Məhkəmə qərarları › İş №2(007)-105/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-105/2022

22.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-105/2022 22.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı ASC-nin (ləğv prosesindədir) nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin (ləğv prosesindədir) Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tutmanın nəqliyyat vasitəsinə yönəldilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC (ləğv prosesindədir) Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tutmanın nəqliyyat vasitəsinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini və işə mahiyyəti üzrə baxılıb qiymət verilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 58.1-ci maddəsinə əsasən, mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə və s.) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Həmin Məcəllənin 58.2-ci maddəsinin tələbinə görə isə hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. Göründüyü kimi, qanunun mənasına görə, prosessual hüquq varisliyinə yalnız o halda yol verilir ki, tərəf işə baxılarkən sıradan çıxmış (hazırki halda vəfat etmiş) olsun. Cavabdeh isə iddiaçı iddia ilə məhkəməyə müraciət etməzdən xeyli əvvəl vəfat etmişdir və bu hal iddiaçıya məlum idi (xx.xx.2020-ci il tarixli MAPS arayışını iddiaçı təqdim etmişdir). Ölmüş şəxsə qarşı isə məhkəmədə iddia qaldırmaq yolverilməzdir və belə işə məhkəmədə baxıla bilməz. Çünki iddia tələbi yönəldiyi şəxs (cavabdeh) sağ olmalıdır ki, həmin tələblə bağlı məhkəmədə cavabdeh qismində iştirak edə bilsin. Azərbaycan Respublikası MPMnin 49.1-ci maddəsində nəzərdə tutulmuş mülki-prosessual fəaliyyət qabiliyyəti də yalnız sağ olan şəxsə mənsubdur. Ölmüş şəxsə qarşı məhkəmədə iddia qaldırılmasının yolverilməz olmasını əsaslandırmaq üçün hər hansı prosessual normaya istinad etməyə ehtiyac yoxdur. MPMnin 50.1-ci maddəsinə görə, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. MPM-nin 50.3-cü maddəsinə görə də iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Qanunun mənasından da göründüyü kimi, prosesdə yalnız sağ olan iddiaçı və cavabdeh tərəf ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddənə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə qeyd edir ki, hazırki iddia ilə bank məhkəməyə Cavabdeh vəfat etdikdən sonra müraciət etmişdir, ona görə də məhkəmə hesab edir ki, ölmüş şəxsə qarşı iddia qaldırılmasının yolverilməz olması əsası ilə İddiaçı ASC-nin (ləğv prosesindədir) Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tutmanın nəqliyyat vasitəsinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, hazırki tələb üzrə hüquq varisliyinə yol verilməsi aşkardır və tələb mərhumun vərəsələrinə (hüquq varislərinə) qarşı yönəldilə bilər. Bunun üçün isə hazırki işin icraatına ölmüş şəxsə qarşı iddia qaldırılmasına yol verilməməsi əsası ilə xitam verilməli və iddiaçıya hazırki tələblə mərhumun vərəsələrinə (hüquq varislərinə) qarşı iddia qaldırmaq hüququ izah olunmalıdır. Eyni zamanda, məhkəmə bildirir ki, Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinə müvafiq olaraq işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilməməsi tərəflərə izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 262, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin (ləğv prosesindədir) Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tutmanın nəqliyyat vasitəsinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Tərəflərə izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. İddiaçıya izah edilsin ki, hazırki tələblə mərhumun vərəsələrinə (hüquq varislərinə) qarşı iddia qaldırmaq hüququ vardır. Qərardad iddiaçı tərəfindən ödənilmiş 30,0 manat dövlət rüsumunun geri qaytarılması üçün əsasdır. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar