Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-111/2025 23.10.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia tələbinə dair mülki iş üzrə Açar sözlər: (pul tələbi; əlllik; xəsarət; əmək; hüqui varis və s.) X6 Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçının hüquqi varisi X3, Cavabdehin vəkil-nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı (hüquqi varisi X4) cavabdeh "xxxx" ASC-yə qarşı "pul" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən 16.000 ( on altı min ) manat pul məbləğinin tutulması və ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı hüquqi varisi X4 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən 17184 manat pul məbləğinin tutulması və ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslandırıldığı hallar: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-də 1968-ci il tarixdə əmək fəaliyyətini həyata keçirərkən istehsalatda bədbəxt hadisə nəticəsində beton plitələrin aşması nəticəsində 7 nəfər işçidən yalnız o, sağ qalaraq baş beyin travması almışdır. Əmək qabiliyyətini itirdiyindən qanunvericiliklə nəzərdə tutulmuş qaydada 2-ci dərəcəli əllik müəyyən ona olunmuşdur. Qanunla nəzərdə tutulmuş qaydada əmək qabiliyyətini itirdiyindən 2-ci dərəcəli əlillik statusu əldə etmişdir. Onun hal-hazırda 88 yaşı var. 2013-cü ildən bu günədək cavabdeh "Bakı Körpü Tunel” ASC (uveçi) sağlamlığa dəymiş ziyanla bağlı hər ay üçün minimum əmək haqqının 85 faizi məbləğində pul ödəməlidir. Lakin cavabdeh xx.xx.2013-cü il tarixdən ona bu günədək 1240 ( min iki yüz qırx ) manat pul ödəmişdir. Riyazi hesablamalarına görə cavabdehin ona ödəməli olduğu məbləğ 2022-ci ilədək 12,482 ( on iki min dörd yüz səksən iki) manat, 2023-cü ilin qalıq borcu 3519 manat, ümumilikdə 12482-3519=16.000 (on altı min) manat təşkil edir. Əvvəllər səhhəti imkan verən vaxtlarda dəfələrlə "Bakı Körpü Tunel” ASC yə gedərək pulunu tələb etmişdir, hər dəfə onu aldadaraq əli boş qaytarıblar. Sonuncu dəfə oğlu X4 etibarnamə ilə müraciət edəndə bildirmişlər ki, pulu yoxdur. İş materialları: Mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞB/16- 00478 saylı arayışdan görünür ki, iddiaçının etibarnamə üzrə nümayəndəsi X4 ilkin mediasiya sessiyasında iştirak etmiş və 60 manat mediasiya xərci ödəmişdir. AZ-İİ seriyalı, 371597 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş İddiaçı Ağamməd oğlunun vərəsəsi X4 olmuşdur. 274439 saylı vəsiqədən görünür ki, İddiaçı Ağamməd oğlu 2-ci dərəcəli əlil olmuşdur. İş materiallarına Bakı X1 Zavodu tərəfindən verilmiş arayışlar, istehsalat qəzası barədə xx.xx.1966-cı il tarixli akt, "xxxx" ASC-nin özəlləşdirilməsi barədə sənədlər, emissiya prospekti əlavə edilmişdir. "xxxx" ASC xx.xx.2025-ci il tarixli, 59 nömrəli arayışdan görünür ki, İddiaçı Ağamməd oğluna ödənilməli olan pul məbləği belə olmuşdur: 2019-cu ilə qədər qalıq borc 1611 manat, 2019-cu il üzrə aylıq ödəniş 127.50 manat olmaqla, ümumi borc 1530 manat, 2020-ci il üzrə aylıq ödəniş 212.50 manat olmaqla, ümumi borc 2550 manat, 2021-ci il üzrə aylıq 212.50 manat olmaqla, ümumi borc 2550 manat, 2022-ci il üzrə aylıq 255 manat olmaqla, ümumi borc 3060 manat, 2023-cü il üzrə aylıq ödəniş 293 manat olmaqla, ümumi borc 3516 manat, 2024-cü ilin aprel ayına qədər aylıq 293 manat olmaqla, 879 manat. İşdə iştirak edən şəxslər: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-1825/2024 saylı qərardadı ilə X4 mülki iş üzrə İddiaçı Ağamməd oğlunun hüquqi varisi qismində cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının hüquqi varisi X4 iddia tələbini müdafiə edərək iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Vəkil, iddia tələbini qismən qəbul edərək, 15699 manat ödəməyə hazır olduqlarını bildirdi. Məhkəmə baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmadıqda, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1099.1 ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2 ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 1125.1. Zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Üzrlü səbəblər varsa, məhkəmə zərərin əvəzinin ödənilməsinə hüququ olan fiziki şəxsin tələbi ilə ona çatası ödənişləri zərərvuranın imkanlarını nəzərə almaqla, bir dəfəliyə, lakin ən çoxu üç illiyə təyin edə bilər. 1125.2. Əlavə xərclərin ödənilməsi məbləğləri putyovkaların alınması, gediş haqqının, xüsusi nəqliyyat vasitələri haqqının ödənilməsi də daxil olmaqla, müvafiq xidmətlərin və əmlakın dəyərinin qabaqcadan ödənilməsi zərurəti olduqda tibb ekspertizasının rəyinə əsasən müəyyənləşdirilən müddətlər daxilində gələcək zaman üçün də təyin edilə bilər. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 iyun 2008-ci il tarixli qərarında göstərmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2002-ci il tarixli qərarında göstərilmişdir ki, “Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Göstərilənlərdən görünür ki, Məcəllənin 21-ci maddəsi şəxsin hüquqlarının pozulması nəticəsində yaranan maddi zərərin ödənilməsinin ümumi qaydaları kimi qəbul oluna bilər.” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır Məhkəmənin mövqeyi: Məhkəmə mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iddia tələbini əmək xəsarətinin alınması nəticəsində ödənilməli olan aylıq ödənişlərin cavabdehdən tələb edilməsi hissəsində əsaslı hesab edir. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi, ümumilikdə tələb edilən pul məbləğinə münasibətdə qismən təmin edilməlidir. Belə ki, iddiaçı öz riyazi hesablamaları nəticəsində 17184 manat pul tələb etsə də, iş materialları ilə iddiaçıya hər il üzrə ödənilməli olan konkret pul məbləği müəyyən edilmişdir. Beləliklə 2019-cu ilədək hesablanaq qalıq borc da hesablanmaqla, 2019-cu ildən 2025-ci ilin aprel ayınadək iddiaçıya cavabdeh tərəfindən ödənilməli olan ümumi pul məbləğinin 15696 manat olması müəyyən edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh tərəf həmin məbləği iddiaçıya ödəməyə hazır olduğunu məhkəmə iclasında izahat verərkən ifadə etmişdir. Bununla yanaşı məhkəmə, İddiaçı Ağamməd oğlunun xx.xx.2025-ci il tarixdə vəfat etməsini nəzərə alaraq qeyd edir ki, 2025-ci ilin apre ayı üzrə, aylıq ödənişin 293 manat olmaqla, aprel ayının 29 günü üçün ödənilməli olan məbləğ 283.23 manat təşkil etmişdir. Beləliklə məhkəmə o qənaətə gəlir ki, iddiaçının xeyrinə ödənilməli olan pul məbləği 15979.23 manat təşkil edir. Mülki prosessual qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının “Dövlət rüsumu” haqqında Qanununun 9.1.3-cü bəndinə əsasən, əlillik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə – iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Nəticə: Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" ASC-dən 2019-cu ilədək ödənilməli olan 1611 manat pul və 2019-cu ildən xx.xx.2024-cü il tarixədək ödənilməli olan 14368.23 manat pul olmaqla, ümumilikdə 15979.23 manat pul tutularaq İddiaçı hüquqi varisi X3 xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 2019-cu ilədək ödənilməli olan 1611 manat pul və 2019cu ildən xx.xx.2024-cü il tarixədək ödənilməli olan 14368.23 manat pul olmaqla, ümumilikdə 15979.23 manat pul tutularaq İddiaçı hüquqi varisi X3 xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №2(007)-111/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-111/2025
23.10.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver