Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1070/2022 30.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh2 və X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və X2 qarşı “fərdi yaşayış evinə uşaqları ilə birlikdə köçürülməsi, yaşayış sahəsinə istifadə hüququnun tanınması və cavabdeh tərəfindən maneələrin aradan qaldırılması” tələbinə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra – iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və X2 məxsus ünvan 1 ünvanında yerləşən, gəlin köçüb yaşadığı evə (bundan sonra – ev və ya özbaşına tikili) uşaqları ilə birlikdə köçürülməyi, həmin yaşayış sahəsindən həmin evdə yaşayan digər ailə üzvləri ilə bərabər istifadə etmək hüququ verilməsi və cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh2 ilə 10 mart 2011-ci ildə nikaha daxil olaraq evlənmişdir. Birgə nikahlarından 05.05.2009-cu il təvəllüdlü X6 və 20.01.2012-ci il təvəllüdlü X3 adlı övladları anadan olmuşdur. Evləndikdən sonra bir müddət ailə münasibətləri normal olmuşdur. Bir müddət keçdikdən sonra ailə münasibətləri tədricən pozulduğundan məhkəməyə əmlak, nikahın pozulması və aliment tələbinə dair müraciət etmişdir. Keçmiş həyat yoldaşı tərəfindən tez-tez təhqir olunub alçaldılırdı. Sonuncu dəfə keçmiş həyat yoldaşı evə içkili, sərxoş halda gəlib onu təhqir edərək döymüş və onu iki uşağı ilə birlikdə evdən çıxartmışdır. Odur ki, məcbur olub uşağları ilə birlikdə valideynlərinin evinə getmişdir və hal-hazıradək müvəqqəti olaraq onların yanında yaşayır. Evdən çıxarkən ona məxsus bütün əmlaklar gəlin köçdüyü evdə qalmışdır. Cavabdeh tərəfindən uşaqlara maddi köməklik olmadığı üçün məhkəmədə aliment tələbi ilə bağlı da iddia qaldırmışdır. Hazırda atasına məxsus evdə yaşayır və bundan başqa yaşayış yeri yoxdur. Bu vəziyyət onun normal yaşamağına və övladlarının isə böyüməsinə mənfi təsir göstərir. Yalnız o evə köçüb yaşamaq istəyir. Çünki həmin ev uşaqlarının təhsil aldığı məktəbə yaxındır. Uşaqlara kənddə yaşamaq çətin gəlir. Çünki onlar Bakı şəhərində anadan olub orada yaşamışlar. Həmçinin, ona məxsus cehiz əmlakı və gelin köçdüyü evin genişləndirilməsi, həmin evə əlavə vəsaitlərin xərclənməsi onun cavabdehlə birgə zəhmətinin bəhrəsidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi və əlavə olaraq izahatında bildirdi ki, Cavabdeh2 ilə ailə qurduqdan sonra 13 il müddətində mübahisəli evdə yaşamışdır. Mübahisəli evin genişləndirilməsinə onun da əməyi və iştirakı olmuşdur. Hazırda azyaşlı uşaqları ilə birlikdə kirayədə yaşayır və yaşayış sahəsinə ehtiyacı vardır. Gəlin köçərkən özü ilə apardığı əşyalar mübahisəli evdə qalmışdır və o, Cavabdeh2lə mübahisəsi olduğundan həmin evdən getmək məcburiyyətində qalmışdır. O, Cavabdeh2lə boşandıqdan sonra cavabdeh bir dəfə də olsun uşaqları ilə maraqlanmamışdır. Əvvəlcə qayınatası onlarla birlikdə qalsa da, sonradan başqa bir evə köçmüşdür. Məhkəmə iclasında Cavabdeh2 izahat verərək bildirdi ki, iddiaçı ilə 2008-ci ildə faktiki olaraq ailə qurduğdan sonra atası tərəfindən ona inşa edilmiş evdə yaşamışlar. Həmin ev DƏDRX-də rəsmi olaraq qeydiyata alınmamışdır və ev qanunsuz tikilidir. Bir müddət həmin evdə yaşasalar da, sonradan münasibətləri pozulmuş, iddiaçı azyaşlı övladları ilə birlikdə atası evinə qayıtmışdır. İddiaçı artıq bir il olar ki, evdən çıxıb getmişdir. İddiaçı özü mübahisə predmeti olan evə getmək istəmir. İddiaçının qardaşının 5 otaqlı evi var, iddiaçı gedib orada da qala bilər. O, aliment ödəmir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında digər Cavabdeh1 verdiyi izahatında bildirdi ki, iddiaçı onun gəlini olmuşdur. İddiaçı oğlu ilə evləndikdən sonra ona məxsus evə gəlin köçmüş və evdə 13 il yaşamışdır. Həmin evi o, oğluna şəxsi vəsaiti hesabına inşa etmiş, lakin həmin ev DƏDRX-də rəsmi qeydiyyata alınmamışdır. İddiaçı ilə oğlu arasında olan narazılıqdan sonra onlar ayrılmışlar, iddiaçı valideynlərinin yanına getmiş və hazırda kirayədə yaşayır. İddiaçı mübahisəli evdə qaldığı müddətdə evdə heç bir təmir-tikinti işləri görülməmişdir. Evin arxa hissəsində yarım tikili var idi və həmin yarım tikili təmir edilmişdir. İddiaçının mübahisəli evə köçməsinə etiraz etməmişdir, lakin hazırda iddiaçı evdən getdiyi üçün iddia tələbi ilə razı deyil. Qeyd edilənlərə əsasən məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - AZ-İ seriyalı, 568220 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 ilə X5 11 mart 2010-cu il tarixdə Lerik rayonu Əliabad kənd inzibati ərazi dairəsində nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 05 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Mirzəyev”, arvada “Mirzəyeva” soyadı verilmişdir; -AZ-İİ seriyalı, 716034 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 05 may 2009-cu il tarixdə doğulmuşdur. Atası Cavabdeh2, anası İddiaçıdır; -AZ-İİ seriyalı, 788076 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 20 yanvar 2012-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh2, anası İddiaçıdır; Beləliklə işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı ilə Cavabdeh2 2008-сi ilin iyul ayından faktiki nikah münasibətlərinə daxil olaraq ailə qurmuş, 11 mart 2010-cu il tarixdə isə nikah münasibətlərini rəsmiləşdirmişlər. İddiaçı cavabdehlərin yaşadığı ünvan 1 ünvanında yerləşən evə gəlin köçmüş, həmin evdə cavabdehlərlə birgə 13 il yaşayaraq təsərrüfat aparmış, onun Cavabdeh2lə birgə nikahından 05.05.2009-cu il tarixdə Amil və 20.01.2012-ci il tarixdə İsmayıl adlı iki uşaqları anadan olmuşdur. Hazırda tərəflər arasında ailə münasibətləri pozulmuş, iddiaçı uşaqları ilə birlikdə həmin evdən çıxıb getmişdir. İşin müəyyən edilmiş digər hallarına əsasən iddiaçının gəlin köçdüyü mübahisəli fərdi yaşayış evi özbaşına tikilidir. Cavabdehlərin bildiriklərinə görə həmin ev Cavabdeh1 məxsusdur. İddiaçı hazırkı tələbində həmin evə istifadə hüququnun tanınması, uşaqları ilə birlikdə evə köçürülməsi və maneələrin aradan qaldırılmasını xahiş edir. Məhkəmə hazırki mübahisəyə hüququn tətbiqi ilə bağlı qeyd edir ki, mübahisəli yaşayış sahəsi özbaşına tikili olduğundan və özbaşına tikili ilə bağlı hazırki münasibətləri (özbaşına tikiliyə köçürülmə, istifadə hüququnu tanınması və maneələrin aradan qaldırılması) tənzimləyən hüquq normaları olmadığından mübahisəyə qanunun analogiyası tətbiq edilməlidir. Belə ki, Mülki Məcəllənin özbaşına tikili ilə bağlı normaları (maddə 180) hazırki münasibətləri tənzimləmir. Həmin norma özbaşına tikiliyə anlayış verməklə (maddə 180.1), özbaşına tikilini aparmış şəxsin ona mülkiyyət hüququnun və ona dair sərəncam vermək hüququnun olmaması (maddə 180.2), özbaşına tikiliyə mülkiyyət hüququnu tanınması (maddə 180.3) və özbaşına tikilinin sökülməsi (maddə 180.4) barədə münasibətləri tənzimləyir. Hazırki mübahisə isə özbaşına tikiliyə köçürülmə və ondan istifadə hüququnun tanınması ilə bağlı tələblərdir ki, Mülki Məcəllənin qeyd edilən normasında həmin münasibətləri tənzimləyən normalar yoxdur. Azərbaycan Respublikası Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Bu səbəbdən də, məhkəmə, ədalət mühakiməsinin səmərəliliyinin təmin etmək məqsədilə mülki mübahisənin həlli zamanı formal mülahizədən çıxış etməməli, öz səlahiyyətləri çərçivəsində Konstitusiyanın və sahəvi qanunların müvafiq maddələrinə, həmçinin həmin aktlarda əks olunmuş prinsiplərə istinad etməlidir. Nəzərə alınmalıdır ki, mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyrimüəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas kimi çıxış edə bilməz. Çünki, belə bir imtina ədalət mühakiməsindən imtina kimi hesab olunaraq hüququn real tənzimləmə qabiliyyətini heçə endirə bilər. Bu baxımdan, qanunverici belə hallarda ədalət mühakiməsinin səmərəliliyinin təmini vasitəsi kimi mülki qanunvericiliyin analogiya üzrə tətbiqini müəyyən etmişdir. Analogiya hüquqda - hüquqi cəhətdən nizamlanması mühüm olan ictimai münasibətlərə oxşar münasibətləri nizama salan hüquq normalarının (qanunun analogiyası), bu cür normalar olmadıqda isə müvafiq hüquq sahəsinin, yaxud hüquq institutunun ümumi prinsiplərinin tətbiqini (hüququn analogiyası) nəzərdə tutur. Hazırkı mübahisəyə də yuxarıda göstərilən aspektdən yanaşılmalı və ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinin təmini üçün nəzərdə tutulmuş vasitələrdən istifadə edilməlidir. Məhkəmə vurğulayır ki, özbaşına tikilidən bir iqtisadi dəyər kimi yararlanmanı tənzimləyən norma(lar)ın mövcud olmadığına istinad etməklə, iddiaçının qeyd edilən evə köçürülməsi tələbinin rədd edilməsi mübahisə predmeti olan fərdi yaşayış evində yaşamış, həmin evdə faktiki sahibi ilə birlikdə təsərrüfat işləri aparmış və həmin evə münasibətdə artıq iqtisadi marağı formalaşmış İddiaçı münasibətdə ədalətli məhkəmə araşdırması hüququnu məhdudlaşdıra bilər. Bu hal isə qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır və yolverilməzdir. Məhkəmə nəzərə alır ki, mübahisəli fərdi yaşayış evi dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən evə köçürülmə tələbinə dairdir. Ona görə də, özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması olmadığından məhkəmənin qənaətinə görə mübahisə analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməlidir. Məhkəmə qeyd edir ki, ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlər oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən, oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zamanı qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında mübahisəli hüquq münasibətləri 2008-ci ilin iyul ayında yaranmışdır. Belə ki, iddiaçı Cavabdeh2 ilə həmin tarixdə faktiki nikah münasibətlərinə girərək həmin tarixdə mübahisəli fərdi yaşayış evinə gəlin köçmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarındakı hüquqi mövqeyə görə, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin (Köhnə Mənzil Məcəlləsinin) 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Nəticədə, tərəflər arasında mübahisəli hüquq münasibətləri 2008-ci ilin iyul ayında yaranmışdır. Belə ki, iddiaçı Cavabdeh2 ilə həmin tarixdə faktiki nikah münasibətlərinə girərək 2008-ci ilin iyul ayında mübahisəli fərdi yaşayış evinə gəlin köçdüyündən və tərəflər arasında hüquq münasibətləri həmin tarixdən sonra yarandığına görə hazırkı mübahisəyə Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 228.1-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Lakin baxılan işin mübahisələndirilməyən halı ilə müəyyən edilmişdir ki, mübahisəli yaşayış evi özbaşına tikilidir və həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Belə olan halda həmin evə dair yaşayış sahəsindən istifadə hüququnun yaranması ilə bağlı iddiaçı ilə cavabdehlər arasında notarial qaydada razılaşmanın bağlanması, o cümlədən istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mümkün ola bilməzdi. Ona görə də, məhkəmə hesab edir ki, mübahisəyə, hüquq mübahisəsinin yarandığı vaxt qüvvədə olmuş Mənzil Məcəlləsinin (2009-cu ilin oktyabr ayınadək qüvvədə olan) normaları tətbiq edilməlidir. Münasibətlər yarandığı zaman qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 53-cü maddəsinə görə, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Baxılan işdə iddiaçı cavabdehlərin razılığı ilə mübahisəli evə köçmüş və onların ailə üzvü kimi 13 il müddətində həmin evdə yaşamış və onlar birgə təsərrüfat aparmışlar. Məhkəmə iclasında iddiaçı ilə Cavabdeh2 arasında nikahın pozulması bildirilsə də, istinad edilən normanın məzmununa əsasən yaşayış sahəsinə köçürülmüş şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Məhkəmə qeyd edir ki, iş üzrə mübahisəli evə köçürülmə tələbinin təmin olunması üçün iddiaçı həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğunu sübut etməlidir. İşin mübahisə edilməyən halları ilə iddiaçının həmin evdə 13 il yaşaması, cavabdehlərlə birgə təsərrüfat aparması, həmin evdə uşaqlarının dünyaya gəlməsi, mübahisəli evin arxa hissəsində genişləndirmə işləri (təmir işləri) aparılarkən iddiaçının həmin evdə yaşaması, iddiaçıya məxsus cehiz əşyaların hazırda da həmin evdə olması və hazırda iddiaçının uşaqları ilə birlikdə kirayədə yaşayaraq yaşayış sahəsinə ehtiyacının olması, həmçinin mübahisəli evdə heç kimin yaşamaması müəyyən edilmişdir. Cavabdehlər bu halları mübahisələndirmirlər. İddiaçı 13 il müddətində mübahisəli evdə cavabdehlərlə birgə yaşamaqla birgə təsərrüfatın aparılmasında iştirak etmişdir. MPM-in 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə qeyd edir ki, iddiaçının Cavabdeh2lə mübahisə yaranması səbəbindən mübahisə predmeti olan evdən müvəqqəti olaraq getməsi onun yaşayış yerini itirməsi üçün əsas olmamışdır. Belə ki, iddiaçıya məxsus əşyaların hələ də mübahisəli evdə olması, onun həmin evdən daimi olaraq getməsi faktını istisna edir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Mülki Məcəllənin 27.1-ci maddəsinə görə, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Həmin Məcəllənin 27.3-cü maddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Məhkəmə Cavabdeh1 həmin evi öz vəsaiti hesabına, oğlu digər Cavabdeh2 üçün tikdirməsi barədə verdiyi ifadəsi ilə bağlı qeyd edir ki, MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Baxılan işdə isə Cavabdeh1 həmin evi öz vəsaiti hesabına, iddiaçı həmin evə köçməmişdən qabaq inşa etdirməsi barədə sübutlar təqdim etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçıya həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğu işin halları ilə sübut olunur. Belə ki, yuxarıda qeyd edildiyi kimi, iddiaçı həmin evdə 13 il ailə üzvü kimi yaşamış, cavabdehlərlə birgə təsərrüfat aparmış, tərəflərin həmin evdə uşaqları anadan olmuş, iddiaçı evdə yaşadığı müddətdə evin arxa hissəsində genişləndirmə işləri (təmir işləri) aparılmış, iddiaçıya məxsus cehiz əşyalar isə hələ də həmin evdədir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisəli ev iddiaçının yaşayış yeri hesab edilməklə onun həmin evə köçürülməsi barədə tələbi təmin edilməlidir. Bu qənaətə gələrkən məhkəmə həmçinin onun da nəzərə alır ki, Cavabdeh1 məhkəmədə verdiyi izahatında iddiaçının həmin evə köçüb yaşamasına əvvəllər etiraz etməsə də, hazırda iddiaçı evi tərk etdiyi üçün iddia tələbi ilə razı deyil. Həmçinin iddiaçı hazırda uşaqları ilə birlikdə kirayədə yaşamaqla başqa yaşayış yeri yoxdur. Məhkəmə uşaqların da iddiaçı ilə birlikdə mübahisəli evə köçürülməsi ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. İddiaçı həmin evə köçürülməsi qərara alındığından və onun 14 yaşına çatmamış uşaqları da iddiaçının himayəsində olduğundan onların da iddiaçı ilə birlikdə həmin evə köçürülməsi təmin edilməlidir. Məhkəmə iddia tələbinin “mübahisəli evə istifadə hüququn verilməsi” hissəsinə qiymət verərək qeyd edir ki, mübahisəli yaşayış sahəsi özbaşına tikilidir, evə dair hüquqmüəyyənedici sənədlər yoxdur və evə dair mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Ona görə də, iddia tələbinin həmin hissədə təmin edilməsi üçün əsas yoxdur. Məhkəmə iddia tələbinin “maneələrin aradan qaldırılması” hissəsinə münasibətdə qeyd edir ki, tərəflərin izahatlarından müəyyən edilmişdir ki, cavabdehlər hazırda mübahisəli evdə yaşamırlar. İddiaçı ərizəsində cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılmasını tələb etsə də, hansı cavabdeh tərəfindən ona nə kimi maneənin yaradılmasını əsaslandıra bilməmiş, bu hissədə iddia tələbinin əsası kimi istinad etdiyi halı sübut edə bilməmişdir. Qeyd edilənlərə əsəsən məhkəmə hesab edir ki, iddia tələbi “iddiaçının yaşayış sahəsindən həmin evdə yaşayan digər ailə üzvləri ilə bərabər istifadə etmək hüququ verilməsi və cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması” hissələrində təmin edilməməlidir. MPM-in: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı uşaqları 05.05.2009-cu il təvəllüdlü X7 və 20.01.2012-ci il təvəllüdlü X4 ilə birlikdə ünvan 1 ünvanında yerləşən evə köçürülməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı uşaqları 05.05.2009-cu il təvəllüdlü X7 və 20.01.2012-ci il təvəllüdlü X4 ilə birlikdə ünvan 1 ünvanında yerləşən evə köçürülsün. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-1070/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1070/2022
30.03.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver