarşılıqlı razılıq əmək müqaviləsinin müddətli bağlanılmasına əsas verir. Lakin cavabdeh təşkilatda əmək müqaviləsinin bağlanılması zamanı tərəflərin hüquq bərabərliyi prinsipinə əməl etmək mümkün deyil. Belə ki, cavabdeh təşkilatda işə qəbul olunmaq üçün işçilər qarşısında yalnız müddətli əmək müqaviləsi bağlanılması şərti qoyulur ki, bu da öz növbəsində tərəflərin hüquq bərabərliyi prinsipini pozmaqla əmək qanunvericiliyinin tələblərinə birbaşa ziddir. Bununla razılaşmayan işçilər "Akademik M.Ə.Miqasımov adına Respublika Klinik Xəstəxanası" X15ə işə keçirilmir. Bağlanmış əmək müqaviləsinin müddətli olaraq bağlanması Məcəllənin tələblərinə ziddir və buna görə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X12 6 oktyabr 2023-cü il tarixli, 18-1/3-1-1587/2023 nömrəli Əmri ləğv edilməli, o, öz işinə bərpa olunmalıdır. Məcburi şəkildə buraxılan iş dövrünə görə də əmək haqqı cavabdeh tərəfindən ona ödənilməlidir. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə təqdim edərək göstərmişdir ki, İddiaçı Cavabdeh PHŞ (cavabdeh) qarşı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh PHŞ-nin xx.xx.2023-cü il tarixli 18-1/3-1-1587/2023 nömrəli Əmrinin ləğv edilməsi, işə bərpa olunmağı, 5 oktyabr 2021-ci il tarixində bağlanmış əmək müqaviləsinin müddəti müəyyən edilmədən bağlanmış hesab edilməsi, məcburi şəkildə buraxdığı iş dövrünə görə əmək haqqının və mediasiya xərcləri üçün ödədiyi 60 (altmış) manatın ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 68-ci maddəsini rəhbər tutaraq həmin iddia ərizəsində qeyd olunanlara əlavə olaraq hesab edir ki, tələbi əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, təqdim olunan iddiaçıya məxsus ИТ-İ № ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2014-cü il tarixli 26-K nömrəli əmri ilə müddətsiz əmək müqaviləsi ilə Respublika Klinik Uşaq Xəstəxanasının baş həkiminin müavini vəzifəsinə təyin edilib, həmin Nazirliyin Kollegiyasının xx.xx.2019-cu il tarixli 42 nömrəli qərarına əsasən həmin xəstəxananın əsasında “Respublika Klinik Uşaq Xəstəxanası” X15 yaradılması ilə əlaqədar olaraq nazirliyin xx.xx.2019-cu il tarixli 99 nömrəli əmri ilə xx.xx.2014-cü il tarixdə bağladığı əmək müqaviləsinə xitam verilmədən baş direktorun müavini vəzifəsinə təyin olunub. Bu fakt həmçinin Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli əmək müqaviləsi bildirişində də öz əksini tapıb. xx.xx.2020-ci il tarixdə “Respublika Klinik Uşaq Xəstəxanası” X16 Cavabdeh PHŞnin tabeliyinə verilmiş və qeyd olunan əmək müqaviləsi qüvvədə saxlanılmışdır. Cavabdehin İdarə Heyətinin iclasının xx.xx.2021-ci il tarixli 17 nömrəli Protokolundan 1 №li çıxarışa əsasən “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” PHŞ “Respublika Klinik Uşaq Xəstəxanası” PHŞ-nın ona qoşulması yolu ilə yenidən təşkil edilmiş və “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” PHŞ “Respublika Klinik Uşaq Xəstəxanası” PHŞ-nın hüquqi varisi hesab edilərək həmin müəssisənin işçiləri ilə bağlanılmış əmək müqavilələri (o cümlədən əmək münasibətləri ilə bağlı hüquq və öhdəlikləri) tam həcmdə hüquqi varislik prinsipi əsasında “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” PHŞ-ə ötürülmüşdür. Bundan sonra “Respublika Klinik Uşaq Xəstəxanası” PHŞ-nin 272 nəfər işçi heyəti ilə müddətli əmək müqaviləsi bağlanılaraq “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” PHŞ-ə keçirilmişdir. Qeyd olunan qərarın xx.xx.2021-ci il tarixdə qəbul edilməsinə baxmayaraq iddiaçı ilə cavabdeh arasında əmək münasibətləri davam etdirilmiş və yalnız xx.xx.2021-ci il tarixli 503-223 nömrəli əmri ilə cavabdeh İddiaçı ilə 8 ilə yaxın davam edən müddətsiz əmək müqaviləsinə xitam verərək “Respublika Klinik Uşaq Xəstəxanası” PHŞ-nin direktorun müavini vəzifəsindən azad edərək xx.xx.2021-ci il tarixli 503-225 nömrəli əmri ilə “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” PHŞ-ə (hüquqi varisliklə bağlı qanunvericiliyin tələblərinə və öz qərarına zidd olaraq) müddətli əmək müqaviləsi ilə direktorun müavini vəzifəsinə təyin etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 56.2-ci maddəsinə əsasən hüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda qoşulan hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq əvvəlki hüquqi şəxsə keçir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Qanunverici 5 ildən artıq müddətli müqavilə ilə işləyən işçinin hüquqlarını təmin etmək məqsədi ilə əmək müqaviləsinin müddətsiz hesab olunmasını tələb etdiyi halda cavabdeh qeyd olunan maddəyə zidd olaraq 8 ilə yaxın səmərəli və qüsursuz əmək fəaliyyəti göstərən işçini müəssisənin yenidən təşkil olunmasını bəhanə gətirərək əlverişsiz vəziyyətə salmış və onunla 3 aylıq əmək müqaviləsi bağlamışdır. Bundan əlavə “Direktor müavini” ilə bağlanılan əmək müqaviləsinin müddətinin müddətli bağlanılmasının qanunvericiliklə yol verilib-verilməməsi məsələsinə aydınlıq gətirilməlidir. Azərbaycan Respublikası ƏM 45-ci maddəsinin 4-cü hissəsinə əsasən “Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır”. Direktorun müavini vəzifəsi rəhbər vəzifə olmaqla iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə, həmçinin üzərinə qoyulan öhdəliklərə və əmək funksiyalarının xarakterinə görə daimidir. Qeyd olunanlardan göründüyü kimi uzun müddət müddətsiz əmək müqaviləsi ilə səmərəli və qüsursuz işləyən, həmçinin əmək funksiyalarının davamlı xarakter daşıdığı bəlli olan direktorun müavini ilə cavabdeh tərəfindən müddətli əmək müqaviləsinin bağlanılması ƏM-nin 45-ci maddəsinin 4-cü və 5-ci hissələrinə zidd olmuşdur, həmin maddənin tələblərinin birabaşa pozulması kimi qiymətləndirilməlidir. İkinci növbədə baxılmalıdır ki, cavabdehin Əmək Məcəlləsinin 47-ci maddəsinin f) bəndinə istinad edərək (tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə) müqavilənin müddətli bağlanılması ümumən yolverilməzdir. Belə ki, həmin maddədə “qarşılıqlı razılıq” ifadəsindən başqa “tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə” ifadəsi istifadə olunub. Yəni burda tək qarşılıqlı razılıq deyil, yalnız tərəflərin hüquq bərabərliyi prinsipinə əməl olunmaqla əldə edilmiş qarşılıqlı razılıq əmək müqaviləsinin müddətli bağlanılmasına əsas verir. Lakin cavabdeh təşkilatda əmək müqaviləsinin bağlanılması zamanı tərəflərin hüquq bərabərliyi prinsipinə əməl etmək mümkün deyil. Belə ki, cavabdeh müəssisənin yenidən təşkil olunması adı ilə müddətsiz əmək müqaviləsi ilə işləyən 272 işçinin yenidən işə qəbul olunması üçün yalnız müddətli əmək müqaviləsi bağlanılması şərti qoyulur ki, bu da öz növbəsində tərəflərin hüquq bərabərliyi prinsipini pozmaqla əmək qanunvericiliyinin tələblərinə birbaşa ziddir. Bununla razılaşmayan şəxslər işə qəbul olunmur. Bu səbəbdən Əmək Məcəlləsinin 47- ci maddəsinin f) bəndində qeyd olunan tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməsi halı olmamışdır. Belə ki, hüquq bərabərliyi dedikdə tərəflərin qarşılıqlı razılıqları barədə yalnız iradə ifadəsinin özü yox, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şarait və motiv nəzərə alınmaqla yaranmış bərabər hüquqlu müstəvi başa düşülməlidir. Həm vəkil sorğusu, həm də sonradan məhkəmə tərəfindən verilən sorğuya cavabdeh etinasız yanaşaraq natamam cavab vermiş, 272 nəfər işçidən neçəsinin müddətli və neçəsinin müddətsiz əmək müqaviləsi ilə işə qəbul olunduğunu cavablandırmamışdır. Buradan aydın olur ki, işçinin cavabdeh qurumda əmək müqaviləsinin müddəti ilə bağlı seçim imkanı olmamış və bir qayda olaraq hamı kimi müddətli əmək müqaviləsi bağlamaqla ümumi axınla davam etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinə əsasən mülki hüquq subyektlərinin bərabərliyi, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərinə aiddir. Həmin məcəllənin 337-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Bu baxımdan əmək müqaviləsinin 3 ay müddətinə bağlanılması ilə bağlı olan şərt etibarsız sayılmalıdır. Belə halda əmək müqaviləsində müddət göstərilmədən bağlanılmış olduğu hesab edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 2-ci hissəsinə əsasən “Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir”. Üçüncü növbədə nəzərə alınmalıdır ki, cavabdeh əmək müqaviləsini 2021-ci ilin oktyabr ayında 3 ay müddətinə bağlamış olsa belə, sonradan həmin müqavilənin müddətinin uzadılması barədə əmək müqaviləsinə dəyişiklik edilməsi barədə işçi (iddiaçı) ilə müqavilə imzalanmayıb. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 46-cı maddəsinin 6-cı hissəsinə əsasən “Əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər”. Azərbaycan Respublikası Mülki Məcəlləsininin 6-cı maddəsinə əsasən məhkəmədə şəxsin mülki hüquqları müdafiə olunaraq pozulmuş hüquqların bərpası təmin edilməlidir. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin tam təmin olunmasına dair qətnamə çıxarılması xahiş edilmişdir. Tərəflərin iştirakı və izahatlar: İştirak etdiyi məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddia ərizəsi və ona əlavədə göstərilən məzmunda çıxış edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 təqdim etdiyi etirazın mətninə uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh tərəfindən təqdim edilən iddia ərizəsinə etirazda qeyd olunan iddia tələbi ilə razı olmadıqlarını bildirmiş, iddiaçının iddia ərizəsi və iddia ərizəsinə əlavədə qeyd olunanların tamamilə əsassız olduğunu qeyd etmişlər.İddiaçı müddətsiz əmək müqaviləsi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisəsində çalışmışdır. Tibb müəssisəsi TƏBİB-in tabeliyinə keçdikdən sonra yenidən təşkil edilmişdir. Yəni, iddiaçının müddətsiz əmək müqaviləsi ilə işlədiyi “Respublika Uşaq Kliniki Xəstəxanası” publik hüquqi şəxs ləğv olunaraq maddi texniki bazası, həmçinin öhdəlikləri “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” publik hüquqi şəxsə keçmişdir. İddiaçı ləğv edilən xəstəxanada rəhbər vəzifədə çalışmış, öz ərizəsi əsasında onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Tibb müəssisələrinin yenidən təşkil edilməsi barədə TƏBİB-in idarə heyətinin 4 may 2021-ci il tarixli 17 nömrəli qərarında əmək münasibətləri ilə bağlı hüquq və öhdəliklərin “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” publik hüquqi şəxsə ötürülməsi nəzərdə tutulmuşdur. Yəni, “Respublika Uşaq Kliniki Xəstəxanası” X15 işəgötürəni olduğu şəxslərin əmək müqaviləsi nəzərdə tutulur. Rəhbər vəzifə tutduğu üçün iddiaçının işəgötürəni əvvəllər Səhiyyə Nazirliyi, daha sonra TƏBİB olmuşdur. İddiaçının işəgötürəni Tibb müəssisəsi olmadığı üçün, burada varislik prinsipindən və əmək münasibətlərinin ötürülməsindən söhbət gedə bilməz. İddiaçının ərizəsində Mülki Məcəlləyə istinad etməsinin hüquqi əsası yoxdur. Belə ki, Əmək Məcəlləsinin 1-ci maddəsində Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktlar aydın şəkildə göstərilmişdir, Mülki Məcəllə bu maddədə qeyd olunmamışdır. Tibb müəssisələrində bəzi vəzifələr üzrə ştat vahidlərinin sayı xəstəxanadakı çarpayı sayı, il ərzində xidmət göstərilən xəstə sayı, tibbi ləvazimatlar və digər amillərdən asılı olaraq dəyişə biləcəyi üçün daimi xarakterə malik olmaya bilər. O cümlədən müqavilə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl olunmaqla bağlanılmış və Əmək Məcəlləsinin 45-ci, 47ci maddələrinin tələblərinə əməl edilmişdir.İddiaçı və TƏBİB qarşılıqlı razılıq əsasında 5 oktyabr 2021-ci il tarixində müddətli əmək müqaviləsi bağlamışlar. Əgər iddiaçı hüquqlarının pozulduğunu iddia edirsə, müqavilə bağlandığı an o, artıq bunu bilirdi və müqavilənin müddətsiz hesab edilməsi üçün məhkəməyə müraciət etməli idi. Lakin iddiaçı 2 il müddətinə heç bir narazılıq bildirməmiş, əmək müqaviləsinə xitam verilən zaman məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Bu hüquqdan sui-istifadədir və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. Ümumiyyətlə, iddiaçı bağlanmış əmək müqaviləsini deyil, xitam əmrini mübahisələndirməlidir. Azərbaycan Respublikasının Prezidentinin 20 dekabr 2018-ci il tarixli fərmanına əsasən ölkədə tibbi xidmətlərin keyfiyyətini daha da yaxşılaşdırmaq və müasir tələblərə uyğunlaşdırmaq, habelə bu sahənin mövcud maliyyələşmə mexanizmlərini yeni iqtisadi əsaslarla tətbiq etmək yolu ilə əhaliyə göstərilən tibbi xidmətlərin səviyyəsinin artırılmasına nail olmaq, tibbi yardımın keyfiyyətinə, pasiyentlərin hüquqlarının qorunmasına nəzarət mexanizmlərini təkmilləşdirmək məqsədilə TƏBİB yaradılmış və fəaliyyətə başlamışdır. Fərmanda qarşıya qoyulan tələblərin təmin olunması üçün tibb müəssisələrində əsaslı dəyişikliklərin aparılması labüd olmuş, bu səbəbdən bir sıra islahatlar aparılmışdır və bu, davam etməkdədir. İddiaçının ərizəsində qeyd etdiyi kimi bütün rəhbər şəxsləri yenidən müddətsiz əmək müqaviləsi ilə işə götürmək qeyd olunan fərmanın qarşıya qoyduğu məqsədlərə tam zidd hesab olunar. İddiaçı öz ərizəsi ilə işdən azad olunmuş və başqa işə götürənlə - TƏBİB-lə müddətli əmək müqaviləsi bağlamışdır. Başqa işəgötürənlə bağlanılan müddətsiz əmək müqaviləsinə görə TƏBİB heç bir öhdəlik götürməmiş və müddətsiz əmək müqaviləsi bağlamaq öhdəliyi yoxdur. Xitam əmri Əmək Məcəlləsinin tələblərinə uyğundur. Daha sonra cavabdeh iddiaya etiraz barədə əlavə ərizə də təqdim edərək, qeyd olunan iddia tələbi ilə razı olmadığını bildirir və iddianı tamamilə əsassız olduğunu qeyd edir. İddiaçı ilə TƏBİB arasında xx.xx.2021-ci il tarixində müddətli əmək müqaviləsi imzalanmışdır. Həmin müqavilə ilə iddiaçı “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” publik hüquqi şəxsə direktorun müavini vəzifəsinə işə qəbul edilmişdir. Sonradan iddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə xx.xx.2023-ci il tarixində əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə, yəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə xitam verilmişdir. İddiaçı müddətli əmək müqaviləsinin xitamının qanunsuz olmasını, işəgötürən tərəfindən hüququnun pozulduğunu bildirsə də, əmək hüququnun pozulmasının nədə ifadə olunmasını, eləcə də hüququnun pozulmasını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçının istinad etdiyi müvafiq maddələr hazırki işin faktiki hallarına tətbiq oluna bilməz. Nəzərə çatdırırlar ki, iddia tələbi müəyyən təsdiqedici sənədlərin sübutların məhkəməyə təqdim edilməsi zərurətini yaradır. Halbuki, iddia ərizəsinə nəzər saldıqda, iddiaçının tələbini əsaslandırmaq üçün, ümumiyyətlə, heç bir sübuta istinad etmədiyinin, sadəcə şəxsi mülahizələrdən və əmək qanunvericiliyinin bir sıra maddələrini sadalamaqla çıxış etdiyinin şahidi olurlar. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.Qətnamənin əsaslılığı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 11 iyul 1997-ci il tarixli 2 saylı Qərarında qeyd etmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.Konstitusiya Məhkəməsinin Plenumu göstərilənləri nəzərə alaraq qeyd edir ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan asılıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin.X14 Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarına əsasən, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilməlidir. İşəgötürən tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmamışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45.1-ci maddəsinə əsasən, Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. İddia tələbində hüquqi əsas kimi qeyd olunan 45.4-cü maddənin tələbi işəgötürən tərəfindən pozulmamışdır. Tərəflər arasında bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 47-ci maddəsinə əsasən, tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müəyyən müddətə bağlanmışdır. Yəni qeyd olunan maddə qanunvericilikdə işəgötürən üçün imperativ norma kimi qeyd olunmamışdır. Əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanması müqavilə tərəflərinin sərbəst iradə ifadəsindən asılıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsini bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla ləğv etmək işəgötürənin hüquqları sırasına daxildir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin f bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlana bilər. Həmçinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Eyni Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə görə əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Beləliklə, qanunvericliyin yuxarıda qeyd edilən normalarını hazırki işin faktiki hallarına tətbiq etdikdə, məlum olur ki, tərəflər arasında əmək müqaviləsi bağlanarkən iddiaçı müqavilə şərtləri ilə tanış olaraq, onunla müddətli əmək müqaviləsi bağlanmasına razı olmuşdur. Buna görə də iddiaçı barəsində əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar işdən azad olunması haqqında işəgötürən tərəfindən qəbul edilmiş əmrin ləğvi üçün hüquqi əsas yoxdur. İddia tələbi rədd edilməlidir. İş materialları: - İddiaçı məxsus ИТ-İ seriyalı, ******* saylı əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Uşaq Klinik Xəstəxanasının baş həkimin müavini vəzifəsinə təyin edilmişdir. xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının xx.xx.2019-cu il tarixli 42 nömrəli qərarı ilə Respublika Uşaq Klinik Xəstəxanası əsasında “Respublika Uşaq Klinik Xəstəxanası” X15 yaradılması ilə əlaqədar xəstəxananın baş direktorunun müavini vəzifəsinə təyin edilmişdir. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2018-ci il tarixli 418 nömrəli Fərmanının 2-ci hissəsinə uyğun olaraq “Respublika Uşaq Klinik Xəstəxanası” X16 İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Cavabdeh tabeliyinə verilmişdir. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işçinin təşəbbüsü ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verildi. xx.xx.2021-ci il tarixdə “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X12 direktorunun müavini vəzifəsinə təyin edildi. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qutarması) əmək müqaviləsinə 18-1/3-1-1587/2023 nömrəli, xx.xx.2023-cü il tarixli əmrlə xitam verilmişdir. - xx.xx.2014-cü il tarixli 26-K nömrəli əmrin surətindən görünür ki, İddiaçı həmin tarixdən Respublika Uşaq Klinik Xəstəxanasının baş həkimin müavini vəzifəsinə təyin edilmişdir. - Azərbaycan Respublikasının Səhiyyə nazirinin xx.xx.2019-cu il tarixli 99-K nömrəli əmrinin surətindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 18 iyun 2019-cu il tarixli 42 nömrəli qərarı ilə Respublika Uşaq Klinik Xəstəxanası əsasında Respublika Uşaq Klinik Xəstəxanası X15 yaradılması ilə əlaqədar Respublika Uşaq Klinik Xəstəxanasının baş həkimin müavini İddiaçı həmin tarixdən Respublika Uşaq Klinik Xəstəxanası X15 baş direktorunun müavini vəzifəsinə təyin edilmişdir. - Azərbaycan Respublikası Cavabdehn İdarə Heyətinin iclasının xx.xx.2021-ci il tarixli 17 saylı protokolundan çıxarışdan görünür ki, “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X16 “Respublika Uşaq Klinik Xəstəxanası” X15 ona qoşulması yolu ilə yenidən təşkil edilmiş, “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” publik hüquqi şəxs “Respublika Uşaq Klinik Xəstəxanası” X15 hüquqi varisi hesab edilmiş, adıçəkilən tibb müəssisələrinin işçiləri ilə bağlanılmış əmək müqavilələri (o cümlədən əmək münasibətləri ilə bağlı hüquq və öhdəlikləri), habelə digər müqavilələr ( debitor və kreditor və s. daxil olmaqla) tam həcmdə hüquqi varislik prinsipi əsasında “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” publik hüquqi şəxsə ötürülmüşdür. - Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi X15 İdarə Heyətinin sədri vəzifəsini icra edən X5 ünvanlanmış 04 oktyabr 2021-ci il tarixli ərizədən görünür ki, “Respublika Uşaq Klinik Xəstəxanası” X15 baş direktor müavini İddiaçı onun əmək müqaviləsinə 04 oktyabr 2021-ci il tarixdən xitam verilməsini xahiş etmişdir. - Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, işəgötürən “Respublika Uşaq Klinik Xəstəxanası” X16 ilə işçi İddiaçı arasında olan xx.xx.2014-cü il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a yarımbəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə xx.xx.2021-ci il tarixdən xitam verilmişdir. - Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Agentliyi Cavabdeh İdarə Heyətinin sədr vəzifəsini icra edən Vüqar cavanşir oğlu Qurbanov tərəfindən verilmiş 05 oktyabr 2021-ci il tarixli 03-225 nömrəli əmrin surətindən görünür ki, İddiaçı “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X12 direktorunun müavini vəzifəsinə həmin tarixdən təyin edilmişdir. - İşəgötürən səlahiyyətlərini həyata keçirən Cavabdeh və işçi qismində İddiaçı arasında bağlanmış 151 nömrəli, xx.xx.2021-ci il tarixli Əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı TƏBİB-in tabeliyində olan “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X15ə direktorun müavini vəzifəsinə işə qəbul edilmiş, əmək müqaviləsi 3 ay müddətinə, yəni xx.xx.2022-ci il tarixinədək bağlanmışdır. Müqavilə hər iki tərəfin imzası və müvafiq möhürlə rəsmiləşdirilmişdir. - Cavabdeh icraçı direktoru Vüqar Qurbanovun Cavabdehn Müşahidə Şurasının sədri Zaur Əliyevə ünvanlanmış vəzifədən azad olunma haqqında təqdimatından görünür ki, “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X12 direktorun müavini İddiaçı vəzifəsindən azad olunması haqqında məsələ Şuraya təqdim edilməklə münasibət bildirilməsi xahiş olunmuşdur. - Azərbaycan Respublikası Cavabdehn Müşahidə Şurasının 25-Q/2023 nömrəli xx.xx.2023-cü il tarixli Qərarından görünür ki, İddiaçı “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X15 direktorun müavini vəzifəsindən azad edilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Cavabdehn icraçı direktorunun 18-1/3-1-1587/2023 nömrəli 06 oktyabr 2023-cü il tarixli əmrindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndini və Azərbaycan Respublikası Prezidentinin 1 may 2023-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş Cavabdehn Nizamnaməsini 4.22.10-cu yarımbəndi rəhbər tutularaq “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X12 direktorun müavini İddiaçı 06 oktyabr 2023-cü il tarixindən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış 05 oktyabr 2021-ci il tarixli 151 nömrəli əmək müqaviləsinə xitam verilmişdir. - Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, işəgötürən “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X16 ilə işçi İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. - Azərbaycan Respublikası Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli 18-1/2-Ə-20009/2023 saylı məktubun surətindən görünür ki, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” (əmək müqaviləsinin müddətinin qutarması) xitam verilməsi barədə iddiaçıya bildirilmişdir. - Ödəniş tapşırığından görünür ki, ödəyici Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası tərəfindən İddiaçı hesabına əmək haqqı ödənişi təyinatı ilə ödəniş edilmişdir. Tətbiq edilən qanunvericilik: Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinin İV hissəsinə əsasən əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 3-cü maddəsinin 4-1-ci hissəsinə əsasən əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əmək haqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Həmin maddənin 5-ci hissəsinə əsasən əmək müqaviləsi (kontraktı)– işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin b yarımbəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri əmək müqaviləsinin müddətinin qurtarmasıdır. 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. 73-cü maddəsinin 2-ci hissəsinə əsasən işçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 1 may tarixli Fərmanı ilə təsdiq edilmiş Tibbi Ərazi Bölmələrini X1 4.2-ci bəndinə əsasən TƏBİB-in idarəetmə orqanları Müşahidə Şurası və İcraçı direktordur. Nizamnamənin 4.7.15-ci bəndinə əsasən tibb müəssisələrinin rəhbərlərini və onların müalicə işləri üzrə müavinlərini (tibb müəssisəsinin icra orqanı təkbaşçı olduqda), habelə kollegial icra orqanının bütün üzvlərini İcraçı direktorun təqdimatı əsasında vəzifəyə təyin və vəzifədən azad etmək Şuranın vəzifələrinə daxildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi və qanuni mənafelərinin qorunması məqsədilə Konstitusiya Məhkəməsinin Plenumu məhkəmələrin diqqətini ona cəlb etməyi vacib hesab edir ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən məhkəmələr tərəflərin münasibətlərinin həqiqi xarakterini müəyyən etməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olub-olmamasına diqqət yetirməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli araşdırmalıdırlar. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iddiaçının iddia ərizəsində irəli sürülmüş tələblərinə ardıcıllıqla qiymət verilməsini məqsədəuyğun hesab edərək qeyd edir ki, iddiaçı tələbində aşağıdakı tələbləri göstərir: - Cavabdeh 6 oktyabr 2023-cü il tarixli, 18-1/3-1-1587/2023 nömrəli əmrinin ləğv edilməsi; -işə bərpa olunması; - cavabdehlə aralarında 5 oktyabr 2021-ci il tarixində bağlanmış əmək müqaviləsinin müddəti müəyyən edilmədən bağlanmış hesab edilməsi; - işə bərpa olunan tarixədək məcburi şəkildə buraxdığı iş dövrünə görə əmək haqqının ödənilməsi; - mediasiya xərcləri üçün ödədiyi 60 manatın ona ödənilməsi. Tələbin Cavabdeh 6 oktyabr 2023-cü il tarixli, 18-1/3-1-1587/2023 nömrəli əmrinin ləğv edilməsi hissəsini araşdıraraq məhkəmə qeyd edir ki, mübahisələndirilən əmrin ləğvi üçün heç bir əsas mövcud deyildir. Belə ki, əmək müqaviləsinə xitam verilməsi haqqında əmr istər Əmək Məcəlləsinin, istərsə də, Cavabdeh nizamnaməsində nəzərdə tutulmuş qaydalara uyğun şəkildə rəsmiləşdirilmişdir. Tərəflər arasında bağlanmış əmək müqaviləsinin müddətinin müvafiq tarixdə bitməsi və həmçinin işdən azad olunan şəxsin rəhbər şəxslər kateqoriyasına aidiyyəti əsas götürülməklə işəgötürən tərəfindən onun fəaliyyətini tənzimləyən nizamnaməsinə də uyğun olaraq bütün prosedurlara riayət edilməklə əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatlarından, habelə təqdim edilmiş sənədlərin araşdırmasından müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verildikdən sonra son haqq-hesab da həmin gün işçiyə ödənilmişdir. Beləliklə də məhkəmədə işəgötürənin əmək müqaviləsinə xitam verilməsinə dair əmrinin ləğvi üçün əsaslar müəyyən edilmədiyindən həmin əmr ləğv edilməməlidir. Məhkəmə tərəfindən işçinin qanunsuz, əsassız, Əmək qanunvericiliyin tələblərinə zidd olaraq işdən azad edilməsi halı müəyyən ediləcəyi təqdirdə və bu halda qanunvericiliyin bununla bağlı dəqiq tələbləri olduğundan məhkəmə tərəfindən şəxs əvvəlki vəzifəsinə bərpa edilə bilər. Hazırki halda isə əmrin ləğvi tələbinin təmini üçün əsaslar olmadığından işçinin əvvəlki vəzifəsinə təyin edilməsi də özlüyündə əsassızdır. Məhkəmə iddia tələbinin tərəflər arasında bağlanmış 05 oktyabr 2021-ci il əmək müqaviləsinin müddətsiz müəyyən edilməklə bağlanmış hesab edilməsinə dair hissəsi üzrə tərəflərin gətirdikləri dəlillər ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçı onun əmək fəaliyyətinin xarakterinin müvəqqəti xarakter daşımadığı üçün onunla müddətli əmək müqaviləsi bağlanmasının əsassız olduğunu, onunla daha əvvəlki dövrdə, yəni xx.xx.2014-cü il tarixdə bağlanmış əmək müqaviləsinin müddətsiz olmasını və yeni müqavilə ilə onun əmək funksiyalarında hər hansı dəyişiklik olmamasını, yalnız işəgötürənin təkidi ilə xx.xx.2021-ci il tarixdə işdən çıxma barədə ərizə yazmasını və növbəti gün isə yenidən, bu dəfə yalnız müddətli müqavilə bağlanmaqla eyni vəzifəyə təyin edilməsini bildirmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi təmsil etdiyi şəxslə xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi bağlanarkən tərəflərin hüquq bərabərliyi prinsipinə riayət edilmədiyini, əmək kollektivinin bütün işçiləri ilə müqavilələrin müddətli bağlanmasını və bunun isə qanunvericiliyə zidd olduğunu, iddiaçı özü isə verdiyi izahatında Respublika Uşaq Klinik Xəstəxanasının Akademik M.A.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına qoşulmasından, yəni xx.xx.2021-ci il tarixdən etibarən sıravi işçi heyətindən başlanılmaqla işçilərin öz ərizələri ilə işdən azad edilmələrini, bu prosesin mərhələli şəkildə həyata keçirildiyini və ona münasibətdə də rəhbər şəxs kimi son mərhələlərdə belə bir dəyişikliyin aparıldığını bildirmişdir. Bütün ifadə edilən fikirlərdən və işin faktiki hallardan məhkəmə bu qənaətə gəlir ki, hazırki iş üzrə iddiaçı onunla daha əvvəl, yəni xx.xx.2014-cü il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair ərizə ilə 2021-ci ilin oktyabr ayında müraciət edərkən artıq bu prosesin 2021-ci ilin may ayından etibarən başlanmasını bilmiş və bir rəhbər şəxs kimi özü də daxil olmaqla bütün işçi heyətlə belə bir prosesin həyata keçirilməsinə qarşı çıxmamışdır. İddiaçı belə bir dəyişikliyə gedərkən başqa seçiminin olmamasını, əks təqdirdə işəgötürənin onunla əmək münasibətlərini davam etdirməyəcəyinə dair halın mövcudluğuna istinad etmişdir. Lakin buradan da müəyyən olunur ki, işəgötürən iddiaçı ilə münasibətlərinə elə ilkin müqavilənin bitdiyi tarixdə, yəni xx.xx.2022-ci il tarixdə xitam vermək imkanına malik olmasına baxmayaraq iddiaçı ilə əmək münasibətlərini 2 il müddətində davam etdirmişdir. Əmək müqaviləsinə müddətin bitməsi ilə bağlı xitam verilməsi əsasını isə qanunverici işəgötürənə münasibətdə üstünlük kimi deyil, hüquq münasibətinin hər iki tərəfinə münasibətdə hüquq kimi müəyyən etmişdir. Məhkəmə iddia tələbinin əmək müqaviləsinin müddətsiz müəyyən edilməklə bağlanmış hesab edilməsi hissəsinin özü-özlüyündə əsaslı olması üçün qanuni əsasının olmamasını qeyd edir. Digər tərəfdən isə belə bir halın müəyyən edilməsi nəticə etibarılə əmək hüquq münasibətlərinə girmək iradəsi olmayan işəgötürəni onun iradəsi ziddinə işçi ilə müddətsiz əmək münasibəti qurmaq məcburiyyətində qoymaq deməkdir. Bu hal isə məhz elə Konsitutusiya ilə müəyyən edilmiş əmək müqavilələrin sərbəst bağlanılması və heç kəsin əmək müqaviləsi bağlamağa məcbur edilə bilməzliyi prinsipinə zidd hesab edilməlidir. Məhkəmə xatırladır ki, Əmək Məcəlləsində müddətli əmək müqaviləsinin bağlanması hallarını müəyyən edən 47-ci maddə imperativ xarakterli deyildir, xüsusilə də həmin maddənin f) bəndi əmək münasibətlərinin müddətinin müəyyən edilməsində əmək hüquq münasibətlərinə daxil olan şəxslərə seçim sərbəstliyi vermişdir. Məhkəmə bir daha qeyd edir ki, tərəflər arasında bağlanmış və artıq işəgötürən tərəfindən xitam verilməklə ləğv edilmiş əmək müqaviləsinin müddəti müəyyən edilmədən bağlanmış hesab edilməsi tələbinin qanuni əsası olmadığından belə bir iddia tələbi təmin edilə bilməz. Tərəflər arasındakı əmək müqaviləsinin qüvvədə olduğu dövründə iddiaçı tərəfindən belə bir tələbin irəli sürülməsi işəgötürən tərəfindən bu məsələyə baxılaraq münasibət bildirməsi nəzərindən daha ağlabatan hesab edilə bilərdi, lakin iddiaçı müqavilənin qüvvədə olduğu dövrdə əmək müqaviləsinin müddətsiz müəyyən edilməsi tələbi ilə çıxış etməmişdir. Hazırda iddiaçının onunla 05 oktyabr 2021ci il tarixdə müddətli müqavilə bağlanmasının qanunsuz olması ilə bağlı irəli sürdüyü dəlilin məhkəmə hazırda onun işdən azad edilməsi ilə onun üçün xoş olmayan vəziyyətindən irəli gəldiyini hesab edir.Son olaraq isə işəgötürən tərəfindən xx.xx.2023cü il tarixdə əmək müqaviləsinə xitam verilməsinə dair əmr verilməklə işəgötürən işçi ilə münasibətlərinin davam etdirilməsinə niyyətinin olmamasını göstərmişdir, bundan sonrakı dövr üçün üstəlik də daha əvvəl bağlanmış əmək müqaviləsinin müddəti müəyyən edilmədən bağlanması şərti ilə işçinin işə bərpa edilməsi əsaslı sayıla bilməz. Mübahisələndirilən əmək müqaviləsi artıq mövcud deyil, belə ki müqaviləyə müqavilə ilə razılaşdırılmış müddətin bitməsi ilə xitam verilmişdir. Xitam edilmiş bir müqavilənin bağlandığı andan müddətsiz hesab edilməsi həm də ona görə ağlabatan deyildir ki, müqavilənin bir tərəfi işçi olduğu kimi digər tərəfi işəgötürəndir və işəgötürən də öz növbəsində ona verilən hüquqdan istifadə edərək (həmçinin qanun bu hüququ işçiyə münasibətdə də təsdiqləyir) müqaviləyə xitam verməklə öz iradəsini ifadə etmişdir. Sözsüz ki, qanun işəgötürənlə müqayisədə nisbətən zəif mövqedə olduğu ehtimal edilən işçinin hüquqlarını qorunma altına alır. Lakin bu hal heç də özünün ayıqsayıqlığını qanunun ümidinə bağlamaq, könüllü şəkildə məhdudiyyətlərə razılıq verməklə sonradan qanunun onun hüquqlarını hər bir halda bərpa edəcəyinə ümid etmək demək deyildir. İddiaçının xx.xx.2014-cü il tarixli əmək müqaviləsinin 7 ildən artıq davam etməsinə görə həmin müqavilənin müddətsiz hesab edilməsi bağlı dəlili doğru deyildir. Çünki xx.xx.2014-cü il tarixli əmək müqaviləsi 5 ildən artıq müddətə davam etdiyi üçün deyil, həmin müqavilənin özü ilk andan etibarən müddət müəyyən edilmədən bağlandığı üçün müddətsiz müqavilə olmuşdur. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Fiziki və hüquqi şəxslər məhz özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmədə iş o halda başlanır ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etmiş olsun. İddia icraatı qaydasında tələb irəli sürmüş iddiaçı isə öz növbəsində tələbinin uğurlu olmasını təmin etmək üçün həmin faktın mövcud olduğunu, baş verdiyini sübuta yetirməlidir. Aparılan icraat nəticəsində işin həmin halı müəyyən edildiyi və iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olduğu halda isə iddianın məhkəmə tərəfindən təmin olunması üçün əsasdır. Bu yerdə məhkəmə vurğulayır ki, iddiaçının tərəflər arasında bağlanmış müddətli əmək müqaviləsinin müddətsiz müəyyən edilməklə bağlanmasının müəyyən edilməsi barədə tələbi özlüyündə heç bir maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşmır. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 05 oktyabr 2021-ci il tarixli müqavilə ilə tərəflərin əsl niyyəti həmin an üçün müqavilənin məhz həmin şərtlərlə, eləcə də müddətli olaraq bağlanması olmuşdur. İstər işçi, istərsə də, işəgötürən müqavilənin mühüm maraq kəsb edən digər razılaşdırılmış şərtləri kimi, müqavilənin xx.xx.2021-ci ildən xx.xx.2022-ci il tarixədək bağlanması barədə də razılığa gəlmişlər. Bundan başqa işçinin müqavilənin ilkin olaraq müəyyən edildiyi 3 aylıq müddətin tamamında tərəflərin müqaviləyə xitamla bağlı çıxış etməməsi əsası ilə eyni şərtlərlə uzadılması barədə qanunun yol verdiyi tənzimlənməni qəbul etməsi onda arxayınlıq hissi yaratmaqla, işçi müqavilə müddəti bitməmiş onun müddəti müəyyən edilmədən bağlanması təşəbbüsü ilə çıxış etmir, lakin müqavilə müddətinin bitməsi əsası ilə işəgötürənin həmin müqavilə münasibətlərinə xitam verilməsi məqamında isə müqavilənin əsassızlığı tələbini irəli sürür. Məhkəmə iddiaçının Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən edilmiş mülki hüquq subyektlərinin bərabərliyi, iradə azadlığı, müqavilə azadlığı prinsiplərinin pozulmasına dair dəlilləri ilə bağlı bildirir ki, tərəflər hər hansı ayrı-seçkilik olmadan, öz fərdi seçimləri ilə və məhz xx.xx.2021-ci il tarixli əmək müqaviləsində müəyyən edilmiş şərtlərlə əmək hüquq münasibətlərinə daxil olmuşlar. Nəhayət iddia tələbinin işə bərpa olunan tarixədək məcburi şəkildə buraxdığı iş dövrünə görə əmək haqqının ödənilməsi və mediasiya xərcləri üçün ödədiyi 60 manatın ona ödənilməsi tələbləri isə iddia tələbinin təmini mümkün olmayan hissəsindən irəli gəldiyi üçün bu hissələrdə də iddia tələbi təmin edilməməlidir. Belə ki, işçi işə bərpa edilmədiyindən ona münasibətdə məcburi iş buraxma dövrü yoxdur və iddia tələbləri təmin edilmədikdə isə məhkəmə xərcləri iddiaçının özünə aid edilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, əmək müqaviləsinin müddətsiz hesab edilməklə əvvəlki tutduğu vəzifəyə bərpa edilmə, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi və digər xərclərin ödənilməsi”tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı Cavabdeh 6 oktyabr 2023-cü il tarixli, 18-1/3-1- 1587/2023 nömrəli əmrinin ləğv edilməsi, işə bərpa olunması, cavabdehlə aralarında 5 oktyabr 2021-ci il tarixində bağlanmış əmək müqaviləsinin müddəti müəyyən edilmədən bağlanmış hesab edilməsi, işə bərpa olunan tarixədək məcburi şəkildə buraxdığı iş dövrünə görə əmək haqqının və mediasiya xərcləri üçün ödədiyi 60 manatın ona ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-872/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-872/2024
01.02.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver