Məhkəmə qərarları › İş №2(006)-992/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-992/2025

07.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-992/2025 07.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Maraqlı şəxsnə qarşı "doğumun qeyd edilmə faktının müəyyən edilməsi" barədə ərizəsi üzrə mülki işə baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin tələbi: Ərizəçi, Bakı şəhəri Nəsimi 1 saylı Notariat Ofisini maraqlı şəxs qismində cəlb etməklə doğum haqqında şəhadətnamənin təsdiq olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun erməni dilində olan 29.İX.1971-ci il tarixdə İ-ZJ № 192366 saylı doğum haqqında şəhadətnamənin surəti əsasında Azərbaycan dilinə tərcümə edilmiş doğum haqqında şəhadətnamənin təsdiq olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra ərizəçinin nümayəndəsi və vəkili tələbin dəqiqləşdirilməsi barədə ərizə verərək, Maraqlı şəxs qismində cəlb etməklə Ərizəçi xx.xx.1971-ci il tarixdə Ermənistanın Masis rayonunda doğumunun qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin ərizədə qeyd edilən halları: Binəqədi rayonu, Gültəpə qəsəbəsi, Xocahəsən ə/d, Ruslan Allahverdiyev küçəsi, 91 saylı evin elektrik şəbəkəsi onun anası X1 adınadır. Həmin ev mərhum qardaşı Eminə məxsusdur. Vərəsəliklə əlaqədar Eminin həyat yoldaşı X2 adına elektrik şəbəkəsini keçirməyi Elektrik şəbəkə şöbəsi imtina etdi. Bildirdilər ki, yalnız övladının adına keçirə bilərlər. O, ananı X3 adından öz adına keçirmək üçün, doğum haqda şəhadətnamənin surətini verməli idi. Lakin, Bakı Elektrik Şəbəkə İdarəsi doğum haqqında şəhadətnamənin surətini qəbul etmir. Çünki, o, Ermənistan SSR-nin Masis rayonunda anadan olmuş və Masis rayon, Y.Nəcili Sovetliyindən 29.İX.1971-ci il tarixdə İ-ZJ № 192366 saylı doğum haqqında şəhadətnamə almışdır. Doğum haqqında şəhadətnamə erməni dilindədir və əsli 1988-ci ildə Ermənistandan gəldikdə orada qalmışdır. Onun doğum haqqında şəhadətnamənin surəti ailə sənədlərinin arasında gətirilmişdir. Hal-hazırda doğum haqqında şəhadətnamənin erməni dilindən Azərbaycan dilinə tərcüməsini 1 saylı Notariat kontoru doğum haqqında şəhadətnamənin əsli olmadığına Azərbaycan dilinə tərcüməni təsdiq etməkdən imtina edir. Onun doğum haqqında şəhadətnaməsini Azərbaycan dilinə tərcüməsinin notariat kontoru tərəfindən təsdiq edilməsi zərurəti yaranmışdır. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs rəisi məhkəməyə müraciət edərək, iş yükünün çoxluğu ilə əlaqədar məhkəmə iclasında nümayəndənin iştirakının təmin edilməsinin mümkün olmamasını bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş: X9 ifadəsində bildirdi ki, Ərizəçi xalası qızıdır. Ərizəçi əvvəl Ermənistanda yaşamışdır. Orada da doğulduğunu bilir. 2 qardaşdırlar. Qardaşı Emin vəfat etmişdir. Qardaşı da Ermənistanda doğulmuşdur. X6 ifadəsində bildirdi ki, Ərizəçi arvadıdır. Əri 1966-cı il tarixdə Ermənistanın Masis rayonunda doğulub. Ərizəçinin bir qardaşı var. O da 1971-ci ildə Ermənistanın Masis rayonu, Zəngilər kəndində anadan olub. Başqa bacı qardaşları yoxdur. Ərizəçinin doğum haqqında şəhadətnaməsini tapa bilmirdilər. Surətini 1 saylı Notariat ofisində tərcümə etdiriblər. Əsli isə Ermənistandan gələndən sonra tapılmırdı. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, Ərizəçi xx.xx.1971-ci il tarixdə doğulmuşdur. Elektron informasiya sistemindən çıxarılmış Ərizəçi şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən o, xx.xx.1971-ci il tarixdə Ermənistan, Zəngibasar (Masis) rayonunda doğulmuşdur. 192366 nömrəli Doğum haqqında şəhadətnamənin tərcümə olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1971-ci ildə Ermənistan SSR-nin Masis rayonu Zəngilər kəndinə anadan olmuşdur. X4 və anası X7 qeyd edilmişdir. 1 saylı Bakı Asan Xidmət X5 AZ-İİ seriyalı 222050 saylı ölüm haqqında şəhadətnaməsinə əsasən X7 xx.xx.2021-ci il tarixdə törədicisi müəyyən olunmamış digər pnevmaniya xəstəliyindən vəfat etmişdir. Azərbaycan Respblikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il taixli məktubuna əsasən xx.xx.1971-ci il təvəllüdlü Ərizəçi şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin əsasları saxlanılma müddəti bitdiyi üçün məhv edildiyindən təqdim edilməsi mümkün deyildir. Bakı Şəhəri Binəqədi Rayonu Qeydiyyat Şöbəsinin AZ-İ seriyalı 460966 saylı ölüm haqqında şəhadətnaməsinin surətinə əsasən X8 xx.xx.2011-ci il tarixdə ürəyin dayanmasından vəfat etmişdir. Bakı Şəhəri Binəqədi Rayonu VVAQ Şöbəsi tərəfindən verilmiş 277983 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 (ərizəçinin qardaşı) xx.xx.1966-cı il tarixdə Ermənistan Respublikası, Masis rayonu, Zəngilər kəndində doğulmuşdur. Maraqlı şəxs xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Ərizəçi doğumu haqqında akt qeydinin bərpa edilməsi ilə bağlı ərizəyə baxılmış, bildirilmişdir ki, AR Ailə Məcəlləsinin 162-ci maddəsinin tələblərinə əsasən Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının: 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir; 1.4-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür; 4-cü bəndinə əsasən məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. 162.2-ci maddəsinə əsasən itmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Məhkəmənin mövqeyi: Məhkəmə iclasında ərizəçinin nümayəndəsinin izahatından, şahidlərin ifadəsindən və mülki işin materiallarından müəyyən olundu ki, Ərizəçi xx.xx.1971-ci ildə Ermənistan, Masis rayonunda doğulmuşdur. Ərizəçi doğum haqqında şəhadətnaməsini itirmiş və bu səbəbdən doğum akt qeydinin bərpa edilməsi və ona doğum haqqında şəhadətnamə verilməsi üçün maraqlı şəxs Nəsimi Rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Lakin Nəsimi Rayon Qeydiyyat Şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edildiyi, itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadığından, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Ərizəçi da məhkəməyə müraciət edərək, onun xx.xx.1971-ci ildə Ermənistanın Masis rayonunda doğumunun qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin faktı təsdiq edən sənədin alınması ərizəçiyə bir sıra hüquqi məsələlər üçün lazımdır. Məhkəmə hesab edir ki, hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Beləliklə, ərizəçi faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən onun Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Məhkəmə hesab edir ki, ərizəçinin bərpasını tələb etdiyi halı, yəni Ərizəçi xx.xx.1971-ci ildə Ermənistanın Masis rayonunda doğulmasını iş üzrə toplanmış sübutlarla təsdiq etmək mümkündür. Bu halı təsdiq edən sənəd- yəni şəxsə məxsus doğum haqqında şəhadətnamə hazırda mövcud olmadığından, bu hal yalnız aparılmış icraat çərçivəsində toplanmış sübutlarla təsbit olunmalıdır. Beləliklə, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1971-ci ildə Ermənistanın Masis rayonunda doğulmasına dair doğum akt qeydi bərpa edilməli və doğum akt qeydində ata qrafasında “X8”, atanın milliyyəti “azərbaycanlı”, ana qrafasında “X7”, ananın milliyəti “azərbaycanlı” qeyd edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizəçi xx.xx.1971-ci ildə Ermənistanın Masis rayonunda doğulmasının qeyd edilmə faktı müəyyən edilsin və onun doğum haqqında akt qeydi bərpa edilsin. Ərizəçi doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “Cəlilov”, adı “Natiq”, ata adı “Eldar”, doğum tarixi “xx.xx.1971-ci il”, doğum yeri “Ermənistan, Masis rayonu”, ata qrafasında “X4, milliyyəti “azərbaycanlı”, ana qrafasında “anası X7, milliyyəti “azərbaycanlı” kimi yazılmaqla, ona doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Nəsimi Rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Hazırki qətnamə doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar