Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-895/2024 18.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı «son haqq-hesabın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «son haqq-hesabın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən son haqq-hesaba görə 540 (beş yüz qırx) manat, ödənilməli olan pulun cavabdehin təqsirindən gecikdiyi üçün hər günə görə ümumi məbləğin 1 faizi olan 1134 (min yüz otuz dörd) manat və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 110 (yüz on) manat, ümumilikdə 1.784 (min yeddi yüz səksən dörd) manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər Cavabdeh MMC-də əmək müqaviləsiz işləməyə başlamışdır. Aralarında olan razılaşmaya əsasən onun əmək haqqı günlük 15 manat olmuşdur. Cavabdeh MMC-də işlədiyi dövr ərzində əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini, o cümlədən əmək vəzifələrini yüksək peşəkarlıqla icra etmişdir. Lakin ona əmək haqqı ödənilmədiyinə görə işdən çıxmışdır. Cavabdeh ona olan əmək haqqı borcunu ödəyəcəyini bildirsə də, əmək haqqı borcu bu günə qədər ödənilməmişdir. Bu problemin həll olunması üçün mediasiya təşkilatına da müraciət etmişdir. Cavabdeh bu prosesdə iştirak etmədiyinə görə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Problem həll olunmadığı üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh MMC-nin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilə bilməz. Belə ki, iş materillarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - X1 Xidmətinin 17 aprel 2023-cü il tarixli 3-17-5/2-Ə-13282/2023 saylı məktubundan görünür ki, iddiaçının Cavabdeh MMC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində 1 saylı Bakı DOST Mərkəzinə ünvanladığı müraciətinə X1 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Araşdırma zamanı Cavabdeh MMC-nin iddiaçının izahatında qeyd etdiyi ünvanına 3-17-5/2-9968/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubla müraciət olunaraq ona aid olan sənədlərin, «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikası Qanununun 7.9-cu maddəsinə müvafiq olaraq təqdim edilməsi xahiş olunmuş, lakin poçt xidmətinə məxsus F-20 formasında «ünvan tam deyil» qeyd edilməklə məktub geri qaytarılmışdır. Bildirilmişdir ki, iddiaçının X1 Xidmətinin Bakı şəhər İdarəsinə verdiyi izahata əlavə edilmiş «WhatsApp» proqramı üzərindən yazışmalardan onun hansı hüquqi və ya fiziki şəxs tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsini müəyyən etmək mümkün olmamışdır. İdarə tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin «Əmək və məşğulluq» alt sisteminə baxış keçirilərkən onunla Cavabdeh MMC-nin işəgötürəni arasında bağlanmış əmək müqaviləsinə dair bildirişin qeydiyyata alınması müəyyən edilməmişdir. İddiaçının nəzərinə çatdırılmışdır ki, «Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında» 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azerbaycan Respublikası Qanununa əsasən Azerbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2024-cü il tarixədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Müraciətdə qeyd edilən məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olduğu iddiaçıya izah edilmişdir. - Bakı 2 saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 17 iyul 2023-cü il tarixli MŞB/2-3045/2023 saylı arayışdan görünür ki, cavabdehin nümayəndəsi xx.xx.2023-cü il tarixdə saat 14:00-14:30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli 051-2/2-25873 saylı məktubundan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinə ünvanladığı müraciətə baxılmış və yaranmış problemli məsələnin həlli məqsədi ilə məhkəmə orqanlarına müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarından görünür ki, iddiaçı iddia tələbinin əsası kimi «WhatsApp» tətbiqi vasitəsi ilə yazışmalara istinad etmiş və tələbinin əsası kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83.2-ci 172.5-ci maddələrinə əsaslanmışdır. Həmçinin müəyyən edilmişdir ki,tərəflər arasında əmək müqaviləsi bağlanmamışdır. Məhkəmə qeyd edir ki, işəgötürənlə işçi arasında qarşılıqlı şəkildə öhdəliklərin götürülməsini təsdiq edən yegаnə sənəd əmək müqaviləsidir. Əmək Məcəlləsində istifadə edilən əsas anlayışların açıqlandığı, Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci hissəsindən göründüyü kimi, əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında «əmək müqaviləsi») – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Müəyyən edilmişdir ki, cavabdehin iddiaçını əmək müqaviləsi bağlamadan əmək fəaliyyətinə cəlb etməsinə dair mötəbər sübutlar yoxdur. İddiaçının istinad etdiyi «WhatsApp» proqramı vasitəsi ilə yazışmalardan onun hansı hüquqi və ya fiziki şəxs tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin, eləcə də hər hansı xarakterli işlərin yerinə yetirilməsinə cəlb edilməsini müəyyən etmək mümkün olmamışdır. Digər sözlə ifadə etdikdə, iddiaçı ilə cavabdeh arasında iddiaçının hansı müddətə, hansı şərtlər daxilində (iş saatları, əmək haqqı, məzuniyyət günləri və s.) və hansı vəzifəyə işə qəbul edilməsi ilə bağlı yazılı müqavilə yoxdur. Yuxarıda qeyd edildiyi kimi, hal-hazırda isə iddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə və iddiaçının əmək müqaviləsi bağlanmadan cavabdeh tərəfindən işə cəlb edilməsinə dair mötəbər sübutlar mövcud deyil, X1 Xidmətinin cavabdeh barəsində müvafiq tədbirlər görməsinə dair hər hansı qərarı yoxdur. Мülki prosessual qanunvericiliyin tələblərinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələri). Göstərilən normaların tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddələrin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddiaçı tərəf öz hüquqi mövqeyini sübut edə bilməmiş və hər hansı mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən, iddiaçının iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı «son haqq-hesabın ödənilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 50 manat mediasiya xərci iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı «son haqq-hesabın ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 50 manat mediasiya xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-895/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-895/2024
18.03.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver