Məhkəmə qərarları › İş №2(007)-1094/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1094/2022

06.06.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1094/2022 06.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “şəxsin ləyaqətsiz vərəsə hesab edilməsi” tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı “şəxsin ləyaqətsiz vərəsə hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “şəxsin ləyaqətsiz vərəsə hesab edilməsi” tələbinə dair ilkin və iddiaçı Cavabdeh İddiaçı qarşı “şəxsin ləyaqətsiz vərəsə hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçı ilkin iddia tələbini onunla əsaslandırmışdır ki, atası X21 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. O, vəfat etdikdən sonra onun mülkiyyətində olmuş bir sıra əmlaklar miras qalmışdır. Mərhum atasının qanuni vərəsələri hesab olunacaq o, bacısı Cavabdeh və X2 olmaqla 3 nəfər ailə üzvü olmuşdur. X2 həmişə atası ilə birlikdə yaşamaqla bir həyat yoldaşı kimi onun qulluğunda durmuş, xəstə vaxtlarında isə məhz onunla anası atasının qayğısına qalmışlar. Onlardan fərqli olaraq cavabdeh atasının sözünə baxmamış, həmişə ona qarşı hörmətsizlik etmiş, uzun illər bundan qabaq evdən çıxaraq getmiş, adətənənələrinə uyğun olamayan şəkillə valideynlərinə bildirmədən tanımadıqları bir şəxslə ailə qurub sonradan ayrılmış və tək yaşamağa başlamışdır. Cavabdeh həmişə atasından maddi vəsait tələb edərək mübahisə yaratmış, mübahisə zamanı isə onun, eləcə də digər ailə üzvlərinin ünvanına təhqiredici nalayiq ifadələr işlətmişdir. Mərhum atası cavabdehin düz yolda olmadığını, əlinə düşən əmlakı, yaxud pul vəsaitini müxtəlif qanunsuz işlərə sərf edərək israf etdiyini bildiyindən heç zaman ona hər hansı əmlak və yaxud pul vəsaiti verilməsinin tərəfdarı olmamışdır. Atasının sağlığında cavabdehin israfedici hərəkətlərindən biri də ondan ibarət olmuşdur ki, o, heç bir əxlaq və qanun normasına sığmayan israrlı tələbləri və yalanları ilə atasını məcbur edib onun mülkiyyətində olan mənzili öz adına keçirtməyə nail olduqdan bir neçə gün sonra həmin mənzili də satıb pulunu israf etmiş və kirayə evlərdə yaşamağa başlamışdır. Atası xəstə vaxtında, həyatının son günündə bütün əmlakını ona vəsiyyət etdiyini, hətta bununla bağlı vəsiyyətnamə yazıb qoyduğunu bildirib bacısını olduğu evə çağırsa da, cavabdeh atasının yanına gəlib onu dinləmək əvəzinə onun barəsində nalayiq sözlər işlədərək ona ölüm arzulamışdır. Bu yaxınlarda isə aldıqları məlumata görə o, narkotik cinayətinə görə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilmişdir. Təbii ki, atası ona və onun əmlakına qarşı bu cür israfçı və ləyaqətsiz hərəkətlərə yol verən bir şəxsin onun əmlakına sahib olmasını heç zaman istəməzdi və bu istəyini də o, dəfələrlə yaxınlarının yanında bəyan etmişdir. Təsadüfi deyildir ki, atası hələ sağlığında öz əmlakının idarə edilməsi, onların üzərində sərəncam verilməsi ilə bağlı səlahiyyətlərini notarial qaydada təsdiq edilmiş etibarnamələr ilə yalnız ona etibar etmişdir. Göründüyü kimi, cavabdeh mərhum atasının sağlığında ona qarşı qeyri-qanuni və qeyriəxlaqi münasibət göstərərək, atasının vəsiyyətini dinləmək üçün onun çağırışına gəlməməklə, əksinə onun barəsində nalayiq ifadələr işlətməklə son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətmiş, bununla da özünün vərəsəliyə çağrılmasma və miras paylarının artırılmasına kömək göstərmişlər. Ona görə də hesab edir ki, cavabdeh məhkəmə qaydasında ləyaqətsiz vərəsə sayılmalıdır. Qeyd edilənlərə əsasən Cavabdeh ləyaqətsiz vərəsə sayılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, mərhum X8 qızı Cavabdeh digər ailə üzvlərindən fərqli olaraq atasının sözünə baxmamış, həmişə ona qarşı hörmətsizlik etmiş, uzun illər bundan qabaq evdən çıxaraq getmiş, adət-ənənəyə uyğun olmayan şəkildə valideynlərinə bildirmədən, digər ailə üzvlərinin tanımadığı bir şəxslə ailə qurub sonradan ayrılmış və tək yaşamağa başlamışdır. Hesab edir ki, iddia ərizəsində mərhum X8 xəstə vaxtında, həyatının son günündə bütün əmlakını oğlu İddiaçı vəsiyyət etdiyini, hətta bununla bağlı vəsiyyətnamə yazıb qoyduğunu bildirdiyi, onun mərhumun olduğu evə çağırması və onun yanına gəlib onu dinləmək əvəzinə onun barəsində nalayiq sözlər işlədərək ona ölüm arzulaması cəfəngiyyatdan başqa bir şey deyildir. İşin faktiki halları ondan ibarətdir ki, X12 xx.xx.2021ci il tarixdə vəfat etmişdir. O, vəfat etdikdən sonra mülkiyyətində olmuş bir sıra əmlaklar miras qalmışdır. Hesab edir ki, onun ləyaqətsiz vərəsə hesab edilməsi yolverilməzdir. Bundan başqa, qeyd etmək istəyir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Sərdar Mehrəliyevin icraatında olmuş İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “ölüm haqqında tibbi şəhadətnaməsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizə olmuşdur. İş üzrə zərurət yarandığından "xxxx" MMC-yə müvafiq sorğular verilmiş və sorğulara verilmiş cavablar əsasında müəyyən edilmişdir ki, mərhum X13 xx.xx.2021-ci il tarixdə Təcili və X7 Stansiyasının 22 saylı Bölməsinin təcili tibbi maşını ilə “Covid-19 pozitiv”, ikitərəfli pnevmoniya diaqnozu ilə Modul tipli hospitala daxil olmuşdur. xx.xx.2021 ci il tarixində təxminən saat 15:00 radələrində müalicədən imtina ilə (mərhumun oğlu İddiaçı müalicədən imtina sənədini imzalamış, ola biləcək ağırlaşmalar barədə məlumatlandırılmış və bütün ağırlaşmalar barədə məsuliyyəti öz üzərinə götürmüşdür) evə buraxılmışdır. Evə getdikdən təxmini 5 saat sonra xəstədə bioloji ölüm qeydə alınmışdır. Göründüyü kimi, atasının vəziyyətinin ağır olduğunu bilə-bilə onu xəstəxanadan çıxararaq İddiaçı bununla da atasının bir başa ölümünə səbəb olmuşdur. Belə olan halda, hesab edir ki, İddiaçı ləyaqətsiz vərəsə hesab edilməlidir. Əlavə olaraq qeyd etmək istəyir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Sərdar Mehrəliyevin icraatında olmuş İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “ölüm haqqında tibbi şəhadətnaməsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi xx.xx.2022-ci il tarixli, 2(011)-1308/2022 saylı qətnaməyə əsasən əsassız hesab edilərək təmin edilməmişdir. Qarşılıqlı iddia ərizəsi icraata qəbul edilməli və ilk iddia ilə birlikdə baxılmalıdır. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmişdir ki, mərhum X8 ağrı vəziyyətdə xəstəxanadan çıxarılması İddiaçı iradəsi ilə baş vermişdir. Halbuki, onların atası müalicəsini davam etdirsə idi, onun sağlamlığına qovuşma imkanı ola bilərdi. Qeyd edilənlərə əsasən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ona qarşı “ləyaqətsiz vərəsə hesab edilməsi” barədə iddiasının rədd edilməsi və İddiaçı ləyaqətsiz vərəsə hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 ilkin iddia tələbini müdafiə edib ilkin iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, ilkin iddia ərizəsinin təmin edilməsini, qarşılıqlı iddia ərizəsinin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Cavabdeh düzgün həyat tərzi yaşamadığı məhkəməyə təqdim etdiyi sənədlərdən də görünür. Bundan başqa, mərhum Muradov Yavərin hospitaldan çıxarılma səbəbi haqqında dəqiq məlumatı yoxdur. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbini müdafiə edib qarşılıqlı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, qarşılıqlı iddia ərizəsinin təmin edilməsini, ilkin iddia ərizəsinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddia tələbini müdafiə edib qarşılıqlı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, qarşılıqlı iddia ərizəsinin təmin edilməsini, ilkin iddia ərizəsinin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh atasından qalan əmlaklarından faydalanmaq üçün məhkəmə prosesini uzadır. Başqa məhkəmələrdə olan iclasları da uzadırlar. Bundan başqa, Cavabdeh atası Covid-19 virusuna yoluxmuşdur. Cavabdeh atası xəstəxanada cəmi bir gün qalmış, İddiaçı tərəfindən evə gətirilmişdir. İddiaçı atasının səhhəti ilə bağlı bütün məsuliyyəti öz üzərinə götürmüşdür. Onlar xəstəxana ilə əlaqə saxladıqları zaman İddiaçı ərizə yazıb atasının səhhəti ilə bağlı bütün məsuliyyəti öz üzərinə götürdüyü üçün Muradov Yavərin xəstəxandan aparılmasına icazə verdiklərini bildirmişlər. Muradov Yavər evə gəldikdən təxminən 15-20 dəqiqə sonra vəfat etmiş, vəfat etdikdən bir saat sonra İddiaçı təcili tibbi yardım xidmətini çağırmışdır. İddiaçı etdiyi əməllərlə Muradov Yavərin ölümü üçün şərait yaratmışdır. Göndərilən səsli mesaj Cavabdeh və erməni əsilli anası ilə arasında gedən danışıqdan ibarətdir. Cavabdeh erməni əsilli anası ilə münasibətləri yaxşı deyil. Atası qızı Cavabdeh ev bağışladığı üçün Cavabdeh anası narazılıq edirdi. Hazırda evdə Cavabdeh yaşayır. Lakin ev hələ ki, rəsmiləşdiriməmişdir. Muradov Yavərin barəsində təhqirlərdən istifadə edilmişdir. Lakin diskdəki səs yazıları onlara tam təqdim edilməmişdir. Buna görə də, Cavabdeh erməni əsilli anasının nə dediyini bilmirlər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 01 noyabr 2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X12 31 avqust 2021-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 01 noyabr 2021-ci il tarixdə 855 nömrəsi ilə qeyd edilmişdir. Ölümün səbəbi “Törədicisi müəyyən olunmamış digər pnevmoniya”dır. - XVİİİ-ЖГ seriyalı, 362692 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxx 1988-ci il tarixdə doğulmuşdur. X3, X2dır; - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzili 28 oktyabr 2009-cu il tarixdə xüsusi mülkiyyət kimi tam payda X8 adına qeydiyyata alınmışdır; - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, ünvan 2 ünvanında yerləşən mənzili 19 sentyabr 2009-cu il tarixdə xüsusi mülkiyyət kimi tam payda X8 adına qeydiyyata alınmışdır; - Hədiyyə verən X12 ilə hədiyyə alan Cavabdeh arasında 05 fevral 2021-ci il tarixdə bağlanmış “Daşınmaz əmlakın bağışlanması” müqaviləsindən görünür ki, X12 Bakı şəhəri, Nizami rayonu, ünvan 2 ünvanında yerləşən 2 otaqlı mənzili Cavabdeh bağışlamışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, ünvan 2 ünvanında yerləşən mənzili 17 fevral 2021-ci il tarixdə xüsusi mülkiyyət kimi tam payda Cavabdeh adına qeydiyyata alınmışdır; - Mülkiyyətçi Cavabdeh, ipoteka saxlayan "xxxx" Açıq Səhmdar Cəmiyyəti, borcalan və alıcı (ipoteka saxlayan) X10 arasında bağlanmış 25 fevral 2021-ci il tarixli “alqı-satqı və ipoteka” müqaviləsindən görünür ki, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, ünvan 2 ünvanında yerləşən mənzili X5 74000 manata satmışdır. - Bakı şəhəri Nizami Rayon qeydiyyat şöbəsinin xx.xx.2021-ci il tarixli 05Q-289/69 saylı arayışından görünür ki, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1986-cı il tarixdə Azərbaycan Respublikası Bakı şəhərində anadan olmuş Cavabdeh ailə vəziyyətinin müəyyən edilməsi məqsədi ilə arxiv məlumatları xx.xx.2021-ci ilədək “Vətəndaşlıq vəziyyəti aktları” X1 sistemi üzrə yoxlama aparılmış və Cavabdeh nikahı haqqında akt qeydi aşkar edilməmişdir. - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1308/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə və üçüncü şəxs Cavabdeh qarşı “ölüm haqqında tibbi şəhadətnamənin etibarsız hesab edilmə” tələbinə dair iddiası təmin edilməmişdir. - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli MH-0063 saylı məktubundan görünür ki, X12 xx.xx.2021-ci il tarixində Təcili və X7 Stansiyasının 22 saylı Bölməsinin təcili tibbi yardım maşını ilə “Covid-19 pozitiv. İkitərəfli pnevmoniya” diaqnozu ilə Modul tipli hospitla daxil olmuşdur. xx.xx.2022-ci il tarixində təxminən saat 15:00 radələrində müalicədən imtina ilə (oğlu İddiaçı müalicədən imtina sənədini imzalamış, ola biləcək ağırlaşmalar barədə məlumatlandırılmış və bütün ağırlaşmalar barədə məsuliyyəti öz üzərinə götürmüşdür) evə buraxılmışdır. Evə getdikdən təxminən 5 saat sonra xəstədə bioloji ölüm qeydə alınmışdır. Təcili yardım briqadaları ölümü təsdiqləsə də, ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. Xəstə yaxını Muradov Yavərin qeydiyyatda olduğu poliklinikadan ölüm haqqında tibbi şəhadətnaməni ala bilmədiyi üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən xəstə hospitaldan çıxdıqdan sonra 48 saat müddətində evdə ölüm faktı qeydə alınarsa müalicə aldığı hospital ölüm haqqında tibbi şəhadətləndirilmə verə bilər. Məhkəməyə olunan müraciət ərizəsi hospitalımıza xx.xx.2022-ci ildə daxil olmuş və artıq səhəri gün X8 adına ölüm haqqında tibbi şəhadətnamə yaxınlarına təqdim edilmişdir. Qeyd edirlər ki, X8 müalicə həkimi Abduyev Zöhrab xx.xx.2022- ci il tarixindən FHN-nin X18 tipli hospitalında həkim vəzifəsində çalışır. - Bakı Ağır Cinayətlər Məhkəməsinin 19101)-943/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, X11 Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilir, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin edilmişdir. - Azərbaycan Rerpublikasını Səhiyyə Nazirliyi Respublika Narkoloji X20 X14- Narkoloji Tibbi yoxlamanın xx.xx.2021-ci il tarixli 5224 saylı Rəyinin surətindən görünür ki, müayinə zamanı Cavabdeh Kannabioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. - "xxxx" MMC Qiymətləndirmə Şirkətinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 95 ünvanında, 9 mərtəbəli binada yerləşən 2 otaqlı 7 saylı məznilin əşyalarla birgə xx.xx.2021-ci il tarixinə bazar dəyəri 90000 manat təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, ilkin və qarşılıqlı iddia üzrə iddiaçılar İddiaçı və Muradova X6 Gülya Yaşar qızı ilə mərhum X8 birgə nikahlarından doğulmuş övladlarıdır. 31 avqust 2021-ci il tarxidə ilə X12 vəfat etmişdir. Hazırkı halda hər iki tərəf ləyaqətsiz vərəsə hesab edilmə ilə bağlı qətnamə qəbul edilməsi üçün məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1137-ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. 1139-cu maddəsinə əsasən ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 08 yanvar 2021-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, qanunvericilik mülkiyyətçinin bağışlama qabiliyyətinin vərəsəlik hüququ ilə məhdudlaşdırılmasına dair norma nəzərdə tutmaqla yanaşı, miras qoyana sağlığında müvafiq şərtlər daxilində vərəsəlik hüququndan məhrum etmə imkanı da vermişdir. Belə ki, miras qoyan hər hansı vərəsəni, o cümlədən məcburi pay almaq hüququ olan vərəsəsini ləyaqətsiz vərəsə hesab etdirməklə mirasdan kənarlaşdıra bilər. Mülki Məcəllənin 1137-ci maddəsinə görə, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Həmin Məcəllənin 1203-cü maddəsinə əsasən isə məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 dekabr 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar Mülki Məcəllənin 1137-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Vərəsəlik hüquq institutu ailə ilə əmlak hüquq normaları qrupu arasında mövcud olan mülki hüquq münasibətlərini tənzimləyir. Vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. Yuxarıda qeyd olunduğu kimi vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar Mülki Məcəllənin 1137-ci maddəsində öz əksini tapmışdır. Mülki qanunvericiliyə görə, ləyaqətsiz vərəsə kimi tanınması üçün şəxsin iki alternativ hərəkətdən birini etməsini müəyyənləşdirmək lazımdır: birincisi, fiziki şəxsin miras qoyanın son iradəsini həyata keçirməsinə maneə törətməsi və bununla özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına imkan yaratması; ikincisi, fiziki şəxsin vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı cinayət və ya digər əxlaqsız hərəkət törətməsi. Göstərilən hallardan biri olduqda və həmin hal məhkəmə qaydasında təsdiqləndikdə, hüquq pozuntusu törədən şəxs ləyaqətsiz vərəsə kimi nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilmir, vərəsəlik hüququndan məhrum edilir. Hazırkı halda müəyyən edildi ki, ilkin və qarşılıqlı iddia üzrə iddiaçılar bir-birilərinin ləyaqətsiz vərəsə hesab edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etsələr də, ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ləyaqətsiz vərəsə hesab edilməsi üçün əsas ola biləcək, yuxarıda göstərilən qanunvericilikdə müəyyən edilmiş hər hansı bir sübutlarını məhkəməyə təqdim etməmişlər, həmin əsaslar məhkəmə iclasında da müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, ilkin iddia üzrə iddiaçı iddia ərizəsində iddia tələblərinin əsası olaraq cavabdehin onlarla əlaqəni kəsməsi, mərhum atasına qayğı göstərməkdən imtina etməsi, atası barəsində təhqiredici və nalayiq sözlər ünvanlaması, onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsi hallarını göstərsə də, qeyd edilənlənlər ləyaqətsiz vərəsə hesab edilməsi üçün əsas sayıla bilməz. Qanunvericilikdə ləyaqətsiz vərəsə hesab edilməsinin konkret şərtləri müəyyənləşdirilmiş, hazırkı halda isə ilkin iddia üzrə cavabdehin əməllərində həmin hallar müəyyən edilməmişdir. Bundan başqa, məhkəməyə sübut kimi qiymətləndirilməsi üçün bir ədəd disk və həmin diskdə əks olunanların rus dilindən tərcüməsi təqdim edilmişdir. Söhbət zamanı ancaq ilkin iddia üzrə Cavabdeh səsi qeyd edilmiş, lakin səs yazısının kimə ünvanlanmasını və hansı vaxtda qeydə alınmasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə hesab edir ki, Cavabdeh qeydə alınmış səs yazısı mötəbər sübut hesab oluna və onun layəqətsiz vərəsə hesab edilməsi üçün əsas ola bilməz. Digər tərəfdən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh isə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı atalarının “Covid-19. İkitərəfli pnevmoniya” dianozu ilə xx.xx.2021-ci il tarixdə Modul tipli hospitala daxil olduqdan sonra xx.xx.2021-ci il tarixdə müalicədən imtina etməsi səbəbindən evə buraxıldığını və evə getdikdən bir müddət sonra öldüyünü, bu zaman İddiaçı ola biləcək ağırlaşmalar barədə məlumatlandırıldığını, X8 ağır vəziyyətdə xəstəxanadan çıxarılmasının İddiaçı iradəsi ilə baş verdiyini qeyd etmişdir. Məhkəmə göstərilənlərə münasibətdə qeyd edir ki, məhkəməyə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən X3nun hospitaldan çıxarılması və qeyd edilən əməlin X8 ölümünə səbəb olması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib aidiyyəti araşdırma aparılmasına və onun atasının ölümündə təqsirli bilinməsinə dair heç bir sübut təqdim edilməmişdir. Bununla da məhkəmə hesab edir ki, İddiaçı X3nun vəfat etməsində təqsirli olmasına dair heç bir sübut məhkəməyə təqdim edilmədiyidən, bu hal onun ləyaqətsiz vərəsə hesab edilməsinə səbəb olan hal kimi qiymətləndirilə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, ləyaqətsiz adam mənəvi keyfiyyətlərdən məhrum və əxlaqi davranış qaydalarına yad bir fərd kimi, özünün qanunla uzlaşmayan şəxsi marağı naminə istənilən hüquq pozuntusunu, o cümlədən ən ağır cinayət əməlini törətməyə hazır olan bir subyektdir. Ləyaqətsiz vərəsənin qanunsuz hərəkəti bir halda miras qoyanın hələ vəsiyyətnamədə ifadə edilməmiş, son iradəsini həyata keçirməsinin əleyhinə, digər halda isə miras qoyanın artıq vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı yönəlir. Ləyaqətsiz vərəsənin miras qoyanın, ümumiyyətlə, son iradəsinin həyata keçirilməsinə qarşı hərəkəti, onun qəsdən törətdiyi maneə şəklində özünü göstərir. Ləyaqətsiz vərəsənin miras qoyanın vəsiyyətnamədə göstərilmiş son iradəsinin həyata keçirilməsinə qarşı yönəlmiş hərəkətləri onun qəsdən cinayət və digər əxlaqsız hərəkətlər törətməsində özünü göstərir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Bununla da, müəyyən olundu ki, hər iki iddia üzrə iddiaçıların iddia tələblərində qeyd etdiklərinin hər hansı bir qanuni əsası yoxdur, ilkin və qarşılıqlı iddia üzrə iddiaçılar iddia tələbini əsaslı edə biləcək hər hansı bir sübutlarını məhkəməyə təqdim etməmişlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən ilkin və qarşılıqlı iddia üzrə iddiaçılar öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda ilkin və qarşılıqlı iddia üzrə iddiaçılar ddia ərizəsində göstərdikləri dəlilləri sübut edə bilməmişlər. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “şəxsin ləyaqətsiz vərəsə hesab edilməsi” tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı “şəxsin ləyaqətsiz vərəsə hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiaları təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hər iki iddia təmin edilməli olmadığından, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “şəxsin ləyaqətsiz vərəsə hesab edilməsi” tələbinə dair ilkin iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərclərinə aid olan, ilkin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı aid edilsin. Cavabdeh İddiaçı qarşı “şəxsin ləyaqətsiz vərəsə hesab edilməsi” tələbinə dair qarşılıqlı ərizəsi təmin edilməsin. Məhkəmə xərclərinə aid olan, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar