Məhkəmə qərarları › İş №2(007)-1058/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-1058/2022

15.04.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-1058/2022 15.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri 52 saylı Notariat ofisinə qarşı “ötürülmüş müddətin bərpası və vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 52 saylı Notariat ofisinə qarşı “ötürülmüş müddətin bərpası və vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nizami Rayon VVAQ Şöbəsinin 28 noyabr 1990-cı il tarixli XV-ЖГ seriyalı 420804 saylı doğum haqqında şəhadətnaməsinə əsasən X1 iddiaçının atasıdır. Azərbaycan Respublikası Nəqliyyat Vasitəsinin Qeydiyyat şəhadətnaməsinə əsasən ** RP *** dövlət nömrə nişanlı “QAZ-69” markalı avtomobil onun atasının adına qeydiyyatdan keçirilmişdir. AZ-İ seriyalı 296035 saylı ölüm şəhadətnaməsinə əsasən atası X1 02 aprel 2008-ci il tarixdə dəqiqləşməmiş ürək dayanmasından ölmüşdür. Atasının ölümündən sonra o, anası və bacısı atasından miras qalmış avtomobilə sahiblik etmiş və bununla da mirası qəbul etdiklərini şəksiz nümayiş etdirməklə mirası qəbul etmişlər. Hazırda da həmin avtomobil ailəsinin sahibliyindədir. O, 2021-ci ildə vərəsəlik şəhadətnaməsi alınması üçün notariat ofisinə müraciət etmiş. Lakin Bakı şəhəri 52 saylı notariat ofisinin notariusunun 11 dekabr 2021-ci il tarixli Notariat hərəkətlərinin aparılmasından imtina barədə Qərarı ilə qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Atasının ölümündən sonra anası bir müddət xəstə olduğundan, iddiaçı və bacısı yetkinlik yaşları tamam olmadığında vərəsəlik şəhadətnaməsinin alınması üçün müraciət etməmişlər. İddia ərizəsinin təmin edilməsi, qanun üzrə vərəsəliyi qəbul etmə müddəti uzadılmaqla iddiaçıya vərəsəlik şəhadətnaməsinin verilməsinin həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X2 məhkəmənin dəftərxanası vasitəsi ilə ərizə verərək, iddia ərizəsinin baxılmamış saxlanılaraq, iddia ərizəsinə əlavə edilmiş sənədlərin əsillərinin geri qaytarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan iddiaçının nümayəndəsi və vəkili X2 tərəfindən təqdim edilmiş ərizəni nəzərdən keçirib hesab edir ki, iddiaçının vəkili və nümayəndəsinin ərizəsi nəzərə alınaraq, iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ("xxxx" ASC, VÖEN **********, GPP qəbz nömrəsi - 860822274, Tarix: 26.01.2022, saat 16:13) dövlət büdcəsindən qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı cavabdeh Bakı şəhəri 52 saylı Notariat ofisinə qarşı “ötürülmüş müddətin bərpası və vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardad iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun geri qaytarılması üçün əsasdır. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar