Məhkəmə qərarları › İş №2(006)-914/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-914/2022

01.04.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-914/2022 01.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X4 onun mülkiyyətində olan ünvan 1-dan çıxarılması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 iddiaçının xüsusi mülkiyyətindədir. Həmin mənzilə dair mülkiyyət hüququnu təsdiq edən Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** nömrəli, 18.06.2021 saylı çıxarış da verilmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 2007-ci ildən bu mənzili zəbt edərək həmin mənzildə yaşlayırlar. Onlardan dəfələrlə bu mənzili tərk etmələri xahiş olunsa da, hər dəfə müxtəlif bəhanələrlə bu mənzili tərk etməkdən yayınmışlar. Cavabdehlərin bu qanunazidd hərəkəti bir mülkiyyətçi kimi onun hüquqlarını kobud şəkildə pozur. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, bildirmişdir ki, iş üzrə Cavabdeh2 məhkəməyə Cavabdeh1 ölüm haqqında şəhadətnaməsini təqdim etmişdir. Ona görə də, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni verərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iddiaçının mülkiyyətində olan ünvan 1-dan çıxarılması və mənzil boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə AR MPM-in 53-cü maddəsinə əsaslanaraq, “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizəni mümkün hesab edərək, icraata qəbul etmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbinin məzmununa uyğun izahat verərək, onun təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək, öz izahatında bildirmişdir ki, onun həyat yoldaşı Cavabdeh1 11 oktyabr 2019-cu ildə ölmüşdür. O, 2007-ci i tarixdən mübahisəli mənzildə ailəsi ilə birlikdə yaşayır və müvəqqəti qeydiyyata düşüblər. Onlar Ağdam rayonu məcburi köçkündür. Ümumiyyətlə İddiaçı tanımır. Həmin şəxs bu evi qanunsuz yollarla əldə etmişdir. Qeyd olunanlara əsasən, iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə digər cavabdehlər Cavabdeh3 və Cavabdeh4 məhkəmə baxış iclasında iştirak etməmiş və iştirak etməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir üzrlü səbəb təqdim etməmişlər. Məhkəmə AR MPM-in 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bu barədə hər hansı bir məlumat verməmişdir. Bu səbəbdən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan AR Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən verilən 19.10.2021-ci il tarixli məktubdan görünür ki, mülki iş üzrə Cavabdeh2 ünvan 1 ünvanında müvəqqəti məskunlaşmışdır. Digərləri barədə Komitənin elektron bazasında məlumat aşkar olunmamışdır. İş materiallarında olan MAPS Şöbəsinin Arayışlarından görünür ki, mülki iş üzrə cavabdehlər Ağdam rayonu, Ağdam şəhəri, X8 küçəsi ev 7 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan 28.10.2021-ci il tarixli, 467№-li Arayışdan görünür ki, Cavabdeh2 ünvan 1 ünvanında 2007-ci il tarixindən etibarən müvəqqəti qeydiyyatdadır. O, Ağdam rayonu məcburi köçkünüdür. Cavabdehlər Cavabdeh3 onun oğlu, Cavabdeh4 isə onun qızıdır. İş materiallarında olan AR ƏMDK DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilən Çıxarışdan görünür ki, ünvan 1 ünvanında olan xüsusi mülkiyyət Pavlova Alınanın adına 18.06.2021-ci il tarixindən etibarən qeydiyyatdadır. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 2007-ci ildən etibarən həmin mənzildə qanunsuz olaraq yaşayırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə tərəfindən müəyyən edildi ki, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 61,7 kv.m olan mənzil iddiaçı X1 xüsusi mülkiyyətindədir. Hazırda həmin mənzildə Laçın rayonundan olan məcburi köçkün cavabdeh X2 (ailəsi ilə birlikdə) məskunlaşmışdır. «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu, digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. İşin tədqiq olunan faktiki hallarından görünür ki, cavabdehin məcburi köçkün kimi iddiaçıya məxsus mənzildə məskunlaşması iddiaçının qanunla qorunan hüquqlarını pozur. Məhkəmə hesab edir ki, mübahisələndirilən mənzil iddiaçının mülkiyyəti olduğundan cavabdehin həmin mənzildə məskunlaşması və mənzildən çıxmaması iddiaçının mülkiyyət hüquqlarını pozur. Şərh olunan hüquq normalarına əsasən İddiaçı ona məxsus mənzil üzərində mülkiyyət hüququ təmin edilməli və cavabdehlər həmin mənzildən çıxarılmalıdır. «Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsindən göründüyü kimi, məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir, məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına yalnız bunun digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmadığı hallarda yol verilir və belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Göstərilən normanın tələbləri baxımından məhkəmə hesab edir ki, cavabdeh məcburi köçkün olduğu üçün başqa yaşayış yeri ilə təmin olunmalıdır və bu qətnamə Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən cavabdehin ailəsi ilə birlikdə yaşayış sahəsi ilə təmin edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iddiaçının mülkiyyətində olan ünvan 1-dan çıxarılmalı və mənzil boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin olsun. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iddiaçının mülkiyyətində olan ünvan 1-dan çıxarılsın və mənzil boşaldılaraq iddiaçıya təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar