Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1011/2025 21.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi:
1. İddiaçı X2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı cəlb edilməklə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin təmin edilərək, cavabdeh "xxxx" MMC-yə müqavilə üzrə Bakı şəhəri, Yasamal rayonu A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 18-ci mərtəbə, ümumi sahəsi 78.3 kv.m olan, 262 saylı izolə olunmuş 2 otaqdan ibarət olan mənzilə ödədikləri 30000 manat pul məbləğinin, eyni zamanda ödənilmiş dövlət rüsumunu cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında X2 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-cü maddəsinə uyğun olaraq əsl İddiaçı ilə əvəz edilmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar:
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, əri X1 cavabdeh "xxxx" MMC-nin müdriyyəti ilə sıx tanışlıq əlaqələri var idi. Bu baxımdan bacısı oğlu İddiaçı ev almaq istədikdə əri "xxxx" MMC-nin müdriyyəti ilə yaxın əlaqələri olduğundan, bacısı oğlu Elnura, evi, qeyd olunan təşkilatdan almağı tövsivyə edib. Nəticədə, İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixli, № 262002 saylı müqavilə bağlanıb. Müqaviləyə əsasən cavabdeh, yəni "xxxx" MMC Bakı şəhəri, Yasamal rayonu A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 18-ci mərtəbə, ümumi sahəsi 78.3 kv.m olan, 262 №-li 2 otaqdan ibarət olan mənzili pay kimi verir. Müqavilə üzrə mənzilin dəyəri 78300 manat təşkil etdiyi halda mənzilin qiymətinin bir hissəsi, yəni 30000 manat məbləği İddiaçı tərəfindən ödənilib. Lakin bir müddətdən sonra evin tikilməsi cox uzadığındaa və nəticədə yarımçıq qaldığından, İddiaçı 22 fevral 2023-cü il tariixndə Bakı şəhəri 51 saylı notariat ofisinə yaxınlaşaraq imtina ərizəsi yazıb. Ərizəyə əsasən "xxxx" MMC-nin Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanda inşa etdiyi yaşayış evinin 3-cü blok, 18-ci ümumi sahəsi 78.3 kv.m. olan 2 otaqlı 262 saylı mənzildən və pay hüququndan imtina etdiyi, həmin mənzili və pay hüquqlarını X1 adına sənədləşdirməyi xahiş edib. X7 30000 manat məbləğində pulu Elnura geri qaytarıb və evi öz adına qeydiyyata alıb. Daha sonra əri X4 10 dekabr 2023-cü ildə vəfat edib. Başları onun ölmünə qarışdığı üçün evin son halından xəbəri olmayıb. Sonradan dəfələrlə bununla bağlı məsələni qaldırdıqda söz verməyinə baxmayaraq, cavabdeh, evi hələdə təhvil verməyib, "xxxx" MMC üzərinə düşən öhdəliyi icra etməyib. Aldıqları məlumata görə həmin ev başqasına satılıb. Nəticədə, cavabdeh "xxxx" MMC-nin 30000 manat borcu yaranıb.
İş materialları:
4. İcraçı "xxxx" MMC ilə Payçı İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli 262002 saylı müqavilənin surətindən görünür ki, "xxxx" MMC Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 18-ci mərtəbə, ümumi sahəsi 78,3 kv.m olan, 262 №-li mənzil 2 otaqdan ibarət olub bir pay kimi İddiaçı verir. Müqavilə üzrə mənzilin dəyəri bir kv.m sahəsi üçün 1000 AZN təyin edilir, cəmi 78,3 kv.m sahəsi üçün 78300 AZN təşkil edir. Bu müqavilə ilə müəyyən olunmuş, yuxarıda göstərilən mənzilin qiymərinin bir hissəsi, müqvilə qiymətindən 38% miqdarında, yəni 30000 AZN məbləğində ödənilib. Tikinti işləri başa çatdıqdan sonra müqaviləsini əsas predmeti kimi “İcraçı” təhvil verir, “Payçı” isə mənzili qəbul edir.
5. İddiaçı tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəni surətindən görünür ki, o, "xxxx" MMC-nin Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa etdiyi yaşayış evinin 3-ci blok, ümumi sahəsi 78,3 kv.m olan 2 otaqlı 262 saylı mənzildən və pay hüququnundan imtina edir. Həmin mənzili və pay hüquqlarını X1 adına rəsmiləşdirilməsini xahiş edir. Gələcəkdə göstərilən mənzil barəsində heç bir məhkəmə orqanlarına iddia ilə müraciət etməyəcəkdir. Hər hansı mübahisə yaranarsa, şəxsən özü cavabdehlik daşıyacaqdır.
6. AZ-İİ seriyalı, 389556 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2023-cü ildə vəfat etmişdir.
7. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, X2 iddia ərizəsinin verilməsi üçün 80 manat dövlət rüsumu ödəmişdir.
8. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, X2 iddia ərizəsinin verilməsi üçün 101 manat dövlət rüsumu ödəmişdir.
Tərəflərin izahatları:
9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, müqaviləyə tərəflərindən birtərəfli qaydada xitam verilib. Onlarda olan məlumata əsasən mənzildə başqa şəxs yaşayır. Bundan sonra onların mənzili tələb etmək imkanları məhdud olduğuna görə 30000 manatın qaytarılmasını tələb edirlər. Müqavilə üzrə 30000 manat ödəniş edilib, lakin binanın tikintisi uzandığından birtərəfli qaydada ödəniş etməkdən imtina ediblər.
10. Məhkəmə iclasında Cavabdehin nümayəndəsi və vəkili Vəkil iş üzrə hər hansı qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdı. Əlavə olaraq bildirdi ki, müqavilə üzrə 30000 manat ödənilib, lakin sonra iddiaçı müqavilə üzrə hüquqlarını mərhum X3 ötürüb. Cavabdeh şirkət müqavilə üzrə 30000 manatı ödəməyə razıdır, amma kimə ödənilməli olması müəyyən edilməlidir ki, gələcəkdə başqa şəxslər ödənilmiş pulu mübahisələndirməsin.
Məhkəmə baxışının hədləri:
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq:
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 424.5. Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə sasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür;
İşin faktiki halı:
13. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, İcraçı "xxxx" MMC ilə Payçı İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli 262002 saylı müqaviləyə əsasən "xxxx" MMC Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 18-ci mərtəbə, ümumi sahəsi 78,3 kv.m olan, 262 №-li mənzil 2 otaqdan ibarət olub bir pay kimi İddiaçı verməyi, sonuncu isə mənzilin dəyəri olan 78300 manat məbləğində pulu cəmiyyətə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə cəmi 30000 manat ödəniş edilib. Daha sonra İddiaçı mənzildən X1 xeyrinə imtina etsə də, Teymur Əliyev xx.xx.2023-cü ildə vəfat etmişdir. Mərhum arvadı X2 hazırkı iddia ilə məhkəməyə müraciət etsə də, məhkəmə araşdırması zamanı əsl İddiaçı ilə əvəz edilməsini xahiş etmişdir. Belə ki, məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili İddiaçı mənzildən Teymur Əliyevin xeyrinə imtina etməsi barədə məlumatların olmadığını bildirmişdir. Hazırda isə İddiaçı hazırkı vaxtadək mənzil ona təhvil verilmədiyindən mənzil üzrə ödənilmiş 30000 manat pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir.
Məhkəmənin mövqeyi:
14. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməlidir.
15. Qeyd olunanlarla müəyyən edildi ki, İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında mülki hüquq və vəzifələri müəyyənləşdirən xx.xx.2021-ci il tarixli müqavilə bağlanmış, müqavilənin şərtləri müəyyən edilmiş, tərəflər bununla üzərilərinə müvafiq öhdəliklər götürmüşlər.
16. İşin mübahisəsiz hallarından məlum olur ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli müqavilə bağlanmış, bu müqaviləyə əsasən "xxxx" MMC tikinti işləri başa çatdıqdan sonra Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 18-ci mərtəbə, ümumi sahəsi 78,3 kv.m olan, 262 nömrəli mənzilini İddiaçı verməyi, sonuncu isə mənzilin dəyəri olan 78300 manat məbləğində pulu cəmiyyətə ödəməyi öhdəsinə götürmüşdür. Hazırki vaxtadək mənzil iddiaçıya təhvil verilməmiş, həmçinin iddiaçı mənzilin dəyəri üzrə cəmi 30000 manat məbləğində pul ödəmişdir. Yəni tərəflər müqavilə üzrə öhdəlikləri tam icra etməmişlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili iddiaçının cəmiyyətdə 30000 manat pulunun olduğunu, cəmiyyətin həmin pulu ödəməyə razı olduğu, lakin müqavilə üzrə kimə pul ödənilməlinin müəyyənləşdirilməli olduğunu bildirib. Müqavilənin 7.1-ci bəndində qeyd edilir ki, hər iki tərəfdən biri öz öhdəliyini yerinə yetirməzsə digər tərəfin müqaviləni dəyişdirmək, çəkilmiş xərclərin və zərərin ödənilməsini tələb etmək hüququ vardır.
17. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
18. Həmin qərarda həmçinin qeyd edilir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir.
19. Məhkəmə hesab edir ki, tərəflər müqavilə üzrə öhdəliklərini tam icra etmədiyindən tərəflər arasında bağlanılmış xx.xx.2021-ci il tarixli müqavilə ləğv edilmiş hesab edilməli və buna uyğun olaraq da iddiaçı tərəfindən ödənilmiş 30000 manat məbləğində pul cavabdeh tərəfindən ona qaytarılmalıdır.
Nəticə:
20. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia təmin edilməli, xx.xx.2021-ci il tarixli 262002 saylı müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 18-ci mərtəbə, ümumi sahəsi 78,3 kv.m olan, 262 saylı mənzil üzrə ödənilmiş 30000 (otuz min) manat məbləğində pul cavabdeh "xxxx" MMC-dən İddiaçı xeyrinə tutulmalıdır.
Məhkəmə xərcləri:
19. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
20. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid edilməli, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 180 manat ondan iddiaçının xeyrinə tutulmalıdır.
21. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. xx.xx.2021-ci il tarixli 262002 saylı müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 18-ci mərtəbə, ümumi sahəsi 78,3 kv.m olan, 262 saylı mənzil üzrə ödənilmiş 30000 (otuz min) manat məbləğində pul və ödənilmiş 180 manat dövlət rüsumunun əvəzi cavabdeh "xxxx" MMC-dən İddiaçı xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Qumru Əliyeva