Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-956/2021 17.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli MAS-2143 saylı «Daxili lizinq müqaviləsi»nə əsasən Cavabdeh sifarişi ilə 2019-cu il buraxılışlı, «Khazar LX» minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı, NVABA1HHFLF630322 ban nömrəli, ağ rəngli avtomobil 10800 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. «Daxili lizinq müqaviləsi»nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Cavabdeh illik 17% hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 385,05 manat, ümumilikdə isə 13862 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 13862 manatın 10800 manatı əsas məbləğ təşkil edir. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan «Khazar LX» minik markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmişdir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş xx.xx.2020-ci il tarixdə 500 manat məbləğində olmuşdur. Eyni zamanda Cavabdeh xx.xx.2020-ci il tarixli MAS-2143 saylı «Daxili lizinq» müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2020-ci il tarixə 469.05 manat gecikdirilmiş əsas, 296.02 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 359.06 manat dəbbə pulu, ümumilikdə 1124.13 manat borcu yaranmışdır. Göstərilənlərə əsasən İddiaçı MMC ilə bağlanmış xx.xx.2020-ci il tarixli MAS-2143 saylı «Daxili lizinq» müqaviləsinin ləğv edilməsi, Cavabdeh xx.xx.2020ci il tarixli MAS-2143 saylı «Daxili lizinq» müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2020-ci il tarixə 269.05 manat gecikdirilmiş əsas, 296.02 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 359,06 manat dəbbə pulunun, ümumilikdə 1124.13 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək iddia ərizəsində göstərilənləri təsdiq etmiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan xx xxxxxx 2020-ci il tarixli MAS-2143 saylı Daxili lizinq müqaviləsindən görünür ki, iddiaçı 2019-cu il buraxılışlı, "Khazar LX" markalı, **-PH-*** dovlət qeydiyyat nişanlı, NVABA1HHFL630322 ban, ağ rəngli avtomobili illik 17 % olmaqla 36 aylıq müddətə hər ay 385.05 manat sabit məbləğ olmaqla, ümumilikdə 13862 manat məbləğinə cavabdehə lizinqə verməyi, cavabdeh isə lizinq ödənişlərini ödəməyi öhdələrinə götürmüşlər. Ödənilməli olan ümumilikdə 13862 manatın 10800 manatı əsas məbləğ təşkil etmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli Təhvil-təslim aktından görünür ki, iddiaçı tərəfindən mülkiyyətində olan "Khazar LX" markalı, **-PH-*** dovlət qeydıyyat nişanlı avtomobil cavabdehə təhvil verilmiş və cavabdeh tərəfindən təhvil alınmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə aktın surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə İddiaçı MMC-yə məxsus olan "Khazar LX" markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil-təslim aparılmışdır. İşə əlavə olunmuş xx xxxxxx 2021-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx xxxxxx 2020-ci il tarixli MAS-2143 saylı Daxili lizinq müqaviləsi üzrə iddiaçıya xx.xx.2020-ci il tarixə əsas borcu 469,05 manat, mükafat borcu 296,02 manat, cərimə borcu 359.06 manat, cəmi 1124 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcələnin 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz 4 geri almaq və bununla da da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında xx xxxxxx 2020ci il tarixli MAS-2143 saylı Daxili lizinq müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı 2019-cu il buraxılışlı, "Khazar LX" markalı, **-PH-*** dovlət qeydıyyat nişanlı, NVABA1HHFL630322 ban, qara rəngli avtomobili illik 17% olmaqla 36 aylıq muddətə hər ay 385.05 manat sabit məbləğ olmaqla, ümumilikdə 13862 manat məbləğinə cavabdehə lizinqə verməyi, cavabdeh isə lizinq ödənişlərini ödəməyi öhdələrinə götürmüşlər. Ödənilməli olan ümumilikdə 13862 manatın 10800 manatı əsas məbləğ təşkil etmişdir. İddiaçı tərəfindən mülkiyyətində olan "Khazar LX" markalı, **-PH-*** dovlət qeydıyyat nişanlı avtomobil cavabdehə təhvil verilmiş və cavabdeh tərəfindən təhvil alınmışdır. Cavabdehin xx xxxxxx 2020-ci il tarixli MAS-2143 saylı Daxili lizinq müqaviləsi üzrə iddiaçıya əsas borcu 469.05 manat, mükafat borcu 296.02 manat, cərimə borcu 359.06 manat, cəmi 1124.13 manat təşkil edir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış lizinq müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, avtomobili cavabdehə lizinqə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehin müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilənin və müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki üzrə yaranmış 469.05 manat əsas borcu və 296.02 manat mükafat borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış lizinq müqaviləsindən irəli gəlir. Belə ki, müqavilənin 7.2-ci bəndinə əsasən cavabdeh gecikdirilən lizinq ödənişi məbləğinə cərimə kimi gündəlik 0,3 faiz hesablanmaqla iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin məhkəmə hesab edir ki, tələb olunan 359.06 manat dəbbə pulu məbləği yaranmış 469.05 manat borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləğini azaldaraq 30 manat həddində müəyyən edilməklə cavabdehdən tutulması ədalətlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx xxxxxx 2020-ci il tarixli MAS-2143 saylı daxili maliyyə lizinqi müqaviləsi ləğv edilməli, lizinq obyekti olan 2019-cu il buraxılışlı "Khazar LX" markalı, **-PH-*** dovlət qeydıyyat nişanlı, NVABA1HHFL630322 ban, ağ rəngli avtomobil iddiaçıya geri qaytarılmalı, cavabdehdən xx xxxxxx 2020-ci il tarixli MAS-2143 saylı “Daxili lizinq" müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx xxxx 2020-ci il tarixə 469,05 manat əsas, 296,02 manat mükafat, 30 manat dəbbə pulu və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx xxxxxx 2020-ci il tarixli MAS- 2143 saylı «Daxili lizinq» müqaviləsi ləğv edilsin. Cavabdeh xx xxxxxx 2020-ci il tarixli MAS-2143 saylı «Daxili lizinq» müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx xxxx 2020-ci il tarixə 469,05 (dörd yüz altmış doqquz manat, beş qəpik) manat əsas, 296,02 (iki yüz doxsan altı manat, iki qəpik) manat mükafat, 30 (otuz) manat dəbbə pulu və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla cəmi 825,07 (səkkiz yüz iyirmi beş manat yeddi qəpik) pul İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-956/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-956/2021
17.02.2021 · Müqavilələrin ləğv edilməsi - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver