Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-890/2024 28.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçın İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı "yaşayış sahəsinə istifadə hüququna xitam və yaşayış sahəsinə xitam verilməklə, mənzildən çıxarılma" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddia tələbi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı "yaşayış sahəsinə istifadə hüququna xitam və yaşayış sahəsinə xitam verilməklə, mənzildən çıxarılma" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Bakı şəhəri, Nəsimi rayonu, 1 mkr, Tibilisi prospekti 78 saylı evin, 22 saylı mənzilinə istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, 1 mkr, Tbilisi prospektindəki 78 saylı evin, 2 saylı mənzilndə yerləşən mənzil onun mülkiyyətindədir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətindən Bakı şəhəri, Nəsimi rayonu, 1 mkr, Tbilisi prospekti, ev 78, mənzil 22-də yerləşən mənzilə görə ******* saylı seriya MH çıxarış verilmişdir. Onun qeydiyyatda olan gəlini ilə münasibətləri gərginləşib artıq bir yerdə qalmaq mümkün deyil və dözülməz hala gəlib çatıb. Oğlunun biri yanında qaldığından qardaşlar arasında tez-tez mübahisələr olur. Gələcəkdə xoşa gəlməz hallar baş verə bilər. Ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, 1 mkr, Tbilisi prospektindəki 78 saylı evin, 2 saylı mənzildə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı istifadə hüquqularına xitam verilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Qeydiyyatda olduğuna görə də o, bu gün də həmin yaşayış sahəsində qeydiyyatda olması səbəbindən kommunal xidmətlər üçün onlara görə də haqq ödəyir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatlar: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə edərək bildirdi ki, oğlu Cavabdeh1 ilə gəlini Cavabdeh5 arasında olan nikah münasibətləri pozulduğu üçün gəlini nəvəsi Cavabdeh4 ilə həmin evdən çıxıb getmişdir və hal-hazırda həmin ünvanda yaşamır. Oğlu Cavabdeh1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1742/2021 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək 6 (altı) il müddətinə azadlıqdan məhrum edilmişdir. Həmçinin digər oğlu Cavabdeh2 isə ümumiyyətlə Türkiyədə yaşayır və oğlunun onun evinə olan qeydiyyatı formal xarakter daşıyır. Məhkəmədən iki oğlunun, həmçinin gəlini Fidanın mənzildən istifadə hüquqlarına xitam verilməsini xahiş etmişdir. Cavabdeh5 məlum qeydiyyat ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Cavabdeh Azərbaycan Republikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Cavabdeh1 məhkəməyə ərizə ünvanlayaraq İddiaçı iddiasını qəbul etdiyini bildirmişdir. Cavabdeh2 məhkəməyə notariat qaydasında təsdiqlənmiş ərizə ünvanlayaraq İddiaçı iddiasını qəbul etdiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci və 147-ci maddələrinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları: Azərbaycan Respublikası Nazirlər Kabineti Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışının surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, 1 mkr, Tbilisi prospektindəki 78 saylı evin, 2 saylı mənzilin mülkiyyətçisidir. Azərbaycan Respublikasının DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 1 mkr, Tbilisi prospektindəki 78 saylı evin, 22 saylı mənzilində Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qeydiyyatdadırlar. Azərbaycan Republikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı Cəzaçəkmə müəssisəsinin xx.xx.2024-cü il tarixli 3-16-17/25/2-20 saylı məktubuna əlavə edilimş Cavabdeh1 ərizəsindən görünür ki, o, İddiaçı iddiasını qəbul edir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1742/2021 saylı hökmünün surətindən görünür ki, Cavabdeh1 ilə Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək 6 (altı) il müddətinə azadlıqdan məhrum edilmişdir. Doğum haqqında olan AZ-İ seriyalı 006137 saylı şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1987-ci ildə anadan olmuş, atası X1, anası İddiaçıdır. Doğum haqqında olan XV-JQ seriyalı 334725 saylı şəhadətnaməinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1990-cı ildə anadan olmuş, atası X1, anası İddiaçıdır. Azərbaycan Respublikası DİN-nin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 18/2- 4366/24 saylı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, 1 mkr, Tbilisi prospektindəki 78 saylı evin, 2 saylı mənzilində qeydiyyatdadır. xx.xx.1997-ci il təvəllüdlü Mərdanova (Həsənova) Fidan Şahin qızı xx.xx.2012-ci il tarixdən xx.xx.2014-cü il tarixədək Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsindəki 05 saylı evin, 40 saylı mənzilində, xx.xx.2014-cü il tarixdən Bakı şəhəri, Nəsimi rayonu, 1 mkr, Tbilisi prospektindəki 78 saylı evin, 22 saylı mənzildə qeydiyyatdır. Cavabdeh2 Azərbaycan Respublikasının İstanbuldakı Baş Konsulluğunda təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizəsindən aydın olur ki, o, İddiaçı iddiasını qəbul edir. Tətbiq edilən qanunvericilik: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2011-ci il tarixli Qərarı). Burada həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi, 71-ci maddəsinin İİ hissəsi və «Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» 27 iyul 2001-ci il tarixli qərarında göstərilmişdir ki, 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1. və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 29 mart 2016-cı il tarixli Qərarında göstərmişdir ki: “Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Qeyd olunmalıdır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulub-pozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar «xüsusi və həddən artıq məhrumiyyətlərə» məruz qalırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Sporronq və Lonnpot İsveçə qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin məzmununa görə yaşayış yerini dəyişmiş, başqa ölkədə yaşayış yeri seçmiş, istifadə hüququna xitam verilmiş şəxs qeydiyyatdan çıxarılmalıdır. 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri , sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin qiymətləndirməsi: İş materialları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, 1 mkr, Tibilisi prospekti 78 saylı evin, 22 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi xx.xx.2006-cı il tarixdən hüquqi qeydiyyatdan keçirilmişdir. Hazırki iş üzrə cavabdehlər mülkiyyətçinin həm ailə üzvləri və həmçinin də ailə üzvlərinin öz ailə üzvləri kimi iki qrupda cəmlənirlər. Bu baxımdan cavabdehlərə qarşı iddia tələbi cavabdehlərin iddiaçıya münasibətdə ailə üzvü olub-olmadığı nəzərə alınmaqla qiymətləndirilməlidir. Belə ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının doğma övladları olmaqla, onun ailə üzvləridirlər. Bununla yanaşı Cavabdeh1 və Cavabdeh2 iddia tələbini qəbul etmişlər və iddiaçıya qarşı hər hansı tələb irəli sürməmişlər. Həmçinin nəzərə alınmalıdır ki, Cavabdeh1 və Cavabdeh2 faktiki olaraq da iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən çıxıb getməklə həmin mənzildə yaşamırlar və onların həmin yaşayış sahəsindən istifadə etməməklə onların həmin yaşayış sahəsinə ehtiyacları yoxdur. Məhkəmə digər cavabdehlər Cavabdeh5 münasibətdə bildirir ki, o, digər Cavabdeh1 arvadı kimi mübahisəli yaşayış sahəsinə qeydiyyata alınmış, həmin yaşayış sahəsinə köçərək orada yaşamışdır. Həmçinin qeyd edilməlidir ki, Fidan Mərdanovnın mübahisəli yaşayış sahəsinə hüququ xx.xx.2014-cü il tarixdən yaranmışdır. Lakin işin faktiki halları müəyyən edilmişdir ki, hazırda Cavabdeh5 da həmin yaşayış sahəsində yaşamır və əri Cavabdeh1 məhkəmə tərəfindən məhkum edildikdən sonra mübahisəli yaşayış sahəsini tərk edərək başqa yaşayış sahəsindən istifadə etməyə başlamış, hazırda mübahisəli yaşayış sahəsinə olan ehtiyac aradan qalxmışdır. İddia tələbinin yönəldiyi yetkinlik yaşına çatmayan xx.xx.2022-ci il təvəllüdlü Cavabdeh3 və xx.xx.2015-ci il təvəllüdlü Cavabdeh4 münasibətdə isə məhkəmə qeyd edir ki, Cavabdeh3 və Cavabdeh4 mübahisəli yaşayış sahəsindən istifadə hüququ onların valideynlərinin həmin yaşayış sahəsindən istifadə hüququndan irəli gəldiyi üçün və qanunvericiliyin tələbinə əsasən yetkinlik yaşına çatmayanların yaşayış yeri valideynlərinin yaşayış yeri olduğundan iddia tələbi təmin edilməklə bu məqam nəzərə alınmalıdır. Beləliklə işin faktiki hallarını, bu münasibətləri tənzimləyən qanunvericiliyin normalarını, həmçinin Konstitusiya Məhkəməsinin Plenumunun adı çəkilən Qərarının müddəalarını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 həmin mənzildə yaşamaması onların həmin yaşayış sahəsinə ehtiyacının olmamasına (istifadə hüququnu əmələ gətirən əsasın aradan qalxmasına) dəlalət edir. Buna görə də iddia tələbi təmin edilməli və Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Bakı şəhəri, Nəsimi rayonu, 1 mkr, Tbilisi prospektindəki 78 saylı evin, 22 saylı mənzilə istifadə hüquqlarına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Bakı şəhəri, Nəsimi rayonu, 1 mkr, Tbilisi prospektindəki 78 saylı evin, 22 saylı mənzilə istifadə hüquqlarına xitam verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-890/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-890/2024
28.03.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver