Məhkəmə qərarları › İş №2(007)-1006/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1006/2025

24.04.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1006/2025 24.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “mənzilə istifadə hüququna xitam verilməsi” tələbi) X9 Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçı nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, 1 saylı evin 35 saylı mənzilindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanskı küçəsi, saylı evin 35 saylı mənzili paylı mülkiyyəti üzrə Cavabdeh1 məxsus 1/4 hissəsində ona hədiyyə verərək mülkiyyətinə verilmişdir. Həmin mənzilə dair Əmlak Məsələləri Dövlət Xidmə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən onuna adına xx.xx.2024-cü il tarixli, ********** nömrəli çıxarış verilmişdir. Cavabdeh1 isə onun bacısıdır, Cavabdeh2 isə onun oğludur. Onlar iddiaçının mülkiyyətində olan mənzildə yaşamırlar, müxtəlif ünvanlarda yaşayırlar. Cavabdeh2 müxtəlif banklara borcları olduğu üçün onu narahat edirlər. Cavabdehlərə məxsus heç bir əşya onun mənzilində yoxdur. Cavabdehlərin onun mülkiyyətində olan mənzildə pasport qeydiyyatında qalmaqları səbəbindən yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam vermək hüquqları məhdudlaşdırılır. Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, 1 saylı evin 35 saylı mənzili xüsusi mülkiyyətçisi o, olsa belə, mənzilə öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ayrıca sərəncam vermək üçün cavabdehin də razılığı tələb olunur, bu da onun xüsusi mülkiyyətçi kimi hüquqlarını pozur. İş materialları: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 35 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Mənzil iddiaçının adına xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli yaşayış yeri haqqında arayışdan görünür ki, Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 35 saylı mənzildə qeydiyyatdadır. Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında yerləşən 35 saylı mənzilin Cavabdeh1 məxsus ¼ hissəsi İddiaçı bağışlanmışdır. Bakı şəhəri 15 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Cavabdeh2 mənzilin Cavabdeh1 məxsus ¼ hissəsinin İddiaçı bağışlanmasına etiraz etməmişdir. xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmənin cavabdehlər Cavabdeh1 və Cavabdeh2, ünvan 2 ünvanına göndərdiyi bildiriş, “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. xx.xx.2025-ci il tarixli, 102 nömrəli, 10 saylı MKİS arayışından görünür ki, Cavabdeh1 və Cavabdeh2 ünvan 2 ünvanında qeydiyyatda olsalar da, həmin mənzildə yaşamırlar. Tərəflərin izahatları: İddiaçı nümayəndəsi X5 məhkəmə iclasında verdiyi izahatında iddia ərizəsini müdafiə edib əlavə olaraq göstərdi ki, onun qayınanası 5 il öncə vəfat etmişdir. Bankdan kredit götürmək lazım olmuş və bunun üçün daimi qeydiyyat istəmişlər. Ona görə də, o, ölmədən 3 il öncə cavabdehləri qeydiyyata salmışdır. Mübahisə predmeti olan mənzili 1960-cı illərdə hökümət qayınatasına vermişdir. Kamalə Maştağada doğulmuşdur. Amma yoldaşı bu evdə dünyaya gəlmişdir. 1973-cü ildə bu ev mövcud olmuşdur, lakin 1963-cü ildə bu ev olmamışdır. O, gəlin gələn zaman artıq Kamalə o evdə olmamışdır. Onlar evlənən zaman artıq İlkinin 2 yaşı olmuş, atası da rəhmətə getmişdir. Göstərilənlərə əsasən, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş Musayeva Urşana Babaş qızı ifadəsində bildirdi ki, o, 4-cü, onlar isə 5-ci mərtəbədə qalırlar. O, 1986-cı ildə ailə qurub həmin binaya köçmüşdür. O, Fərhadı tanımışdır, sonradan Aygünlə evlənmişdir. Kamalə Fərhadın bacısıdır, orada yaşamamışdır. Anaları Naibə, ataları Aydın kişi olmuşdur. Gediş-gəlişi olmamışdır, amma salam-sabah edirlər. Kamaləni üzdən tanıyır, anası sağ olanda gəlmişdir. Anası rəhmətə gedəndən sonra gəlməmişdir. Analarının ölmə tarixi dəqiq yadında deyil. İlkin də Kamalənin oğlu olmuşdur, nənəsi sağ olan zaman anası ilə gəlmişdir. Orada daimi olaraq Fərhad, Aygün, Naibə və Aydın yaşamışlar. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkı̇ yyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyəçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “..hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz..”. “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Cavabdehin evdən istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və cavabdehin qeydiyyatdan çıxarılmasına əsas verir. Qeyd olunanlar cavabdehi yaşayış yeri üzrə qeydiyyatdan çıxarmağa səlahiyyəti olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və həmin dövlət orqanına izah edilməsidir. MPM-in 217.2-ci maddəsində göstərilir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Mülki Məcəllənin 228ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarına əsasən: 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. “Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd - şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Belə ki, 1982-ci ildən qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. Lakin bu maddə həmin şəxslər arasında razılaşmanın formasını və reallaşmasının şərtlərini müəyyən etməməklə məsələni tərəflərin öhdəsinə buraxmış, yaşayış sahəsindən istifadə qaydası və xərclərdə iştirakın məbləği haqqında əmələ gələn mübahisələrin məhkəmə yolu ilə həllini müyyənləşdirmişdir. Göründüyü kimi, Mənzil Məcəlləsinin 123-cü maddəsi mülkiyyətçi və onun evinə (mənzilinə) köçürülmüş ailə üzvləri arasında yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələrin həlli qaydasının yuxarıda göstərilmiş tələblərini birmənalı əhatə etmir. Eyni zamanda nəzərə alınmalıdır ki, həmin münasibətlər bu hüquq normasının əsasında qurulmuş və tənzimlənmişdir.” 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsi: Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Maddə 54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Maddə 60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Maddə 87. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. İşin faktiki halı: Məhkəmə iclasında müəyyən olundu ki, ünvan 1 ünvanında yerləşən 35 saylı mənzil X1 mülkiyyətində olmuş, o xx.xx.2020-ci il tarixdə vəfat etdikdən sonra xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamə əsasında ¼ hissədə Cavabdeh1, ¾ hissədə İddiaçı əmlaka payları müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın bağışlanması haqqında müqavilə əsasında Cavabdeh1 özünə məxsus əmlakın ¼ hissəsini İddiaçı bağışlamış və sonuncuya xx.xx.2024-cü il tarixdə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh1 və Cavabdeh2 mənzildən köçsələr də, formal olaraq mənzildə qeydiyyatda qalmış, bu da iddiaçının xüsusi mülkiyyətində olan mənzilə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. İnsan və vətəndaş hüquq və azadlıqlarının dövlət müdafiəsinin təminatlılığı dövlətin Konstitusiyanın 12-ci maddəsində ifadəsini tapmış ali məqsədi ilə bağlıdır. Həmin maddəyə müvafiq olaraq vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Hakimiyyətin ayrı-ayrı qolları insan hüquq və azadlıqlarının qorunmasına görə cavabdehlik daşıyır. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçini qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Mülkiyyət hüququnun təbii xarakteri heç də həmin hüququn məhdudlaşdırıla bilinməməsi anlamını vermir. Lakin mülkiyyət hüququnun məhdudlaşdırılması hər bir halda dəqiq və kifayət qədər detallaşdırılmış, konkretləşdirilmiş olmalıdır. Mülkiyyət hüququnun məhdudlaşdırılmasına qayda kimi deyil, qaydadan istisna kimi baxılmalıdır. Mübahisə predmeti olan mənzil iddiaçının adına 2024-cü ildə qeydə alınaraq, ona bu barədə dövlət reyestrindən çıxarış verilmiş olsa da, cavabdehlərin həmin mənzildə yaşamaları ilə bağlı münasibətlər 1960-cı illərdə yarandığından və belə mübahisələr köhnə Mənzil Məcəlləsi ilə tənzimləndiyindən məhkəmə hesab edir ki, hazırki halda mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin müddəaları tətbiq edilməklə qiymət verilməlidir. Məhkəmə hesab edir ki, qeyd olunan mənzil üzərində mülkiyyət hüququ iddiaçının və Cavabdeh1 valideynlərinə məxsus olmuş və məhkəmə iclasında müəyyən edilmişdir ki, mənzil onların valideynlərinə 1960-cı illərdə verilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, o, iddiaçı olan hyəat yoldaşı ilə ailə qurduqda artıq Cavabdeh1 evlənərək həmin mənzildən çıxmış və onlar evlənən zaman digər Cavabdeh2 2 yaşı olmuşdur. Onlar ayrı mənzildə yaşamışlar, lakin həmin evə mərhum analarını ziyarət etmək üçün gəlib-getmişlər. Məhkəmənin icraatında olmuş 1(007)-185/2018 saylı cinayət işi üzrə materiallar əsasında müəyyən edilmişdir ki, Cavabdeh1 ünvan 1 ünvanında yerləşən 35 saylı mənzildə qeydiyyatda olsa da, ünvan 4 ünvanında yaşamışdır. Vətəndaş Cavabdeh1 barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə yekun protokolundan görünür ki, Cavabdeh1 törətmiş olduğu ictimai təhlükəli əməli etiraf edərək göstərmişdir ki, anası X2, qardaşı İddiaçı və onun ailə üzvləri ilə birlikdə Nizami rayonu, ünvan 5 ünvanında yaşayırlar. Son zamanlar, qardaşının arvadı Aygün və qızı Günay anasına baxmadığından həftədə bir dəfə onlar yaşadığı ünvana gələrək, anasının təmizlik işlərinə baxır. xx.xx.2018-ci il tarixdə, saat 16:30 radələrində, anası yaşadığı evə gələrək onun otağının təmizlik işlərini görərək qardaşının ailə üzvlərinə irad tutub. Qardaşı oğlu Sultan onu təhqir edərək itələyib hamam otağına salıb. Otaqdan çıxdıqda qardaşı qızı Günay üstünə hücum etdiyindən, onun üstünə gedəndə Sultan əlləri ilə qolundan tutaraq hərəkətini məhdudlaşdırıb və Sultan qolundan tutduğundan qollunda qançırlar əmələ gəlib. Günay üstünə hücum edərək onu vurmaq istədikdə, özünü müdafiə məqsədilə əlləri ilə onun boynundan vuraraq itələyib. Münaqişələri 5-6 dəqiqə müddətində davam edib və bu zaman mənzildə qardaşının ailə üzvləri olublar. Məhkəmə qanunun tələblərini nəzərə alaraq qeyd edir ki, hazırki iş üzrə cavabdehlər mübahisə predmeti olan mənzildən istifadə hüquqlarını itirmişlər, belə ki, cavabdehlərdən Cavabdeh1 mübahisə predmeti olan mənzildə əvvəllər yaşasa da, ailə quraraq həmin mənzildən köçmüşdür, digər cavabdeh xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh2 isə ümumiyyətlə həmin mənzildə yaşamamışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçının xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda qalmaları formal xarakter daşıyır və iddia tələbi hər iki cavabdehin mənzilə olan istifadə hüquqlarına xitam verilməsi baxımından əsaslıdır. Nəticə: Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 35 saylı mənzilə dair istifadə hüquqları itirilmiş hesab edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən, iddiaçı isə tələb etmədiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 35 saylı mənzilə dair istifadə hüquqlarına xitam verilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar