Məhkəmə qərarları › İş №2(007)-1196/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1196/2025

08.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1196/2025 08.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxs cəlb edilməklə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki iş üzrə (Açar sözlər: “doğum akt qeydinin bərpa edilməsi” tələbi) X12 Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum akt qeydinin bərpa edilməsi” barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. Ərizəçinin tələbi:

1. Ərizəçi “doğum akt qeydinin bərpa edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi xx.xx.1974-cü il tarixdə Ermənistan SSR, Kalinino rayonunda doğulması, ata qrafasında X4, ana qrafasında X3 qeyd edilməklə doğum akt qeydinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Ərizənin əsaslandırıldığı hallar:

2. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Ərizəçi xx xxxxxx 1974-cü il tarixdə Ermənistan SSR, Kalinino rayonunda doğulmuşdur. X1, anası isə X2r. X1 08 may 2022-ci il tarixdə vəfat etmişdir. Atasının mülkiyyətində olan mənzilə dair vərəsəliyi qəbul etmək üçün notariat kontoruna müraciət etmişdir. Notariat kontorunda isə ondan doğum haqqında şəhadətnaməni tələb etmişlər. Doğum haqqında şəhadətnamə əldə etmək üçün Maraqlı şəxsnə müraciət etmişdir, lakin onlar imtina edərək məhkəməyə müraciət etməyini tövsiyə etmişlər. Hal-hazırda vərəsəliyi qəbul edilməsi üçün akt qeydinin bərpası ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir.

İş materialları:

3. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, ərizəçi tərəfindən ərizə ilə məhkəməyə müraciət edilərkən 100 manat dövlət rüsumu ödənilmişdir.

4. Maraqlı şəxs 3-16-5/8-129/15/25 nömrəli xx.xx.2025-ci il tarixli Ərizəçi ünvanladığı məktubundan görünür ki, onun doğum haqqında akt qeydinin bərpası ilə bağlı müraciətinə baxaraq Maraqlı şəxs bildirmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaş vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”-a əsasən, vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. İtmiş akt qeydinin qeydiyyat şöbələri və konsuluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Qeyd edilənlərə əsasən müvafiq sənədlər şöbəyə təqdim edilmədiyindən doğum haqqında akt qeydinin bərpası ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyyə olunur.

5. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və elektron məhkəmə sistemindən əldə edilmiş məlumatdan görünür ki, Ərizəçi xx.xx.1974-cü ildə Ermənistan Respublikası, Kalinino rayonunda doğulmuşdur və ünvan 1 ünvanında qeydiyyatdadır.

6. AZ-İİİ seriyalı, 391860 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1972-ci il tarixdə Ermənistan, Kalinino rayonunda doğulmuşdur, ata qrafasında X4, ana qrafasında X3 qeyd edilmişdir.

7. AZ-İİ seriyalı, 252566 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir.

Tərəflərin izahatları:

8. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi.

9. Maraqlı şəxs məhkəmə iclasını vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

10. Məhkəmə iclasında şahid kimi dindirilmiş X6 ifadəsində göstərdi ki, Tamillanın anası onun Ermənistanda qonşusu olmuşdur. Onun atası ilə eyni kənddəndirlər. Tamilla rayonun özündə doğulub, onun ata anası orada işləyiblər. O təxminən 1974-cü ilin qış aylarında doğulmuşdur

11. Məhkəmə iclasında şahid kimi dindirilmiş X3 ifadəsində göstərdi ki, Tamilla onun qızıdır. O, həqiqətən Kalinino rayonunda fevral ayının 20-i, 1974-ci ildə doğulmuşdur.

Məhkəmə baxışının hədləri:

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır; 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır; 162-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyənedilir.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.3-cü maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi qaydasında doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır.

15. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının 4-cü bəndinə əsasən məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər.

İşin faktiki halı:

16. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi xx.xx.1974-cü il tarixdə Kalinino rayonunda doğulmuşdur, hazırda Bakı şəhəri, Nizami rayonunun ərazisində qeydiyyatdadır. Ərizəçi Azərbaycan Respublikasının vətəndaşıdır. Ərizəçi doğum haqqında şəhadətnaməsini itirmişdir. Ərizəçinin müraciəti Nizami rayon Qeydiyyat şöbəsində araşdırılmış, izah edilmişdir ki, zəruri sənədlər təqdim olunmadığına görə məsələnin həlli mümkün deyildir, məhkəməyə müraciət etməlidir.

Məhkəmənin mövqeyi:

17. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir.

18. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələbini, Ali Məhkəmənin Plenumunun anoloji işlərlə bağlı gəldiyi hüquqi nəticəni nəzərə alaraq, belə qənaətə gəlir ki, ərizəçinin doğulduğu və onun doğumun qeydə alındığı Ermənistan Respublikasının apardığı işğalçılıq siyasəti nəticəsində ölkələr arasında faktiki müharibə vəziyyəti mövcud olmuşdur, azərbaycanlılar kütləvi olaraq 1988-ci ildə Ermənistanda yaşadıqları ərazilərdən məcburi qovulmuşlar, ona görə ərizəçinin müvafiq sənədi başqa qaydada əldə etməsi qeyri-mümkündür, ona görə o, hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədə tədqiq edilmiş sübutlarla isə ərizənin əsaslı olması tam təsdiq olunur.

Nəticə:

19. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1974-cü il tarixdə Ermənistan respublikası, Kalinino rayonunda doğulmasının qeyd edilməsi faktı müəyyən edilməli, Ərizəçi təvəllüdü xx.xx.1974-cü il, doğulduğu yer Ermənistan Respublikası, Kalinino rayonu, X1, milliyyəti azərbaycanlı, anası X3, milliyyəti azərbaycanlı kimi yazılmalı, doğum haqqında akt qeydinin bərpa olunaraq Ərizəçi adına doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilməlidir.

Məhkəmə xərcləri:

20. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

21. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir.

22. Şərh olunanlara əsaslanaraq və və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1974-cü il tarixdə Ermənistan Respublikası, Kalinino rayonunda doğulmasının qeyd edilməsi faktı müəyyən edilsin. Ərizəçi təvəllüdü xx.xx.1974-cü il, doğulduğu yer Ermənistan Respublikası, Kalinino rayonu, X1, milliyyəti azərbaycanlı, anası X3, milliyyəti azərbaycanlı kimi yazılsın. Doğum haqqında akt qeydinin bərpa olunaraq Ərizəçi adına doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar