Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-971/2021 22.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı Cavabdeh, Cavabdeh İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh İddiaçı qarşı «evə köçürülmə» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri Nəsimi rayonu Tbilisi prospekti 68 saylı evin 32 saylı mənzilindən istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı «evə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, atasına məxsus olmuş Bakı şəhəri Nəsimi rayonu Tbilisi prospekti 58 saylı evin 2 saylı mənzilini satıb, anasının adına alınmış Bakı şəhəri Nəsimi rayonu Tbilisi prospekti 68 saylı evin 32 saylı mənzilinə qeydiyyatda olub məcburi çıxdığını nəzərə alaraq köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizələri məhkəməyə daxil olduqdan sonra, hər birinə iş nömrəsi verilərək, baxılması üçün icraata qəbul edilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli 2(006)-2261/2021 saylı qərardadı ilə yuxarıda qeyd edilən mülki işlər bir icraatda birləşdirilərək, mülki işə 2(006)-971/2021 nömrəsi verilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli 2(006)-971/2021 saylı qərardadı ilə mülki iş üzrə icraata İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi» tələbinə dair hissədə xitam verilmişdir. İddiaçı Cavabdeh iddia tələbini onunla əsaslandırmışdır ki, o, atası Abbasov Rəşid Həşim oğluna məxsus Bakı şəhəri Nəsimi rayonu Tbilisi prospekti 58 saylı evin birinci mərtəbəsində yerləşən 2 saylı mənzilində doğulduğu gündən qeydiyyatda olub, yaşamışdır. 1993-cü ildə atası vəfat etmişdir. Anası həmişə 92 saylı körpələr evində tərbiyəçi işləyib və oradan da təqaüdə çıxıb. 2003-cü ildə anası İddiaçı anasına məxsus Bakı şəhəri Yasamal rayonu A.Şaiq küçəsi dalan 12, 2 saylı evdən vərəsəliklə 58 m2-lik mənzildə mülkiyyət hüququ alıb və bu günə kimi həmin evdə qeydiyyatdadır. O və bacısı anası ilə yaşayıb, təhsil almışlar. Böyük bacısı çoxdan ailə quraraq evdən ayrılmışdır. 2004-cü ilin əvvəllərində o, işləyib, yığdığı pula Bakı şəhəri Yasamal rayonu Mirəli Seyidov küçəsi 45 saylı evin 1-ci mərtəbəsində yerləşən 1 otaqlı 1 saylı mənzili almışdır. Anası ona bildirmişdir ki, «qəpik-qəpik əziyyətlə yığıb, almısan. Sabah evlənəndə ailə problemin yarana bilər. İş yoldaşlarımın uşaqları hər nə alırlarsa, analarının adına alırlar. Evi mənim adıma al, sabah sənə problem yaranmasın». O, heç vaxt anasının dediklərinə qarşı çıxmamışdır. Bu məsələdə də, onunla razılaşmışdır. Bakı şəhəri Yasamal rayonu M.Seyidov küçəsi 45 saylı evin 1 saylı mənzilini anasının adına almışdır. Aldıqdan sonra təmirə başlamışdır. Oranı öz vəsaiti ilə təmir edib, kirayə vermişdir. Kirayə haqqını da hər ay illər boyu anasına vermişdir. O, 2004-cü ilin oktyabr ayında yoldaşı İmanova (qızlıq soyadı) Nailə Telman qızı ilə tanış olmuş və dekabr ayında onunla ailə həyatı qurmuşdur. Tanış olduqları zaman o, xəbər tutmuşdur ki, X4 atasının ona hədiyyə etdiyi Svetlana Məmmədova 203 mənzil 108 ünvanda 2 otaqlı 29,47 m2 sahəsi olan mənzili var. Ona görə də, M.Seyidov küçəsi 45 saylı evin 1 saylı mənzilini X2 gizlətmişdir. O, ailə qurduqdan sonra X5 məxsus olan Svetlana Məmmədova 203 mənzil 108 ünvana köçmüşdür. Bu ünvanda onların 3 uşaqları doğulmuşdur. 2010-cu ildə o, tanış vasitəçi tərəfindən təklif almışdır. Təklif ondan ibarət idi ki, onun qeydiyyatda olduğu Bakı şəhəri Nəsimi rayonu Tbilisi prospekti 58 saylı evin 2 saylı 1 otaqlı mənzili Bakı şəhərində 2 otaqlı mənzillə dəyişdirilsin. O, vasitəçi ilə bir neçə mənzilə baxdıqdan sonra bu mənzilin, yəni Bakı şəhəri Tbilisi prospekti 68 saylı evin 32 saylı mənzilinin şəraiti gözəl olduğuna görə, otaqların sayı 2, sahəsi 37,5 m2, qabaq hissədə 40 m2 artırılma eyvanı, 2 böyük ayrı-ayrılıqda zirzəmisi olduğu üçün seçim bu mənzil olmuşdur. 2010-cu ildə onların alğı-satqısı uğurla baş vermişdir. Bir neçə gündən sonra o, həmin ünvanı öz vəsaiti ilə təmirə başlamışdır. Orada təmir zamanı eyvanın damını təmir etmişdir. Evin içinə istilik sistemi qoşmuşdur, hamamsanitar qovşaq santexnik işləri görmüşdür, bu işlər görülən zaman nə anası, nə də bacısı ona kömək etməmişlər. Bütün fiziki və maddi xərclər ondan getmişdir. Təmiri qurtarandan sonra onu anası həmin mənzilə qeydiyyata salmışdır. Ondan bir müddət sonra bacısı X6 həmin mənzilə qeydiyyata salmışdır. O və ailə üzvləri ünvana köçmüşlər. Onun uşaqları böyüdükcə vəziyyəti ağırlaşırdı. Yəni, 29,47 m2 sahədə yaşamaq çətinləşirdi. X1 bu ağır vəziyyətdə qızının adına olan 2 otaqlı mənzili satıb, üstünə pul əlavə edib, onları 3 otaqlı, Məmmədova 203 mənzil 103 ünvanına köçürtmüşdür. Mənzili öz qızının adına aldı, yəni X3. 2 otaqlı mənzildən çıxan əşyaları o, anasının evinə yığmışdır. Ora daxildir masa, mizlər, televizor, soyuducu, qaz sobası, çil-çıraq, bra və s. 2017-ci ilin dekabr ayında anası ona təklif etmişdir ki, bacısının borcu olduğu üçün Yasamal rayonu M.Seyidov küçəsi 45 saylı evin 1 saylı mənzilini satmaqda ona kömək etsin. O, etiraz etmişdir. Bundan sonra onların aralarında soyuq münasibətlər başlamışdır. Bir aydan sonra o, həmin mənzilə gəlib onu görmüşdür ki, ona aid olan bütün avadanlıqlar yoxa çıxıb. O, həmin əşyaları soruşduqda ki, əşyalar hanı, cavabında bacısının borcu olduğu üçün satışa çıxarmışlar sözlərini eşitmişdir. Aralarında münaqişə qalxmış və o, evdən qovulmuşdur. Sonrakı vaxtlarda anası ona polis ilə hədə-qorxu gələrək demişdir ki, bütün mənzillərinin açarlarını ona təhvil versin. Ondan, ona məxsus açarları almışdır. 2019-cu ildə ona bacısı Abbasova Fidan bir neçə dəfə zəng vuraraq «yolurmuşam, daha bəsdir mən baxdım anana» deyərək, onunla görüşmək istədiyini bildirmişdir. O, bacısını sakit edib, bacısını təmkinli olmağa dəvət etmişdir. Əvəzində bacısı ona bildirmişdir ki, anaları aralarındakı söhbəti bilməsin. Bir neçə ay keçəndən sonra, yenə də, bacısı onun telefonuna zəng vuraraq, onu görüşməyə dəvət etmişdir. O, evə getdikdə bacısı ilə anasının savaşını görmüşdür. O, sonuncuların hər ikisini sakit etmiş və bacısı Abbasova Fidanla çölə çıxmışdır. Çöldə bacısı ona bildirmişdir ki, o, ailə qurmaq istəyir. Ailə qurduğu adamın evi yoxdur və ona anası mane olur ki, o oğlanla bu mənzildə birlikdə yaşasınlar. Ona görə də, ona təklif irəli sürmüşdür ki, ona kömək etsin, anasını nevroloji xəstəxanaya qoysunlar, bezmişdir anasının əlindən, gündə 3 dəfə təcili yardım çağırtdırır ona, əgər ona kömək etsə, analarını məcbur edər Bakı şəhəri Yasamal rayonu M.Seyidov küçəsi 45 saylı evin 1 saylı mənzilinə onu geri qaytarsın. O, qəti etirazını bildirmiş, anasının oğlu ölməyib ki, onu nevroloji xəstəxanaya yerləşdirir. Küçədə o, bərk əsəbləşib bacısından ayrılmışdır. Bir müddətdən sonra yenə bacısı zəng vuraraq, evə çağırıb onunla danışıq aparmaq istəmişdir. O, evə gəldikdən sonra anası İddiaçı ona bu evi Tbilisi prospekti 68 saylı evin 32 saylı mənzilini satmaq istədiyini bildirmişdir. O, anasına etiraz etmişdir. Etiraz etməsinin səbəbi o olmuşdur ki, bacısının anasını nevroloji xəstəxanaya qoymaq istədiyindən anasının xəbəri yox idi. Ancaq çox təəssüf ki, o, bacısının ona qarşı qurduğu planları ona deyə bilməmişdir. Bacısı buna imkan verməmiş, dava-dalaş salıb onu evdən qovmuşlar. Vəziyyətin bu hal alması onu məhkəməyə müraciət etməyə vadar etmişdir. O, qeydiyyatda olduğu ünvana köçürülməsi ilə əlaqədar Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir. Anasının qeydiyyatı Yasamal rayonuna olduğu üçün yönəltmişlər Yasamal rayon Məhkəməsinə, lakin əmlak Nəsimi rayonu ərazisində yerləşdiyi üçün Apellyasiya Məhkəməsinə yönəldilmişdir. O, Apellyasiya Məhkəməsindən cavab gözlədiyi halda, anasından «mülkiyyətdən istifadə hüquqlarına xitam verilməsi» barəsində iddia ərizəsini almışdır. Sənədləri məhkəmə prosesinə hazırladığı zaman ona məlum olmuşdur ki, 2018ci ildə anası İddiaçı bağışlama yolu ilə onun min bir əziyyətlə aldığı Bakı şəhəri Yasamal rayonu M.Seyidov küçəsi 45 saylı evin 1 saylı mənzilini bacısı Abbasova Fidanın adına bağışlama yolu ilə rəsmiləşdirmişdir. Bu hadisədən sonra o, əmin olmuşdur ki, onların arasında münaqişəni yaradan bacısıdır. Bu evin onun adına bağışlama yolu ilə rəsmiləşdirilməsi ona əsas verir ki, o, əvvəlcədən düşünülmüş plan üzrə hərəkət edir. Yəqin ki, gələcəkdə anasının adına olan əmlakları öz adına özəlləşdirib, onu özü dediyi kimi, nevroloji xəstəxanaya yerləşdirəcək. Bu hal onu bir oğul kimi bərk narahat edir. Anasının verdiyi iddia ərizəsində qeyd olunub ki, o, bir gün də orada yaşamamışdır. Əgər yaşamamışdırsa, yaşamadığı evdən istifadə hüququnu əlindən niyə alır və necə ala bilər? Qeydiyyatda olduğu və əşyaları olan mənzilə anası və bacısı onu buraxmır. O, qeydiyyatda olduğu, yaşadığı, atasından qalan evi satıb aldığı mənzilə köçüb yaşamaq istəyir. Onun anası və bacısı ilə daim əlaqəsi olub, karantindən sonra sonuncular mənzili satmaq istəyirlər, o, bununla razı deyil. Atasının mənzilinin vəsaiti ilə alınmış Tbilisi prospekti 68 saylı evin 32 saylı mənzilinin borularını dəyişib, 40 m2-lik artırılan eyvanın damını təmir etmişdir, antenna qoydurub, istilik sistemi çəkib, təmir etmişdir, əşyalar almışdır və yoldaşının cehizlərinin bir hissəsini ora gətirmişdir. Ünvanlı sosial yardımı 32 saylı mənzildə yaşamasına görə almışdır. Hal-hazırda aldığı bir otaqlı Mirəli Seyidov küçəsi 45 saylı evin 1 saylı mənzilini alıb, amma yoldaşına demədiyinə görə münasibətləri pisləşib, onu özünə məxsus mənzildən (atasının Nailəyə aldığı) çıxara da bilər. Həyat yoldaşı nikahın pozulması üçün məhkəməyə müraciət etmişdir. İddiaçı Cavabdeh məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh İddiaçı məhkəmə iclasında iddianı qəbul etmədi, iddianın əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı qəbul etmədi, iddianın əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının, cavabdehin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilə bilməz. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 07 dekabr 2010-cu il tarixli MA seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri Nəsimi rayonu Tbilisi prospekti 68 saylı evin 32 saylı mənzili İddiaçı mülkiyyətindədir. Cavabdeh həmin mənzildə pasport qeydiyyatındadır, bu barədə DİN-in verdiyi müvafiq arayış mövcuddur. İddiaçı Cavabdeh həmin mənzildə qeydiyyatda olmasını əsas gətirərək, mənzildən istifadə hüququnun olduğunu iddia edir və məhkəmədən həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı iddia ərizəsində Mənzil Məcəlləsinin 30.1, 30.2-ci maddələrinə istinad etsə də, o, həmin mənzildə yaşamadığından, mənzildən istifadə hüququ yaranmamışdır, mənzildə qeydiyyat isə məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. İş materiallarından və Cavabdeh məhkəməyə təqdim etdiyi etiraz ərizəsindən aydın olur ki, Bakı şəhəri Nəsimi rayonu Tbilisi prospekti 68 saylı evin 32 saylı mənzili İddiaçı məxsusdur. Həmin mənzili alğı-satqı yolu ilə almış və 07.12.2010-cu il tarixdə DƏDRX-də adına müvafiq qeydiyyat aparılmışdır. Cavabdeh isə X7 ilə 2004-cü ilin dekabr ayında ailə həyatı qurmuşlar. Cavabdeh ailə qurduqdan sonra həyat yoldaşına məxsus ünvan 2 ünvana köçmüşdür. Həmin ünvanda 3 uşaqları doğulmuşdur. Uzun illərdir ki, ünvan 2 ünvanda yaşayırlar. 01.10.2009-cu ildən qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı mübahisəli mənzilə mülkiyyətçinin ərizəsi əsasında formal olaraq qeydiyyata alınmışdır, o, həmin mənzildə faktiki olaraq yaşamamışdır, mənzildən istifadə hüququ yaranmamışdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Bu səbəbdən, iddiaçının mübahisəli mənzilə köçürülməsi tələbinə dair iddiası təmin edilə bilməz. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Cavabdeh İddiaçı qarşı «evə köçürülmə» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh İddiaçı qarşı «evə köçürülmə» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-971/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-971/2021
22.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver