Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1122/2020 20.05.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, X1katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan ünvan 1-də Cavabdeh istifadə hüquqlarının olmamış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 06.05.2005-ci il tarixdə verilmiş ÖM seriyalı 233368 nömrəli qeydiyyat vəsiqəsinə əsasən onun mülkiyyətindədir. Cavabdeh kim olduğunu bilmir. Cavabdeh ona məxsus olan mənzildə qeydiyyatda olsa da, 2005-cü ildən o, həmin mənzili alandan faktik olaraq həmin ünvanda yaşamamışdır, qeydiyyatı formal xarakter daşıyır. Cavabdeh ona məxsus evdə yaşamadığına baxmayaraq, əsassız olaraq pasport qeydiyyatından bu günə kimi çıxmamışdır. Bu da mülkiyyətçi kimi onun bir sıra hüquqlarının məhdudlaşdırılmasına, mənzilə görə əlavə kommunal ödənişlərin həyata keçirilməsinə səbəb olmuşdur. Hazırda cavabdehin harada yaşaması da ona məlum deyil. Şifahi olaraq müraciət etdikləri ərazi polis orqanları məhkəmənin müvafiq aktı olmadan həmin şəxsin qeydiyyatdan çıxarılmasının mümkünsüz olduğunu bildirir, bunun üçün istifadə hüququnun məhkəmə qaydasında xitam olunmasının zəruri olduğunu söyləyirlər. Ümumiyyətlə, cavabdehin ona məxsus mənzildə qeydiyyatda qalmağı onu narahat edir, cavabdehin onun mənzilinə formal qeydiyyatına son vermək üçün hesab edir ki, məhkəmə qaydasında həmin mənzilə cavabdehin istifadə hüququna xitam verilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edib, ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, cavabdeh formal olaraq həmin mənzildə qeydiyyatdadır. Ona görə də, iddia tələbinin təmin edilməsi və ona məxsus olan ünvan 1də Cavabdeh istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesabedirki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan AN-İ ******* nömrəli, 29 mart 2005-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, X2 özünə məxsus olan Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 32, 33 saylı mənzili İddiaçı satmışdır. Müqavilənin 8-ci bəndinə əsasən, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş seriya ÖM 233368 nömrəli nömrəli Qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 32, 33 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 06 may 2005-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçı öz idda ərizəsində ona məxsus olan ünvan 1-də Cavabdeh istifadə hüquqlarının olmamış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də, iddiaçının iddia tələbinin əsaslandırılması və eləcə də məhkəmə iclasında verdiyi izahatından görünür ki, o, ona məxsus olan ünvan 1də Cavabdeh istifadə hüquqlarına xitam verilməsini xahiş edir. Ona görə də məhkəmə iddia tələbinə həmin məzmunda qiymət verməyi məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da "mülkiyyət" hüquqları sayıla bilər. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının vəqanunlarınauyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19.11.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Göstərilən qanunvericilik normalarının tələblərini rəhbər tutmaqla qeyd olunur ki, mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biridir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 15.1-ci maddəsinə əsasənmülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən-daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. İş materiallarında olan sənədlər cavabdehin qeyd olunan mənzilə qeydiyyatının formal xarakter daşıdığını sübut edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərək və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Beləliklə, iddiaçı Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 32, 33 saylı mənzilinəqanunla müəyyən edilmiş qaydada mülkiyyət hüququ əldə etmiş, lakin cavabdeh mənzildə yaşamadığı üçün həmin evdən istifadə hüquqlarını itirmiş və o,həmin mənzildə formal olaraq qeydiyyatda qalmışdır. Məhkəmə onu da qeyd edir ki, İddiaçı Cavabdeh həmin mənzildən çıxarılmasını xahiş etsə də, məhkəmə icsalında təqdqiq olunmuş subut növlərindən, eləcə də iddia ərizəsindən və iddiaçının vəkilinin məhkəmə iclasında verdiyi izahatından müəyyən olunur ki, Cavabdeh həmin mənzildə yaşamır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmənin gəldiyi qənaətə görə, iddia tələbi təmin edilməli, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 32, 33 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında çıxarılır. Bununla bağlı məhkəmə qeyd edir ki, qətnamə Cavabdeh sözügedən mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 32, 33 saylı mənzilinə olan istifadə hüququna xitam verilsin. Qətnamə Cavabdeh Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 32, 33 saylı mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1122/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1122/2020
20.05.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver