Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1117/2024 14.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “kirayə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “kirayə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən xx.xx.2016-cı il tarixli, 22 nömrəli müqavilə üzrə kirayə haqqı kimi yaranmış 8700 (səkkiz min yeddi yüz) manat borcun və həmin müqavilədə nəzərdə tutulmuş mənzil ona təhvil verilənə qədər hər ay 300 (üç yüz) manat olmaqla kirayə haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun X1 ilə cavabdeh "xxxx" MMC arasında xx.xx.2016-cı il tarixdə 22 nömrəli müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən MMC Bakı şəhəri, Nizami rayonu, Əzimzadə 22 ünvanında yerləşən 2 mərtəbəli binada yaşadıqları evi sökərək tikinti işləri aparacağını, həmin evin əvəzində ümumi sahəsinə 20% əlavə edilməklə yeni tikiləcək binada təmirli mənzil verəcəyini, həmçinin yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədilə 1 otaqlı mənzil üçün hər ay 300 manat kirayə haqqı verəcəyini öhdəsinə götürmüşdür. X1 xx.xx.2019-cu ildə vəfat etmişdir və müvafiq olaraq həmin kirayə haqları ona ödənilmişdir. Həmin məbləğ onun bank hesabına ("xxxx" ASC) köçürülməli idi. Lakin bank hesabından çıxarışdan da bəlli olduğu kimi MMC müqavilə üzrə öhdəliyini vaxtlı-vaxtında icra etməmişdir. Hazırda cavabdeh 2021-ci ilin mart, aprel, may, iyun, avqust, sentyabr, oktyabr, dekabr ayları, 2022-cü ilin yanvar, fevral, mart, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları, 2023-cü ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, sentyabr, oktyabr, dekabr ayları olmaqla, ümumilikdə 29 ay kirayə haqqını ödəməlidir. Nəticədə ona cavabvdeh tərəfindən 2021-ci ilin mart ayından bu günə kimi kirayə haqqı kimi yaranmış ümumilikdə 8700 manat borc ödənilməlidir. Həmçinin, o, hələ də mənzillə təmin olunmamışdır. MMCyə dəfələrlə müraciət etsə də onlar onun müraciətinə müsbət yanaşmamış və ödənişləri hər ay vaxtında etdiklərini bildirmişlər. Halbuki, hesabdan çıxarış vardır və çıxarışda hansı aylar üzrə ödənişlərin edilməməsi aydın şəkildə görünür. Cavabdeh müqavilə öhdəliklərini icra etmədiyinə görə o 8 ildir ki, evsiz qalmışdır. Binanın çoxdan hazır olduğuna və orada yaşayış olduğuna baxmayaraq, onu müvafiq mənzillə təmin etmirlər. Onun isə kirayə haqqı ödəməyə gücü çatmır, maddi imkanı pisdir. O, məcburi köçkündür və çox çətin vəziyyətdədir. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, xx.xx.2016-cı il tarixli müqavilə X1 ilə cavabdeh "xxxx" MMC arasında bağlanmışdır. Müqaviləyə əsasən onlara MMC tərəfindən bildiyinə görə 20 kv.m sahəsi olan bir otaqlı mənzil verilməli idi. Onların əvvəlki yaşayış yerləri yataqxana olmuş, sökülərək artıq yerində yeni bina tikilmişdir. Anası vəfat edəndən sonra kirayə pulunu özü almışdır. Kirayə haqqı ödənilən kartı anası "xxxx" ASC-dən almış, bankın adı "xxxx" ASC-yə keçiriləndən sonra kart ona verilmiş, 2021-ci ildən onun adına alınmışdır. Ondan başqa bir qardaşı var. Qardaçının övladı Rusiyada oxuduğuna görə Rusiyada yaşayırlar. Qardaşının onun kirayə haqqını almağı ilə bağlı narazılığı yoxdur. İddia ərizəsində 2016-cı ildən iddia ilə müraciət etdiyi tarixə qədər olan kirayə haqqı məbləğini qeyd etmiş, cavabdeh 2023-cü ilin axırında sonuncu ödəniş etmişdir. 2021-ci ildən 2023-cü ilin dekabr ayı da daxil olmaqla yeddi dəfə, cəmi 2100 manat pul ödənilmişdir. İddia ərizəsi məhkəməyə təqdim edildikdən sonra 2024-cü ilin mart, aprel və may aylarında 300 manat olmaqla üç dəfə ödəniş etmişdir. Bu son ödənişləri də vətəndaşlar zəng edib və cavabdehin binasının qarşısında yığılıb pulu tələb edəndə köçürmüş, ödəniş qəbzini isə onun telefonuna göndərmişlər. Cavabdeh onlara ev verməli olsa da evlərin hamısını satdıqları üçün artıq onlara ev verməyəcəklər. Buna görə də heç olmasa, ödənilməyən aylar üzrə kirayə haqqını ödəsin. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin mübahisəsiz halları: Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2016-cı il tarixli, 22 nömrəli müqavilə bağlanılmışdır. Həmin müqavilənin 1-ci bəndinə görə MMC Bakı şəhəri, Nizami rayonu, Əzimzadə 22 ünvanında yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan 2 mərtəbəli binada mənzilli yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək bu binada Mülkiyyətçinin söküntüsü nəzərdə tutulmuş binada mülkiyyətində olan mənzilin həmin mərtəbə səviyyəsində Dövlət reyestrində çıxarşda göstərilmiş ümumi sahəsinə evin əvəzində ümumi sahəsinə 20% əlavə edilməklə təmirli vəziyyətdə mənzili təhvil verməyi, mülkiyyətçi bu müqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntü üçün MMC-yə təhvil verməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən mülkiyyətçi söküntüsü nəzərdə tutulan evdə ona məxsus mənzilin boşaldılmasını, MMC-yə təhvil verilməsini təmin etməli və onun yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədilə 2 otaqlı mənzil, aylıq 300 (üç yüz) manat kirayə haqqını tələb etmək hüququ vardır. Həmin müqavilənin “Yekun şərtləri” bölməsinin 6.5-ci bəndinə görə bu binada məskunlaşmış məcburi köçkünlər öz yerlərinə qayıtdıqdan və yaxud dövlət tərəfindən digər başqa bir mənzillə təmin edildikdən sonra qeyri-şərtsiz MMC-yə təhvil verəcəklər. Beləliklə, cavabdeh "xxxx" MMC xx.xx.2016cı il tarixli müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, mənzili iddiaçının istifadə və sahibliyinə verməmişdir. Həmçinin müqavilədə nəzərdə tutulmuş aylıq 300 manat olmaqla kirayə haqqını tam şəkildə verməmişdir. X2 xx.xx.2019-cu ildə vəfat etmişdir və bundan sonra kirayə haqqı müvafiq olaraq iddiaçıya ödənilməyə başlanılmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı adına olan hesabdan çıxarışdan görünür ki, cavabdeh 2021-ci ilin yanvar ayında 2 dəfə ödəniş etməklə, fevral, mart, aprel, may, iyun, avqust, sentyabr, oktyabr, dekabr, 2022-ci ilin yanvar, fevral, mart, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr, 2023-cü ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, sentyabr, oktyabr, dekabr, 2024-cü ilin mart, aprel və may ayları xaric digər ayların ödənişini etməmişdir. İşin mübahisəli halları: Hazırda iddiaçı cavabdeh tərəfindən müqavilə ilə ödənilməsi nəzərdə tutulan 300 manat kirayə haqqı üzrə ödənilməyən 8700 manat borcun və həmin müqavilədə nəzərdə tutulmuş mənzil ona təhvil verilənə qədər hər ay 300 (üç yüz) manat olmaqla kirayə haqqının cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, iddiaçının izahatını dinləyib araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci, 385-ci, 425.2-ci, 443.1-ci maddələrinə əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə ilk öncə iddia tələbinin “cavabdeh "xxxx" MMC-dən xx.xx.2016-cı il tarixli, 22 nömrəli müqavilə üzrə kirayə haqqı kimi yaranmış 8700 (səkkiz mib yeddi yüz) manat borcun ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçının müqavilədən iddia verdiyi vaxta, yəni 2024-cü il yanvar ayına kimi 29 ayın ödənişi edilməmiş, həmçinin iddia veriləndən sonra cavabdeh MMC mart, aprel və may aylarının ödənişini etmişdir. Belə olan halda aylıq kirayə haqqının 300 manat olmasını və cavabdeh tərəfindən kirayə haqqının aylıq olaraq tam şəkildə ödənilməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olduğu üçün təmin edilməli və "xxxx" MMC-dən Ağayeva Bı̇ lqeyis Hafı̇ z qızının xeyrinə xx.xx.2016-cı il tarixli 22 saylı müqavilə üzrə kirayə haqqı qismində 8700 manat vəsait tutulmalıdır. Məhkəmə iddia tələbinin “müqavilədə nəzərdə tutulmuş mənzil ona təhvil verilənə qədər hər ay 300 (üç yüz) manat olmaqla kirayə haqqının cavabdehdən tutularaq ona ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı məcburi köçkün olduğundan, müqavilə tərəfi kimi iddiaçının anası xx.xx.2016-cı il tarixli, 22 saylı müqavilə ilə müqavilənin şərtlərinə əsasən məcburi köçkün kimi öz yerlərinə qayıtdıqdan və yaxud dövlət tərəfindən digər başqa bir mənzillə təmin edildikdən sonra müqavilədə göstərilən mənzili qeyri-şərtsiz MMC-yə təhvil verəcəkləri barədə öhdəlik götürdüyündən, həmçinin hazırki tələb qeyridəqiq olduğundan gələcəkdə MMC tərəfindən kirayə haqqının ödənilməyəcəyi ehtimalı əsas götürülməklə iddia tələbinin bu hissədə təmin olunması müqavilə şərtlərinə və qanunazidd olardı. Qeyd olunmalıdır ki, cavabdeh tərəfindən iddia ərizəsi məhkəməyə təqdim edildikdən sonra 2024-cü ilin mart, aprel və may aylarında 300 manat olmaqla üç dəfə ödəniş edilmişdir. Həmçinin iddiaçıya izah edilməlidir ki, gələcək dövrlər üzrə ödənilməyən kirayə haqları ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququ vardır. Məhkəmə xərcləri: Məhkəmə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3cü, 8.2-ci və 9.1.20-ci maddələrinə əsasən qeyd edir ki, iddia tələbi tələb olunan 8700 manat vəsaitə aid hissədə təmin olunduğu və iddiaçı məcburi köçkün olduğuna görə dövlət rüsumu ödəməkdən azad olduğu 107 manat dövlət rüsumu cavabdeh "xxxx" MMCdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. "xxxx" MMC-dən Ağayeva Bı̇ lqeyiis Hafı̇ z qızının xeyrinə xx.xx.2016-cı il tarixli 22 saylı müqavilə üzrə kirayə haqqı qismində 8700 manat vəsait tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. "xxxx" MMC-dən Ağayeva Bı̇ lqeyiis Hafı̇ z qızının ödəməkdən azad olduğu 107 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1117/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1117/2024
14.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver