Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-92/2022 10.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı və mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X4 nümayəndəsi və vəkili X3, Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı «payın naturada bölünməsi» tələbinə dair ilk iddiası; Cavabdeh İddiaçı qarşı «qarşılıqlı iddia üzrə cavabdehin hesabına mənzilin əvvəlki vəziyyətə gətirilməsi» tələbinə dair qarşılıqlı iddiası; Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X4 Cavabdeh qarşı «xüsusi mülkiyyətdə olan mənzilin naturada ayrılıb təhvil verilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «payın naturada bölünməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Mir Qasımov küçəsi 14 saylı evin 8 saylı mənzilindən ona düşən payın naturada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə nikahları 2018-ci ildə ləğv edilmiş və birgə nikah dövründə əldə olunmuş Bakı şəhəri Nəsimi rayonu Mir Qasımov küçəsi 14 saylı evin 8 saylı mənzilinə hər birinin payı 1/2 hissədə müəyyən edilmişdir. Hələ nikah pozulmazdan xeyli müddət əvvəl cavabdeh onu mənzilə buraxmırdı. O, «xroniki Hepatit C virus infeksiyası» - qaraciyər serozu xəstəliyindən əziyyət çəkir. Hazırda kirayədə yaşayır, cavabdeh qeyri-rəsmi ailə sürücüsü işlədiyi müdirini və xanımını məcbur edərək onu işdən də çıxarmışdır. Cavabdehlə mənzilin paylara uyğun olaraq bölünməsinə dair razılıq əldə etmək mümkün deyil. Ona görə də, pozulmuş mülkiyyət hüququnun bərpa olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehlə payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədiklərindən payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edir. Qanuna görə paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər, yalnız bu şərtlə ki, payın naturada ayrılması mümkün olsun və ya belə bölünmə mülkiyyətdə olan əşyaya zərər vurmasın. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi rayonu Mir Qasımov küçəsi 14 saylı evin 8 saylı mənzilinin bölünməsi və ya ondan pay ayrılması mümkün olmadığından həmin mənzilin açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı «qarşılıqlı iddia üzrə cavabdehin hesabına mənzilin əvvəlki vəziyyətə gətirilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı ilə ümumi birgə paylı mülkiyyətlərində olan Bakı şəhəri Nəsimi rayonu Mir Qasımov küçəsi 14 saylı evin 8 saylı mənzilinin cavabdehin vəsaiti hesabına əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı ilə 1985-ci ilin iyul ayının 12-də Şamaxı şəhəri VVAQ şöbəsində rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan doğulmuş 29.09.1999-cu il təvəllüdlü X5 adlı övladları var. Ailə qurduqları ilk vaxtlar münasibətləri normal olmuş, lakin sonradan cavabdehin təqsiri ucbatından korlanmış və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13.03.2018-ci il tarixli 2(006)-485/2018 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Eləcə də, həmin qətnamə ilə birgə nikah dövründə əldə olunmuş Bakı şəhəri Nəsimi rayonu M.Qasımov küçəsi 14 nömrəli evin 8 saylı mənzilinə hər birinin payı 1/2 hissədə müəyyən olunmuş və paylı mülkiyyət hüququ ilə onlara 15.12.2018-ci il tarixli çıxarış verilmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, birgə nikah dövründə yaşadıqları Bakı şəhəri Nəsimi rayonu M.Qasımov küçəsi 14 nömrəli evin 8 saylı mənzilinin qonşuluğunda cavabdeh 1995-ci ildə bacısı tərəfindən bağışlanmış 1 otaqlı mənzilə mülkiyyət hüququ əldə etmişdir. O dövrdə, birgə nikahda olarkən, 1998-2000-ci illərdə mənzil şəraitlərini yaxşılaşdırmaq məqsədi ilə cavabdeh İddiaçı mülkiyyətində olan 1 otaqlı 7 saylı mənzili ona mülkiyyət hüququ ilə məxsus olan və naturada bölgüsü mübahisələndirilən Bakı şəhəri Nəsimi rayonu M.Qasımov küçəsi 14 nömrəli evin 8 saylı mənzilini müvafiq icazələr almadan özbaşına rekonstruksiya (yenidənqurma) işləri aparmaqla birləşdirmiş və bu mənzil faktiki olaraq 1 mənzil kimi istifadələrində olmuşdur. Sonradan ona məlum olmuşdur ki, hər iki mənzildə aparılmış rekonstruksiya (yenidənqurma) işləri müvafiq icazələr alınmadan aparılmış və bu səbəbdən həmin mənzilə bu günədək vahid mülkiyyət hüququ təsdiq edən çıxarış verilməmişdir. Aparılmış rekonstruksiya (yenidənqurma) işləri nəticəsində əlavə binanın yükdaşıyıcı divarından qapı açılmış, mətbəx və sanitar qovşağının yeri dəyişdirilərək 2 mənzil 1 mənzil vəziyyətinə salınmışdır. Bildirir ki, mübahisələndirilən mənzilin hazırda naturada bölünüb istifadə edilməsi qeyri-mümkündür. Belə ki, yuxarıda qeyd etdiyi kimi, aparılmış rekonstruksiya (yenidənqurma) işləri nəticəsində mətbəx və sanitar qovşağının yeri dəyişərək faktiki olaraq cavabdehin bağışlama yolu ilə əldə etdiyi 7 saylı mənzilə keçirmiş, eləcə də, 7 saylı mənzilə giriş qapısı hörülmüş, giriş qapısı yalnız 8 saylı mənzildə saxlanılmışdır. Göründüyü kimi, bu vəziyyətdə mübahisələndirilən mənzilin naturada bölünməsi qeyri-mümkündür, eləcə də, həmin mənzilin hərracdan satılması və satışdan əldə olunan pulun bölünməsi halında isə ona çatası vəsait hesabına cavabdehlə birgə nikahdan olan və «uşaq serebral iflic» xəstəliyindən əziyyət çəkən övladı ilə birlikdə xəstə uşağına qulluqla ələqadar sanitar norma qaydalarına tam şəkildə cavab verən azı 1 otaqlı ev əldə edilməsi yaşayış sahələrin mövcud bazar satış qiymətləri ilə müqayisədə mümkünsüzdür. Bununla da, hesab edir ki, hazırki vəziyyətdə ümumi birgə paylı mülkiyyətlərində olan yaşayış evində cavabdeh tərəfindən aparılmış özbaşına rekonstruksiya (yenidənqurma) işləri pay mülkiyyətçisi kimi onun hüquqlarına toxunur və bu evin naturada bölünməsi yalnız həmin evin əvvəlki vəziyyətə gətirilməsi halında mümkündür. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X1 Məryəm Hacı qızına qarşı «xüsusi mülkiyyətdə olan mənzilin naturada ayrılıb təhvil verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi rayonu Mir Qasımov küçəsi 14 saylı evin 7 saylı mənzilinin 8 saylı mənzilə birləşdirilmə hissəsində sökülməsi, 7 saylı mənzilin əvvəlki vəziyyətinin bərpa edilməsi, 7 saylı mənzildən sərbəst istifadəyə qoyulmuş maneənin aradan qaldırılması və ayrılma zamanı təmir-bərpa işləri ilə bağlı xərclərin Cavabdeh üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X10 iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi rayonu Mir Qasımov küçəsi 14 saylı evin 7 saylı mənzili xüsusi mülkiyyətindədir. Hazırda həmin mənzil Bakı şəhəri Nəsimi rayonu Mir Qasımov küçəsi 14 nömrəli evin 8 saylı mənzilinə bitişik halda Cavabdeh istifadəsindədir. Bu səbəbdən xüsusi mülkiyyətində olan mənzildən istifadə edə bilmir. Ona görə də, mülkiyyət hüquqlarının həyata keçirilməsi üçün hazırki iddianı qaldırmaq zərurəti yaranmışdır. İddiaçı və mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X4 nümayəndəsi və vəkili X6 məhkəmə iclasında ilk iddianı və müstəqil tələb irəli sürən 3-cü şəxsin iddiasını müdafiə etdi, qarşılıqlı iddianı qəbul etmədi, ilk iddia ərizəsinin və mübahisə predmeti barədə müstəqil tələblə bağlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ilk iddianın və 3-cü şəxsin iddiasının təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında ilk iddianı və mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasını qəbul etmədi, qarşılıqlı iddianı müdafiə etdi, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ilk iddianın və 3cü şəxsin iddiasının rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil hüquqlarını təmsil etdiyi iddiaçının izahatına oxşar məzmunda izahat verərək onun iddialar üzrə mövqeyini müdafiə etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ilk iddia, qarşılıqlı iddia və mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiaları əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 mart 2018-ci il tarixli 2(006)- 485/2018 saylı qətnaməsindən görünür ki, ilk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı «nikahın pozulması» tələbinə dair ilk iddiası təmin edilmiş, X8 ilə Cavabdeh arasında 12 iyul 1985-ci il tarixdə Şamaxı rayon VVAQ şöbəsində 118 nömrəsi ilə akt qeydi ilə bağlanmış nikah pozulmuş, 29.09.1999-cu il təvəllüdlü X5 anası Cavabdeh himayəsində saxlanılmış, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və X13 qarşı Quba rayon notariat kontoru maraqlı şəxs qismində cəlb edilməklə «birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi» tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilmiş, İddiaçı 25.10.2017-ci il tarixdən başlayaraq 29.09.1999-cu il təvəllüdlü X2 maddi cəhətdən saxlanması üçün hər ay 100 manat məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmiş, ünvan 1 ünvanda yerləşən 8 saylı mənzilə Cavabdeh payı 1/2 hissə, İddiaçı payı 1/2 hissə müəyyən edilmiş, qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməmiş, qətnamənin alimentin ödənilməsi hissəsində dərhal icra edilməsi barədə göstəriş verilmişdir. - Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 iyun 2018-ci il tarixli 2(103)- 6839/2018 saylı qətnaməsindən görünür ki, Cavabdeh apelyasiya şikayəti apelyasiya baxışının predmetində qalan hissədə təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 mart 2018-ci il tarixli 2(006)-485/2018 saylı qətnaməsi apelyasiya baxışının predmetində qalan hissədə dəyişiklik edilmədən saxlanılmışdır. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 iyun 2018-ci il tarixli 2(103)- 6839/2018 saylı qərardadından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 mart 2018-ci il tarixli 2(006)-485/2018 saylı qətnaməsi ilk iddianın «29.09.1999-cu il tarixində anadan olmuş X2 anası Cavabdeh himayəsində saxlanılmasının» təmin edilmiş hissəsində və qarşılıqlı iddianın «İddiaçı 25.10.2017-ci il tarixdən başlayaraq, 29 sentyabr 1999-cu il təvəllüdlü X2 maddi cəhətdən saxlanılması üçün hər ay 100 manat məbləğində aliment tutularaq Cavabdeh ödənilməsinin» qismən təmin edilmiş hissəsində, «alimentin ödənilməsinin dərhal icra edilməsi» hissəsində ləğv edilmiş, həmin hissələrdə iş məhkəmədə baxılmalı olmadığından, iş üzrə icraata xitam verilmişdir. Həmçinin Cavabdeh izah edilmişdir ki, 29.09.1999-cu il tarixində anadan olmuş X2 üzərində Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən qəyyum təyin edildiyindən, alimentlə bağlı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80-ci maddəsinə əsasən məhkəməyə müraciət oluna bilər. - Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin aidiyyatı Ərazi İdarəsi tərəfindən verilmiş 28 yanvar 2019-cu il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Akademik Mirqasımov küçəsi 14 saylı evin 8 saylı mənzili paylı mülkiyyət kimi 1/2 hissədə Cavabdeh, 1/2 hissədə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 2968 saylı reyestr kitabının 277054 saylı vərəqində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin aidiyyatı Ərazi İdarəsi tərəfindən verilmiş 07 sentyabr 2020-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Akademik Mirqasımov küçəsi 14 saylı evin 7 saylı mənzili xüsusi mülkiyyət kimi X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2020-ci il tarixli 10/4253 saylı məktubundan və məktuba əlavə edilmiş ekspert vəsatətindən; 08 fevral 2021-ci il tarixli 10/4253 saylı məktubundan və məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatdan; 10 sentyabr 2021-ci il tarixli 10/4621 saylı məktubundan və tədqiqat obyektinə baxış keçirilməsinin təşkil olunması və əlavə materialların təşkil olunması barədə ekspert vəsatətindən; 25 noyabr 2021-ci il tarixli 10/4621 saylı məktubundan və məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatdan görünür ki, tərəflərin iştirakı ilə tədqiqat obyektinə baxış keçirilmiş, lakin əlavə materiallar təqdim edilmədiyi səbəbindən müqayisəli tədqiqat aparılaraq rəy verilməsi mümkün olmamışdır. Beləliklə də, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi rayonu Mir Qasımov küçəsi 14 saylı evin 8 saylı mənzili İddiaçı ilə Cavabdeh birgə nikah dövründə əldə olunmuşdur. Onların nikahları 13.03.2018-ci il tarixdə pozulmaqla yanaşı məhkəmə qətnaməsi ilə həmçinin mübahisəli mənzilə münasibətdə hər birinin payı 1/2 hissədə müəyyən edilmiş, mənzilin bərabər hissələr üzrə paylı mülkiyyətdə olması 28 yanvar 2019-cu il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla da təsdiq edilmişdir. Bakı şəhəri Nəsimi rayonu Mir Qasımov küçəsi 14 saylı evin 7 saylı mənzil isə mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X4 mülkiyyəti kimi qeydiyyatdan keçmişdir. Məhkəmə iddia tələblərinə hüquqi qiymət verilməsi ilə əlaqədar ilk öncə qeyd edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri). Konstitusiyanın qeyd olunan normalarından irəli gələn və həmin normaları inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirir. Mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (nikahda olan ər-arvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Göründüyü kimi, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. İş materiallarından görünür ki, Bakı şəhəri Nəsimi rayonu Mir Qasımov küçəsi 14 saylı evin 8 saylı mənzili İddiaçı ilə Cavabdeh paylı mülkiyyətində olsa da, tərəflərin izahatlarına əsasən Bakı şəhəri, Nəsimi rayonu, M.Qasımov küçəsi 14 nömrəli evin 1 otaqlı 7 saylı mənzili həmin binanın 8 saylı mənzilinə müvafiq icazələr alınmadan özbaşına rekonstruksiya (yenidənqurma) işləri aparılmaqla birləşdirilmiş, binanın yükdaşıyıcı divarından qapı açılmış, mətbəx və sanitar qovşağının yeri dəyişdirilmiş, 7 saylı mənzilə giriş qapısı hörülmüş, giriş qapısı yalnız 8 saylı mənzildə saxlanılmış, beləliklə də, 2 mənzil 1 mənzil vəziyyətinə salınmış və 8 saylı mənzil faktiki olaraq 1 mənzil kimi istifadə olunur. İddiaçı və mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X10 1 otaqlı 7 saylı mənzili həmin binanın 8 saylı mənzilinə müvafiq icazələr almadan özbaşına rekonstruksiya (yenidənqurma) işləri aparmaqla birləşdirmə işlərinin aparılmasında qarşılıqlı iddiaçını, sonuncu isə əksinə, bu birləşdirmə işlərinin təşəbbüskarı və icraçısının ilk iddiaçı olmasını bildirir. İş materiallarından görünür ki, ilk İddiaçı iddia tələbini dəyişdirməzdən əvvəl iş üzrə məhkəmənin qərardadına əsasən hər üç iddia tələbi üzrə müvafiq ekspertiza təyin edilmiş, tədqiqat obyektinə baxış keçirilmiş, lakin əlavə materiallar təqdim edilmədiyi səbəbindən müqayisəli tədqiqat aparılaraq rəy verilməsi mümkün olmamışdır. Bundan sonra ilk iddiaçı iddia tələbini dəyişdirərək Bakı şəhəri, Nəsimi rayonu, Mir Qasımov küçəsi 14 saylı evin 8 saylı mənzilinin bölünməsi və ya ondan pay ayrılması mümkün olmadığından həmin mənzilin açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsini xahiş etmişdir. Məhkəmə ilk iddia tələblərinin dəyişdirilməsi ilə bağlı qeyd etmək istəyir ki, Azərbaycan Respublikasının MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İlk iddiaçı tələbinin dəyişdirilməsinin əsası kimi Bakı şəhəri Nəsimi rayonu Mir Qasımov küçəsi 14 saylı evin 8 saylı mənzilinin bölünməsi və ya ondan pay ayrılmasının mümkün olmamasını göstərsə də, bu faktı təsdiq edən heç bir sübut təqdim etməmiş və bu halı təsdiq edən sübut da (qanuni qüvvəsini almış qətnaməsi) iş materiallarında mövcud deyildir. İlk iddiaçı əvvəlki tələbi üzrə təyin edilən ekspertizanın keçirilməsinin mümkün olmamasına əsaslanaraq iddia tələbini qeyd edilən əsasla dəyişdirsə də, məhkəmə hesab edir ki, mübahisəli mənzilin bölünməsi və mülkiyyətçilərin payının naturada bölgüsünün mümkün olub-olmaması müəyyənləşdirilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olmadan onun açıq hərracdan satılması barədə tələb hazırki vəziyyətdə əsaslı sayıla bilməz. Belə ki, iş materiallarından göründüyü kimi, mənzilin bölünməsi və ya ondan pay ayrılmasının mümkün olub-olmaması məsələsinə hüquqi qiymət verilməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 220.2–ci maddəsinə əsasən isə mülkiyyətçi öz payının ayrılmasını tələb edə bilər. - 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. - 220.4-cü maddəsinin tələbinə görə bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. - 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. - 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 04.04.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Qeyd edilən Qərarda eyni zamanda göstərilmişdir ki, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3- 220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Yuxarıda qeyd olunan maddi hüquq normalarından və qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilən, eləcə də həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalı olan Konstitusiya Məhkəməsinin qeyd edilən qərarından da göründüyü kimi, payın naturada ayrılmasına yol verilməməsi və ya bunun, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün olmadığı müəyyən edilmədən, qanunvericilikdə müəyyən edilmiş digər addımların atılması mümkün deyil. Bu səbəbdən, İddiaçı Cavabdeh qarşı «Bakı şəhəri, Nəsimi rayonu, Mir Qasımov küçəsi 14 saylı evin 8 saylı mənzilinin bölünməsi və ya ondan pay ayrılması mümkün olmadığından həmin mənzilin açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi» tələbinə dair ilk iddiası təmin edilə bilməz. Məhkəmə qarşılıqlı iddiaya və mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasına münasibətdə qeyd etməyi zəruri hesab edir ki, tərəflər (həmçinin ilk iddiaçı ilə də) arasında yaranmış mübahisənin sülh yolu ilə (tərəflər arasında biridigərinə pul vəsaiti verilməsi ilə bağlı) həll edilməsi səbəbi ilə məhkəmə iclası dəfələrlə təxirə salınsa da, ilk əvvəl müəyyən anlaşma olmasına baxmayaraq, sonradan biri digərindən daha çox pul istəməsi əsası ilə barışığın əldə edilməsi mümkün olmamışdır. Məhkəmə isə mübahisənin həlli baxımından öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsi məsələsinə hüquqi qiymət vermir. Belə ki, yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin Plenumunun qərarından göstərildiyi kimi, əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Bu səbəbdən də məhkəmə tərəfindən işə mahiyyəti üzrə baxılaraq yaranmış mübahisənin məhkəmə yolu ilə birdəfəlik həll edilməsi məqsədi ilə dəfələrlə təklif edilməsinə baxmayaraq, qarşılıqlı iddia üzrə iddiaçı və mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən iddia tələbinin əsası kimi istinad etdikləri hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, ilk iddia tələbi dəyişdirilənə qədər ilk iddiada, həmçinin də qarşılıqlı iddiada 8 saylı mənzilin əvvəlki vəziyyətinə gətirilməsi, mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasinda isə 7 saylı mənzilin naturada ayrılıb təhvil verilməsi tələbi qoyulsa da, mənzilin əvvəlki vəziyyətinin (texniki göstəricilərin, parametrlərin, memarlıq üslübü və həllinin və s.) təsbit olunduğu sənədlər məhkəməyə təqdim olunmamışdır. Məhkəmə qeyd edir ki, bu sənədlərin təqdim edilməməsi isə xüsusi bilik tələb edildiyi sahə olaraq müvafiq ekspertizanın keçirilməsində bunu həyata keçirməli olan ekspertlərin işini tam mümkünsüz edir. Belə ki, ekspertin mübahisəli mənzillərin hazırki mövcud vəziyyətini müşahidə etməsi (vizual baxış keçirməsi) və tərəflərin mənzillərin əvvəlki vəziyyətlərinə dair izahatlar verməsi ilə kifayətlənərək verdiyi rəy obyektiv olmamaqla mötəbər sayıla bilməz. Çünki, mənzillərdə aparılmış rekonstruksiya (yenidənqurma) işləri nəticəsində əlavə binanın yükdaşıyıcı divarından qapı açılması, mətbəx və sanitar qovşağının yerinin dəyişdirilərək 2 mənzilin 1 mənzil vəziyyətinə salınması faktı nəzərə alınmaqla iddia tələblərinin əsaslılığına qiymət verilməsi üçün sözügedən mənzillərin əvvəlki, yəni inşa edilib təhvil verilərkən təcrid mənzillər olmasını əks etdirən sənədlərin təqdim edilməsi zəruridir. Mənzillərin naturada bölünməsi və ayrılmasına yalnız həmin evlərin əvvəlki vəziyyətə gətirilməsinin mümkünlüyü halında hüquqi qiymət verilə bilər. Göstərilən mənzillərin inşa edilib təhvil verilərkən təcrid mənzillər olmasını əks etdirən sənədlərin təqdim edilməsi vəzifəsi isə tərəflərin (qarşılıqlı iddiaçı və mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs) üzərinə düşdüyü halda onlar bu vəzifələrini yerinə yetirməmişlər. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Yuxarıda istinad olunan prosessual hüquq normasının mənasından göründüyü kimi, sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Məhkəmə həmçinin qeyd edir ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Başqa sözlə, məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Beləliklə də, məhkəmə hesab edir ki, qarşılıqlı iddia və mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiaları əsaslı sayıla bilməz. Ödəniş qəbzlərindən görünür ki, məhkəməyə ilk iddia ərizəsi təqdim edilməsi üçün 20 manat, qarşılıqlı iddia ərizəsi təqdim edilməsi üçün 10 manat, 3-cü şəxs tərəfindən iddianın təqdim edilməsi üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «Bakı şəhəri Nəsimi rayonu Mir Qasımov küçəsi 14 saylı evin 8 saylı mənzilinin bölünməsi və ya ondan pay ayrılması mümkün olmadığından həmin mənzilin açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi» tələbinə dair ilk iddiası; Cavabdeh İddiaçı qarşı «qarşılıqlı iddia üzrə cavabdehin hesabına mənzilin əvvəlki vəziyyətə gətirilməsi» tələbinə dair qarşılıqlı iddiası; mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X4 Cavabdeh qarşı «xüsusi mülkiyyətdə olan mənzilin naturada ayrılıb təhvil verilməsi» tələbinə dair iddiası rədd edilməlidir. İlk iddia üzrə ödənilmiş dövlət rüsumu ilk iddia üzrə iddiaçıya, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya, 3-cü şəxsin iddiası üzrə ödənilmiş dövlət rüsumu mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxsə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «Bakı şəhəri, Nəsimi rayonu, Mir Qasımov küçəsi 14 saylı evin 8 saylı mənzilinin bölünməsi və ya ondan pay ayrılması mümkün olmadığından həmin mənzilin açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi» tələbinə dair ilk iddiası rədd edilsin. Cavabdeh İddiaçı qarşı «qarşılıqlı iddia üzrə cavabdehin hesabına mənzilin əvvəlki vəziyyətə gətirilməsi» tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X4 Cavabdeh qarşı «xüsusi mülkiyyətdə olan mənzilin naturada ayrılıb təhvil verilməsi» tələbinə dair iddiası rədd edilsin. İlk iddia üzrə ödənilmiş dövlət rüsumu ilk iddia üzrə iddiaçıya, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya, 3-cü şəxsin iddiası üzrə ödənilmiş dövlət rüsumu mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxsə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-92/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-92/2022
10.01.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver