Məhkəmə qərarları › İş №2(007)-1009/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1009/2025

14.04.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1009/2025 14.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “mənzildən çıxarılma” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi:

1. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xüsusi mülkiyyətlərində olan, Nizami rayonu, Qara Qarayev prospekti, ev 80, mənzil 5 ünvanında yerləşən evdən çıxarılması haqqında qərar verilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar:

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, onların mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzili İddiaçı1 qardaşı oğlu X1 ona xəbər vermədən gizli olaraq kirayə verib. Hazırda mənzili kirayəyə verən Orxan Yusifova və kirayəçi Cavabdeh dəfələrlə evin boşaldılması barədə xəbərdarlıq etsələr də, bundan imtina ediblər. Həmçinin, Nizami RPİ 24-cü PŞ-nin sahə inspektoruna da bu barədə məlumat veriblər, eləcə də yazılı müraciət ediblər. Odur ki, Cavabdeh onların xüsusi mülkiyyətində olan Nizami rayonu, Qara Qarayev prospekti, ev 80, mənzil 5 ünvanında yerləşən mənzilindən çıxarılmalı və onların mülkiyyət hüquqları bərpa olunmalıdır.

İş materialları:

3. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ümumi sahəsi 45,81 kv.m olan ünvan 3; Yeni qaydalarla: AZ 1096, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, giriş 380, M2, m1 ünvanında yerləşən mənzilin 1/3 hissəsi İddiaçı3, 1/3 hissəsi İddiaçı1 və 1/3 hissəsi isə İddiaçı2 adına qeydiyyata alınmışdır.

4. Mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi İddiaçı1 tərəfindən xx.xx.2025-ci il tarixdə 100 manat dövlət rüsumu ödənilmişdir.

Tərəflərin izahatları:

5. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.

6. Məhkəmə iclasında İddiaçı2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.

7. Məhkəmə iclasında İddiaçı3 iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehi tanımır. Oğlu xəbəri olmadan mənzili cavabdehə kirayəyə verib. 2-3 aydır ki, cavabdeh mənzilində yaşayır.

8. Məhkəmə iclasında Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək bildirdi ki, o, iddia tələbini qəbul edir. ünvan 3 ünvanında yerləşən mənzildən çıxmağa razıdır. Etirafın nəticələri ona ayındır.

Məhkəmə baxışının hədləri:

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq:

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir; 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər; 223.1. Məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir.

İşin faktiki halı:

11. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, ünvan 3; Yeni qaydalarla: AZ 1096, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, giriş 380, M2, m1 ünvanında yerləşən mənzilin 1/3 hissəsi İddiaçı3, 1/3 hissəsi İddiaçı1 və 1/3 hissəsi isə İddiaçı2 adına qeydiyyata alınmışdır. Hazırda Cavabdeh iddiaçıların mülkiyyətində olan mənzildə yaşayır və iddiaçılar cavabdehin mənzildən çıxarılmasını tələb edir. Cavabdeh tərəf isə buna etiraz etməyərək iddia tələbini qəbul etmişdir.

Məhkəmənin mövqeyi:

12. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.

13. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Cavabdeh iddia tələbini etiraf etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh iddia tələbini etirafı qanuna zidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul olunmalıdır. Nəticə:

14. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh ünvan 3; Yeni qaydalarla: AZ 1096, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, giriş 380, M2, m1 ünvanında yerləşən mənzildən çıxarılmalıdır.

Məhkəmə xərcləri:

15. Məhkəmə qeyd edir ki, Azərbaycan respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq iddiaçı tələb etmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı1 aid edilməlidir.

16. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh ünvan 3; Yeni qaydalarla: AZ 1096, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, giriş 380, M2, m1 ünvanında yerləşən mənzildən çıxarılsın. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu İddiaçı1 aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədirlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar