Məhkəmə qərarları › İş №2(006)-970/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-970/2024

09.04.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-970/2024 09.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı «mənzilə köçürülmə» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı «mənzilə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri Nəsimi rayonu 28 May (Aprel) küçəsi 11 saylı evin 30 saylı mənzilinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, mərhum X3 ilə 19 may 2006-cı il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Birgə nikahdan övladları olmamışdır. Yoldaşı X3 rəhmətə gedəndən sonra ünvan 1 ünvanda yerləşən mənzil üzərində miras payı rəsmi qaydada tanınmışdır. Mənzil sahəsi 95 m2, yaşayış sahəsi 57 m2, 3 otaqlı olan mənzildən ibarətdir. xx.xx.2021-ci il tarixdə vəfat etmiş yoldaşı X2 vərəsəsi kimi miras əmlakın 1/2 hissəsi üzərində payı rəsmi qaydada tanınmışdır. Cavabdehlər Cavabdeh1 mirasda payı mirasın 1/10 hissəsi açıq saxlanılır, Cavabdeh2 mirasda payı mirasın 1/10 hissəsi açıq saxlanılır. Cavabdeh3 mirasda payı mirasın 1/10 hissəsi açıq saxlanılır, X1 mirasda payı mirasın 1/10 hissəsi açıq saxlanılır və Cavabdeh5 mirasda payı mirasın 1/10 hissəsi açıq saxlanılmasına baxmayaraq ona düşən miras payın yaşayış sahəsi 28.5 m2, köməkçi sahəsi 19 m2, cəmi 47.5 m2 düşən mənzildə cavabdehlər ona yaşamağa imkan vermirlər. O, heç yerdə işləmir, gəlir yeri yoxdur. Bu müddət ərzində qohumların evində qalmışdır. Onun ünvan 1-da yaşayış evi ilə yetərli və davamlı əlaqələrinin olmaması, yalnız cavabdehlərin onu həmin yaşayış sahəsindən məcburi çıxarması ilə onun həmin yaşayış sahəsindən qanunsuz məhrum edilməsi sübuta yetmişdir. Hesab edir ki, o, ünvan 1 ünvanda yerləşən miras əmlakın 1/2 pay hissəsi olan mənzilə köçürülməlidir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, onu Cavabdeh4 mənzildə yaşamağa qoymur. Sonuncu mənzilin açarını dəyişmişdir və onu evə daxil olmağa qoymur. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddiaçının həyat yoldaşı X4 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində kəskin respirator çatmamazlıqdan vəfat etmiş, Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən 19 oktyabr 2021-ci il tarixdə müvafiq akt qeydləri kitabında 2046 saylı akt qeydi aparılaraq, mərhumənin adına AZ-İİ seriyalı 208241 saylı ölüm haqqında şəhadətnamə verilmişdir. 11 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri 29 saylı notariat ofisinin xüsusi notariusu İ.N.Mirzəzadə tərəfindən V-79/2021 saylı vərəsəlik işi üzrə təsdiq edilmiş, 2V-166 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, mərhumə X2 vərəsəsi – əri İddiaçıdur və o, miras əmlakdan 1/2 hissədə pay almalıdır. Miras əmlak Bakı şəhəri Nəsimi rayonu 28 May (Aprel) küçəsi 11 saylı evin 30 saylı mənzilindən ibarətdir. Digər vəsiyyətnamə üzrə vərəsələrin payları açıq saxlanılmışdır. Vərəsələrin soyadı, adı, ata adları, eləcə də açıq saxlanılan miras payları müfəssəl şəkildə qeyd olunmuşdur. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu 28 May küçəsi 11 saylı evin 30 saylı mənzilinin 1/2 hissəsi üzərində İddiaçı payı daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. İddiaçının bildirdiyinə görə, o, mənzilin 1/2 hissəsi üzərində mülkiyyət hüquqlarına sahib olsa da, eləcə də həmin ünvanda yaşayış yeri üzrə qeydiyyatda olsa da, Cavabdeh4 tərəfindən mənzilə buraxılmır. Bununla da onun qanunla qorunan hüquqları pozulur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiət etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlak hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı 1/2 paydan ibarət hissəsi mülkiyyətində olan mənzildə yaşaya bilmir, cavabdehlər onu mənzilə buraxmır və bununla da, iddiaçının qanunla qorunan hüququ pozulur. Bu səbəbdən, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, iddiaçı həmin mənzilə köçürülməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı Bakı şəhəri Nəsimi rayonu 28 May (Aprel) küçəsi 11 saylı evin 30 saylı mənzilinə köçürülməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri Nəsimi rayonu 28 May (Aprel) küçəsi 11 saylı evin 30 saylı mənzilinə köçürülsün. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar