Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1110/2025 03.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “müqavilə üzrə öhdəliyin icra edilməsi”) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi :
1. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək məhkəmədən, cavabdeh "xxxx" MMC ilə onun arasında Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə küçəsi, ev 4 ünvanında yerləşən 2 mərtəbəli, 12 mənzilli yaşayış binasının söküntüsü və yeni inşa olunmuş binada mənzilin mənzilin ümumi sahəsinə 15% əlavə edilməklə 107.5 kv.metrdən ibarət mənzilin verilməsi üçün bağlanmış xx.xx.2017-ci il tarixli müqavilə üzrə müqavilə öhdəliklərini yerinə yetirmək vəzifəsinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla "xxxx" MMC arasında bağlanmış 17 sentyabr 2017-ci il tarixində müqaviləyə əsasən, "xxxx" MMC Bakı şəhəri, Xətai rayonu, Mehdi Mehdizadə küçəsi, ev 4 ünvanında yerləşən 2 mərtəbəli, 12 mənzilli yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, ünvan 1 ünvanında yerləşən ona məxsus mənzilin ümumi sahəsinə 15% əlavə edilməklə, 107.5 kv.metr təmirli mənzili onun mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci bəndinə əsasən, “Mülkiyyətçi”, yəni mən mülkiyyətimdə olan mənzili söküntü üçün “MMC”-yə təhvil verməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəmə götürmüşəm. Müqavilənin 2.1.2-ci bəndinə əsasən, “Mülkiyyətçi”, yəni mənim yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə 2 otaqlı mənzil üçün aylıq 400 manat kirayə haqqını tələb etmək hüququm vardır. Müqavilənin 2.2.1 -ci bəndinə əsasən, "xxxx" MMC yaşayış üçün təhlükəli olan mövcud binadakı mənzildən “Mülkiyyətçi”nin müvəqqəti yaşayış yerinə köçürülməsi üçün “Mülkiyyətçi”yə, yəni mənə 100 manat məbləğində vəsait ödəməlidir. Müqavilənin 2.2.3-cii bəndinə əsasən, "xxxx" MMC nəzərdə tutulmuş ödənişin rübdə 1 (bir) dəfə olmaqla “Mülkiyyətçi”yə, yəni mənə ödənilməsini təmin etməlidir. Müqavilənin 2.2.5-ci bəndinə əsasən, tikinti işləri "xxxx" MMC tərəfindən 16 ay müddətinə başa çatdırılmalı və müqavilədə qeyd olunan sahədə mənzil təmirli şəkildə “Mülkiyyətçiyə”, yəni mənə təhvil verilməli idi. Lakin qeyd olunan yeni yaşayış binasının tikintisi bitdikdən sonra cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər icra olunmamış, ona heç bir mənzil təhvil verilməmişdir. O, bu barədə cavabdeh "xxxx" MMC-nin rəhbərliyinə dəfələrlə müraciət etsə də, müraciətinə ümumiyyətlə cavab verməmişdir. Bildirmək istəyir ki, cavabdeh "xxxx" MMC müqavilə üzrə öz öhdəliklərini yerinə yetirmir və o, həmin vaxtdan bugünədək kirayədə yaşayır. Cavabdeh "xxxx" MMC xx.xx.2017-ci il tarixli müqavilə üzrə öhdəlikləri yerinə yetirməyərək, onun konstitusion hüquqlarını ciddi surətdə pozmuşdur.
İş materialları :
3. İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin surətindən görünür ki, "xxxx" MMC Xətai rayonu, M.Mehtizadə 4 yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan 2 mərtəbəli, 18 mənzilli yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada “Mülkiyyətçi”nin söküntüsü nəzərdə tutulmuş binada mülkiyyətində olan mənzilin həmin mərtəbə səviyyəsində Dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 15% əlavə edilməklə, 107.5 kv.m təmirli mənzili “Mülkiyyətçi”nin mülkiyyətinə verməyi, “Mülkiyyətçi” bu müqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntü üçün “MMC”-yə təhvil verməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürmüşdür.
4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ********** qeydiyyat nömrəsi, xx.xx.2017-ci il tarixli qeydiyyat tarixi ilə Bakı şəhəri, Xətai rayonu, M.Mehdizadə küçəsi, ev 4, mənzil 26/27 xüsusi mülkiyyəti hüququ əsasında tam pay üzrə İddiaçı məxsusdur.
5. "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, "xxxx" MMC Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 86 saylı qərarına və Xətai Rayon İcra Hakimiyyəti Başçısının 15 may 2019-cu il tarixli, 175 saylı sərəncamına əsasən Bakı şəhəri, Xətai rayonu, M.Mehdizadə 2-4 ünvanında yerləşən yüksək mərtəbəli yaşayış binasını “Pilot Layihə” əsasında inşa etmişdir. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən vətəndaş mülkiyyətində olmuş və Dövlət reyestrindən çıxarışda göstərilmiş mənzilin ümumi sahəsinə 15% əlavə edilməklə 107 kv.m sahəsi olan mənzil ilə təmin olunacaqdır. Onu da qeyd edir ki, “Pilot Layihə”yə əsasən evləri sökülmüş sakinlərə ayrılmış mənzillər boşdur, satılmamışdır və mülkiyyətində mənzil hüququ olan sakinlər adı gedən binadan yeni mənzil ilə təmin olunacaqlar.
6. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən göörünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
Tərəflərin izahatları :
7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, müqavilənin icra müddəti keçsə də, hələ də mənzil iddiaçıya təhvil verilməmişdir. Həmin binada bir mənzil bir neçə şəxsə satılmışdır. Cavabdehin məktubda verdiyi cavab yanlışdır, belə ki həmin məktub həqiqəti əks etdirmir. Belə ki, digər şəxslərə mənzil təhvil verilsə də, onlara verilməmişdir. Məhkəmə prosesinin gedişi zamanı cavabdeh tərəf iddiaçıya eyni ölçüdə olan başqa mənzil təklif etsələr də, iddiaçı həmin təklifi qəbul etməmişdir. Mənzilin hansı mərtəbədə yerləşməsinin onlara fərqi yoxdur, onlar üçün əsas ölçünün 107 kvadrat metr olmasıdır.
8. Cavabdeh "xxxx" MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, mülki işə müvafiq prosessual maraq göstərməmişlərlər.
9. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşin faktiki halı :
10. ünvan 1 xüsusi mülkiyyət hüququ ilə İddiaçı mülkiyyətində olmuşdur.
11. Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarı və Xətai rayon İcra Hakimiyyəti Başçısının 15 may 2019-cu il tarixli, 175 saylı sərəncamına əsasən Bakı şəhəri, Xətai rayonu, M.Mehdizadə 2-4 ünvanında yerləşən yüksək mərtəbəli yaşayış binasının inşası "xxxx" MMC-yə həvalə edilmişdir.
12. İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli əvəzləşdirmə müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən "xxxx" MMC Xətai rayonu, M.Mehtizadə 4 yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan 2 mərtəbəli, 18 mənzilli yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada “Mülkiyyətçi”nin söküntüsü nəzərdə tutulmuş binada mülkiyyətində olan mənzilin həmin mərtəbə səviyyəsində Dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 15% əlavə edilməklə, 107.5 kv.m təmirli mənzili “Mülkiyyətçi”nin mülkiyyətinə verməyi, “Mülkiyyətçi” bu müqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntü üçün “MMC”-yə təhvil verməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürmüşdür.
13. Müqaviləyə əsasən "xxxx" MMC yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 16 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən “mülkiyyətçi”yə mənzili təmir edib təhvil verməyi öhdəsinə götürmüşdür.
14. Müqaviləyə əsasən İddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə də, cavabdeh "xxxx" MMC müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və mənzili iddiaçıya təhvil verməmişdir.
15. Cavabdeh "xxxx" MMC tərəfindən iddia tələbinə etiraz daxil olmamışdır.
Məhkəmə baxışının hədləri:
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsi :
385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1. öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
Məhkəmənin mövqeyi :
19. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.
20. İddiaçı X1 cavabdeh "xxxx" MMC-yə qarşı “müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi” tələbini tərəflər arasında bağlanılmış müqavilə üzrə öhdəliyin onun tərəfindən yerinə yetirilməsinə baxmayaraq, cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürülən öhdəliyin yerinə yetirilməməsi ilə əsaslandırmışdır.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.
22. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
24. İlk növbədə iddia İddiaçı işin faktiki nhalları qismində məhkəməyə bildirmişdir ki, cavabdeh ilə bağlanılmış müqaviləyə əsasən o, xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan mənzili cavabdehə təhvil vermək, cavabdeh isə həmin mənzilin yerində inşa ediləcək yüksək mərtəbəli yaşayış binasında ona 107.5 kv.m sahəsi olan mənzil təhvil vermək öhdəliyi götürmüşdür.
25. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki halları odur ki, tərəflər arasında Mülki Məcəllənin 390-cı maddəsinin tələbləri baxımından iddiaçı tərəfindən ona məxsus olan mənzilin cavabdehə təhvil verilməsi müqabilində cavabdeh tərəfindən həmin mənzilin yerləşdiyi binanın sökülməsi və həmin ərazidə inşa olunacaq binada sahəsinə əlavə edilməklə yeni mənzilin təhvil verilməsini özündə əks etdirən, qanunvericilikdə qadağan olmayan müqavilə münasibətləri olmuşdur.
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
27. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 13-cü maddəsinin İ və İİ hissələrinə, 15-ci maddəsinin İİ hissəsinə, 29-cu maddəsinin İİ hissəsinə və 59-cu maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət, xüsusi və bələdiyyə mülkiyyəti eyni qaydada tanınır və qorunur, mülkiyyətin toxunulmazlığına, həmçinin azad sahibkarlıq fəaliyyətinə və qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul olmaq hüququndan irəli gələn mülki dövriyyədə müqavilə azadlığına zəmanət verilir.
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2015-ci il tarixli Qərarında qeyd olunur ki, Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qanunun həmin tələbi fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar.
29. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 390.1 və 390.5-ci maddələrinin və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin İİİ hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1 və 560.2-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2023-cü il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin mülki dövriyyənin azadlığının təmin edilməsi məqsədinə xidmət edən prinsiplərindən olan müqavilə azadlığı prinsipi Məcəllənin 6-cı maddəsində öz əksini tapmaqla, mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan, öz mülahizə və istəklərinə görə, mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir.
30. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən mülki dövriyyə iştirakçıları Mülki Məcəlləyə zidd olmayan istənilən müqaviləni bağlaya bilərlər.
31. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında müqavilə azadlığı prinsipinə uyğun olaraq mülki qanunvericiliyə zidd olmayan müqavilə bağlanıldığından iddiaçı cavabdehə qarşı müqavilə üzrə öhdəliyin icrası ilə bağlı iddia tələbi irəli sürməkdə subyektiv hüquqa, yəni məhkəmədə iddia qaldırmaq hüququna malik olmuşdur.
32. İşin faktiki hallarından görünür ki, tərəflər arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 26 nömrəli müqavilə üzrə iddiaçı üzərinə mülkiyyətində olan mənzili söküntü üçün “MMC”-yə təhvil vermək, cavabdeh isə mülkiyyətçinin söküntüsü nəzərdə tutulmuş binada mülkiyyətində olan mənzilin həmin mərtəbə səviyyəsində dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 15% əlavə edilməklə təmirli mənzili İddiaçı mülkiyyətinə vermək, habelə yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədilə 2 otaqlı mənzil üçün aylıq 400 manat kirayə haqqı ödəmək öhdəliyi götürmüşdür.
33. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 16 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən mülkiyyətçiyə mənzili təmir edib təhvil vermək “MMC”-nin vəzifələrindən biridir.
34. Məhkəmə iclasında tədqiq edilmiş iş materialları və cavabdeh tərəfindən məhkəməyə ünvanlanan məktub əsasında müəyyən edilmişdir ki, iddiaçı ona məxsus olan mənzili cavabdehə təhvil vermiş, iddiaçıya məxsus olan mənzilin yerləşdiyi bina sökülmüş və həmin ərazidə cavabdeh tərəfindən yüksək mərtəbəli yaşayış binası inşa edilmişdir. Buna baxmayaraq cavabdeh tərəfindən müqavilə üzrə üzərinə götürülən öhdəlik yerinə yetirilməmişdir.
35. Mülki qanunvericiliyə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
36. Belə olan halda məhkəmə qeyd edir ki, cavabdeh "xxxx" MMC-nin üzərinə düşən öhdəliyi yerinə yetirməməsi işin tədqiq edilmiş halları ilə müəyyən edildiyindən İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
37. Odur ki, tərəflər arasında bağlanılmış müqavilə üzrə cavabdehin üzərinə götürdüyü öhdəliyin icrası üçün müəyyən edilmiş müddətdən uzun müddət keçməsinə baxmayaraq cavabdeh "xxxx" MMC tərəfindən üzərinə götürülmüş öhdəlik icra edilmədiyindən İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia tələbi əsaslıdır, təmin olunmalıdır.
38. Həmçinin iddiaçının nümayəndəsi və vəkili cavabdeh "xxxx" MMC-nin praktikada bir mənzili bir neçə şəxsə satması kimi xoşagəlməz hallarla tez-tez rastlaşdığını bildirdiyi üçün məhkəmə tərəfindən müqavilə üzrə iddiaçıya verilməli olan mənzilin hazırki vəziyyəti ilə bağlı sorğu verilmiş, cavabdeh tərəfindən məhkəməyə ünvanlanan məktub ilə iddiaçının mənzil ilə təmin olunacağı və mənzilin digər şəxslərə satılmadığı bildirilmişdir.
Məhkəmə xərcləri :
39. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə :
40. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 17 sentyabr 2017-ci il tarixli müqavilə üzrə Bakı şəhəri, Xətai rayonu, M.Mehtizadə 4 ünvanında inşa olunan yeni yaşayış binasında İddiaçı mülkiyyətində olmuş və sökülmüş mənzilin həmin mərtəbə səviyyəsində Dövlət Reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 15% əlavə edilməklə, 107.5 kv.metr təmirli mənzilin müqavilə şərtlərinə uyğun "xxxx" MMC tərəfindən İddiaçı təhvil verilməsi vəzifəsi "xxxx" MMC-nin üzərinə qoyulmalıdır.
41. İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçıya ödənilməlidir.
42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi:
İddia tələbi təmin edilsin. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 17 sentyabr 2017-ci il tarixli müqavilə üzrə Bakı şəhəri, Xətai rayonu, M.Mehtizadə 4 ünvanında inşa olunan yeni yaşayış binasında İddiaçı mülkiyyətində olmuş və sökülmüş mənzilin həmin mərtəbə səviyyəsində Dövlət Reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 15% əlavə edilməklə, 107.5 kv.metr təmirli mənzilin müqavilə şərtlərinə uyğun "xxxx" MMC tərəfindən İddiaçı təhvil verilməsi vəzifəsi "xxxx" MMC-nin üzərinə qoyulsun. İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva