Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-945/2022 29.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdeh LPO QSC "xxxx" KB-nin nümayəndəsi X2 iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər LPO QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh3 qarşı “Hərracda stılmayan evin girovluqdan çıxarılması və iddiaçılara geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdeh LPO QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh3 qarşı “Hərracda stılmayan evin girovluqdan çıxarılması və iddiaçılara geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İcra haqqında AR Qanununun 20.1.2-ci maddəsinin tələblərinə əsasən barışıq sazişinin təsdiq edilməsi yolu ilə Banka olan borcun ona aidiyyatı olmadığına baxmayaraq, kirayə haqqı ödəməkdənsə, 18463,82 manat borcun ödənilməsini öhdəsinə götürməyi nəzərə alıb, evin qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə baxış iclasında İddiaçı1 iddia tələbini müdafiə edərək, öz izahatında bildirmişdir ki, birgə mülkiyyətdə olan Bakı şəhəri, Xətai rayonu 2-ci Zeytun sovxozu Naximov küçəsi (indiki Polad Həşimov) 2-ci döngə ev 110 D №-li ünvanlı evin üzərində onun adından hər hansı hərəkətin edilməsi üçün həyat yoldaşı (nikah Xətai rayon Məhkəməsinin qərarı ilə 2017-ci ildə ləğv edilmişdir) X1 heç bir səlahiyyət verilməmişdir. O bu hərəkətləri özbaşına, onun razılığım olmadan etmişdir. Beləliklə, onun etibarından sui-istifadə edərək, ər-avada məxsus ev ondan xəbərsiz iş adamı tərəfindən ələ keçirilmişdir. Bütün bunlar ona 2009-cu ilin fevral ayında məlum olmuşdur. Onun etibarından sui-istifadə edib, Abşeron rayonu 1 №-li Notariat Kontorunda 24 mart 2006-cı il tarixdə girov müqaviləsi adı ilə 32 000 manata alqı- satqı müqaviləsi imzalanmış və Lətifə Xəlilovaya 25 000 ABŞ dolları sələmə pul verməklə Emin Abbasov (2020-ci ilin iyul ayında vəfat edib) evi ələ keçirmişdir. Əvəzində isə Lətifə Xəlilova 11 ay müddətinə 5% ilə 38 750 ABŞ dolları Emin Abbasova qaytarmışdır. Onun da belə alqı-satqı müqaviləsindən xəbəri olmamış, yarımçıq tikili olan evin satılmasına razılıq verməmişidr. Lətifə Xəlilova borcu artıqlaması ilə qaytardıqdan sonra evin sənədlərini tələb etmiş, lakin sənədlər saxta olduğundan onu Lətifəyə qaytarmamışdır. Hansı ki, həmin iş adamı 28 fevral 2007-ci il tarixdə onun xəbəri olmadan, onlara məxsus evə mülkiyyət hüququ əldə etmiş və evi özgəninkiləşdirmişdir. Sonra isə Lətifə Xəlilovanın həmin şəxsə heç bir borcu olmadığına görə Lətifəyə 20 avqust 2007-ci il tarixdə 3 illik etibarnamə vermişdir ki, evi sata bilsin. Bu əməliyyat baş tutmur, ev satılmır və 8 gün sonra yəni 28 avqust 2007-ci il tarixdə həmin etibarnamə ilə ev "xxxx" KB-na girov qoyulmuşdur və onu aldadaraq imza atdırıblar. Həmin etibarnamə 1 (bir)il sonra yəni 12 avqust 2008-ci il tarixdə Emin Abbasovun şəxsi ərizəsinə əsasən ləğv edilmişdir. Nəticədə qeyri-qanuni olaraq girov qoyulan evə görə "xxxx" KB-ın Nəsimi rayon 4 №-li filialın işçiləri tərəfindən qeyri-qanuni verilən 51 600 manat kreditdən 9288 manat 18%, Bankda saxlanılıb. Razılaşmaya görə Lətifəyə çatan 10 000 (on min) manat əvəzinə 15 000 manat Banka ödəməli imiş, ancaq 14648 manat ödəmişdir. Qalan 32 312 manat Emin Abbasov özü götürmüş və banka 35 820 manat ödəmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 29 dekabr 2011-ci il tarixli 2/011/201 saylı, Bakı Apellyasiya Məhkəməsinin 07 iyun 2012-ci il tarixli 2 (103)- 2035 saylı və Ali Məhəmənin 13 sentyabr 2013-cü il tarixli 2 (102)-3178 saylı qətnamələrinə əsasən Bakı şəhəri, Xətai rayonu, 2-ci Zeytun sovxuzu, Naximov küçəsi, 2-ci döngə, 110 D№-li fərdi yaşayış evi açıq hərracda satılması əldə edilmiş məbləğdən 22.423 manat QSC "xxxx" KB-nın xeyrinə tutulması və X4 göstərilən fərdi yaşayış evi satıldıqdan bir ay sonra evdən çıxarılması qət edilmişdir. Həmin borca görə ev hərracda dəfələrlə satışa çıxarılsa da satılmamış və satış üzrə Hərrac Mərkəzinin 01/1961 saylı 03 iyul 2015-ci il tarixli məktubu ilə Xətai rayon Məhkəməsinin İcra Şöbəsinə geri qaytarılmışdır. İcra şöbəsi 29 iyun 2016-cı il tarixli qərarı ilə 30 iyun 2016-cı il tarixli 23409№li məktubla işə baxılması üçün Xətai rayon Məhkəməsinə müraciət etmişdir. Həmin məsələ ilə əlaqədar olaraq, Xətai rayon Məhkəməsinin 29 yanvar 2018-ci il tarixli iş № 2(011) 222/18 qətnaməsində işə baxılmış və təklif edilmişdir ki, "İcra haqqında Azərbaycan Respublikası Qanununun 20.1.2-ci maddəsinə əsasən, məhkəmə tələbkar və borclu arasında barışıq sazişini təsdiq etdikdə icra sənədi üzrə icraatda xitam verilə bilər. Göründüyü kimi, icra sənədi üzrə müvafiq barışıq sazişini öz aralarında onun tərəfindən razılıq təklifi olunsa da, qarşı tərəf razılaşmadı. Aydındır ki, ləğv planında "xxxx" KB-da uzun illər boyu baş vermiş kobud qanun pozuntuları ətrafı təsbit edilib. Bankın keçmiş idarə heyəti sədrləri X7 Nəsibov Bankın müflişləşməsində günahkardılar. Qeyd edilənlərə əsasən, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında İddiaçı2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək, bildirmişdir ki, eyni predmet və eyni əsaslarla məhkəmə işi olmuşdur və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-793/2021 saylı, 15.03.2021-ci il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdeh LPO QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “evin qeyri-qanuni olaraq 28 avqust 2007-ci il tarixdə QSC "xxxx" KB-yə girov qoyulması, evin 2016-cı ilin sentyabr ayından bağlanan QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan girovluqdan çıxarılması və mülkiyyətçiyə qaytarılmaı” tələbinə dair iddiası rədd edilmişdir. Beləliklə, bu məsələyə artıq hüquqi qiymət verilmişdir. İddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh3 məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci madəsinə əsasən işə lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, mülki işin materiallarında olan qanuni qüvvəsini almış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-793/2021 saylı, 15.03.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdeh LPO QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “evin qeyri-qanuni olaraq 28 avqust 2007-ci il tarixdə QSC "xxxx" KB-yə girov qoyulması, evin 2016-cı ilin sentyabr ayından bağlanan QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan girovluqdan çıxarılması və mülkiyyətçiyə qaytarılmaı” tələbinə dair iddiası rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5623/2021 saylı, 23.11.2021-ci il tarixli Qərarın surətindən görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 iyul 2021-ci il tarixli, 2(103)-5665/2021 saylı qətnaməsi dəyişdiirlmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 iyul 2021-ci il tarixli, 2(103)-5665/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsi hər hansı hüquq normasına istinad etmədiyinə görə 15.03.2021-ci il tarixli qətnamə ləğv edilərək, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Ləğv prosesində olan QSC "xxxx" Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “evin mülkiyyətçiyə qaytarılması barədə” iddiasının təmin edilməməsi qət edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırda iddiaçılar İddiaçı1 və İddiaçı2 mübahisələndirdikləri hallarla bağlı yuxarıda qeyd olunan qanuni qüvvəyə minmiş məhkəmə aktlar mövcuddur və müəyyən olunmuş hallar mahiyyət etibarı ilə eynilik təşkil edir. Bu məsələyə də artıq birinci və apellyasiya instansiyası məhkəməsində hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 261-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər LPO QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh3 qarşı “Hərracda stılmayan evin girovluqdan çıxarılması və iddiaçılara geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (gün) müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-945/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-945/2022
29.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver