Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1043/2023 12.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyi Xidməti cəlb edilməklə “əmək haqqının və gecikməyə görə kompensasiya məbləğinin ödənilməsi və sair” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyi Xidməti cəlb edilməklə “əmək haqqının və gecikməyə görə kompensasiya məbləğinin ödənilməsi və sair” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC 2022-ci ilin iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr və 2023-cü ilin yanvar ayları üçün ona hər ay əmək haqqı olmaqla ödəməli olduğu 1000 (bir min) manat olmaqla, cəmi 7000 (yeddi min) manat, ödənilməmiş əmək haqqı, əmək haqqının vaxtında verilməməsi üçün gecikməyə görə 300 (üç yüz) manat kompensasiya əvəzi, "xxxx" ASC-dən götürdüyü 2600 (iki min altı yüz) manat pulun (illik 17%-olmaqla) 884 (səkkiz yüz səksən dörd) manat və mediasiya xidməti üçün ödədiyi 50 (əlli) manat məbləğində, cəmi 8284 (səkkiz min iki yüz səksən dörd) manat pulun ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdən əmək müqaviləsi üzrə Cavabdeh MMC-də briqadir vəzifəsində işləmişdir. 2022-ci ilin iyul, avqust, sentyabr, oktyabr, noyabr ayları üçün cəmiyyətin rəhbərliyi tərəfindən əmək haqqı ödənilmədiyi üçün xx.xx.2022-ci ildə X3 Xidməti Bakı şəhər İdarəsinə müraciət etmişdir. Bakı şəhər idarəsi tərəfindən araşdırma aparılmış, həqiqətən də cəmiyyətin rəhbərliyi tərəfindən aylıq əmək haqqının ödənilmədiyi üçün ona Azərbaycan Respubliaksınm Əmək Məcəlləsinin 172-ci maddəsinin 1-ci bəndinə, İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixli, MN-1292534 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsi bildirilmişdir. Cavab məktubunda göstərilmişdir ki, “Həmçinin, yol verilmiş nöqsanın aradan qaldırılması məqsədi ilə Cavabdeh MMC-nin ünvanına **********9 saylı, xx.xx.2022-ci il tarixli məktub ünvanlanmışdır.” Müraciətində qaldırdığı məsələnin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması tövsiyyə olunmuşdur. Əmək kitabçası hal-hazırda cavabdehdədir. Hər dəfə müraciət etdikdə bildirilir ki, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməyib. 2022-ci ilin iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr və 2023-cü ilin yanvar ayları üçün ona hər ay 1000 (min) manat olmaqla cəmi 7000 (yeddi min) manat ödənilməmiş əmək haqqı qalmışdır. Cavabdeh tərəfindən əmək haqqısının vaxtında ödənilməməsi səbəbindən ailəsinin dolanışığını təmin etmək məqsədi ilə məcbur olub "xxxx"-dan xx.xx.2022-ci il tarixdə 2600 (iki min altı yüz) manat (illik 17% olmaqla) pul götürmüşdür. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddiasının təmin edilməsini xahiş etdi. O əlavə olaraq bildirdi ki, hal-hazırda başqa yerdə işləmir. Cavabdeh ona 5000 manat ödədiyi təqdirdə aralarında razılıq yarana bilər. Maaş gecikdiyi və əmək haqqı almadığı üçün məcburiyyətdən ailəsinin dolanışığını təmin etmək üçün 2600 manat məbləğində xx.xx.2022-ci il tarixdə illik 17 % olmaqla kredit götürmüşdür. O, 2022-ci ilin iyul ayında işə tam çıxmış, həmin aydan sonra isə işə onlara maaş veriləcəyi deyildiyi üçün işə hərdənbir çıxmışdır. İş gəlmədiyi günlərdə düşəndə işə muzd qaydada ara işlərində işləmişdir. Ona dekabr ayının 27-28-də 1600 manat son haqq-hesab ödənilmiş, ödəniş rəsmi deyil, kart vasitəsilə həyata keçirilmişdir. Onların rayonda da layihələri olmuş, Ələt rayonunda işləmişlər. O, dəfələrlə maaşın ödənilməsini xahiş etsə də onlara müxtəlif bəhanələr gətirərək maaşı ödəməmiş, dəfələrlə gözləmələrini söyləmişlər. Eyni zamanda o, iddiasında maaşı gecikdirildiyinə görə kompensasiya da tələb etmişdir. Lakin onun üçün əsas ödənilməmiş əmək haqqı və son haqq-hesab məbləğlərinin ödənilməsidir. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxsin və cavabehin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, onların nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi X1 iddianı qismən, yəni 1854 manat hissədə qəbul etdiklərini, 1854 manat vəsaitin rəsmi ödənilməli olduğunu, bunun onların borcu olduğunu, mütləq ödəyəcəyini, əmək haqqı ilə bağlı gecikmələr yaşandığı üçün əməkdaşlara işə çıxanda ümumi borc bağlandıqdan sonra digərlərinin haqqına girməmək şərtilə əmək haqqını ödəyəcəyəklərini söylədiyini, işə çıxdığı günlər ilə bağlı əmək haqqının və məzuniyyət ilə əlaqədar son haqq-hesabın ödənildiyini bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı 2023-cü ilin fevral ayında qanunauyğun qaydada işdən çıxarılmışdır. Aralarında işə çıxmamaqla bağlı rəsmi saziş olmamış, şifahi razılaşma olmuşdur. İddiaçıya 1127 manat əmək haqqı kartdan-karta göndərilərək ödənilmişdir. İşçilərin bir qismi işə çıxmadığı zaman onları işdən çıxarmamış, lakin gərək humanizmi bir kənara qoyaraq işçiləri işdən çıxartmalı idilər. Həmçinin əmək haqqı əsasında büdcəyə pensiya ödənişi gedir. İddiaçının əmisi oğlu da onların şirkətində işləyir. İddiaçı məcburiyyətdən kredit götürdüyünü söyləyir. Ancaq məcburiyyətdən kredit götürmək lazım deyil, iş tapıb işləmək lazım idi. O, həmçinin qeyd etdi ki, məhkəməyə təqdim edilmiş qrafik üzrə iddiaçı tərəfindən işə çıxmadığı aylar üçün əmək haqqı məbləğinin vergisi tərəflərindən hesablanaraq büdcəyə ödəniləcəkdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi X2 iddianı qismən yəni 1854 manat hissədə qəbul etdiklərini bildirmiş və qalan hissədə təmin edilməməsini xahiş etmişdir. O həmçinin bildirmişdir ki, iddiaçı ərizəsini yazaraq 2023-cü ilin fevral ayında işdən çıxmışdır. Əmək müqaviləsi vaxtamuzd olduğu üçün ona əmək haqqı yalnız işdə olduğu günlər üçün ödənilmişdir. Tək iddiaçı deyil, digər işçilər də vaxtamuzd əmək haqqı alır. İddiaçı Vətən Müharibəsi dövründə 40 gün evdə qalmış, əmək haqqısını da almışdır. Onlar tərəfindən iddiaçının işdə olub-olmaması barədə qrafik də məhkəməyə təqdim edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan materialları araşdırıb və tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İclasda tədqiq edilmiş və iş materiallarına əlavə edilmiş: - Cavabdeh MMC ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixdə xx.xx.2022-ci il tarixədək əmək müqaviləsi bağlanmış, iddiaçı MMC-yə işçi fəhlə vəzifəsində işə düzəlmiş, əmək haqqı 842 manat müəyyən edilmişdir. - xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə 1 nömrəli əlavənin və xx.xx.2022-ci il tarixli əmrin surətindən görünür ki, işçiyə ayda 1127 manat əmək haqqı ödənilməsi, əsas iş yerinin briqadir olması müəyyən edilmişdir. - Əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinə əsasən vəzifəsi briqadir, iş forması vaxtamuzd olmuş, əmək haqqı 1127 manat olmuşdur. - Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli əmrin surətindən görünür ki, İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” yarımbəndinə, əmək müqaviləsinin müddətinin qurtarmasına əsasən xitam verilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin xx.xx.2022-ci il tarixli **********1 nömrəli məktubundan görünür ki, “Aznetdevelopment" MMC-nin rəhbərliyi tərəfindən təqdim edilmiş sənədlərdən MMC-nin İddiaçı iyul, avqust, sentyabr, oktyabr ayları üzrə əmək haqqısının ödənilmədiyi müəyyən edilmişdir. Bununla da cəmiyyət tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 1-ci hissəsinin (aylıq əmək haqqının ödənilməməsi) tələbləri pozulduğundan barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixli, MN-1292534 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmçinin, yol verilmş nöqsanın aradan qaldırılması məqsədilə Cavabdeh MMCnin ünvanına xx.xx.2022-ci il tarixli məktub ünvanlanmışdır. - Hesablanmış və ödənilməli əmək haqqı ilə bağlı cədvəldən görünür ki, İddiaçı iyul ayında 924,92 manat, avqust ayında 287,88 manat, sentyabr, oktyabr, noyabr, dekabr, yanvar aylarında 0 manat olmaqla 7001,41 manat hesablanmış, iyul ayında 823,30 manat, avqust ayında 265,89 manat, sentyabr, oktyabr, noyabr, dekabr, yanvar aylarında 0 manat olmaqla 8078,57 manat ödənilməli əmək haqqı, 2022-ci ilin iyul ayında 1161,28 manat, avqust, sentyabr, oktyabr, noyabr, dekabr, yanvar aylarında hər ay üçün 1427, 17 manat olmaqla, cəmi 1854,60 manat qalıq borc mövcud olmuşdur. - "xxxx" ASC tərəfindən verilmiş ödəniş qrafikindən görünür ki, xx.xx.2022-ci il tarixli, GTZK6812641A211 saylı kredit müqaviləsi illik 17% olmaqla 24 ay müddətinə bağlanılmış və ödəniş tarixi xx.xx.2022-ci il tarixdən başlanılmışdır. - xx.xx.2022-ci il tarixli MŞB/9-00678 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmişdir. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinə əsasən iddiaçının vəzifəsi işçi fəhlə, əmək haqqı isə 842 manat təşkil etmiş, daha sonra həmin əmək müqaviləsinə 01 nömrəli əlavə və xx.xx.2022-ci il tarixli əmr ilə əmək haqqı 1127 manat, iddiaçının vəzifəsi briqadir olaraq dəyişdirilmişdir. Əmək müqaviləsinin müddəti bitməsi əsası ilə əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Lakin iddiaçı ilə son haqq-hesab aparılmamış, əvvəlki aylar üçün əmək haqqı və son haqq-hesab düzgün olaraq ödənilməmişdir. Cavabdehin tərəf iddiaçıya 1854,60 manat əmək haqqı ödənişi edəcəklərini iddia tələbini həmin məbləğdə olan hissədə qəbul etdiklərini bildirmişdir. Hazırda işin mübahisələndirilən halı isə iddiaçı əvvəlki aylar üçün ona əmək haqqı olaraq 7000 manat məbləğində vəsait həmçinin ona kompensasiyanın əvəzi olaraq 300 manat və bankdan götürdüyü 2600 manat pulun (illik 17% olmaqla) 884 manat məbləğində pulun cavabdeh tərəfindən ona ödəniməsini tələb etmişdir. Cavabdeh tərəf də iddia tələbi ilə qismən razılaşaraq ona 1854 manat vəsait ödənilmədiyini qəbul etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 9-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq (d bəndi); iş vaxtında artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək (e bəndi); qanunvericiliklə müəyyən edilmiş iş vaxtında çalışmaq (g bəndi); qanunvericiliklə müəyyən edilmiş həftələrarası istirahət günlərindən istifadə etmək (h bəndi); əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq (q bəndi) hüququ vardır. 12-ci maddəsinə əsasən işəgötürən əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; bu məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; əmək müqavilələrini bu məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq vəzifələri daşıyır. 83-cü maddəsinin 2-ci bəndinə görə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 154.1-ci maddəsinə əsasən əmək haqqı- müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 154.2-ci maddəsinə əsasən bu məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş sübutlar, o cümlədən tərəflərin izahatları ilə Cavabdeh MMC tərəfindən onunla əmək müqaviləsinə xitam verilərkən onun əvvəlki 7 ayın əmək haqqısı düzgün hesablanmamışdır. Belə ki, həmin dövr üçün işçinin əmək müqaviləsi qüvvədə olduğundan və işəgötürən tərəfindən həmin müqavilə ləğv edilmədiyindən həmin məbləğ iddiaçının xeyrinə tutulmalıdır. İddiaçının aylıq 1127 manat aylıq maaş almasını, ona 7 aylıq əmək haqqının ödənilməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi "xxxx" MMC 2022-ci ilin iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr və 2023-cü ilin yanvar ayları üçün ona hər ay əmək haqqı olmaqla ödəməli olduğu 1000 (bir min) manat olmaqla, cəmi 7000 (yeddi min) manat pulun ona ödənilməsi” hissəsində təmin edilməli və həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə cavabdehin nümayəndəsinin “əmək müqaviləsi sistemdə qeyd edilməsə də vaxtamuzd olduğu üçün ona əmək haqqı yalnız işdə olduğu günlər üçün ödənilmişdir” dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh iddiaçı ilə aralarında işə çıxmamaqla bağlı şifahi razılaşma olmasını bildirsə də, tərəflər arasında bununla bağlı rəsmi saziş olmamış, həmin vaxt iddiaçı ilə əmək müqaviləsi pozulmamışdır. Eyni zamanda, məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən son haqq-hesab məbləği olan 1854 manat vəsaitdən iddiaçıya 1600 manat məbləğin ödənilməsi qəbul edildiyindən "xxxx" MMC-dən həmin məbləğdən 254 manat fərq məbləği də iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin “əmək haqqının vaxtında verilməməsi üçün gecikməyə görə 300 (üç yüz) manat kompensasiya əvəzinin tutulması” hissəsi ilə bağlı bildirir ki, işin mübahisəz halı ondan ibarətdir ki, cavabdeh şirkət tərəfindən əmək haqqının ödənilməməsi maliyyə vəziyyətinin çətin olması ilə bağlı olmuş, iddiaçı tərəf də bununla bağlı işə çıxmamışdır. Belə olan halda məhkəmə qənaətə gəlir ki, iddia tələbi ödənilməmiş əmək haqqı və son haqq-hesab hissəsində təmin edildiyindən hazırda əlavə olaraq kompensasiya məbləğinin də cavabdeh tərəfindən ödənilməsi öhdəliyinin də onun üzərinə qoyulması cavabdeh tərəfin həddən artıq yüklnilməsi ilə nəticələnəcəkdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin "xxxx" ASC-dən götürdüyü 2600 (iki min altı yüz) manat pulun (illik 17%-olmaqla) 884 (səkkiz yüz səksən dörd) manat” hissəsinə münasibətdə bildirir ki, kredit müqaviləsi xx.xx.2022-ci il tarixdə bağlanılsa da, kredit müqaviləsinin təyinatı, hansı məqsəd üçün götürülməsi, iddiaçının əmək haqqının ödənilməməsi nəticəsində ağır vəziyyətə düşərək kredit götürmək məcburiyyətində qalması halları məhkəmə araşdırılması ilə öz təsdiqini tapmadığından iddia tələbi bu hissədə də təmin edilməməlidir. Belə ki iddiaçı 2022-ci ilin iyul ayından ona əmək haqqı ödəniləcəyinə əmin olmadığı və işə davamlı çıxmadığı halda həmin ilin oktyabr ayındanqarfik üzrə ödənilməsi şərti ilə sentyabr ayında kredit götürmüş və həmin krediti götüməsini məhz əmək haqqı almaması ilə əlaqəli olmasını əsaslandıra bilməmişdir. Halbuki onun tərəfindən işə çıxmadığı günlərdə işə muzd qaydada ara işlərində işləməsi bildirilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçının ödədiyi 50 manat mediasiya xərci "xxxx" MMC-dən onun xeyrinə tutulmalı və iddia tələbi “mediasiya xidməti üçün ödədiyi 50 (əlli) AZN məbləğində pulun ona ödənilməsi” hissəsində təmin edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, "xxxx" MMC-dən İddiaçı xeyrinə 7000 manat əmək haqqı məbləği, 254 manat son haqq-hesab məbləği, 50 manat mediasiya xərci olmaqla, ümumilikdə 7304 manat vəsait tutulmalı, iddia tələbi qismən təmin edilməlidir. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında rüsum məbləği ödənilməlidir. Həmin qanunun 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Belə olan halda məhkəmə xərcləri Dövlət Büdcəsinin vəsaitləri hesabına aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Hazırda iddia tələbi qismən təmin edildiyindən, iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğundan, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutulmalı olduğundan "xxxx" MMC-dən 93,04 manat dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. "xxxx" MMC-dən İddiaçı xeyrinə 7304 manat vəsait tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. "xxxx" MMC-dən 93,04 manat dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bak Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1043/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1043/2023
12.05.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver