Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-962/2022 02.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsinə qarşı “hüquqi faktın müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsinə qarşı “hüquqi faktın müəyyən edilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, onun 1988-ci ilin yanvar ayından 1992-ci ilin yanvar ayına qədər Ermənistan SSR Krasnoselo rayonu Ardanış kəndindən qaçqın düşməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, hal-hazırda ünvan 1 ünvanında yaşayır. Belə ki, o, 1988-ci ilin yanvar ayının 1-dən Ermənistan Respublikası Krasnoselo rayonunun Ardanış kəndindən qaçqın düşmüşdür. Həmin vaxtdan ünvan 1 ünvanında qeydiyyata düşmüş, 1992-ci ildən həmin evdə qeydiyyatdadır. Lakin buna baxmayaraq, bu günə kimi özü üçün şəxsiyyət vəsiqəsini götürə bilməmişdir. Bununla bağlı bir sıra orqanlara müraciət etmiş, lakin heç bir nəticəyə nail ola bilməmişdir. Odur ki, ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən 16 sentyabr 2020-ci il tarixdə verilmiş AZ-İV seriyalı 470736 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1963-cü il tarixdə Ermənistan, Krasnoselo rayonunda doğulmuşdur. İş materiallarında olan Ərizəçi Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 27293 saylı vəsiqənin surətindən görünür ki, Ərizəçi dekabr 1988-ci il tarixdə Ermənistan, Krasnoselo rayonunda olan yaşadığı yerini tərk etmişdir. Ərizəçi qeyd edilən vəsiqə 18.03.1997-ci il tarixdə verilmişdir. İş materiallarında olan Quba rayon Hərbi Komissarlığı tərəfindən verilmiş HZ seriyalı ******* saylı hərbi biletin surətindən görünür ki, qeyd edilən hərbi bilet Ərizəçi onun həqiqi hərbi xidmətdə olması ilə əlaqədar verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 16.10.2020-ci il tarixli, ******* saylı cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18.03.2015-ci il tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.4.7-ci yarımbəndində Ərizəçi 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olduğu halda, bu barədə müvafiq təsdiqedici sənədin surətinin (bu sənəd olmadığı təqdirdə həmin məlumatları özündə əks etdirən müvafiq sənədlə-qaçqın düşərək məskunlaşdığı rayonun icra hakimiyyəti başçısının qaçqınların və X1 üzrə səlahiyyətli nümayəndəsi tərəfindən verilən) əlavə edilərək, ünvanlarına təqdim edildikdən sonra sözügedən məsələ ilə əlaqədar tərəflərindən əlavə araşdırmanın aparıla biləcəyi qeyd edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 306.1-ci maddəsinə əsasən, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımı sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən hüquqi əhəmiyyəti olan faktlar o zaman müəyyən edilə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. İş materiallarında olan sənədlərdən aydın olur ki, ərizəçinin istəyi və arzusu Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini əldə etməyə nail olmaq və Azərbaycan Respublikası vətəndaşı kimi hüquq və vəzifələrindən istifadə etməkdir. Bununla əlaqədar, ərizəçi Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. X2 Xidmətinin 16.10.2020-ci il tarixli məktubunda da qeyd olunduğu kimi, Nazirlər Kabinetinin 18.03.2015-ci il tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.4.7-ci yarımbəndində şəxs 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olduğu halda, bu barədə müvafiq təsdiqedici sənədin surətinin (bu sənəd olmadığı təqdirdə isə həmin məlumatları özündə əks etdirən müvafiq sənədin) əlavə olunması nəzərdə tutulur. İş materiallarından da göründüyü kimi, ərizəçinin 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olması barədə məlumatları özündə əks etdirən kifayət qədər sənədlər mövcuddur. Belə ki, ərizəçinin 1988-ci ildən Ermənistan, Krasnoselo rayonundan deportasiya olunmasını təsdiq edən kifayət qədər sənədlər, o cümlədən doğum haqqında şəhadətnaməsi, onun Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olması və bununla əlaqədar hərbi biletə malik olması və s. sənədlər mövcuddur. Məhkəmə qeyd edir ki, bütün bu sənədlərin mövcud olduğu halda Dövlət Miqrasiya Xidmətinin ərizəçinin bu müraciətini təmin etməməsi onun düşdüyü vəziyyəti bir qədər də çətinləşdirmiş, nəticədə o, Azərbaycan Respublikasının vətəndaşı kimi şəxsiyyət vəsiqəsi almaqdan məhz dövlət orqanlarının əməkdaşlarının öz səlahiyyətlərini lazımi qaydada icra etməməsinə görə məhrum olmuş, habelə, hazırki ərizə ilə məhkəmə müdafiəsindən istifadə etmək hüququndan da düzgün yararlana bilməmişdir. Bundan əlavə məhkəmə hesab edir ki, ərizənin məzmunundan da görünür ki, ərizədə qoyulan məsələ inzibati orqanın hərəkəti yaxud hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) və ya inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) aid olduğundan, həmin məsələyə aidiyyət qaydaları üzrə ümumi məhkəmədə deyil, inzibati məhkəmə icraatı qaydasında da baxıla bilər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 15.4-cü bəndində göstərilmişdir ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Beləliklə də, iş materiallarında Ərizəçi Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olduğunu təsdiq edən sənədlər mövcud olduğundan, ərizəçinin hazırki ərizəsinə məhkəmə qaydasında baxılması yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsinə qarşı “hüquqi faktın müəyyən edilməsinə dair” mülki iş üzrə icraata xitam verilməlidir. Ərizəçi ərizəsində göstərdiyi məsələyə dair, yəni ona Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsi ilə bağlı səlahiyyətli dövlət orqanlarına müraciət etmək, müraciəti təmin edilmədiyi təqdirdə isə aidiyyəti üzrə İnzibati Məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1, 262, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsinə qarşı “hüquqi faktın müəyyən edilməsinə dair” mülki işin icraatına xitam verilsin. Ərizəçi ərizəsində göstərdiyi məsələyə dair, yəni ona Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsi ilə bağlı səlahiyyətli dövlət orqanlarına müraciət etmək, müraciəti təmin edilmədiyi təqdirdə isə aidiyyəti üzrə İnzibati Məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 (on) gün müddətində Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-962/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-962/2022
02.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver