Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-973/2022 01.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, Xəlilova Zeynəb Mirzə qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan Topçubaşov/ C.Məmmədquluzadə küçəsi, 87/23 saylı evdən istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 saylı mənzili Daşınmaz əmlakın 30.09.2008-ci il tarixli AN-İ N:0178630 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh almışdır. Həmin mənzilə onun mülkiyyət hüququ dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydə alınaraq ona Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların X3 daşınmaz əmlakın Dövlət reyestrindən seiyası MH N:0160973 SAYLİ 28.11.2008-ci il tarixli çıxarış verilmişdir. Cavabdeh ona məxsus həmin mənzildə qeydiyyatda olmasına baxmayaraq orada yaşamır. Daşınmaz Əmlakın 30.09.2008-ci il tarixli AN-İ N:0178630 saylı alqı-satqı müqaviləsinin 13-cü bəndinə əsasən cavabdeh müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdə satdığı daşınmaz əmlakdan qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Cavabdeh mənzili ona satdıqdan sonra qeyd olunan mənzildən çıxıb getmişdir. Göründüyü kimi, alqı-satqı müqaviləsindən 11 ilə yaxın müddətin küçməsinə baxmayaraq cavabdeh hələ də onun evindən qeydiyyatdan çıxmamışdır. Cavabdeh ona məxsus həmin mənzildə yaşamasa da, formal olaraq orada qeydiyyatda qalmışdır, buna görə də cavabdehin təqsiri üzündən mənzil üzərindəki mülkiyyət hüquqlarını tam həyata keçirə bilmir. Cavabdehin formal olaraq həmin mənzildə qeydiyyatda olması onun mənzil üzərindəki mülkiyyət hüququnu pozur. Həmçinin, o, zərərə düşərək cavabdehə görə əlavə olaraq kommunal xidmət haqlarını ödəməyə məcburdur. Son olaraq qeyd etmişdir ki, cavabdeh onun mülkiyyətində olan həmin mənzildə yaşamır, onun göstərilən evdə qeydiyyatı formal xarakter daşıyır, buna görə də, cavabdehin ona məxsus mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə cavabdeh qismində iştirak edən Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin, o məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasın cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə işdə iştirak edən iddiaçının nmayəndəsini (vəkili) dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X3 Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan Topçubaşov/ C.Məmmədquluzadə küçəsində istifadədə olan 0.02214 ha torpaq sahəsində yerləşən 1-(3) mərtəbəli, 7 otaqlı, 78.4 kv.m yaşayış, 78.4 kv.m köməkçi sahədən ibarət 87/23 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X1 ¼ hissə, X2 2/4 hissə, İddiaçı ¼ adlarına daşınmaz əmlakın dövlət reyestrində 108 nömrəli reyestr kitabının 9817 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan AN-İ ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, tərəflər Cavabdeh (satıcı) ilə İddiaçı (alıcı) arasında alqı-satqı müqaviləsi bağlanmış, satıcı Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan Topçubaşov/ C.Məmmədquluzadə küçəsi faktiki 0.0255 ha torpaq sahəsində yerləşən ¼ hissədən ibarət 87/23 fərdi yaşayış evini alıcının tam mülkiyyətinə vermişdir. Satıcı daşınmaz əmlakı 24300 (iyirmi dörd min üç yüz) manata satmış, alıcı isə həmin qiymətə almışdır. İş materiallarında olan AR Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* №-li Arayışından görünür ki, ünvan 1 ünvanında xx.xx.1975-ci il təvəllüdlü Cavabdeh rəsmi olaraq qeydiyyatdadır. İş materiallarında olan AR Bakı şəhər İcra Hakimiyyəti Nəsimi Rayon Mənzil- Kommunal Təsərrüfat Birliyinin 41 saylı Mənzil-Kommunal İstismar sahəsinin 05.05.2021ci il tarixli, 56№-li Arayışından görünür ki, ünvan 1 ünvanında həqiqətən İddiaçı qeydiyyatsız olaraq yaşayır. xx.xx.1975-ci il təvəllüdlü Cavabdeh isə həmi ünvanda rəsmi olaraq qeydiyyatdadır. Beləliklə, işin faktiki hallarından və işdə olan sənədlərdən məlum olur ki, alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak onun mülkiyyətçisi Cavabdeh tərəfindən faktiki olaraq İddiaçı satılmış, müqavilənin bağlanmasından 11 il keçməsinə baxmayaraq Cavabdeh hələ də həmin evin qeydiyyatından çıxmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 228.4-cü 152-ci maddəsində qeyd olunduğu kimi, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Müvafiq olaraq sahiblik hüququ-əmlaka faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququəmlakdan onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Sərəncam hüququ-əmlakın hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələblərinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ beynəlxalq hüquq aktlarında (insan hüquqları haqqında Ümumi Bəyamnamənin 17-ci mad., İnsan hüquqlarının və Əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya Əlavə (1 saylı protokolun 1-ci maddəsi və s.) və Azərbaycan Respublikasının Konstitusiyasında (29-cu maddə) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Belə ki, Azərbaycan Respublikası Konstitutsiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmçinin Konstitutsiyanın 43cü maddəsinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Konstitusiyamızın 13 və 29-cu maddələrində mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına, mülkiyyət hüququnun qanunla qorunmasına, bu hüququn mülkiyyətçinin əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarət olmasına və s. dair müddəalar təsbit olunmuşdur. Azərbaycan Respublikasının qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi» haqqında Konvensiyanın 1 saylı 20.03.1952-ci il tarixli Protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən «Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.» Göründüyü kimi, şəxsin yaşayış sahəsində qeydiyyatda olması, onun yaşayış sahəsinə istifadə hüququqnun yaranması məqsədini daşımır. Adı çəkilən Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 6-cı bəndinə əsasən yaşayış sahəsindən istifadə hüququnu itirmiş şəxs qeydiyyatdan çıxarılmalıdır. Beləliklə, qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, cavabdehin ünvan 1 ünvanında yerləşən yaşayış sahəsində yaşamaması onun yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə əsas verir. Odur ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan Topçubaşov/C.Məmmədquluzadə küçəsi, 87/23 saylı evdən Cavabdeh istifadə hüququ itirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-973/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-973/2022
01.02.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver