Məhkəmə qərarları › İş №2(006)-898/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-898/2021

08.05.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-898/2021 08.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "İddiaçı" MMC-nin Nəsimi Rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 qarşı "kirayə haqqı ödənilmək və mənzillə təmin etməklə mənzildən çıxarma" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-yə ayrılmış torpaq sahəsində yerləşən ünvan 1 ünvanında faktiki sahəsi 62,5 kv.m olan 3 otaqlı 7 nömrəli mənzilin sökülməsi, mülkiyyətçisi Cavabdeh1, həmçinin həmin mənzildə qeydiyyatda olan ailə üzvləri ilə birlikdə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 mənzildən çıxarılması, İddiaçı MMC tərəfindən aylıq 500 manat məbləğində kirayə haqqı ödənilməklə gələcəkdə həmin ünvanda inşa ediləcək binada (20% əlavə edilərək) 75 kv.metr təmirli mənzilin Cavabdeh1 xüsusi mülkiyyətinə verilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi, ev 117-nin sökülməsi, mülkiyyətçi Cavabdeh7 ailə üzvü Cavabdeh8 ilə birlikdə həmin mənzildən çıxarılması, İddiaçı MMC tərəfindən aylıq 500 manat məbləğində kirayə haqqı ödənilməklə gələcəkdə həmin ünvanda inşa ediləcək binada (20% əlavə edilərək) 60 kv.metr təmirli mənzilin Cavabdeh7 xüsusi mülkiyyətinə verilməsi, ünvan 6nında yerləşən mənzilin sökülməsi, mülkiyyətçisi Cavabdeh9 mənzildən çıxarılmasını və İddiaçı MMC tərəfindən aylıq 500 manat məbləğində kirayə haqqı ödənilməklə gələcəkdə həmin ünvanda inşa ediləcək binada (20% əlavə edilərək) 114 kv.metr təmirli mənzil Cavabdeh9 xüsusi mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh1 ünvan 1 ünvanında faktiki sahəsi 62,5 kv.m olan 3 otaqlı 7 nömrəli mənzilin mülkiyyətçisidir. Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 həmin ünvanda qeydiyyatdadırlar. Bundan başqa Cavabdeh7 Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi, ev 117 ünvanında faktiki sahəsi 50 kv.m mənzilin mülkiyyətçisidir. Cavabdeh8 isə həmin ünvanda qeydiyyatdadırlar. Bundan başqa Cavabdeh9 ünvan 6nında faktiki sahəsi 95 kv.m mənzilin mülkiyyətçisidir. Qeyd olunan ünvanlardakı tikililər ötən əsrin əvvəllərində tikilmiş və uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüşdür. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli Qərarı ilə Bakı şəhərinin bir sıra rayonlarının, o cümlədən Nəsimi rayonu üzrə 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 qəzalı vəziyyətdə olan yaşayış binasının sökülməsi və yenidən qurulması, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırma sənədlərinin hazırlanması (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılması qərara alınmışdır. Sözügedən Qərarın 1-ci bəndinə əsasən 5 il müddətində mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etməklə qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyri-yaşayış binalarının sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tkintisi üçün sökülməsi nəzərdə tutulan qeyri-yaşayış və yaşayış evlərinin ərazisindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi Nəsimi rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Həmin Qərarın 1.3-cü bəndinə əsasən qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün köçürülən sakinlərə lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasından müvafiq mənzillərin ayrılması nəzərdə tutulmuşdur. Bakı şəhərinin təsdiq edilmiş Baş Planına uyğun olaraq Dövlət Proqramının yerinə yetirilməsi və sözügedən normativ aktın icrasının təmin edilməsi məqsədilə Nəsimi RİH başçısının 03 noyabr 2018-ci il tarixli 280 saylı sərəncamı ilə 3-cü Kərpiçni və 4-cü Kərpiçni küçələrində yerləşən mövcud yaşayış və qeyri-yaşayış obyektlərinin tikintisinin lahiyələndirməsi üçün torpaq sahəsinin icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır. Qeyd olunmuş sərəncama əsasən İddiaçı MMC ilə müqavilə bağlanmışdır. Müqavilənin öhdəliyinə əsasən şəhərsalma prinsiplərinə cavab verməyən yaşayış evlərindəki mənzilərdə yaşayan sakinlərin köçürülməsi, köçürülmə ilə əlaqədər həmin sakinlərə istifadələrində (mülkiyyətində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni tam təmirli abad yaşayış sahələrinin (mənzilərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından aslı olaraq 300-500 manat miqdarında kirayə haqqlarının verilməsi və digər xidmətlərin göstərilməsi İddiaçı MMC-yə həvalə edilmişdir. İddiaçı MMC tərəfindən bu istiqamətdə böyük işlər görülmüş, sözügedən ərazidəki sakinlərin böyük əksəriyyəti aylıq kirayə haqları verilməklə müvəqqəti yaşayış sahələrinə köçürülmüşdür. Lakin cavabdehlər onlara edilən ədalətli təkliflərə baxmayaraq qeyri-real (yalnız pul) kompensasiyaların verilməsini tələb edərək icrası mümkün olmayan şərtlər irəli sürməkdə davam edirlər. Nəticə etibarı ilə həmin ərazidən köçürülmüş onlarla ailənin hüquqlarının pozulması davam edir və İddiaçı MMC Nəsimi Rayon İcra Hakimiyyəti qarşısında öz öhdəliyini yerinə yetirə bilmir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin 12 yanvar 2017-ci il tarixli, 34/00074 nömrəli tapşırığına əsasən “Azərdövləttikintilayihə” İnstitutunun mütəxəssisləri həmin ünvanlarda yerləşən yaşayış evlərinə vizual texniki baxış keçirərək 03 mart 2018-ci il tarixli müvafiq akt tərtib etmişlər. Tərtib edilmiş akta əsasən həmin ünvanlarda yerləşən binanın dam konstruksiyaları, eyvanlar və ağac materiallarından olan mərtəbəarası örtüklərin aşınaraq tökülməsi armaturların ciddi korroziyaya uğramasına səbəb olmuşdur. Mərtəbəarası örtükləri ağac materiallarından olan konstruksiyaları yararsız vəziyyətdədir. Dam örtüyü istismar nəticəsində yararsız hala düşmüş, yağan atmosfer sularının sızması nəticəsində binanın pilləkən qəfəsələrinin daxili tavan və divarlarında rütubət izləri, beton mühafizə qatının tökülməsi müşahidə olunur. Yaşayış binası məhdud işlək vəziyyətdədir. Bina ümumiyyətlə mövcud tikinti norma və qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir. İddiaçı tərəfindən müvafiq akt alındıqdan sonra 41 saylı MKİS vasitəsi ilə cavabdehlərlə əlaqə saxlanılıb və real vəziyət, yəni onlara məxsus mənzillərin qəzalı vəziyyətdə olması barədə dəfələrlə məlumat verilmişdir. Lakin cavabdehlər yaşadıqları mənzillərdən çıxmaqdan imtina etməklə külli miqdarda kompensasiya tələb etmiş və qəzalı vəziyyətdə olan mənzillərindən çıxmayaraq öz həyatlarını təhlükəyə atmışlar. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndəsi X4 iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasında iştirakın etməmişlər. Məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin MH seriyalı ******* №-li çıxarışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsində istifadədə olan 0.03399 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 13 otaqlı 175.4 kv.metr yaşayış – kv.m qeyri-yaşayış, 114.6 kv.metr köməkçi sahədən ibarət 117 nömrəli fərdi yaşayış evinin 9/40 hissəsi paylı mülkiyyət hüququ üzrə Cavabdeh7 adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 39 nömrəli reyestr kitabının 3668 nömrəli vərəqində 13.02.2007-ci il tarixdə ********* nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 41 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilən 24.09.2020-ci il tarixli 272 saylı arayışından görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, X10, X16, X3, X5, X6, X7 ünvan 1 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 41 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilən 24.09.2020-ci il tarixli 274 saylı arayışından görünür ki, Cavabdeh9 Bakı şəhəri, Şamil Əzizbəyov küçəsi, 119 saylı evin 16 saylı mənzilində yaşayır. İş materiallarında olan Bakı şəhəri Nəsimi RİH Başçısının 03 noyabr 2017-ci il tarixli, 280 nömrəli sərəncamının surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova, Mərdanov qardaşları, Şamil Əzizbəyov və Əlimərdan Topçubaşov küçələrinin kəsişməsindəki məhəllələrdə yerləşən mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin «Azərdövləttikintilayihə» Dövlət Layihə İnstitutunun əməkdaşları tərəfindən tərtib edilmiş ünvan 3 ünvanlarda yerləşən, istismar müddəti keçmiş yaşayış evlərinin texniki vəziyyəti haqqında 03.03.2017-ci il tarixli aktın surətindən görünür ki, baxış keçirilən İddiaçı MMC-yə ayrılmış sahə ünvan 3 ünvanlarda yerləşir. Qeyd olunan ərazi 5 ədəd 2 mərtəbəli, 3 ədəd 1 mərtəbəli yaşayış evindən ibarətdir. Ərazidə yerləşən tikililər XX əsrin əvvəllərində inşa edilmişdir. Yaşayış evləri əsasən but daşından, mişarlanmış əhəng daşından, dam örtükləri ağac konstruksiyasından inşa edilmişdir. But daşından olan divarlarda keçici çatlar, ağac konstruksiyalarında çürümələr, beton konstruksiyalarında mühafizə qatının dağılması, tökülməsi, armatur millərinin açıqda qalaraq korroziyaya uğraması müşahidə olundu. Yaşayış evlərinə keçirilən vizual texniki baxış zamanı onların uzun müddət ərzində təmirsiz istismar olunduğu, köhnəlməsi, fiziki və mənəvi aşınmaya məruz qalması müəyyən olundu. Kommunikasiya xətləri və sistemləri yararsız vəziyyətdədir. Yaşayış evləri ümumiyyətlə mövcud tikinti norma və qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir. Yaşayış evləri məhdud işlək vəziyyətdədir. Yaşayış evlərində təmir bərpa və gücləndirmə işlərinin aparılması texniki və iqtisadi cəhətdən məqsədəuyğun hesab edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin «Azərdövləttikintilayihə» Dövlət Layihə İnstitutunun əməkdaşları tərəfindən tərtib edilmiş ünvan 4 ünvanlarda yerləşən, istismar müddəti keçmiş yaşayış evlərinin texniki vəziyyəti haqqında 03.03.2017-ci il tarixli aktın surətindən görünür ki, Baxış keçirilən İddiaçı MMC-yə ayrılmış sahə ünvan 4 ünvanlarda yerləşir. Qeyd olunan ərazi 2 ədəd 2 mərtəbəli, 15 ədəd 1 mərtəbəli yaşayış evindən ibarətdir. Ərazidə yerləşən tikililər XX əsrin əvvəllərində inşa edilmişdir. Yaşayış evləri əsasən but daşından, mişarlanmış əhəng daşından, dam örtükləri ağac konstruksiyasından inşa edilmişdir. But daşından olan divarlarda keçici çatlar, ağac konstruksiyalarında çürümələr, beton konstruksiyalarında mühafizə qatının dağılması, tökülməsi, armatur millərinin açıqda qalaraq korroziyaya uğraması müşahidə olundu. Yaşayış evlərinə keçirilən vizual texniki baxış zamanı onların uzun müddət ərzində təmirsiz istismar olunduğu, köhnəlməsi, fiziki və mənəvi aşınmaya məruz qalması müəyyən olundu. Kommunikasiya xətləri və sistemləri yararsız vəziyyətdədir. Yaşayış evləri ümumiyyətlə mövcud tikinti norma və qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir. Yaşayış evləri və qeyriyaşayış obyektləri məhdud işlək vəziyyətdədir. Yaşayış evlərində təmir bərpa və gücləndirmə işlərinin aparılması texniki və iqtisadi cəhətdən məqsədəuyğun hesab edilmir. Hazırki iddia tələbləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 №-li qərarına əsasən Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə 5 il müddətinə mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən Nəsimi rayonu üzrə XİX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş, 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 yaşayış binasının, habelə bu rayonun ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyriyaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsini təmin etməsi, həmçinin qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binaları tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binaları tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binalarında müvafiq mənzillərin ayrılması tapşırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.3-cü maddəsinə əsasən dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisəli mənzillərin yerləşdiyi məhəllədə istismar müddəti bitmiş yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi səlahiyyətli dövlət orqanı tərəfindən İddiaçı MMC-nin istifadəsinə verilmiş, ərazidə yerləşən tikililərin sökülməsi, sakinlərin köçürülməsi və vəsaitin ödənilməsi məsələlərinin qarşılıqlı razılaşma əsasında və müvafiq qanunvericiliyə əsasən həll edilməsi İddiaçı MMC-yə həvalə olunmuşdur. MMC həmin məhəllənin sakinlərinin əksəriyyəti ilə onların köçürülməsi, sökülmüş tikililərin mülkiyyətçilərinə kompensasiyanın ödənilməsi və ya tikiləcək yeni binada mənzillə təmin edilmələri barədə razılığa gəlsə də, cavabdehlər yüksək məbləğdə kompensasiya tələb etdiklərindən onlarla razılıq əldə edə bilməmiş və hazırkı iddia tələbləri ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, mübahisəli mənzillərin yerləşdiyi məhəllədə istismar müddəti bitmiş, insanların həyat və sağlamlığı üçün təhlükə kəsb edən yaşayış və qeyri-yaşayış tikililərinin sökülərək yerində yeni müasir tələblərə cavab verən yaşayış binasının tikilməsində ictimai marağın olması işin mübahisəsiz halıdır. Həmçinin istismar müddəti keçmiş, qəzalı mənzildə cavabdehlərin yaşamağa davam etməsi onların və ailə üzvlərinin həyat və sağlamlıqlarına ciddi təhlükə olmaqla yanaşı, cavabdehlərin MMC-nin təklifini qəbul edərək yaşayış sahəsindən çıxmaması ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikilməsi ilə bağlı sərəncamın icrasına maneçilik yaradır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının cavabdehlərin həmin mənzillərdən çıxarılmaları ilə bağlı tələbi əsaslıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi mənzillərin dövlət reyestrində qeydə alınmış qanuni sahələrinə 20% əlavə edilərək cavabdehlərin mənzil sahələri ilə təmin edilməsi hissəsində də əsaslıdır. Belə ki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.3-cü bəndinə görə dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. Məhkəmə qeyd edir ki, cavabdehlərin mənzili boşaltdıqları halda, mülkiyyətlərində olan mənzillərə uyğun tam təmirli mənzillərin verilməsi sərəncamla iddiaçının üzərinə qoyulmuş vəzifədir və MMC də bu vəzifəsini yerinə yetirməkdən imtina etmir, əksinə, iddia ərizəsi ilə məhkəməyə müraciət edilənədək və hazırkı iş üzrə iddia ərizəsinin verilməsindən sonra hal-hazıradək olan müddətdə mübahisənin məhkəmədən kənar həlli üçün yetərincə hərəkətlər etmiş, cavabdehlərə əlverişli təkliflər etmişdir. Məhkəmə bu zaman xüsusi qeyd edir ki, Bakı Şəhər Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən, eləcə də sərəncamı icra edən iddiaçı MMC tərəfindən cavabdehlərin mülkiyyət hüququ tanınır, qorunur, onlar tərəfindən cavabdehlərin mülkiyyət hüququnun pozuntusu hallarına yol verilməmişdir, cavabdehlərə mülkiyyətində olan əmlakın əvəzində ədalətli təklif edilir. Həmçinin cavabdehlərin mənafeyini və həmin ərazi üçün mövcud kirayə haqlarını və söküləcək olan sahənin təmir vəziyyətini nəzərə alaraq hesab edir ki, onlar yeni mənzil sahələri ilə təmin olunanadək İddiaçı MMC tərəfindən Cavabdeh1, Cavabdeh7 və Cavabdeh9 aylıq 500 manat kirayə haqqı ödənilməlidir. Məhkəmə qeyd olunanlardan əlavə olaraq onu da vurğulayır ki, cavabdehlərin istismar müddətini uzun müddətdir keçmiş, qəzalı vəziyyətdə olan mənzillərdən köçürülmələri, əvəzində isə yüksəkmərtəbəli, standartlara uyğun yeni yaşayış binasından yeni mənzillərlə təmin olunmaları ilk növbədə yararsız mənzildə yaşayan cavabdehlərin həyat və sağlamlıqlarının qorunmasının qarantı olmaqla yanaşı, Respublikanın paytaxtı olan Bakı şəhərinin abadlaşdırılmasına, gözəlləşdirilməsinə, ən əsası isə digər insanların mənzil əldə etmək hüququnun gerçəkləşdirilməsinə xidmət etmiş olur. Bundan başqa, cavabdehlərin qeyd edilən hərəkətləri məhz hüquqdan sui-istifadədir, iddiaçı tərəfindən tanınan və qorunan mülkiyyət hüquqlarından Bakı Şəhər Nəsimi Rayon İcra Hakimiyyətinin sərəncamını icra edən MMC-yə ziyan vuran şəkildə sui-istifadə edilir ki, buna yol verilməməli, bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında müəyyən edilmiş müddəalar da rəhbər tutulmalıdır. Belə ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, hüquq sistemi hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası hər bir şəxsdən dürüst bir insan olaraq gözlənilən davranışı ifadə edir; bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, bir təməl hüquq prinsipidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova, Mərdanov qardaşları, Şamil Əzizbəyli və Əlimərdan Topçubaşov küçələrinin kəsişməsində yerləşən ərazidə yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikintisi üçün İddiaçı MMC-yə ayrılmış torpaq sahəsində yerləşən ünvan 1 ünvanda mülkiyyətçi Cavabdeh1 ailə üzvləri - Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 ilə birlikdə İddiaçı MMC tərəfindən aylıq 500 manat məbləğində kirayə haqqı ödənilməklə gələcəkdə həmin ünvanda inşa ediləcək binada 75 kv.m təmirli mənzil sahəsi ilə təmin edilməsi şərti ilə yaşadığı ünvan 1 ünvanından çıxarılmalı, ünvan 5tçi Cavabdeh7 ailə üzvü Cavabdeh8 ilə birlikdə İddiaçı MMC tərəfindən aylıq 500 manat məbləğində kirayə haqqı ödənilməklə gələcəkdə həmin ünvanda inşa ediləcək binada 60 kv.m təmirli mənzil sahəsi ilə təmin edilməsi şərti ilə yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi, ev 117 ünvanından çıxarılmalı və ünvan 6nda mülkiyyətçi X8 İddiaçı MMC tərəfindən aylıq 500 manat məbləğində kirayə haqqı ödənilməklə gələcəkdə həmin ünvanda inşa ediləcək binada 114 kv.m təmirli mənzil sahəsi ilə təmin edilməsi şərti ilə yaşadığı ünvan 6nından çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova, Mərdanov qardaşları, Şamil Əzizbəyli və Əlimərdan Topçubaşov küçələrinin kəsişməsində yerləşən ərazidə yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikintisi üçün İddiaçı MMC-yə ayrılmış torpaq sahəsində yerləşən ünvan 1 ünvanında faktiki sahəsi 80,08 kv.m olan 3 otaqlı mənzil sökülsün; mülkiyyətçisi Cavabdeh1 həmin mənzildə qeydiyyatda olan ailə üzvləri - Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 ilə birlikdə mənzildən çıxarılsın; İddiaçı MMC tərəfindən aylıq 500 manat məbləğində kirayə haqqı ödənilməklə gələcəkdə həmin ünvanda inşa ediləcək binada (20% əlavə edilərək) 96 kv.metr təmirli mənzil Cavabdeh1 xüsusi mülkiyyətinə verilsin. Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova, Mərdanov qardaşları, Şamil Əzizbəyli və Əlimərdan Topçubaşov küçələrinin kəsişməsində yerləşən ərazidə yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikintisi üçün İddiaçı MMC-yə ayrılmış torpaq sahəsində yerləşən Bakı şəhəri, Nəsimi rayonu, Ş.Əzizbəyov küçəsi, faktiki sahəsi 39,4 kv.metr olan 117 saylı ev sökülsün; mülkiyyətçisi Cavabdeh7 ailə üzvü Cavabdeh8 ilə birlikdə mənzildən çıxarılsın; İddiaçı MMC tərəfindən aylıq 500 manat məbləğində kirayə haqqı ödənilməklə gələcəkdə həmin ünvanda inşa ediləcək binada (20% əlavə edilərək) 60 kv.metr təmirli mənzil Cavabdeh7 xüsusi mülkiyyətinə verilsin. Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova, Mərdanov qardaşları, Şamil Əzizbəyli və Əlimərdan Topçubaşov küçələrinin kəsişməsində yerləşən ərazidə yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikintisi üçün İddiaçı MMC-yə ayrılmış torpaq sahəsində yerləşən ünvan 8 ünvanında yerləşən sahəsi 110 kv.metr olan mənzil sökülsün; mülkiyyətçisi Cavabdeh9 mənzildən çıxarılsın; İddiaçı MMC tərəfindən aylıq 500 manat məbləğində kirayə haqqı ödənilməklə gələcəkdə həmin ünvanda inşa ediləcək binada (20% əlavə edilərək) 132 kv.metr təmirli mənzil Cavabdeh9 xüsusi mülkiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar