Məhkəmə qərarları › İş №2(006)-936/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-936/2023

15.02.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-936/2023 15.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi X4, cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cəfərov Elmı̇ r Ramı̇ z oğlunun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinə qarşı "əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma dövrü üçün kompensasiyanın ödənilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cəfərov Elmı̇ r Ramı̇ z oğlu cavabdeh "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinə qarşı "əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma dövrü üçün kompensasiyanın ödənilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməsinə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı əmək fəaliyyətinə 2012-ci ildə “X7”nda mütəxəssis kimi başlamış və 2013-cü ilə kimi burada işləmişdir. 2013-2014-cü illərdə "xxxx"line MMC-də Marketinq xidmətində çalışmışdır. Bundan sonra xidməti müqavilə əsasında xx.xx.2014-cü il tarixindən xx.xx.2017-ci il tarixə kimi, "xxxx" ASC-nin Pərakəndə Bankçılıq Departamentində satış mütəxəssisi kimi işləmişdir. Daha sonra, yəni 2017-ci il 18 sentyabr tarixindən əmək müqaviləsi üzrə "xxxx" ASC-nin Binəqədi filialının kredit şöbəsinin istehlak krediti üzrə mütəxəssis vəzifəsinə qəbul olunmuşdur. xx.xx.2018ci il tarixində Səbail filialına mütəxəssis vəzifəsinə rotasiya olunmuş, xx.xx.2018-ci il tarixində həmin filialın kredit şöbəsinin istehlak krediti üzrə aparıcı mütəxəssis vəzifəsinə keçirilmişdir, xx.xx.2020-ci il tarixində Yasamal filialına göndərilmiş və burada kreditlər üzrə bölmə rəhbəri vəzifəsinə məsul şəxs kimi fəaliyyət göstərmişdir. xx.xx.2021-ci il tarixində Sabunçu filialına keçirilmiş və burada da bölmə rəhbəri məsul şəxs vəzifəsini icra etmişdir. xx.xx.2021-ci il tarixində Sabunçu filialında pərakəndə satış və xidmət üzrə baş mütəxəssis vəzifəsinə təyin olunmuşdur. xx.xx.2022-ci il tarixində "xxxx" ASC-nin Sənaye filailına keçirilmiş və burada bölmə rəhbəri vəzifəsini icra etmişdir. "xxxx" ASC-də işlədiyi 8 il ərzində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmiş, xidməti vəzifəsinin icrası sahəsində əldə etdiyi göstəricilərə görə ona "ABB ASC-nin sədri tərəfindən H0106 saylı “fərqlilər” sertifikatı və “ön söz imzalı” bloknotu kitabçası təqdim olunmuş və hədiyyə qismində mobil telefonla mükafatlandırılmışdır və bu müddətdə ona qarşı heç bir intizam tənbehi tətbiq edilməmişdir. Son iş yeri olan "xxxx" ASC-nin Sənaye filialında pərakəndə satış və xidmət üzrə baş mütəxəssisi vəzifəsini icra edərkən, xx.xx.2022-ci il tarixində iş vaxtı mobil telefonuna burada işlədiyi son beş ildə qüsursuz xidmətimə görə təbrik mesajı daxil olmuş və iş gününün sonuna yaxın isə əmək müqaviləsinə xitam verilməsi barədə mobil telefonuna mesaj gəlmişdir. Səhəri gün "xxxx" ASC-nin baş ofisinə getmiş və bu məsələyə aydınlıq gətirilməsini xahiş etmişdir. Burada ona Cəmiyyətin insan resurslarnın idarə edilməsi departamentinin direktoru Məlahət Abdullayevanın imzası ilə xx.xx.2022-ci il tarixli, 40-16398/2022 saylı “Əmək müqaviləsinə xitam verilməsi barədə” bildiriş təqdim olunmuşdur. İddiaçı ilə cavabdeh arasında xx.xx.2017-ci il tarixində bağlanmış 47/F nömrəli əmək müqaviləsinə əsasən əmək müqaviləsinin müddəti xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 4 il 3 ay 14 gündür və bu müqavilənin başa çatma tarixi xx.xx.2021-ci il müəyyən edilmişdir. Bundan sonra iddiaçı ilə cavabdeh arasında heç bir əmək müqaviləsi bağlanmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Şərhdən aydın olunur ki, cavabdehlə iddiaçı arasında bağlanmış yuxarıda sözügedən əmək müqaviləsinə əsasən, müqavilənin başa çatma vaxtı 2026-cı ilin aprel ayının 14-ü müəyyən edilir. Qeyd olunanlara aydınlıq gətirilməsi üçün, iddiaçı "xxxx" ASC-nin rəhbərliyinə bir neçə dəfə elektron poçtla və rəsmi müraciətlər ünvanlamış və onu qəbul etmələri xahiş etsə də, bu nəticəsiz qalmışdır. Lakin, təkrar bir neçə dəfə etdiyi müraciətlərə, insan resurslarının idarə edilməsi departamentinin direktoru Məlahət Abdullayevanın imzası ilə xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli cavab məktubları ünvanına daxil olmuşdur. Baxmayaraq ki, iddiaçının cavabdehə ünvanladığı ərizə və müraciətlərində hansı əmək müqaviləsinə xitam verilməsinə aydınlıq gətirilməsini xahiş etsə də, cavab məktublarında bu barədə heç bir məlumat yazılmamışdır. İddiaçıya iş yerindən “Əmək kitabçası” verilərkən, cavabdehlə onun arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli əmrini tələb etmişdir. Lakin sözügedən əmr ona təqdim edilməmişdir. Bu barədə keçən müddətdə olan ardıcıl müraciətləri də nəticəsiz qalmışdır. Həmçinin Əmək müqaviləsinə qanunda nəzərdə tutulmuş qaydada xitam verilməsinin yoxlanılması barədə yerli həmkarlar ittifaqına müraciətinə də bu günə kimi cavab verilməmişdir. Bundan sonra məhkəmədən kənar bu məsələnin həlli məqsədilə prosessual qaydalara uyğun Mediasiya Xidmətinə müraciət etmiş, xx.xx.2022-ci il tarixində mediasiya prosesinin tətbiqi barədə təklifi cavabdehə göndərmiş, prosessual müddət keçdikdən sonra Mediasiya Təşkilatı ilkin mediasiya hərəkətini xx.xx.2022-ci il tarixinə təyin etmişdir. İlkin mediasiya cavabdehin nümayəndəsi iştirak etmişdir. Mediatorun araşdırması zamanı hansı əmək müqaviləsi ilə işə xitam verilməsi, bu barədə tərtib olunmuş və əsaslandırılmış xx.xx.2022ci il tarixli, 3155K nömrəli əmrin təsdiq olunmuş surətləri tələb olunsa da, bu sənədlər nümayəndə tərəfindən təqdim olunmamışdır. Mediasiya hərəkətlərinin davam etdirilməsinə dair nümayəndə etirazını bildirmiş və bundan imtina etmişdir. Bundan sonra mediator ilkin mediasiya sesiyasından sonra prosesin davam etdirə bilməməsi barədə xx.xx.2022-ci il tarixli, MŞB/13-00205 saylı arayışı tərtib etmiş və təqdim etmişdir. Göstərilənlərə əsasən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmı̇ yyəti tərəfindən onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli, 3155K nömrəli əmrin ləğv edilməsi, işə bərpa olunması, cavabdehin təqsiri üzündən məcburi işburaxma dövrü üçün vəzifə maaşı miqdarında kompensasiyanın ona ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X9 izahat verərək bildirmişdir ki, onun oğlu İddiaçı ilkin işə qəbul zamanı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyəti ilə əmək müqaviləsi bağlamış, daha sonra əmək müqaviləsinə dəyişikliklər edilmişdir. Son iş yeri olan "xxxx" ASC-nin Sənayə filialında pərakəndə satış və xidmət üzrə baş mütəxəssis vəzifəsini icra edərkən qüsursuz xidmətinə görə təbrik mesajı daxil olmuş və iş gününün sonuna yaxın isə əmək müqaviləsinə xitam verilməsi barədə mobil telefonuna mesaj gəlmişdir. Qeyd olunanlara aydınlıq gətirilməsi üçün "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinə dəfələrlə müraciət etmiş, lakin bu nəticəsiz qalmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixində, yəni 14 gün sonra əmək kitabçasını təqdim etmişdir. Əmək kitabçası təqdim olunduqdan sonra Cəmiyyətin Həmkarlar təşkilatına ərizə ilə müraciət etmiş, qanunda nəzərdə tutulmuş müddətdə cavab verilmədiyinə görə təkrarən xx.xx.2022-ci il tarixində ikinci ərizəni Həmkarlar təşkilatına göndərmiş, lakin ikinci ərizəsinə də cavab verilməmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixində mediasiya prosesində keçmək üçün mediatora müraciət etmişdir. Mediatorun araşdırması zamanı hansı əmək müqaviləsi ilə işə xitam verilməsi, bu barədə tərtib olunmuş və əsaslandırılmış xx.xx.2022-ci il tarixli, 3155K nömrəli əmrin təsdiq olunmuş surətləri tələb olunsa da, bu sənədlər nümayəndə tərəfindən təqdim olunmamışdır. Mediasiya hərəkətlərinin davam etdirilməsinə dair nümayəndə etirazını bildirmiş və bundan imtina etmişdir. Bundan sonra mediator ilkin mediasiya sesiyasından sonra prosesin davam etdirə bilməməsi barədə arayış tərtib etmiş və xx.xx.2022-ci il tarixində təqdim etmişdir. Tələb olunan sənədlər yalnız məhkəmə hazırlıq iclasında təqdim olunmuşdur ki, həmin müddət də iddiaçının hüququnun pozulduğu bildiyi gün kimi qəbul olunmalıdır. Qeyd olunanlara əsasən iddia müddətinin tətbiq olunmasına dair ərizə təmin olunmamalı, növbəti prosessual hərəkətlər davam etdirilməlidir. Bundan əlavə, cavabdeh məhkəməyə təqdim etdiyi və xitama əsas saydığı əmək müqaviləsi qüvvədən düşmüşdür. Belə ki, bundan sonra onun oğlu ilə bank arasında bağlanmış müqaviləyə əsasən müqavilənin müddəti xx.xx.2017-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək, yəni 4 il 3 ay 14 gün müəyyən edilmişdir. Göründüyü kimi əmək müqaviləsinə xitam verilməsi barədə cavabdehin əmrində Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndində nəzərdə tutulan əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin verilməsi üçün əsas hesab edilən sənəd - əmək müqaviləsi qüvvədən düşmüşdür və həmin maddənin 2ci bəndinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilməlidir. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək öz izahatında göstərmişdir ki, iddia tələbi əsassızdır va rədd edilməlidir. Belə ki, iddiaçı ilə bank arasında 18 setyabr 2017-ci il tarixidə əmək müqaviləsi bağlanmışdır. Həmin müqavilə 1 illik müqavilə olmuş və hər dəfə 1 il olmaqla uzadılmışdır. Həmin əmək müqaviləsi bağlanılarkən qanunvericiliyin tələbinə əsasən 1 nüsxəsi işçiyə təqdim olunmuşdur. Yəni həmin müqavilə bağlanılarkən işçidə olmuşdur və olmalı idi. Bundan sonrakı müddət ərzində müqaviləyə çoxsaylı əlavə və dəyişikliklər olmuşdur ki, həmin əlavə və dəyişikliklərlə bağlı tərtib olunan sənədlər birbaşa xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə istinad etmiş və işçi tərəfindən imzalanmışdır. Bundan sonra 5 ilin tamamında müddətli əmək müqaviləsinin müddətsiz əmək müqaviləsi il əvəz olunmasını istəməyən işəgötürən işçidən razı olmadığı üçün işçi ilə bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 68-ci maddəsinin “b” bəndinə əsasən tam qanuni surətdə xitam vermişdir. İşçi ilə bu müddət ərzində sadəcə bir əmək müqaviləsi bağlanmışdır. İddiaçı tərəfinin məhkəməyə təqdim etdiyi və istinad etdiyi sənəd isə əmək müqaviləsi deyil sadəcə “EMAS”-dan çıxarışdır. İddiaçı banka müraciət edərək bağlanmış müqaviləni tələb etdikdə, bankın əməkdaşları tərəfindən həmin çıxarış ona təqdim olunmuşdur. Bundan əlavə iddia müddətinin tətbiqi ilə bağlı ərizə məhkəməyə təqdim olunmuşdur. Belə ki, AR ƏM-nin tələblərinə əsasən işçinin öz əmək hüquqlarının pozulmasının ona məlum olduğu gün kimi ona müvafiq əmrin, əmək kitabçasının və son haqq-hesab sənədlərinin ona təqdim olunduğu gün kimi qəbul olunur. İşçiyə onun əmək kitabçası 5 oktyabr 2022-ci il tarixdə təqdim olunmuşdur. Yəni həmin tarixdə işçi öz əmək hüquqlarının pozulmasından xəbərdar olmuşdur. Bundan sonra onun məhkəməyə öz hüquqlarının bərpası ilə bağlı müraciət etmək hüququ var idi. İddiaçı 11 noyabrda mediasiyada iştirakla bağlı bizə təklif göndərmişdir. Burada artıq 36 gün keçmiş olur ki, bunun nəticəsində müddət 6 gün ötürülmüş hesab olunur. Bundan sonra 5 dekabrda isə mediasiya sesiyasının baş tutmaması ilə bağlı arayış təqdim olunmuş, 9 dekabrda isə iddiaçı məhkəməyə müraciət etmişdir. Burada artıq ötürülmüş müddət daha 4 gün ötürülür. Beləliklə ümumilikdə müddət 10 gün ötürülmüşdür. Bütün bu qeyd edilənləri nəzərə alarq iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən etmişdir.

5. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

6. Belə ki, mülki işin materiallarında olan Əmək müqaviləsi (kontraktı) bağlayan tərəflər haqqında məlumatlara (EMAS-dan çıxarış) əsasən işə götürən "xxxx" Açıq Səhmdar Cəmı̇ yyəti ilə işçi Cəfərov Elmı̇ r Ramı̇ z oğlu arasında 18 sentyabr 2017-ci il tarixində müddətli əmək müqaviləsi bağlanmış və işə qəbul olunmuşdur. Bu əmək müqaviləsi 47/f tərəflərin hüquq barəbərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə bəndində qeyd olunan səbəbə görə xx.xx.2017-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 4 il 3 ay 14 gün müddətinə bağlanmışdır.

7. Mülki işin materiallarında olan 014325 nömrəli əmək kitabçasının surətindən görünür ki, Cəfərov Elmı̇ r Ramı̇ z oğlu xx.xx.2017-ci il tarixli, 498 k saylı əmr ilə "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətininn Binəqədi filialının kredit şöbəsinin istehlak krediti üzrə mütəxəssis vəzifəsinə təyin edilmiş, xx.xx.2018-ci il tarixli, 99 k saylı əmri ilə Səbail filialının kredit şöbəsinin istehlak kreditləri üzrə mütəxəssis vəzifəsinə keçirilmiş, xx.xx.2018-ci il tarixli, 519 k əmri ilə Səbail filialının kredit şöbəsinin istehlak krediti üzrə aparıcı mütəxəssis vəzifəsinə keçirilmiş, xx.xx.2018-ci il tarixli, 1198 k əmri ilə Səbail filialının kreditlər üzrə aparıcı mütəxəssisi vəzifəsinə keçirilmiş, xx.xx.2020-ci il tarixli, 1330 k saylı əmri ilə Binəqədi filialının pərakəndə kreditlər üzrə aparıcı mütəxəssis vəzifəsinə təyin edilmiş, xx.xx.2021-ci il tarixli, 2769 k əmri ilə Yasamal filiana parakəndə kreditlər üzrə aparıcı mütəxəssisi vəzifəsinə təyin edilmiş, xx.xx.2021-ci il tarixli, 4590 k əmri ilə Sabunçu filialına parakəndə satış və xidmət üzrə baş mütəxəssis vəzifəsinə təyin edilmiş və xx.xx.2022-ci il tarixli, 3155 k əmri ilə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən müddətinin qurtarması əsası ilə xitam verilmişdir.

8. Mülki işin materiallarında olan İnsan resurslarının idarə edilməsi departamentinin direktoru Məlahət Abdullayeva tərəfindən Cəfərov Elmı̇ r Ramı̇ z oğluna ünvanlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli, 40-16398/2022 saylı məktubda bildirilmişdir ki, əmək müqaviləsinin müddəti 18 sentyabr 2022-ci il tarixində bitir. Tərəflər arasında bağlanmış əmək müqaviləsinin müddəti uzadılmır və xx.xx.2022-ci il tarixindən etibarən AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin qurtarması) xitam verilir.

9. Mülki işin materiallarında olan İnsan resurslarının idarə edilməsi departamentinin direktoru Məlahət Abdullayeva tərəfindən Cəfərov Elmı̇ r Ramı̇ z oğluna ünvanlanmış xx.xx.2022-ci il tarixli, 1R-1068 saylı məktubda bildirilmişdir ki, onunla bağlanmış Əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində xitam verilmişdir. Qısa müddət ərzində İnsan resurslarının idarə edilməsi departamentinə yaxınlaşıb əmək kitabçasını təhvil alması xahiş edilmişdir.

10. Mülki işin materiallarında olan İnsan resurslarının idarə edilməsi departamentinin direktoru Məlahət Abdullayeva tərəfindən Cəfərov Elmı̇ r Ramı̇ z oğluna ünvanlanmış xx.xx.2022-ci il tarixli, 40-17939/2022 saylı məktubunda bildirilmişdir ki, onunla qarşılıqlı razılığa görə 1 il müddətinə müddətli əmək müqaviləsi bağlanılmış, həmin müqavilə bir neçə dəfə eyni müddətə uzadılmış, növbəti illik müddət bitdikdə bu müqaviləyə qanunla nəzərdə tutulmuş qaydada xitam verilmişdir. Əmək məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsində birmənalı olaraq təsbit olunmuşdur ki, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Həmin maddənin həm məzmununa, həm də mənasına görə müddətli əmək müqaviləsinin uzadılması məsələsi hər hansı bir tərəfin (hazırki vəziyyətdə isə işəgötürənin) iradəsi ilə əlaqələndirilmiş, yəni onun hüquqlarına aid edilmişdir.

11. Mülki işin materiallarında olan İnsan resurslarının idarə edilməsi departamentinin direktoru Məlahət Abdullayeva tərəfindən Cəfərov Elmı̇ r Ramı̇ z oğluna ünvanlanmış xx.xx.2022-ci il tarixli, 40-19150/2022 saylı məktubda bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Əvvəlki illər üçün əmək müqaviləsi Əmək Məcəlləsinin yuxarıda qeyd olunan bəndinə uyğun olaraq uzadılmış hesab edilib. Əmək Məcəlləsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Məcəllə tərəfindən bu barədə əməkdaşı öncədən məlumatlandırmaq tələbi qoyulmayıb.

12. Mülki işin materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə MŞB/13-00205 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, ilkin mediasiya sessiyasında birinci tərəf Cəfərov Elmı̇ r Ramı̇ z oğlu və ikinci tərəf "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin nümayəndəsi X2 iştirak etmişlər, lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər.

13. Mülki işin materiallarında olan cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş işəgötürən "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin Bankın Baş direktoru X5 ilə işçi Cəfərov Elmı̇ r Ramı̇ z oğlu arasında bağlanmış xx.xx.2017-ci il tarixli müddətli əmək müqaviləsinin surətindən görünür ki, işçi "xxxx" ASC-nin Binəqədi filialının Kredit şöbəsinin istehlak kreditləri üzrə mütəxəssisi vəzifəsinə işə qəbul olunmuşdur.

14. Mülki işin materiallarında olan cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş Cəfərov Elmı̇ r Ramı̇ z oğlunun əmək müqaviləsinə xx.xx.2021-ci il tarixli Əlavədən görünür ki, “işəgötürən” ABB-nin direktoru X3 və Yasamal filialının pərakəndə kreditlər üzrə aparıcı mütəxəssisi Cəfərov Elmı̇ r Ramı̇ z oğlu, sonuncu ilə 18 sentyabr 2017-ci il tarixli Əmək müqaviləsinin 1.1, 4.1 və 6.4 bəndlərinin dəyişdirilməsi və redaksiya verilməsi barədə razılığa gəlmişlər.

15. İş materiallarında olan cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin xx.xx.2022-ci il tarixli, 3155 k saylı əmrindən görünür ki, Azərbaycan Beynəlxalq Bankının Sənayə filialında “Pərakəndə satış və xidmət üzrə baş mütəxəssis” vəzifəsində işləyən Cəfərov Elmı̇ r Ramı̇ z oğlu ilə bağlanmış xxxxxxx0001X0 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən müddətinin qurtarması əsası ilə xx.xx.2022-ci il tarixindən xitam verilmişdir.

16. İş materiallarında olan cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş Bankın İnsan resurslarının idarə edilməsi departamentinin “Əsli ilə düzdür” ştampı əks olunmuş işçilərin əmək kitabçalarını təhvil almaları barədə jurnaldan çıxarışda görünür ki, Cəfərov Elmı̇ r Ramı̇ z oğlu əmək kitabçasını xx.xx.2022-ci il tarixində təhvil almışdır.

17. Mülki işin materiallarında olan cavabdeh "xxxx" Açıq Səhmdar Cəmı̇ yyəti tərəfindən məhkəməyə ünvanlanmış iddia müddətinin tətbiq olunmasına dair xx.xx.2023-cü il tarixli ərizədə bildirilmişdir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı tələbinə dair” iddia ərizəsi üzrə mülki iş vardır. İddiaçı ərizəsində qeyd edilən tələblər üzrə iddia müddətini ötürmüşdür, bu da öz növbəsində qanunvericiliyin tələblərinin onun tərəfindən kobud şəkildə pozulması deməkdir. İş materiallarında olan və iddiaçı tərəfindən göndərilən mediasiya prosesi barədə təklifdən görünür ki, iddiaçı Banka xx.xx.2022-ci il tarixində mediasiya prosesinin tətbiqi barədə təklif göndərmiş və həmin təklif Banka xx.xx.2022-ci il tarixində daxil olmuşdur. Tarixlərə diqqət yetirdikdə görünür ki, iddiaçının xx.xx.2022-ci il tarixdə əmək kitabçasım təhvil almasından mediasiya prosesinin tətbiqi barədə təklifi xx.xx.2022-ci il tarixində göndərməsinə qədər olan müddət arasında artıq 1 aydan çox keçmişdir. Bu da o deməkdir ki, iddiaçı hələ mediasiya prosesinin nəticəsi ilə bağlı arayışı almadan və aldıqdan sonra müddət axımı davam etmədən belə artıq iddia müddətini ötürmüşdür. İş materiallarında olan “Mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış”dan görünür ki, sözügedən arayış xx.xx.2022-ci il tarixində alınmış və bununla da iddiaçının məhkəməyə müraciət etməsi ilə bağlı təsbit olunan müddət axımı artıq həmin gündən davam etməyə başlamışdır. İş materiallarında olan poçt xəbərnaməsinə əsasən iddiaçı bundan sonra Səbail Rayon Məhkəməsinə xx.xx.2022-ci il tarixində müraciət etmiş, Şəbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı Banka qarşı işə bərpa tələbinə dair iddia ərizəsi ərazi aidiyyəti üzrə Nəsimi Rayon Məhkəməsinə verilməli olduğundan geri qaytarılmışdır. Göründüyü kimi mediasiya sessiyasının nəticəsi barədə arayışın alınmasından 4 gün keçdikdən sonra iddiaçı məhkəməyə müraciət etmiş və daha öncəki müddətləri də nəzərə alaraq iddia müddətini ümumilikdə 10 gün ötürmüşdür. Beləliklə, bütun yuxarıda qeyd olunanlar bir daha onu təsdiqləyir ki, iddiaçı məhkəməyə müraciət etmək üçün qanunvericilikdə müəyyən edilmiş 1 təqvim ayı tələbini pozmuşdur. İddiaçı cavabdeh "xxxx" ASÇ-yə qarşı "işə bərpa və məcburi işburaxmaya görə əməkhaqqı tələbi"nə dair iddia ərizəsi üzrə iddia müddətinin keçdiyini nəzərə alaraq, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir.

18. Mülki işin materiallarında olan iddiaçı Cəfərov Elmı̇ r Ramı̇ z oğlu tərəfindən məhkəməyə ünvanlanmış etiraz ərizəsində bildirilmişdir ki, cavabdeh tərəfindən “iddia müddətinin tətbiq olunmasına dair” ərizədə qeyd olunanları sübuta yetirmək üçün adı çəkilən hüquqi aktların hamısı işin hallarına düzgün tətbiq edilməmiş, təhrif olunmuş və izahı səhv şərh edilmişdir. Cavabdeh sözügedən ərizədə qeyd edir ki, onun hüququnun pozulmasının aşkar edildiyi gün xx.xx.2022-ci il tarixində ona əmək kitabçasının verildiyi tarixdən başlanır. Bu hal Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü bəndi əsasında müəyyən edilir. Həmin maddəyə əsasən Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. İddia ərizəsinə əlavə olunmuş və işdə olan cavabdehə ünvanlanmış ərizələrinə əsasən məhkəmənin hazırlıq iclasına qədər, yəni xx.xx.2023-cü il tarixə kimi ƏM-nin 296-cı maddəsinin 3-cü bəndinə uyğun olaraq haqqında olan xx.xx.2022-ci il tarixli əmr və xitam verilmiş əmək müqaviləsi ona təqdim edilməmişdir və bu hal hüququmun hansı formada pozulmasını, hansı hüquqi akta əsaslandığını, müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə pozulduğunu müəyyən etmək mümkün olmamışdır. Həmçinin xx.xx.2022-ci il tarixində ona əmək kitabçası təqdim olunduqdan sonra, yəni xx.xx.2022-ci il tarixində “Əmək Məcəlləsinin” 292-ci maddəsinə əsasən fərdi əmək mübahisələrini həll edən orqan sayılan Cəmiyyətin Həmkarlar təşkilatına ərizə ilə müraciət etmiş, ərizəsinə qanunda nəzərdə tutulmuş müddətdə cavab verilmədiyinə görə təkrarən xx.xx.2022-ci il tarixində 2-ci ərizəni Həmkarlar təşkilatına göndərmişdir. Lakin ikinci ərizəsinə də cavab verilməmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixində mediasiya prosesindən keçmək üçün mediatora müraciət etmişdir və proses xx.xx.2022-ci ildə başa çatmışdır. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 3155K nömrəli əmri və xitam verilmiş əmək müqaviləsinin kseriokopya surətləri xx.xx.2023-cü il tarixində məhkəmənin hazırlıq iclasında təqdim olunmuş və həmin gündən, yəni xx.xx.2023-cü il tarixindən cavabdehin hüququnun pozulduğu gün hesab edilməlidir. Cavabdehin ərizəsində qeyd olunan “Mediasiya sesiyasmın nəticəsi barədə arayışın alınmasından 4 gün keçdikdən sonra onun məhkəməyə müraciət etməyi iddia müddətinin 4 gün ötürülməsi” fikri də əsassızdır. Belə ki, bu hal Əmək Məcəlləsinin 294-cü maddəsinin 4-cü bəndi tənzimlənilir və həmin maddəyə əsasən məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. Cavabdehin məhkəməyə təqdim etdiyi və xitama əsas saydığı xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixə kimi qüvvədə olan əmək müqaviləsi qüvvədən düşmüşdür. Belə ki, bundan sonra onunla cavabdeh arasında bağlanmış müqaviləyə əsasən müqavilənin müddəti xx.xx.2017-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək, yəni 4 il 3 ay 14 gün müəyyən edilmişdir. Göründüyü kimi əmək müqaviləsinə xitam verilməsi barədə cavabdehin məlum əmrində ƏM-nin 84-cü maddəsinin 1-ci bəndində nəzərdə tutulan əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənəd - əmək müqaviləsi qüvvədən düşmüşdür və həmin maddənin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Cavabdeh "xxxx" ASC-nin “iddia müddətinin tətbiq olunmasına dair” xx.xx.2023-cü il tarixli HQ-07 saylı ərizəsinin təmin olunmaması və növbəti prosessual hərəkətlərin davam etdirilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

19. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı Cəfərov Elmı̇ r Ramı̇ z oğlu "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin Sənaye filialında parakəndə satış və xidmət üzrə baş mütəxəssis vəzifəsində işləmiş, onunla müddətli əmək müqaviləsi bağlanmış və həmin əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən işəgötürənin xx.xx.2022-ci il tarixli əmri ilə əmək müqaviləsinə xitam verilmişdir. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun işdən çıxarılmasının qanunsuz olduğunu qeyd etməklə işdən çıxarılma barədə əmri mübahisələndirmiş və məcburi işburaxmaya görə ona əmək haqqının ödənilməsini və işə bərpa olunmağını tələb edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

20. Məhkəmə iddiaçının müvafiq tələbi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

21. Azərbaycan Respublikası Konstitusiyasının əsas insan və vətəndaş hüquqlarını və azadlıqlarını müəyyən edən İİİ fəslinə əsasən hər kəsin əmək hüququ vardır.

22. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ, İİ, Vİİİ hissələrinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir.

23. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.5-ci maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında «əmək müqaviləsi») – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.

24. Həmin Məcəllənin 10-cu maddəsinə görə işçinin əsas vəzifələrinə əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; əməyin təhlükəsizliyi normalarına əməl etmək; işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq və s. daxildir.

25. Həmin Məcəllənin 292.2-ci maddəsinin tələblərinə görə pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə müraciət edə bilər.

26. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsini bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla ləğv etmək işəgötürənin hüquqları sırasına daxildir.

27. Göstərilən Məcəllənin 47-ci maddəsinin “f” bəndinə görə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlana bilər.

28. Həmçinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

29. Eyni Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin «b» bəndinə görə əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.

30. Həmin Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.

31. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının mübahisə etdiyi əsas sənəd (müqaviləyə dair məlumat) əmək müqaviləsi deyildir. Çünki ona təqdim olunan sənəd əsl və əsas olan xx.xx.2021-ci il tarixli əmək müqaviləsi olmamaqla tərəflar arasında bağlanmış əmək müqaviləsinə dair məlumat çıxarışı olmuşdur (emas.sosial.gov.az portalından çıxarış). Qeyd olunan sənədə mobil telefon tətbiqi vasitəsilə baxış keçirilən zaman da (bar code vasitəsilə) mübahisəli sənədin yönləndirildiyi dövlət qurumu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (emas.sosial.gov.az portalı ) olmuşdur. Həmin sənəddən də görünür ki, orada müxtəlif texniki səhvliklərə yol verilmişdir. Belə ki, həmin sənəddə baş direktorun adının Aynur Süleymanlı olması, əmək müqaviləsinin bağlanma tarixinin xx.xx.2022-ci il olması, işə götürən kimi Aynur Süleymanlının olması kimi səhvliklərə yol verilmişdir ki, buda onun müqavilə olmadığının açıq aydın göstəricidir.

32. Məhkəmə bu halda belə qənaətə gəlir ki, iddiaçının mübahisə etdiyi onunla bağlanmış əmək müqaviləsinin müddətinin bitmə tarixinin 4 il 3 ay 14 gün müəyyən edilməsi yuxarıdakı (31-ci abzas) hüquqi mövqeyə görə əsassızdır.

33. Daha sonra məhkəmə cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli, 3155 k saylı əmr ilə xx.xx.2022-ci il tarixindən xitam verilməsinin qanuniliyi ilə bağlı qeyd edir ki, cavabdeh tərəfindən heç bir qanun pozuntusuna yol verilməmiş, iddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinin 5 ili tamamında bitməsi ilə xitam verilməsi tamamilə əsaslı olmuşdur.

34. Məhkəmə “tutduğu vəzifəyə bərpa olunması və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi” barədə tələbləri də əsassız hesab edir.

35. Belə ki, məhkəmə, araşdırılan iddia üzrə "əmrin ləğv edilməsi" tələbinin əsas tələb olduğunu, həmin tələbin təmin edilməməsi qənaətinə gəlindiyini, iddia tələbinin "tutduğu vəzifəyə bərpa olunması və məcburi işburaxma müddətinə görə əmək haqqının verilməsi" hissəsinin törəmə tələblər olduğunu və bu hissənin təmin-olunub olunmamasının bilavasitə "əmrin ləğvi" hissəsinin təmin olunub-olunmamasından asılı olduğunu nəzərə alaraq hesab edir ki, iddia tələbi “tutduğu vəzifəyə bərpa olunması və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi” hissələrində də təmin edilə bilməz.

36. Bundan başqa, məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddia müddətinin ötürülməsi ilə bağlı ərizə təqdim edilmişdir. Qeyd olunan ərizəyə isə münasibətdə məhkəmə bildirir ki, iddia tələbinin özü əsassız olduğundan iddia müddətinin tətbiqinə dair verilmiş ərizəyə də münasibət bildirilməsinə zərurət qalmamışdır. Lakin, məhkəmə tərəfindən bu halın özüdə araşdırılmış və qənaətə gəlinmişdir ki, əgər iddiaçı tərəfindən verilmiş iddia əsaslı olsaydı belə iddiaçı məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş 1 aylıq müddəti keçirmişdir.

37. Belə ki, mülki işin materiallarından görünür ki, xx.xx.2022-ci il tarixli əmri iddiaçının özü şəxsən xx.xx.2022-ci il tarixdə imza etməklə qəbul etmiş, daha sonradan isə mediasiya təşkilatına xx.xx.2022-ci il tarixində 6 gün gecikmə ilə müraciət etmişdir ( mediasiya barədə təklifin göndərilmə müddəti). Yəni iddiaçının iddiası əsaslı olsaydı iddia müddətinin ötürülməsi qanuni olmaqla iddia tələbi bu əsasla rədd olunacaqdı.

38. Əmək Məcəlləsinin 296-cı maddəyə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

39. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.

40. Həmin Qanunun 35.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.

41. Göstərilən Qanunun 32.4.2-ci maddəsinə əsasən bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən.

42. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddiaçı Cəfərov Elmı̇ r Ramı̇ z oğlu cavabdeh "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinə qarşı "əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma dövrü üçün kompensasiyanın ödənilməsi tələbi" tələbinə dair iddia ərizəsi əsassız olduğuna görə təmin edilməməlidir.

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

45. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

46. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

47. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

48. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cəfərov Elmı̇ r Ramı̇ z oğlunun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinə qarşı "əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma dövrü üçün kompensasiyanın ödənilməsi tələbi"nə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar